Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8-2(3-8)-1/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası sədrlik edən və və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Tələbkar qanuni təmsilçisi X3, nümayəndəsi və vəkili Vəkil2, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 8-2(119)-42/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə - “borclu”) şikayətlə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 16(104)-45/2025 nömrəli qərardadının icrası ilə bağlı Maraqlı şəxs icra məmuru Vadim Əliyevin xx.xx.2025ci il tarixə həyata keçirməyə cəhd etdiyi icra tədbirləri çərçivəsində “SCHMİD" markalı VMC 1000 model CNC və Drabilka adlı avadanlıqlarının üçüncü şəxsin məsul saxlanışına verilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsini, həmin hərəkətlərin icradan çıxarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 16(104)-45/2025 saylı qərardadı ilə 57 adda avadanlığın ünvan 1ində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq üçüncü şəxsin məsul saxlanışına verilməsi qərara alınmışdır. Bu qərardadın icrası ilə bağlı iş hazırda Maraqlı şəxs icra məmuru Vadim Əliyevin icraatındadır. Sözügedən qərardadın icrası üzrə xx.xx.2025-ci il tarixdə icra məmuru Vadim Əliyev tərəfindən iddiaçı tərəfin dəvəti ilə gəlmiş mütəxəssisin iştirakı ilə keçirdiyi baxış zamanı qərardadda qeyd edilən 57 avadanlıqdan göstərilənlərlə sadəcə 16-sı yerində aşkar olunmuş, əlavə olaraq 2 avadanlığın eyniləşmədiyi müəyyən edilmişdir. Bu barədə akt tərtib olunaraq tərəflərin iştirakı ilə imzalanmışdır. Lakin sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlum olmuşdur ki, baxış zamanı müəyyən oluna bilməmiş və aktda göstərilən həmin 2 avadanlığın, guya, sonradan qərardaddda göstərilən avadanlıqlarla eynilik təşkil etməsi müəyyənləşdirilmişdir. Lakin bu, tamamilə absurddur, həmin avadanlıqların həmin qərardadda göstərilən avadanlıqlarla heç bir əlaqəsi yoxdur. Eyni avadanlıqlar hal-hazırda müəssisədə işlək haldadır. Həmin avadanlıqların tamamilə başqa avadanlıqlar olduğunu dərk etmək üçün oxumağı bacarmaq kifayətdir. Çünki avadanlıqların üzərində orijinal yazılmış adları fərqlidir. Məhz buna görə də icra prosesinin ilkin mərhələsinin keçirildiyi xx.xx.2025-ci il tarixində icra məmuru Vadim Əliyevə rəsmi ərizə təqdim edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin mütəxəssis rəyi ilə razı olmadığı bildirilmişdir. Bundan sonra isə həmin iki avadanlığın məhkəmə qərardadında göstərilmiş avadanlıqlarla eynlik təşkil edib-etməməsinin müəyyən edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən başqa mütəxəssis dəvət edilmiş və buna dair mütəxəssis rəyi alınmışdır. Verilmiş mütəxəssis rəyi ilə müəssisədə işlək vəziyyətdə olan dəzgahların Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 16(104)-45/2025 saylı qərardadında göstərilən “SCHMİD" markalı VMC 1000 model CNC və Drabilka RG5680 adlı dəzgahlar olmadığı müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müstəqil ekspertdən alınmış rəy rəsmi şəkildə icra məmuruna təqdim edilmişdir. Təəssüf ki, icra məmurunun yuxarıda sadalanan qanuni xüsusatlara heç bir hüquqi qiymət verməyərək xx.xx.2025-ci il tarixinə yenidən icra tədbiri təyin etməsi kobud qanun pozuntusu olmaqla yanaşı, həm də borclunun konstutision hüquqlarının kobud şəkildə pozulmasıdır. İcra məmuru borclunun təqdim etdiyi alternativ ekspert rəyini nəzərə almadan, yalnız bir mütəxəssisin rəyinə əsaslanaraq birtərəfli şəkildə avadanlığın eyniliyini müəyyən etmişdir. Bu isə obyektivlik və qərəzsizlik prinsiplərinə ziddir. İcra məmuru yalnız məhkəmə aktında açıq şəkildə göstərilmiş avadanlıqlar üzərində icra hərəkətləri aparmalıdır. Başqa avadanlıqlar üzərində icra hərəkətləri aparılması səlahiyyət həddini aşmaqdır. Borclunun nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə “şikayətin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək bildirmişdir ki, icra sənədində üçüncü şəxsin məsul saxlancına verilməsi qeyd olunan avadanlıqlardan ikisi ilə bağlı ziddiyyətli fikir yarandığından həmin avadanlıqlarla bağlı yenidən mütəxəssis rəyinin alınması üçün icra məmuruna müraciət olunmuş, lakin icra məmuru tərəfindən həmin müraciətə baxılmamışdır. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əlavə mütəxəssis rəyi alınmış və həmin rəylə icra məmurunun aldığı mütəxəssis rəyi arasında ziddiyyət yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınan həmin rəy məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən o, məhkəmədən icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və mübahisəli avadanlıqlarla bağlı yeni mütəxəssis rəyi alınmaqla icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 8-2(119)-42/2025 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 16(104)-45/2025 nömrəli qərardadına əsasən verilmiş icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmuru tərəfindən icra sənədində göstərilən YGB nömrəsi **********0842 olan “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahı və YGB nömrəsi **********7722 olan Plastic Shredder RG5680 drabilka avadanlığına münasibətdə yenidən mütəxəssis rəyi alınmaqla icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar qərardaddan şikayət verərək onun qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu icra icraatında avadanlıqların böyük hissəsini təqdim etməməklə icranı uzatdığı halda, məhkəmənin “yenidən mütəxəssis rəyi” tələbinə əsasən icra prosesini əlavə mərhələyə bağlaması müvəqqəti təminat tədbirinin effektivliyini faktiki olaraq zəiflədir və borclunun uzatma taktikasını gücləndirir. “Yenidən mütəxəssis rəyi” tələbi zəruri deyil: məsələ artıq mütəxəssis rəyi ilə qiymətləndirilmişdir. Borclunun mübahisə predmeti kimi qabartdığı “iki avadanlığın eyniləşdirilməsi” məsələsi üzrə mütəxəssis rəyi mövcuddur və həmin rəy nəticə etibarilə mübahisəni bağlayan qiymətləndirmədir. Bu halda “yenidən rəy” tələbini məhkəmənin icra üçün şərtə çevirməsi: icranı lüzumsuz uzadır, müvəqqəti təminat tədbirinin mahiyyətinə zidd gecikmə yaradır, borclunun prosessual hüquqlardan suiistifadəsini stimullaşdırır. Borclunun şikayəti mahiyyətcə cinayət-hüquqi qiymətləndirmənin qarşısını almaq üçün prosesin süni uzadılmasına yönəlib. İcra icraatında borclunun uzun müddət icradan yayınması fonunda icra orqanı tərəfindən icra sənədinin icra olunmaması ilə bağlı istintaqa təqdimat verilməsi istiqamətində tədbirlər görülmüşdür. Məhz bu mərhələdən sonra borclunun məhkəməyə şikayət verməsi və şikayətini “dəqiqləşdirərək” mübahisəni “yenidən ekspertiza” xəttinə yönəltməsi, obyektiv olaraq, hüququn müdafiəsindən daha çox icranın uzadılmasına və bununla da cinayət-hüquqi risklərin neytrallaşdırılmasına xidmət edir. Birinci instansiya məhkəməsi isə qərardadla bu uzatma taktikasına faktiki şərait yaratmışdır. Məhkəmə nəzarətinin həddi aşılmış, icra prosesinin idarə edilməsinə keçilmişdir İcra məmurunun hərəkətlərindən şikayətə baxan məhkəmənin funksiyası konkret hərəkətin qanunauyğunluğunu qiymətləndirməkdir. Halbuki mübahisəli qərardad icra hərəkətlərini “yenidən mütəxəssis rəyi alınması” şərtinə bağlamaqla, mahiyyətcə icra prosesinin gedişatını müəyyən edən göstəriş xarakteri almışdır. Bu, məhkəmə nəzarətinin sərhədlərinə uyğun deyil və icranın effektivliyini azaldır. İşin faktiki halları düzgün və tam qiymətləndirilməmişdir. İş üzrə faktlar borclunun icranı gecikdirdiyini, avadanlıqların böyük hissəsinin təqdim edilmədiyini, məsələni “mübahisələndirmə” yolu ilə uzatdığını göstərdiyi halda, qərardad bu halları lazımi şəkildə nəzərə almadan yalnız borclunun mövqeyini əsas götürməklə icranın yenidən uzadılmasına səbəb olmuşdur. Bu səbəbdən qərardad əsassızdır və ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi mübahisəni yalnız 2 avadanlıq üzrə “yenidən rəy” mövzusuna daraldaraq, işin əsas halını — 57 avadanlığın böyük hissəsinin icraya təqdim edilməməsini və müvəqqəti təminatın təcili icra mahiyyətini kifayət qədər araşdırmamışdır. Həmçinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin mövcudluğu fonunda “yenidən rəy” zərurətinin hansı faktlardan doğduğu aydınlaşdırılmamışdır. Məhkəmə “yenidən mütəxəssis rəyi”nin zəruri olmasını qəbul etsə də, bunun üçün konkret texniki uyğunsuzluğu (model/seriya/identifikasiya nişanı və s.) və ya mövcud rəyin niyə kifayət etmədiyini sübutlarla göstərməmişdir. Borclunun iddiaları yoxlanılmadan və təkzib olunmadan əsas götürülmüşdür Ərizəçinin nümayəndəsi şikayətə etiraz təqdim edərək bildirmişdir ki, iş materiallarından da açıq şəkildə görünür ki, təqdim olunmuş iki rəy arasında ziddiyyət var və bu da icra məmurunun obyektivliyini şübhə altına salır. Belə ki, Maraqlı şəxs böyük icra məmuru Vadim Əliyevin qərarı ilə alınmış “X6” MMC-nin 29 may 2025-ci il tarixli, 113 nömrəli rəyinə əsasən, icra sənədində göstərilən 57 adda avadanlıqdan yalnız 18 ədədinin yerində mövcud olduğu, qalan 38 ədədinin isə aşkar edilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 11 iyun 2025-ci il tarixli rəyinə əsasən isə istehsalat sahəsində mövcud olan avadanlıqlar icra sənədində göstərilən: “SCHMİD” markalı VMC1000 model CNC dəzgahı və Plastic Shredder RG5680 drabilka olmayıb, tamamilə başqa marka, model və texniki identifikasiya nişanlarına malik avadanlıqlardır. Beləliklə, burada söhbət sadəcə fərqli qiymətləndirmədən deyil, icra sənədinin obyektinin düzgün müəyyən edilməməsindən, yəni icranın hansı konkret əmlaka yönəldilməsinin qeyri-müəyyən olmasından gedir. Bundan əlavə, iş materiallarında mövcud olan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar mübahisəli avadanlıqların iddiaçı Tələbkar MMC-yə deyil, üçüncü şəxs X4 mülkiyyətində olduğunu təsdiq edir. Belə ki, satıcı "xxxx" MMC ilə alıcı X9 arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcıya GSK 25İMC adlı CNC avadanlığı 35.000 manat məbləğində satılmışdır, habelə satıcı X1 ilə alıcı X9 arasında bağlanmış 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcıya CRUSHER SG-400 adlı drabilka avadanlığı 2.500 manat məbləğində satılmışdır. Qeyd olunan müqavilələr mübahisəli avadanlıqların hüquqi mənşəyini və mülkiyyət subyektini aydın şəkildə müəyyən etməklə, icra sənədində göstərilən əmlakın faktiki olaraq iddiaçıya məxsus olması barədə iddiaların əsassız olduğunu və bu avadanlıqlar üzərində icra tədbirlərinin tətbiqinin hüquqa zidd olacağını göstərir. İş materiallarından açıq şəkildə görünür ki, mübahisə borclunun icranı ümumilikdə gecikdirməsi ilə deyil, icra sənədində göstərilən konkret avadanlıqların faktiki mövcudluğu və eyniləşdirilməsi məsələsi ilə bağlıdır. Məhkəmə də məhz bu fundamental ziddiyyəti əsas götürmüşdür. Məhkəmə qərardadında icranın bütövlükdə dayandırılması deyil, yalnız mübahisəli avadanlıqlar üzrə ziddiyyət aradan qaldırılana qədər icra hərəkətlərinin yenidən mütəxəssis rəyi alınmaqla davam etdirilməsi müəyyən edilmişdir. Bu isə icranın əsassız uzadılması deyil, əksinə, icra prosesinin hüquqa uyğun və təhlükəsiz şəkildə aparılmasının təmin edilməsidir. Bu baxımdan, məhkəmənin qərardadı faktiki halların natamam və ya birtərəfli qiymətləndirilməsinə deyil, əksinə, işin real vəziyyətinə uyğun hüquqi balansın qorunmasına əsaslanır. Beləliklə, iddiaçı tərəfin “işin faktiki halları düzgün qiymətləndirilməmişdir” barədə iddiası əsassız olmaqla, qərardadın ləğvi üçün hüquqi əsas yaratmır və təmin edilməməlidir. Etirazda daha sonra göstərilir ki, "xxxx" MMC-nin 11 iyun 2025-ci il tarixli rəyinə əsasən isə istehsalat sahəsində mövcud olan avadanlıqlar icra sənədində göstərilən: “SCHMİD” markalı VMC1000 model CNC dəzgahı və Plastic Shredder RG5680 drabilka olmayıb, tamamilə başqa marka, model və texniki identifikasiya nişanlarına malik avadanlıqlardır. Beləliklə, burada söhbət sadəcə fərqli qiymətləndirmədən deyil, icra sənədinin obyektinin düzgün müəyyən edilməməsindən, yəni icranın hansı konkret əmlaka yönəldilməsinin qeyri-müəyyən olmasından gedir. Bundan əlavə, iş materiallarında mövcud olan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar mübahisəli avadanlıqların iddiaçı Tələbkar MMC-nin deyil, üçüncü şəxs X4 mülkiyyətində olduğunu təsdiq edir. Belə ki, satıcı "xxxx" MMC ilə alıcı X9 arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcıya GSK 25İMC adlı CNC avadanlığı 35000 manata satılmışdır. Habelə satıcı X1 ilə alıcı X9 arasında bağlanmış 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcıya CRUSHER SG-400 adlı drabilka avadanlığı 2500 manata satılmışdır. Qeyd olunan müqavilələr mübahisəli avadanlıqların hüquqi mənşəyini və mülkiyyət subyektini aydın şəkildə müəyyən etməklə, icra sənədində göstərilən əmlakın faktiki olaraq iddiaçıya məxsus olması barədə iddiaların əsassız olduğunu və bu avadanlıqlar üzərində icra tədbirlərinin tətbiqinin hüquqa zidd olacağını göstərir. Göründüyü kimi icra məmuru açıq şəkildə hüquq pozuntularına yol vermişdir. Rəylər arasındakı ziddiyyət olmağına, habelə tərəflərdən birinin müraciətinə baxmayaraq icra məmuru yeni mütəxəssis rəyinin alınması, mövcud ziddiyyətin aradan qaldırılması istiqamətində heç bir addım atmamışdır. İddiaçı tərəfin “borclunun şikayətinin mahiyyətcə cinayət-hüquqi qiymətləndirmənin qarşısını almaq məqsədi daşıması” barədə irəli sürdüyü mövqe nə işin faktiki halları, nə də mövcud hüquqi çərçivə ilə uzlaşır və subyektiv mülahizədən başqa heç bir hüquqi əsas daşımır. İlk növbədə qeyd edilməlidir ki, cinayət-hüquqi qiymətləndirmə mülki icra prosesinin predmeti deyil və bu qiymətləndirmənin verilməsi nə borclunun, nə də məhkəmənin iradəsindən asılıdır. Borclunun müraciəti icranın ümumilikdə qarşısının alınmasına deyil, yalnız icra sənədinin obyektinin düzgün müəyyən edilməsinə yönəlmişdir. İş materiallarından açıq şəkildə görünür ki, mübahisə icranın aparılıb-aparılmaması deyil, hansı konkret avadanlıq üzərinə aparılmalı olması məsələsi ilə bağlıdır. Belə bir şəraitdə borclunun “səhv əmlak üzərində icra hərəkətləri aparılmasına” etiraz etməsi, hüquqdan sui-istifadə deyil, əksinə, qanunsuz icranın qarşısını almağa yönəlmiş legitim hüquqi müdafiə vasitəsidir. Tələbkar tərəfin arqumenti məntiqi ziddiyyət təşkil edir. Əgər borclunun məqsədi, guya, cinayəthüquqi qiymətləndirmədən yayınmaq olsaydı, bu zaman borclu digər 16 avadanlığın verilməsində də çətinlik yaradar, icranı gecikdirərdi. Halbuki bu istiqamətdə borclu tərəfindən atılmış heç bir maneə ola biləcək addım görünmür. Sadəcə olaraq, mütəxəssis rəyi və və müqavilələr vasitəsilə avadanlıqların hüquqi mənşəyini əsaslandırmağa çalışmış, qanunsuz və əsassız icranın qarşısını almağa çalışmışdır. xüsusi vurğulanmalıdır ki, icra prosesində ziddiyyətli mütəxəssis rəylərinin mövcudluğu fonunda icranın dərhal və əlavə araşdırma aparılmadan davam etdirilməsi, əksinə, sonradan cinayət-hüquqi qiymətləndirməyə səbəb ola biləcək risklər yarada bilər. İddiaçı tərəfin iddia etdiyinin əksinə olaraq, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları hərtərəfli, obyektiv və iş materiallarına uyğun şəkildə qiymətləndirmişdir. İş materiallarından açıq şəkildə görünür ki, mübahisə borclunun icranı ümumilikdə gecikdirməsi ilə deyil, icra sənədində göstərilən konkret avadanlıqların faktiki mövcudluğu və eyniləşdirilməsi məsələsi ilə bağlıdır. Məhkəmə də məhz bu fundamental ziddiyyəti əsas götürmüşdür. Məhkəmə qərardadında icranın bütövlükdə dayandırılması deyil, yalnız mübahisəli avadanlıqlar üzrə ziddiyyət aradan qaldırılana qədər icra hərəkətlərinin yenidən mütəxəssis rəyi alınmaqla davam etdirilməsi müəyyən edilmişdir. Bu isə icranın əsassız uzadılması deyil, əksinə, icra prosesinin hüquqa uyğun və təhlükəsiz şəkildə aparılmasının təmin edilməsidir. Bu baxımdan, məhkəmənin qərardadı faktiki halların natamam və ya birtərəfli qiymətləndirilməsinə deyil, əksinə, işin real vəziyyətinə uyğun hüquqi balansın qorunmasına əsaslanır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 8-2(119)-42/2025 nömrəli qərardadı ilə Tələbkar şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Borclunun nümayəndəsi xx.xx.2026-cı il tarixdə daha bir etiraz təqdim edərək əvvəlki etirazda göstərilən hallara istinad etməklə şikayətin təmin olunmaması, qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tələbkar MMC xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə müvafiq avadanlıqlar barədə aktlar, fotoşəkillər, ödəniş tapşırıqları və gömrük bəyannamələri təqdim etmişdir. Borclunun nümayəndəsi xx.xx.2026-cı il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, tələbkar tərəfindən elektron kabinet vasitəsilə daxil edilmiş sənədlərin bir hissəsi icra işinin materiallarında mövcud olmuş, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və hüquqi qiymət verilmişdir. Bu baxımdan, sözügedən sənədlər yeni sübut xarakteri daşımır və iş üzrə əvvəlki qiymətləndirməni dəyişdirə biləcək mahiyyətə malik deyildir. Həmin sənədlərin bir qismi hazırkı mübahisənin predmeti ilə ümumiyyətlə əlaqəli deyildir. Belə ki, müxtəlif avadanlıqlara dair sənədlər və şəkillər təqdim edilsə də, hazırkı mübahisə yalnız qərardadda konkret olaraq qeyd olunmuş iki avadanlıq ilə bağlıdır. Digər avadanlıqlara dair sənədlərin iş materiallarına əlavə edilməsi mübahisənin predmetini süni şəkildə genişləndirməyə yönəlmiş olmaqla, hüquqi əhəmiyyət kəsb etmir. Tələbkar xx.xx.2026-cı il tarixdə şikayətə əlavə ünvanlayaraq bildirmişdir ki, şikayət edilən qərardad qəbul edilərkən Tələbkar MMC-nin işə cəlb edilməməsi və iştirakı olmadan baxılması prosessual baxımdan ciddi pozuntu olub, qərardadın ləğvini zəruri edir. Gəncə Apellyasiya Məhkəməsinin 16(104)-45/2025 saylı iş üzrə verilmiş icra sənədinə əsasən mübahisəli avadanlıqların (o cümlədən CNC dəzgahı və drabilka) borclunun yerləşdiyi obyektdən götürülərək məsul saxlanacağa verilməsi icra olunmalıdır. İcra icraatı Maraqlı şəxs tərəfindən aparılır. İcra orqanının xx.xx.2025 tarixli aktı göstərir ki, icra sənədində nəzərdə tutulan avadanlıqların faktiki təqdim edilməsi təmin olunmur, eyniləşdirmə zamanı borclu “uyğun deyil və ya eyni deyil” bəhanələri ilə prosesi faktiki qarşısını alır. Bu akt icra sənədinin könüllü icra edilmədiyini və borclunun maneə yaratdığını təsdiqləyən əsas materialdır. Məhz icra prosesində eyniləşdirməni obyektivləşdirmək məqsədilə icra orqanı tərəfindən X6 xətti ilə identifikasiya sənədi (cədvəl/rəy) alınmışdır. Bu sənəddə mübahisəli avadanlıqlar YGB və model üzrə göstərilmiş, xüsusilə: YGB № **********0842 – “SCHMİD” marka VMC1000 model CNC dəzgahı, YGB № **********0220 – CRUSHER PC600 (drabilka) kimi identifikasiya aparılmışdır. Bu rəy borclunun “eyniləşmir” iddiasının əsas predmetinə birbaşa cavabdır və tərəfin sifarişi ilə deyil, icra icraatı çərçivəsində dövlət orqanının təşəbbüsü ilə alındığı üçün daha etibarlı əsasdır. xx.xx.2025 tarixli aktdan görünür ki, X6 rəyindən sonra icra tədbirlərinin davamı olaraq avadanlıqların götürülməsi istiqamətində addımlar atılsa da, borclu bu dəfə “mənsubluq/3-cü şəxs” mövzusunu ortaya ataraq prosesi yenidən dalana salır. Bu isə borclunun davranışının sistemli olduğunu göstərir: borclu hər dəfə icra yaxınlaşanda başqa bir “maneə mexanizmi” yaradır. İcra orqanı icra sənədinin icra olunmaması ilə bağlı cinayət məsuliyyəti müstəvisinə keçidi nəzərdə tutan addımlar atdıqdan sonra borclu məhkəməyə şikayət göndərmişdir. Bu ardıcıllıq borclunun real məqsədini göstərir: cinayət işinin başlanmasının qarşısını almaq üçün icranı məhkəmə xətti ilə uzatmaq. Şikayət edilən qərardad qəbul edilərkən Tələbkar MMC işə cəlb edilməmiş, iclas barədə lazımi qaydada xəbərdar edilməmiş, borclunun iddialarına münasibət bildirmək, sübutlar təqdim etmək, izahat vermək imkanından məhrum edilmişdir. Halbuki bu şikayətin nəticəsi birbaşa tələbkarın hüquqlarına toxunur: icra sənədinin icrası dayanır/uzanır və tələbkar faktiki müdafiəsiz qalır. Bu, məhkəmə baxışının əsas prinsiplərinə zidd olmaqla qərardadın ləğvini zəruri edən pozuntudur. Qarşı tərəf iddia edir ki, guya mübahisəli avadanlıqlar “Kaspian”a deyil, üçüncü şəxs X5 məxsusdur və bunu “sübut etmək” üçün iki müqavilə təqdim edir: xx.xx.2022 tarixli müqavilə: “GSK 25İMC adlı CNC avadanlığı” (35.000 AZN); xx.xx.2023 tarixli müqavilə: “CRUSHER SG- 400 adlı drabilka” (2.500 AZN). Bu, mahiyyətcə predmeti dəyişib məhkəməni yanıltmaqdır, çünki: GSK 25İMC bizim mübahisəli avadanlıq deyil. Mübahisəli CNC avadanlığı YGB № **********0842 olan “SCHMİD” marka VMC1000 model CNC machining center-dır. Qarşı tərəfin təqdim etdiyi “GSK 25İMC” isə CNC dəzgahının özü deyil, praktikada CNC idarəetmə sistemi / idarəetmə paneli / kontrol bloku kimi çıxış edən komponent səviyyəsindədir. Yəni burada “CNC avadanlığı” adı altında dəzgahın özü ilə idarəetmə paneli qarışdırılır və bu qarışdırma məqsədlidir: borclu dəzgahı qaytarmadığı halda, paneli göstərib “icra olunur/eyniləşdirildi” görüntüsü yaratmaq istəyir. Halbuki idarəetmə paneli CNC dəzgahını əvəz etmir. Müqayisə üçün fotoşəkilləri təqdim edilir. SG-400 bizim gətirdiyimiz avadanlıq deyil. Mübahisəli drabilka avadanlığı CRUSHER PC600-dür və YGB № **********0220 ilə identifikasiya olunur. “CRUSHER SG-400” başqa modeldir; “400” daha kiçik sinif avadanlıqdır, bizim avadanlıq isə böyük model – PC600-dır. Buna görə SG-400 müqaviləsi mübahisəli PC600-ə aid edilə bilməz. Müqayisə üçün fotoşəkilləri təqdim edilir. Bu iki müqavilə ilə alınan “rəy” də məhz bu yanlış müqayisə üzərində qurulub. Qarşı tərəf rəyin predmetini də belə qurdurub: mübahisəli avadanlıqla (SCHMİD VMC1000 və PC600) yox, tam başqa ad/model (GSK 25İMC və SG-400) ilə “tutuşdurma” edib, sonra “eyni deyil” nəticəsi çıxarıb. Bu halda rəyin nəticəsi əvvəlcədən məlum olur – çünki müqayisə edilən predmetlər elə başdan fərqlidir. Yəni rəy obyektiv eyniləşdirmə yox, manipulyativ müqayisə funksiyası daşıyır. Kreditorun təqdim etdiyi gömrük bəyannamələrində mübahisəli avadanlıqların idxalçı/alanı kimi Tələbkar MMC göstərilir və eyniləşdirmə YGB/model ilə aparılır: · SCHMİD VMC1000 CNC – YGB № **********0842, · CRUSHER PC600 – YGB № **********0220 X2 sənədində də eyni YGB-lər üzrə avadanlıqlar göstərilir və bu, gömrük sənədlərini tamamlayır. İcra aktları borclunun avadanlıqları təqdim etmədiyini və prosesi sistemli şəkildə uzatdığını göstərir. Bu dörd zəncir bir yerdə eyni nəticəyə gəlir: mübahisəli avadanlıq Kaspianın idxal etdiyi və tələb etdiyi avadanlıqdır; borclu isə onu qaytarmır. Hətta bu müqavilələr predmetcə uyğun olsaydı belə (ki, deyil), onların real icrasını təsdiqləyən əsas sənədlər təqdim edilmir: ödəmə sənədi, təhvil-təslim aktı, qaimə/faktura, daşıma sənədləri, uçot/inventar sənədləri yoxdur. Bu isə həmin müqavilələrin “kağız üzərində” qurulması ehtimalını artırır və icra prosesində “mülkiyyətin keçməsi” üçün etibarlı sübut kimi qəbul edilməsini mümkünsüz edir. Qarşı tərəf bu işdə mübahisəli avadanlıqların Tələbkar MMC-yə aid olmadığını, guya üçüncü şəxs X5 məxsus olduğunu iddia edir və “eyniləşdirmə yoxdur” mövqeyi tutur. Lakin təqdim etdiyimiz digər məhkəmə qətnaməsindən görünür ki, Samir Abbasov eyni mövqedə olduğu Talehlə birlikdə Kaspian Ekspressə qarşı olan digər işdə məhz həmin avadanlıqları tələb etmiş, avadanlıqların Talehin direktor olduğu "xxxx" MMC-yə məxsus obyektdə olmasını faktiki olaraq təsdiqləyən vəziyyətdə çıxış etmişdir. Bu ziddiyyət göstərir ki, “fərqli avadanlıqlardır/eyniləşmir” arqumenti icranı dayandırmaq üçün uydurulmuş mövqedir: bir tərəfdən “eyniləşmir” deyilir, digər tərəfdən isə eyni avadanlıq üçün tələb irəli sürülür. Bu hal məhkəmənin qarşı tərəfin təqdim etdiyi müqavilələrə və sifarişli rəylərə ehtiyatla yanaşmasını, rəsmi identifikasiya sənədlərinə (YGB, gömrük bəyannamələri, MEM, icra aktları) üstünlük verməsini zəruri edir. İcra sənədinin icrasından yayınma və icra orqanının qanuni tələblərinin yerinə yetirilməməsi səbəbilə borclu "xxxx" MMC-nin direktoru X10 barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, bu barədə müvafiq inzibati xəta üzrə qərar qəbul olunmuşdur. Bu qərar borclunun davranışının təsadüfi yox, sistemli və qəsdən olduğunu təsdiq edir: borclu avadanlıqları təqdim etmir, eyniləşdirmədən yayınır, icra tədbirlərinə faktiki maneə yaradır və nəticədə inzibati məsuliyyətə cəlb olunur. Bu şəraitdə borclunun sonradan məhkəməyə müraciət etməsi, faktiki olaraq, icranı “prosessual alət”lə uzatmaq və icra orqanının qanuni tədbirlərini neytrallaşdırmaq cəhdidir. Qeyd olunanlara əsasən tələbkar Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(119)- 42/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclunun nümayəndəsi xx.xx.2026-cı il tarixidə etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində iki məhkəmə iclası – xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində iclaslar keçirilmişdir. Hər iki iclas barədə şikayət verən şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və lazımi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq, həmin iclasların heç birində iştirak etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.2025- ci il tarixli məhkəmə iclası icra məmuru və tələbkarın iştirak etməməsi səbəbindən təxirə salınmışdır. Bu hal bir daha sübut edir ki, işə baxılması şikayət verən şəxsin iştirakı olmadan aparılmamış, əksinə, məhkəmə tərəfindən tərəflərin iştirakı üçün real şərait yaradılmışdır. Şikayət verən şəxsin məhkəmə iclaslarında iştirak etməməsi isə onun öz prosessual davranışının nəticəsi olmuşdur və bu hal məhkəməyə aid edilə bilməz. Şikayətə əlavə sənəddə irəli sürülən digər arqument isə guya “cinayəthüquqi risk yarandığı anda borclunun məhkəməyə müraciət etməsi” ilə bağlıdır. Bu iddia da faktiki hallar və iş materialları ilə uzlaşmır. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən iş üzrə şikayət icra məmuru tərəfindən müvafiq məktub təqdim edildikdən dərhal sonra verilmişdir. İlkin olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə icra məmuruna müraciət edilmiş, lakin həmin müraciət icra məmuru tərəfindən nəzərə alınmadığından, bundan sonra məhkəməyə şikayət verilməsi zərurəti yaranmışdır. Yəni, borclu bütün mümkün inzibati və prosessual vasitələrdən ardıcıllıqla və vicdanla istifadə etmişdir. Eyni zamanda qeyd edilmişdir ki, şikayətin məhkəmə icraatına qəbul edilməsi və mahiyyəti üzrə baxılaraq qərar verilməsi borcludan asılı olmayan səbəblərdən ləngimişdir. Belə ki, aidiyyət məsələsi ilə bağlı müxtəlif məhkəmələr arasında olan fikir ayrılığı səbəbindən işin hansı məhkəmənin icraatında baxılmalı olması məsələsi müəyyən vaxt aparmışdır. Qeyd etdiyi təsdiq edən müvafiq məhkəmələrin şikayətin icraata qəbul edilməməsi barədə qərardadları tərəfimizdən birinci instansiya məhkəməsinə təqdim edilmişdir, iş materiallarında mövcuddur. Belə ki, bu gecikmə şikayətin guya məqsədli şəkildə və ya cinayət-hüquqi risk yarandıqdan sonra verilməsi kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq Vəkil1 bildirir ki, Tələbkar MMC tərəfindən irəli sürülən arqumentlər iş materialları ilə təsdiqini tapmır, formal və subyektiv xarakter daşıyır və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qanuniliyini şübhə altına almaq üçün hüquqi əsas yaratmır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Vəkil2 və qanuni təmsilçisi X8 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək borclunun ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili Vəkil1 tələbkarın şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1-1. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 7. İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Maddə 12.1. həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Maddə 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 89. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 8-2(119)- 42/2025 nömrəli qərardadı ləğv edilməli və borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs icra məmurunun hərəkətindən verdiyi şikayət təmin edilməməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Mülki məhkəmə icraatı qaydasında baxılmış işlər üzrə qəbul olunmuş məhkəmə qərarlarının icrası ilə bağlı icra icraatı və həmin icraata məhkəmə nəzarəti bütövlükdə mülki icraatın davamı olmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulmuş hamının qanun qarşısında bərabərliyi, obyektivlik prinsipləri ilə yanaşı MPM-də nəzərdə tutulmuş çəkişmə prinsipinin tələblərinə uyğun həyata keçirilməlidir. Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin, borclunun icra məmurunun hərəkətlərindən şikayətə dair hazırkı işin materiallarından görünür ki, hazırda icra mərhələsində olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı tələbkar qismində çıxış edən Tələbkar MMC işə baxılmanın vaxtı və yeri barədə məlumatlandırılmamış, nəticədə öz dəlil və mülahizələrini bildirmək imkanından məhrum olmuşdur. Təqdim olunmuş iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli 16(104)-45/2025 saylı qərardadı ilə ərizəçi Tələbkar şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli e-16(115)-4/2025 saylı qərardadının - ərizənin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərardad çıxarılaraq ərizənin təmin edilməsi, Tələbkar MMC-yə məxsus 57 adda məhsul və avadanlıqların ünvan 1i ərazisində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq üçüncü şəxsin məsul saxlancına verilməsi, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılması, qərardadın icrasının Maraqlı şəxsnə həvalə olunması qərara alınmışdır. Qeyd edilən qərardadın məzmunundan görünür ki, həmin qərardadla həmçinin maraqlı şəxs X4 şikayəti təmin olunmamışdır. Həmin qərardad əsasında verilmiş icra sənədinə əsasən Maraqlı şəxs tərəfindən 06 may 2025-ci il tarixdə icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. 08 may 2025-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon İcra və probasıya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin, icra məmuru Kənan Abdullayevin, Tələbkar MMC-nin direktoru İsmayıl Orucovun, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 və hal şahidlərinin iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 16(104)-45/2025 nömrəli qərardadının icrası ilə əlaqədar 08 may 2025-ci il tarixdə icra sənədində göstərilən ünvan 1i ərazisində yerləşən qeydi yaşayış sahəsinə baxış keçirilmiş, icra sənədində göstərilən 57 adda avadanlıqların 39 ədədi yerində aşkar olunmamış, digər 18 ədəd avadanlığın 16 ədədi yerində uyğunluq təşkil etmiş, 2 ədədini isə müəyyən etmək mümkün olmamış, daha ətraflı mütəxəssis rəyində araşdırıldıqdan sonra qeyd olunacağı göstərilmişdir. Maraqlı şəxs böyük icra məmuru Vadim Əliyevin qərarı ilə alınmış “X6” MMC-nin 29 may 2025-ci il tarixli, 113 nömrəli rəydən görünür ki, mütəxəssis qarşısında Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2025-ci il tarixdə verilmiş 16(104)-45/2025 nömrəli icra sənədi üzrə ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki (adları icra sənədində sadalanan) mübahisəli məhsul və avadanlıqlara yerində baxış keçirilərək (hansı hissəsinin olubolmaması) müəyyən edilməsi sualı qoyulmuş, sözügedən qeyri-yaşayış sahəsinə müvafiq baxış keçirilmişdir. Həmin baxış zamanı icra sənədində adları ayrıca göstərilən Tələbkar MMC-yə məxsus olan müxtəlif növ məhsul və avadanlıqların faktiki vəziyyəti araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan məhsul və avadanlıqlardan yalnız 18 ədədi yerində mövcud olmuş, 38 ədədi isə yerində aşkar olunmamışdır. Bundan əlavə, icra sənədinin 13-cü bəndində qeyd olunan “elektrik motor və vasitələri” avadanlığı üzrə 4 ədədin olduğu göstərilsə də, baxış zamanı faktiki olaraq 3 ədədi aşkar edilmişdir. (Rəyə əlavə olunmuş 1 nömrəli cədvələ əsasən YGB nömrəsi **********0842 olan “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahı və YGB nömrəsi **********7722 olan Plastic Shredder RG5680 drabilka avadanlığı da qeyri-yaşayış sahəsində aşkar olunan avadanlıqlar siyahısındadır.) Borclu tərəfindən Maraqlı şəxsnə ünvanlanmış 12 iyun 2025-ci il tarixli 20 nömrəli məktubda qeyd edilmişdir ki, “X6” MMC tərəfindən icra şöbəsinə təqdim edilmiş mütəxəssis rəyində göstərilənlərə əsasən, guya, aktda qeyd olunan avadanlıqlardan başqa “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahı və drabilka RG5680 adlı 2 avadanlıq da aşkar edilmişdir. Bu isə tamamilə absurddur. Çünki, qeyd olunan avadanlıqlar tamamilə başqa adda avadanlıqdır və həmin avadanlıqların məhkəmə qərardadında göstərilən avadanlıqlarla heç bir əlaqəsi yoxdur. Məhz buna görə daha təcrübəli mütəxəssis dəvət edilərək yuxarıda adları qeyd edilən dəzgahların Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 16(104)- 45/2025 saylı qərardadında qeyd edilən dəzgah olub-olmaması müəyyənləşdirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydən açıq-aşkar aydın olur ki, yuxarıda adları qeyd edilən dəzgahlar məhkəmə qərardadında göstərilən dəzgahlarla eynilik təşkil etmir, yəni həmin dəzgahlar deyildir. "xxxx" MMC tərəfindən verilmiş 11 iyun 2025- ci il tarixli rəydən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında ünvan 1i ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat sahəsinə yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, istehsalat sahəsindəki avadanlıqlar 1 ədəd YGB nömrəsi **********0842 olan “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahı və YGB nömrəsi **********7722 olan Plastic Shredder RG5680 drabilka deyil, YGB GSK CNC markalı VMC 1000 model və YGB markalı SG-400F model drabilka avadanlıqlarıdır. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş satıcı "xxxx" MMC ilə alıcı X9 arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsində satıcının alıcıya GSK 25İMC adlı CNC avadanlığını 35000 manata satması, X1 ilə alıcı X9 arasında bağlanmış 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsində isə satıcının alıcıya CRUSHER SG-400 adlı drabilka avadanlığını 2500 manata satması göstərilmişdir. Şikayəti təmin edən birinci instaniya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı “X6” MMC tərəfindən verilmiş 29 may 2025-ci il tarixli, 113 nömrəli rəylə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli rəy arasında ziddiyyətli məqamlar yaranmış, buna baxmayaraq icra məmuru tərəfindən nə "xxxx" MMC-nin rəyi nəzərə alınmış, nə də mübahisəli avadanlıqlarla bağlı əlavə mütəxəssis rəyi alınması ilə bağlı hər hansı tədbir görülmüşdür. İşin yuxarıda qeyd edilən halları ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Eyni zamanda məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə icra məmuru tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilmiş, o cümlədən icra sənədində göstərilən 57 adda avadanlıqların 39 ədədi yerində aşkar olunmamış, digər 18 ədəd avadanlığın 16 ədədi yerində uyğunluq təşkil etmiş, 2 ədədini isə müəyyən etmək mümkün olmamışdır. Daha sonra icra məmuru qeyd edilən avadanlıqlarla bağlı ekspertiza təyin etmiş, 29 may 2025-ci il tarixli, 113 nömrəli rəydən görünür ki, mütəxəssis qarşısında Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2025-ci il tarixdə verilmiş 16(104)- 45/2025 nömrəli icra sənədi üzrə ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki (adları icra sənədində sadalanan) mübahisəli məhsul və avadanlıqlara yerində baxış keçirilərək (hansı hissəsinin olub-olmaması) müəyyən edilməsi sualı qoyulmuş, sözügedən qeyri-yaşayış sahəsinə müvafiq baxış keçirilmişdir. Həmin baxış zamanı icra sənədində adları ayrıca göstərilən Tələbkar MMC-yə məxsus olan müxtəlif növ məhsul və avadanlıqların faktiki vəziyyəti araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan məhsul və avadanlıqlardan yalnız 18 ədədi yerində mövcud olmuş, 38 ədədi isə yerində aşkar olunmamışdır. Bundan əlavə, icra sənədinin 13-cü bəndində qeyd olunan “elektrik motor və vasitələri” avadanlığı üzrə 4 ədədin olduğu göstərilsə də, baxış zamanı faktiki olaraq 3 ədədi aşkar edilmişdir. (Rəyə əlavə olunmuş 1 nömrəli cədvələ əsasən YGB nömrəsi **********0842 olan “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahı və YGB nömrəsi **********7722 olan Plastic Shredder RG5680 drabilka avadanlığı da qeyri-yaşayış sahəsində aşkar olunan avadanlıqlar siyahısındadır.) Kollegiya borclunun və tələbkarın nümayəndələri tərəfindən təqdim olunmuş sənədləri nəzərdən keçirərək, etiraz və mülahizələrdə göstərilən halları nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, icra prosesi zamanı icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət verilməsi imkanının qanunvericilikdə nəzərdə tutulması bütövlükdə icra prosesinin özünün bu və ya digər əsasla ləngidilməsinə və ya ümumiyyətlə həyata keçirilməməsinə əsas verən hal kimi qiymətləndirilə bilməz. Konkret hazırkı işdə mübahisə edilən hallar – yəni icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilən “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahının və Plastic Shredder RG5680 drabilka avadanlığının eniləşdirilməsi, yaxud onların bu və ya digər şəxsə məxsusluğu ilə bağlı nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun yuxarıda istinad edilən 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Yəni, əgər yuxarıda qeyd edilən avadanlıqların borcluya deyil digər şəxslərə (hazırkı halda X5) məxsusluğu barədə mübahisə mövcuddursa bu halda həmin şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək imkanına malikdirlər. Digər tərəfdən qeyd olunmalıdır ki, MPM-in tələbləri baxımından məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Nəzərə alınmalıdır ki, MPM-də müvəqqəti təminat tədbirlərinin məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu baxımdan maraqlı tərəf (borclu və ya X9 ) müvafiq dəlillər irəli sürməklə müvəqqəti təminat tədbirinin ləğvi ilə bağlı ərizə vermək, habelə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etmək imkanına da malikdir (MPM-in 157, 161-162, 164-cü maddələri). Nəhayət, nəzərə alınmalıdır ki, “İcra haqqında” və “Dövlət icra məmurları haqqında” qanunların yuxarıda istinad edilən tələblərinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara icra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Bu normaların tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında icra hərəkətləri həyata keçirilən “SCHMİD” markalı VMC1000 model, CNC dəzgahının və Plastic Shredder RG5680 drabilka avadanlığının başqa şəxslərə məxsus olması, yaxud icra məmurunun icra hərəkətlərini həyata keçirdiyi avadanlıqların məhkəmə qərarında göstərilən avadanlıq olmaması müvafiq qaydada müəyyən edilərsə həmin avadanlıqlara vurulmuş zərər, yaxud da həmin avadanlıqların əsassız olaraq üçüncü şəxsin məsul saxlanışına verilməsi nəticəsində maraqlı şəxslərə vurulmuş ziyan da qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-397, 398.0.3, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 8-2(119)-42/2025 nömrəli qərardadı ləğv edilsin. Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs icra məmurunun hərəkətindən verdiyi şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №8-2(3-8)-1/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-8)-1/2026
04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver