Məhkəmə qərarları › İş №8-2(3-9)-1/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-9)-1/2026

12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8-2(3-9)-1/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 8-2(4-14)-2/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1661/2025 nömrəli icra sənədinə əsasən Borclu1 rəhbəri Borclu2 10000 ABŞ dolları və 100 manat məbləğində dövlət rüsumunun Tələbkar QSC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Kürdəmir Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1661/2025 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu1 rəhbəri Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-14)-2/2026 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1661/2025 nömrəli icra sənədi üzrə Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Kürdəmir Rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. İcra işi üzrə Tələbkar QSC xx.xx.2026-cı il tarixdə elektron qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-14)-2/2026 qərardadının ləğv edilməsini və Kürdəmir Rayon İcra və probasiya şöbəsinin təqdimatının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq bu günədək icra olunmur. Hal-hazırda Borclu2 hüquqi şəxsin rəhbəri olmaqla yanaşı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Bu da onu deməyə əsas verir ki, onun aylıq kifayət qədər gəliri var, lakin qərəzli olaraq ödəniş etmir. Bundan başqa onun sosial şəbəkələrdə (özünə məxsus səhifələrdə) paylaşımlarından da görünür ki, o, mütəmadi olaraq xarici ölkələrə istirahət və iş fəaliyyəti ilə əlaqədar səfərlər edir. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə MŞB/8/2024-01981 nömrəli barışıq sazişi bağlanmışdır və həmin sazişlə borclu tələbkar qarşısında öhdəliklərinin olduğunu bir daha təsdiq etmiş və 10 gün müddətində könüllü şəkildə tələbkara olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu öhdəliklərinin icrasından qərəzli olaraq yayındığı üçün tələbkar barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir və məhkəmənin yuxarıda qeyd olunan qətnaməsinə əsasən saziş təsdiq edilmişdir. İşə baxmış məhkəmə isə qeyd olunan xüsusatları nəzərə almadan təqdimatı rədd etmişdir ki, bu da qətnamənin icrasında çətinliklərin yaranmasına səbəb olacaqdır. Şirvan Kommersiya Məhkəməsinin 8-2(4-14)-2/2026 nömrəli, 20 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan icra işi üzrə Tələbkar QSC tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Avropa İnsan hüquqları Konvensiyası” 4 nömrəli Protokolunun 2-ci maddəsinə əsasən Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs:Battista İtaliyaya qarşı (battista v.İtlaly), №43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013) №28975/05 2013-cü il 11 iyul tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə əasasən, müdaxilə “təcili ictimai ehtiyyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakmiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 25807 nömrəli qəbzdən görünür ki, Borclu2 tərəfindən icra sənədi üzrə borcundan 2000 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 93911/3 nömrəli inkasso sərəncamından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1661/2025 nömrəli icra sənədinin icrası üzrə icra orqanı borclunun bank hesablarına tutma tədbiri tətbiq etmiş və müvafiq vəsaitlərin tutulması üçün məcburi göstəriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gelenk-Klinik tibb müəssisəsinin xx.xx.2025-ci il tarixli tibbi müalicə üçün dəvət məktubundan görünür ki, Borclu2 Azərbaycan Respublikasında kliniki müalicəsi heç bir irəliləyiş əldə etmədiyinə və ayaq biləyi oynağının vəziyyətinin pisləşdiyinə görə klinikada tibbi müayinə və müalicə almaq tələb olunur. xx.xx.2026-cı il tarixində xəstənin topuq oynağının xilas edilməsi üçün ilk müayinə olunması nəzərdə tutulur. Lazım gələrsə, reabilitasiya üçün xəstəxanada reabilitasiya və əməliyyatdan sonrakı əməliyyatı, daha sonra Gelenek Klinikasında 3 gün müalicə müalicəsi aparılacaq, bu 21 gün ərzində tövsiyyə olunur. Müalicə, İzləmə və reabilitasiyası üçün xəstənin 10-12 həftəyə qədər Almaniyada qalması tələb edilir, 6 ay ərzində əlavə yoxlamalar da tələb oluna bilər. İş materialları araşdırılarkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun İV, V və Vİ fəslində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsi, o cümlədən icra sənədi üzrə borclunun əmlakının müəyyən edilməsi üçün görülməsi mümkün bütün zəruri tədbirlərin, o cümlədən banklarda pul vəsaitləri və əmanətlərinin olub-olmaması ilə bağlı müvafiq sorğuların verilməsi ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsini təsdiq edən sənədlərin təqdimata əlavə olunmadığı müəyyən olunur. Həmçinin, icra sənədinin icrası üçün məhz borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tələb olunduğu kifayət qədər əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi təqdimata baxarkən iş materiallarında olan sübutları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş zəruri əsaslar müəyyən edilməmişdir və buna görə də təqdimat təmin edilməməlidir. Apellyasiya şikayətində tələbkar borclunun qərəzli şəkildə borcu ödəmədiyini, onun kifayət qədər gəlir imkanlarının olduğunu və xarici ölkələrə səfərlər etdiyini göstərsə də, həmin hallar borclunun məhkəmə qətnaməsinin icrasından qəsdən yayındığını təsdiq edən mötəbər və kifayət qədər sübutlarla təsdiqlənməmişdir. Şikayətdə göstərilən sosial şəbəkə paylaşımları və ehtimal xarakterli mülahizələr isə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi mühüm hüquqi nəticə doğuran tədbirin tətbiqi üçün yetərli hesab edilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız müstəsna hallarda və bunun üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda tətbiq edilə bilər. Bu tədbirin tətbiqi üçün borclunun icra sənədinin icrasından qəsdən və davamlı şəkildə yayındığını təsdiq edən sübutlar təqdim edilməlidir. İş materiallarında isə belə halların mövcudluğunu təsdiq edən kifayət qədər sübutlar müəyyən edilməmişdir. Vətəndaşın hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə əasasən, müdaxilə “təcili ictimai ehtiyyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakmiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qəraraaldı: Tələbkar QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 4 fevral 2026-cı il tarixli, 8-2(4-14)-2/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar