Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8-2(3-9)-5/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadından (hakim Namidar Misirzadə) borclu Borclu MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(121)- ****/**** saylı, saylı qətnaməsi ilə iddiaçı Tələbkar Müəssisəsinin cavabdeh Borclu MMС-yə qarşı pul tələbi qismən təmin edilmiş və cavabdehdən 47194,1 manat əsas borc, 2360 manat cərimə və 238,66 manat dövlət rüsumu olmaqla, cəmi ƏDV daxil 49792,76 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və ## ##### 2026-cı ildə icraya yönəldilmişdir. Şirvan şəhəri üzrə Icra və probasiya şöbəsinin icra məmuru X1 # ### 2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış, həmin tarixli tələbin könüllü icrası haqqında bildirişlə borclu Borclu MMC-dən 10 gün müddətində icra sənədində göstərilən tələbin könüllü icrası tələb olunmuş, əks halda icra sənədinin məcburi icrası istiqamətində qavnunvericilikdə nəzərdə tutulan tədbirlərin tətbiq olunacağı borclunun diqqətinə çatdırılmışdır. Tələb könüllü icra üçün verilən vaxt ərzində təmin olunmadağından “Icra haqqında” Qanunun 50 və 85-ci maddələrinə müvafiq olaraq Şirvan şəhəri üzrə Icra və probasiya şöbəsinin rəisi Ilkin Rüstəmovun ## ### 2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərarı ilə borclunun adına aşkar edilmiş “Mitsubishi L200” xüsusi təyinatlı markalı **-PX-*** dövlət qeydiyyat nişanlı, “MAZ 03892” yanacaq daşıyan yarımqoşqu markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və borclunun bank hesablarının üzərinə həbs qoyulmuşdur. Borclu Borclu MMC ## #### 2026-cı ildə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsinin icrasının hissəhissə ödənilməsi və əlavə olunmuş 12 aylıq ödəniş qrafikinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar Müəssisəsinin cavabdeh Borclu MMС-yə qarşı pul tələbi qismən təmin edilmiş və cavabdehdən 47194,1 manat əsas borc, 2360 manat cərimə və 238,66 manat dövlət rüsumu olmaqla, cəmi ƏDV daxil 49792,76 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə qətnaməsini və qanunun aliliyini tam tanıyır, müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır. Lakin hazırda şirkətin qarşılaşdığı müvəqqəti maliyyə çətinlikləri, dövriyyə vəsaitlərinin qeyri-kafi olması və iqtisadi vəziyyət borcun birdəfəlik tam həcmdə ödənilməsini qeyri-mümkün edir. Borcun məcburi qaydada birdəfəyə tutulması şirkətin kommersiya fəaliyyətinin tamamilə dayanmasına və müflisləşməsinə səbəb ola bilər. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Borclu Borclu MMC qeyd edilən qərardaddan şikayət verərək ləğv edilməsini, hesablara qoyulmuş sərəncamlar və məhdudiyyətlərin aradan qaldırılmasını, iş materiallarında mövcud olan və əlavə təqdim edilən rəsmi maliyyə sübutları (Bank və DVX çıxarışları) tam və obyektiv qiymətləndirilməklə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu məhkəmə qərarı və öhdəliklərin icrasından yayınmır. Birinci instansiya məhkəməsinin qərardadından belə əsassız bir nəticə yaranır ki, guya borclu tərəf icradan yayınmağa çalışır. Bu nəticə iş materialları və cəmiyyətin real hərəkətləri ilə tamamilə təkzib olunur. Borclu məhkəmə qətnaməsini tam qəbul etmiş, borcu mübahisələndirməmiş və real iqtisadi vəziyyətə uyğun 12 aylıq ödəniş qrafiki təqdim etməklə vicdanlı prosessual davranış nümayiş etdirmişdir. Borclu öhdəliyini faktiki olaraq icra etməyə başlamışdır. Ən mühüm yeni hal ondan ibarətdir ki, ərizənin verilməsindən sonra da şirkət borcun ödənilməsini davam etdirmişdir. # #### 2026-cı il tarixində Dövlət Vergi Xidmətinin rəsmi bildirişləri əsasında ƏDV subhesabından tələbkarın hesabına ardıcıl ödənişlər həyata keçirilmişdir. Əvvəlki dövrlərlə birlikdə hazırkı tarixədək ümumilikdə 7152,34 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu fakt borclunun real ödəmə iradəsini birmənalı şəkildə sübut edir. Şirkətin real maliyyə vəziyyəti və hesablara qoyulmuş məhdudiyyətlərin iqtisadi nəticələri, təqdim olunmuş rəsmi maliyyə hesabatları və bank sənədləri göstərir ki: Borclu MMC-nin dövriyyəsi kəskin şəkildə azalmışdır (2025-ci ildəki 560719 manaatdan 2026-cı ilin hazırkı dövründə 85472 manata düşmüşdür). Cəmiyyətin "xxxx" ASC qarşısında 50000 manat məbləğində rəsmi kredit öhdəliyi mövcuddur və aylıq ödənişlər davam edir. ƏDV depozit hesabında sərbəst sərəncam verilə biləcək vəsait yoxdur. Bank hesablarına tətbiq olunmuş sərəncamlar səbəbindən şirkət dövlət satınalmalarında iştirak etmək üçün tələb olunan bank zəmanətlərini ala bilmir və yeni gəlir mənbələrindən məhrum olur. Birdəfəlik icra tədbirləri müəssisəni müflisləşdirərək ödəniş imkanlarını tamamilə sıfıra endirir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. «Icra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2003-cü il tarixli, * saylı qərarında qeyd edilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, borclunun şikayətində gətirdiyi arqumentlər, o cümlədən qətnaməni mübahisələndirməməsi, icrasından yayınmaması, 7152,34 manat ödəniş həyata keçirməsi, maliyyə vəziyyətinin ağır olması, habelə təqdim edilmiş maliyyə və bank sənədlərinin birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilməməsi barədə dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, borclu tərəfindən təqdim edilmiş maliyyə hesabatında bank hesablarına tətbiq edilmiş məhdudiyyətlər, dövriyyə vəsaitlərinin çatışmazlığı, “xxxx” ASC qarşısında kredit öhdəliyi, dövlət sifarişləri üzrə hesablaşmaların gecikməsi və digər maliyyə çətinlikləri göstərilsə də, həmin hallar özlüyündə qətnamənin məhz 12 ay müddətində hissə-hissə icrasının zəruriliyini və təqdim edilmiş ödəniş qrafikinin real şəkildə icra ediləcəyini təsdiq etmir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə və MPM-in 231.1-ci maddəsinə əsasən, qətnamənin hissə-hissə icrası məsələsi borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla həll edilir. Hazırkı halda təqdim edilmiş sənədlər borclunun maliyyə çətinliklərinin mövcudluğunu göstərsə də, həmin çətinliklər qətnamənin birdəfəlik icrasını mümkünsüz etməsi mənasına gəlmir. Bundan başqa, bank hesablarına tətbiq edilmiş məhdudiyyətlərin təsərrüfat fəaliyyətinə mənfi təsir göstərməsi barədə dəlillər də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə tətbiq olunan icra tədbirlərinin dayandırılması üçün əsas təşkil etmir. Həmçinin nəzərə alınmalıdır ki, icra sənədi üzrə borclu kimi tələbkar da, sahibkarlıq fəaliyyətinin subyektidir, borclu tərəfindən qətnamə ilə müəyyən olunan öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi tələbkar üçün də çətinliklər yartada bilər. Həmçinin tələbkarın qətnamənin təklif olunan formada hissə-hissə ödənişinə razılıq verməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №8-2(3-9)-5/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-9)-5/2026
14.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver