Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-60/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs “borcun hissə-hissə icra edilməsi barədə” ərizəsi üzrə (Açar sözlər: qətnamənin icra üsulunun dəyişdirilməsi, hissə-hissə icra) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. müəyyən etdi:
1. Borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinə əsasən pul öhdəliyinin icrasının hazırkı maddi və maliyyə vəziyyətinin nəzərə alınmaqla hissə-hissə həyata keçirilməsinə icazə verilməsini, borc məbləğinin hər ay 50 manatdan 100 manatadək hissələrlə ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini, ödənişlərin həmin qaydada həyata keçirilməsini və qəbul ediləcək qərarın icra qurumuna göndərilməsini, icra prosesinin müəyyən edilmiş ödəniş qaydasına uyğun həyata keçirilməsinin təmin edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
3. ##.##.2026-cı il tarixdə borclu Ərizəni verən şəxs həmin qərardaddan şikayət təqdim edərək qərardadın ləğv edilməsi, ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnamə üzrə borc məbləğlərinin hazırkı maddi vəziyyəti nəzərə alınaraq hər ay 50 manatdan 100 manatadək hissələrlə ödənilməsinə icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar ilə aralarında müəyyən müddət ərzində ət və ət məhsullarının alqı-satqısı ilə bağlı işgüzar münasibətlər mövcud olmuşdur. Həmin münasibətlər nəticəsində müəyyən məbləğdə borc öhdəliyi yaranmışdır. O, sözügedən borcu heç bir zaman inkar etməmiş və heç bir zaman borcdan yayınmaq niyyəti olmamışdır. Əksinə borcun ödənilməsi üçün uzun müddət bütün imkanları daxilində hissəhissə ödəməyə çalışmışdır. Təxminən 5-6 ay müddətində maddi cəhətdən çətinlik yaşadığı dövrdə belə borc məbləğini 25.000-dən 13.000 manata qədər azaltmışdır. Sonrakı dövrdə maddi cəhətdən vəziyyəti daha da ağırlaşdığından hazırki borcu birdəfəlik ödəmək imkanı olmamışdır. Hazırda heç bir rəsmi iş yeri yoxdur. Əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 4 filialdan ibarət biznes fəaliyyəti olmuşdur. Lakin hazırda həmin obyektlərdən biri fəaliyyət göstərir və həmin fəaliyyət də gəlir gətirən və mənfəətli fəaliyyət deyil, əksinə, mövcud xərclər və digər öhdəliklər səbəbindən zərərlə davam edir və yaxın gələcəkdə onun da fəaliyyətinin dayandırılması ehtimalı yüksəkdir. Hazırda adına rəsmiləşdirilmiş hər hansı şəxsi daşınmaz və ya qiymətli daşınar əmlak, o cümlədən yaşayış evi, torpaq sahəsi və ya şəxsi avtomobil mövcud deyil. Borcun birdəfəlik ödənilməsi üçün istifadə edə biləcəyi hər hansı şəxsi əmlak və ya kifayət qədər sabit gəlir mənbəyi yoxdur. Hazırda mövcud olan digər maliyyə öhdəlikləri və sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borclar da maddi vəziyyətini son dərəcə ağırlaşdırmışdır. Bu səbəbdən məhkəmə qərarında müəyyən edilmiş borc məbləğinin birdəfəlik tutulması hazırkı real maliyyə vəziyyəti baxımından faktiki olaraq mümkün deyil. Lakin birinci instansiya məhkəməsi sözügedən halların heç birini nəzərə almamışdır, AR MPM-in 231-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, borclunun faktiki ödəmə qabiliyyətinin olmaması şəraitində birdəfəlik icra tələbi faktiki olaraq qətnamənin ümumiyyətlə icrasız qalmasına gətirib çıxaracaqdır. Hissə-hissə ödəniş isə kreditorun alacağını real olaraq mərhələli şəkildə əldə etməsinə təminat verir. Hissə-hissə ödəniş qaydasının müəyyən edilməsi isə kreditorun pozulmuş hüquqlarının real və mərhələli şəkildə bərpa olunmasına şərait yaradır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd etdiyi “Lakin, hazırkı iş üzrə borclu Ərizəni verən şəxs ##.##.2026-cı il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş borc məbləğinin birdəfəlik ödənilməsinə mane olan əmlak vəziyyəti, maddi çətinlik və ya qətnamənin hissəhissə icrasını zəruri edən digər halların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir” arqumentinə cavab olaraq bildirir ki, sözügedən hallarla bağlı sübutlar olduğu halda məhkəmə iclasları zamanı ona hər hansı sübut təqdim olunması ilə bağlı xəbərdarlıq edilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
6. Məhkəmənin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir.
7. ##.##.2026-cı il tarixdə tələbkar tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, borc 3 ildir ki yaranmışdır, bu müddət ərzində tələbkar zərərə məruz qalmışdır. Borclu tərəfindən tələbkara 12314 manat pul, 300 manat hüquqi xidmət və 127 manat dövlət rüsumundan indiyə qədər heç bir məbləğ ödənilməmişdir. Borclu özü də etiraf edir ki, 4 obyekti olmuşdur, lakin hazırda həmin obyektlərdən biri fəaliyyət göstərir. Bu da onu göstərir ki, borclunun sahibkarlıq fəaliyyəti olmuş və hal-hazırda da obyekti vardır. Hal-hazırda pula ehtiyacı olduğunu və anasının, qızının və oğlunun əlil olduğunu və onların müalicələrinə xərc çəkdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
8. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
9. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
10. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu
11. Maddə 5. Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir.
13. Insan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə ## ###### 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” ## #### 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli Qərar).
15. Azərbaycan Respublikası Konstitusisya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə ‘‘Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
17. Iş materiallarından görünür ki, borclu qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək borcun hissə-hissə aylıq ödənilməsinin təmin edilməsini xahiş etmiş, bunu gəlir əldə etməməsi və maliyyə vəziyyətinin ağır olması ilə əsaslandırmışdır.
18. Lakin ərizəyə həmin halların mövcudluğunu təsdiq edən sübutlar əlavə edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi müstəsna xarakter daşıyan prosessual tədbir olub, bunun tətbiqi üçün borclunun maliyyə vəziyyətinin obyektiv və mötəbər sübutlarla təsdiq edilməsi zəruridir. Bu zaman borclu yalnız ümumi mülahizələrlə kifayətlənməməli, özünün maliyyə vəziyyətini xarakterizə edən aidiyyəti sənədləri məhkəməyə təqdim etməlidir.
20. Kollegiya hesab edir ki, hazırkı halda borclu tərəfindən irəli sürülmüş arqumentlər qətnamənin icrasının müəyyən edilmiş qaydada mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olduğunu təsdiq etmədiyindən birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
21. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
22. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(*-**)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.