Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(3-10)-36/2026 17.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar İxtifar qızının “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə (Açar sözlər: məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Tələbkar İxtifar qızının “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5-135)-3/2026 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Qax Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(024)235/2017 №li qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği yetkinlik yaşına çatmayan 31 dekabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qax rayonu Almalı kəndində yaşayan Borclu Tələbkar xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)235/2017 №li, 03 may 2017-ci il tarixli qətnaməsi ilə 31 dekabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat olmaqla aliment təyin edilmişdir. 8 il olar ki, o məhkəməyə artırmaqla bağlı müraciət etmir. Qətnamə hazırda Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunur. Həmin məbləğ hazırda yaşayış üçün lazım olan tələblərə cavab vermir. Uşaq böyümüş və onun xərcləri artmışdır. Bu səbəbdən 31 dekabr 2015-ci il tarixdə doğulmuş X4 üçün ödənilən aliment məbləğinin artırılması üçün müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan qərara əsaslanaraq bildirir ki, 2017-ci ildə ölkədə müəyyən olunmuş əmək haqqı 116 manat təşkil edirdi və 2017-ci il tarixdə qəbul edilmiş qətnamədə alimentin miqdarı hər bir uşaq üçün sabit olaraq 100 manat müəyyən edilmişdir. Müəyyən edilmiş aliment-100 manat-2017-ci il tarixdə minimum əmək haqqı məbləğinin 0.86 misli-ni (100 x 100/116=0.86 mislini) təşkil edirdi. Hazırda 2025-ci il üçün ölkədə müəyyən olunmuş minimum əmək haqqı məbləği 400 manat təşkil edir. Yuxarıda qeyd olunanlara görə borclu şəxs Borclu bu ərizəni məhkəməyə təqdim etdiyi gündən başlayaraq uşaq 18 yaşına çatana qədər uşağa ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli məbləği qədər aliment ödəməlidir. Qax Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(024)235/2017 №li qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği yetkinlik yaşına çatmayan 31 dekabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qax rayonu Almalı kəndində yaşayan Borclu Tələbkar xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində sabit pul məbləğində alimentin tutulmasına qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5-135)-3/2026 nömrəli qərardadı ilə Tələbkar İxtifar qızının ərizəsi təmin edilmişdir. Borclu Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5-135)-3/2026 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli 8(5-135)-3/2026 nömrəli qərardadı ilə, Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 100.2, 110.1, 110.2-ci maddələrinə, AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.4-1,8.4-2, 8.4-3-cü bəndlərinə, «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(024)235/2017 №li qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği yetkinlik yaşına çatmayan 31 dekabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 100 manat müəyyən edilmişdir. Hər ay alimenti mütamadi ödəyir. Lakin tələbkar bununla razı deyil. Xəstədir və müəllimlikdən başqa işlə məşğul ola bilmir. Xəstəliyi ilə bağlı sənədi məhkəməyə təqdim etmişdir. Ərizəçi Qax rayon Məhkəməsinə ərizə vermiş və alimentin indeksasiya edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsi borclunun iştirakı olmadan alimenti indeksasiya edərək alimenti 344 manat məbləğində müəyyən etmişdir. Hazırda 490 manat əmək haqqı alır. 2025-ci il ölkə üzrə uşaqların saxlanması üçün 246 manat müəyyən olunmuşdur. Qərarla razı deyil və əsassız hesab edir. Məhkəmə alimenti indeksasiya edərkən maddi vəziyyətini araşdırmamış və ümumi sözlərlə qərar qəbul etmişdir. Odur ki, Qax rayon Məhkəməsinin 26 yanvar 2026-ci il tarixli, 8(5-135)-3/2026 nömrəli qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5-135)-3/2026 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5- 135)-3/2026 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əlavə olaraq, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2- 57/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasını ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq aparmaqda, yəni 31 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Qax Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(024)-235/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş 100 manat alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində müəyyən etməkdə haqlı olsada, daha sonra həmin alimentin məbləğini 344 manat sabit pul məbləğində müəyyən etməklə tələbdən kənara çıxmış, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında nəzərdə tutulmuş vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5-135)-3/2026 saylı qərardadı qismən, yəni, Borclu alimentin 344 manat sabit pul məbləğində tutularaq Tələbkar ödənilməsi hissəsində ləğv edilməklə, Borclu alimentin 344 manat sabit pul məbləğində tutularaq Tələbkar ödənilməsi hissə qərardaddan xaric edilməli, qərardad borclunun şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 8(5-135)-3/2026 saylı qərardadı qismən, yəni Borclu alimentin 344 manat sabit pul məbləğində tutularaq Tələbkar ödənilməsi hissəsində ləğv edilsin. Borclu alimentin 344 manat sabit pul məbləğində tutularaq Tələbkar ödənilməsi hissə qərardaddan xaric edilsin. Qərardad Borclu şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-36/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-36/2026
17.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver