Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-116/2026 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X3 və X5 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından borclu Borclu oğunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Yaqubov İsa İsmayıl oğlu məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması haqqında Nərimanov rayon icra və Probasiya Şöbəsinin icra məmuru Zaur Əlizadə tərəfindən ##.##.2025-ci il tarixdə qəbul olunmuş qərarın, qanunsuz və əsassız olduğundan, ləğv edilməsi və iş üzrə icraatın, işin materiallarında olan sənədlər əsasında aparılması; borclu Borclu barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli sənədinin icra tələbləri tam yerinə yetirməmiş Azərbaycan Respblikası hüdudundan çıxışının məhdudlaşdırılmasını; icra prosesində yol verilmiş hərəkətsizlik və davam edən süründürməçilik halları ilə bağlı icra məmuru Zaur Əlizadəyə qarşı ciddi tədbirlərin görülməsi; icra tələblərindən qərəzli olaraq yayındığı ilə bağlı borclu Borclu qarşı AR CMnin 306 maddəsi ilə cinayət işinin başlanması haqqında aidiyyəti strukturların qarşısında tələb qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən, ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan tələbkar Yaqubov İsa İsmayıl oğlu şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(005)- ***/**** nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon icra şöbəsinin icra məmuru Zaur Əlizadənin ##.##.2025-ci il tarixli “icra sənədinin geri qaytarılması” barədə qərarından şikayət ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 8(005)- ***/**** saylı qərardadı ləğv edilmiş, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tələbkar Yaqubov İsa İsmayıl oğlu ##.##.2026-cı il tarixdə dəftərxana vasitəsilə şikayət ərizəsinə əlavə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il icra sənədinin məhkəməyə qaytarılması haqqında Nərimanov rayon icra və Probasiya Şöbəsinin icra məmuru Zaur Əlizadə tərəfindən ##.##.2025-ci il tarixdə qəbul olunmuş qərarın, qanunsuz və əsassız olduğundan, ləğv edilməsi və iş üzrə icraatın, işin materiallarında mövcud sənədlər əsasında davam etdirilməsi; İcra prosesində yol verilmiş hərəkətsizlik və davam edən - süründürməçilik halları ilə bağlı icra məmuru Zaur Əlizadəyə qarşı inzibati tədbirlərin görülməsi; İcra tələblərindən qərəzli olaraq yayındığı ilə bağlı borclu Borclu qarşı AR CM-nin 306 maddəsi ilə cinayət işinin başlanması haqqında aidiyyəti strukturların qarşısında tələb qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə, şikayətin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. \ Borclu Borclu oğunun nümayəndəsi və vəkili Nümayəndə ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının ləğv edilərək, Nərimanov rayon icra və Probasiya Şöbəsinin icra məmuru Zaur Əlizadə tərəfindən ##.##.2025-ci il tarixdə qəbul olunmuş qərardan tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən maddəsindən də göründüyü kimi, həmin maddənin tətbiqi (1) borcluda tələbin yönəldilə biləcəyi əmlakın və gəlirlər olmaması; (2) icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi ilə şərtləndirilmişdir ki, hazırkı işdə həmin halların hamısı mövcuddur. Belə ki, işin materiallarında olan sənədlərdən də görünür ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən mümkün olan bütün zəruri tədbirlər görülmüş və müəyyən edilmişdir ki, borclunun mülkiyyətində tələb yönəldilə biləcək hər hansı daşınar və daşınmaz əmlakı, həmçinin gəlirləri yoxdur. Bu səbəbdən də icra məmuru tərəfindən haqlı olaraq “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə istinad edilməklə icra sənədinin geri qaytarılması qərara alınmışdır. Tələbkarın şikayətində göstərilən dəlillər isə iş materialları ilə təkzib edildiyi üçün deklarativ xarakter daşımaqla, icra məmurunun qərarının ləğv üçün heç bir əsas yaratmır. Belə ki, icra məmuru borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi istiqamətində “Elektron icra” informasiya sistemi və “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlardan istifadə etməklə tələb yönəldilə biləcək əmlak və ya gəlir aşkar etməmişdir. Tələbkar da həmin maddə ilə verilmiş hüquqlardan istifadə edərək, borclu şəxsin ona məlum olan və tələb yönəldilə biləcək əmlakının mövcudluğunu müvafiq sübutla təsdiq etməklə icra məmuruna təqdim edə bilərdi. Lakin tələbkar tərəfindən də borclunun mülkiyyətində hər hansı əmlak olması barədə sübut təqdim edilməmişdir. İcra sənədinin qaytarılması barədə icra məmurunun qərarının icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunması tələbinə gəldikdə isə qeyd edilməlidir ki, həmin qərarın icra qurumunun rəhbəri tərəfindən təsdiq olunması ilə bağlı formal tələbə riayət edilib-edilməməsi özü-özlüyündə tələbkarın şikayətinin əsaslı olması kimi nəzərə alına bilməz. Yuxarıda da qeyd edildiyi kimi, borclunun mülkiyyətində tələb yönəldilə bilən əmlakı və gəlirləri olmadığı və bunun təsdiq edən sorğu nəticələri olduğu halda, başqa sözlə desək, icra məmuru tərəfindən “İcra haqqında” Qanunla üzərinə düşən vəzifələrin yerinə yetirilməsi təsdiq edildiyi halda, qeyd edilən qərarın icra qurumunun rəhbəri tərəfindən təsdiqlənməsi üçün heç bir maneə olmamışdır. Şərh edilənlər maddi hüquq normasının tələblərinə formal yanaşılmasını və nəticə etibarı ilə həmin normanın düzgün tətbiq edilmədiyini təsdiq edir. Ərizəçi-tələbkar Yaqubov İsa İsmayıl oğlu şikayətə etiraz təqdim edərək bildirmişdir ki, şikayətçi "İcra haqqında" Qanunun 29.1 -ci maddəsinə istinad edərək göstərir ki, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Lakin, işin materiallarından və hadisələrin xronologiyasından görünür ki, borclu Borclu qeyd olunan hüquqlardan ümumən istifadə etmək marağında olmamış, icra tələblərindən yayınaraq icra orqanlarının bildirişlərinə və xəbərdarlıqlara reaksiya göstərməmiş, icra orqanlarından gizlənmiş, məqsədyönlü şəkildə dəfələrlə yaşayış yerini dəyişmiş, onun Azərbaycan Respublikası ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması yolunda bütün dolayı vasitələrdən istifadə etmiş, ona məxsus və faktiki olaraq onun nəzarətində, lakin 3-cü şəxslərin adına qeydiyyata olan çoxsaylı daşınmaz əmlakları icra orqanlarından gizlətmiş və bununla icraatın vaxtında həyata keçirilməsində məqsədyönlü şəkildə maneələr yaratdığından, süründürməçiliyə yol verilmişdir. Şikayətçinin istinad eydiyi “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsi yalnız o halda tətbiq edilə bilər ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmasın; icra məmuru tərəfindən bütün mümkün icra tədbirləri həyata keçirilsin; həmin tədbirlərin nəticəsiz qalması sübut edilsin. Lakin iş materiallarından görünür ki, borclunun əmlakı barədə çoxsaylı məlumatlar mövcuddur; əmlakların üçüncü şəxslərin adma keçirilməsi barədə sübutlar təqdim edilmiş, icra məmuru tərəfindən bütün mümkün icra tədbirləri, o cümlədən borcluya qarşı AR CM-nin 306-cı maddəsi üzrə cinayət işinin başlanılması haqqında aidiyyəti strukturlar qarşısında tələb qaldırılmadığından, faktiki olaraq icra tədbirləri tam və səmərəli aparılmamışdır. Konstitusiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarına əsasən " məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz hissəsidir". Hazırki iş üzrə icra sənədinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci tarixli icra sənədini faktiki olaraq iflic vəziyyətə saxlamış və bu da Konstitusion hüquqların pozulması ilə nəticələnmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci qərarının icra olunmaması ədalət mühakiməsinin mahiyyətinə ziddir və bu işdə mövcud pozuntulardan irəli gələn ziddiyyətlər aradan qötürülməlidir, çünki söhbət təkcə icra sənədinin geri qaytarılmasından yox, məhkəmə qərarının faktiki olaraq icra olunmamasından gedir. Göstərilənlərə əsasən tələbkar Nərimanov rayon icra şöbəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qəradadından borclunun səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilən ##.##.2026-cı il tarixli şikayətin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından borclu Borclu oğunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət həmin məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 30.360 manat məbləğində pul vəsaiti və 452.37 manat dövlət rüsumu alınaraq iddiaçı Yaqubov İsa İsmayıl oğluna ödənilməsi; mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun cavabdeh Borclu tutularaq iddiaçı Yaqubov İsa İsmayıl oğluna ödənilməsi; iddiaçı Yaqubov İsa İsmayıl oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 261 manat dövlət rüsumunun 130 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə aktının qüvvəyə mindiyi tarix ##.##.2023-cü il, icra sənədinin verildiyi vaxt ##.##.2023-cü il qeyd edilmişdir. “İcraata başlamaq haqqında” ##.##.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması; borclu X4 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə borclu Borclu Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında ##.##.2023-cü il tarixli Qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi ərazi aidiyyəti üzrə icra olunmasından ötrü Nərimanov Rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. “İcra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin Bakı apellyasiya Məhkəməsinin qaytarılması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2022- ci il tarixli icra sənədinə əsasən Borclu 32203.37 manat tutularaq Yaqubov İsa İsmayıl oğluna ödənilməlidir. Tələbi təmin etmək məqsədilə borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmiş, məhkəmənin müvafiq qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərinə əməl etməyən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin borclunun əməlinda inzibati xətanın tərkibi olmaması əsası ilə Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Sözügedən qərar iş üzrə tələbkar tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İcraat zamanı borclunun mülkiyyətində olan Astara rayon, Ərçivan qəsəbəsind yerləşən ümumi birgə mülkiyyətdə olan 0,16 ha və 0,11 ha həyətyanı torpaq sahəsi aşkar edilmiş və Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə həmin torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Sözügedən torpaq sahələri ümumilikdə 27000 manat dəyərində qiymətləndirilmiş və torpaq sahələrinin borcluya aid hissəsi 5400 manat dəyərində iş üzrə tələbkar tərəfindən əldə edilmişdir. Bundan sonra borclunun əmlak vəziyyəti bir daha yoxlanılmış (o cümlədən birgə nikah dövründə əldə etdiyi əmlak), lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan əlavə borclunun yaşadığı ünvana baxış keçirilmiş, Lakin həmin ünvanda ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində 6625 manat vəsaitin ödənilməsi təmin edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2017-ci il tarixli Qərarı: “...Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.” İcra məmuru Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Normanın məzmunundan göründüyü kimi qeyd olunan əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. İş materiallarından da göründüyü kimi icra sənədi üzrə ##.##.2023-cü il tarixdə icraata başlanılmışdır. Bununla belə, 2 ildən çox vaxt keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən tam icra olunmamışdır. İcra məmuru bu müddət ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (borclu fiziki şəxsin bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək məqsədilə sorğuların göndərilməsi və s.) habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmiş, sadəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmişdir. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldib biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. Halbuki qanunvericiliyə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra işi materialları ilə icra məmuru tərəfindən bu barədə akt tərtib edilməsi, həmin aktın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməsi və bu barədə tələbkara məlumat verilməsi halı aşkar olunmamışdır. Qərarda qeyd olunan Akt isə yalnız icra məmurunun borclunun yaşadığı ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Həmçinin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərarın Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməsi müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi üçün qanunla müəyyən edilmiş qaydada icra məmuruna verilmiş səlahiyyətlərdən lazımı həcmdə istifadə edilməməsini və qətnamənin icrasız qalmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, icra sənədi üzrə borcdan cəmi 6625 manat tələbkara ödənilmiş, hazırda 25317,37 manat ödənilməmiş pul vəsaiti qalmış, icra sənədini qismən icra etməklə məhkəməyə geri qaytarmışdır. İcra məmuru yalnız elektron sistem üzərindən sorğu verməklə kifayətlənmiş, "İcra haqqında" Qanunun istinad olunan normalarında nəzərdə tutulmuş fəal və real icra hərəkətlərini icra etməmişdir. Azərbaycan Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-116/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-116/2026
19.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver