Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-67/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə (Açar sözlər: məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Tələbkar Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Ağsu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş ##.##.2012-ci il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 üçün Borclu hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Həmin aliment məbləği ilə hazırda uşaqları saxlamaq mümkün deyil. Uşaqlar böyüdükcə onların maddi ödənişləri də artır. Bundan əlavə, böyük oğlu Ziya Qafarlının gözündə keratit virusu xəstəliyindən əziyyət çəkməklə yanaşı asma dioqnozu xəstəliyi də vardır. Qafarlı Məhəmməd isə pullu dəmro və xroniki bronxit xəstəliyindən əziyyət çəkir. Verilən alimentin məbləği onların müalicəsinə kifayət etmir. Bundan əlavə uşaqların təhsil almaları, geyimləri və yeməklərinin də xərcləri ödənilməlidir. Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə ərizənin təmin olunması, ##.##.2012-ci il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,333 misli həddində sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Tələbkar Tələbkar Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə, tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2-ci maddələrinə, Azərbaycan Respublikadsı Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il ## ###### tarixli qərarının 8.4-1, 8.4-2, 8.9-2, 8.11- 1, Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il ## #### tarixli **** nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamına, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, hazırda 100 nanatla uşaq saxlamaq mümkün deyildir. Uşaqlar böyüdükcə onların maddi ehtiyacları da artır. Bundan əlavə, böyük oğlu Ziya Qafarlı gözündə keratit virusu xəstəliyindən əziyyət çəkir, həm də asma diaqnozu xəstəliyi də vardır. Digər oğlu Məhəmməd isə pullu dəmrov və xroniki bronxit xəstəliyindən əziyyət çəkir. Verilən alimentlə uşaqların gündəlik ehtiyaclarını və qeyd olunan xəstəliklərini müalicə etdirmək qeyri-mümkündür. Təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Borclu Borclu isə kifayət qədər qazancı var, fərdi əməklə məşğul olur. Bu səbəbdən də, Ağsu rayon məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Lakin, məhkəmə tərəfindən işin faktiki halları, uşaqların sağlamlıq vəziyyətləri və onların artan tələbatları nəzərə alınmamış, alimentin məbləği az miqdarda artırılmışdır. Hesab edirəm ki, məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği uşaqların hazırkı tələbatına mütənasib deyildir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi, alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilərək, tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərardadının mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əlavə olaraq, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il ## ###### tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 1-8-16-1/2- **/**** nömrəli məktubunda qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasını ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq aparmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi nəticəsinə gələrkən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən etmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-67/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-67/2026
25.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver