Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-120/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Bəhrəmzadə Sabit Xanlar oğlu və Səmədov Rəşid Əfraim oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2026-cı il tarixli, 8(5-104)-20/2026 saylı qərardadından tələbkar Məhərrəmli Sübhi İlqar oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Məhərrəmli Sübhi İlqar oğlunun etibarnamə üzrə nümayəndəsi-vəkili Abbasov Murtuzəli Aydın oğlu ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, 22.11.2022-ci il tarixli qərarının uşaqla ünsiyyətə dair icra üsulunun və qaydasının dəyişdirilərək, 10.07.2020-ci il təvəllüdlü Məhərrəmli İlqar Sübhi oğlu ilə atası Məhərrəmli Sübhi İlqar oğlunun ünsiyyətini təmin etmək üçün Məmmədova Səbinə Zaur qızının iştirakı olmadan hər həftənin çərşənbə axşamı və şənbə günləri saat 10:00-dan başlayaraq növbəti gün 10:00-a kimi atanın yanında qalmaqla 24 saat ərzində, habelə rəsmi tətil və bayram günlərinin ilk yarısını atanın yanında qalmaqla, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllə, ev 15, mənzil 185 A ünvanından götürərək, həmin ünvanda təhvil verilməsi formasında ünsiyyətdə olma hüququnun həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5640/2022 saylı, 22.11.2022-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru “icraata başlamaq haqqında” 11.01.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamış və borclu Səbinə Məmmədovaya icranı könüllü icra etməsini təklif etməklə, həmin gün tərəflərə telefon vasitəsi ilə də məlumat vermişdir. Qərarın surəti və “tələbin könüllü icrası haqqında” bildiriş borclu Səbinə Məmmədovanın qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 4b, mənzil 28 ünvanında göndərilmişdir. Lakin borclu icra məmurunun qərar qəbul etdiyi 11.01.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda olan yaşayış ünvanından qeydiyyatdan çıxıb, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73Z ünvanına qeydiyyata düşmüşdür. Borclunun qeydiyyata alındığı ünvanda başqa şəxslər olmamış, o, azyaşlı uşaqla birlikə həmin ünvana köçmüşdür. Bu barədə Səbinə Məmmədova Yasamal Rayon İcra Şöbəsinə 12.01.2023-cü il tarixli ərizə ilə məlumat verməklə yanaşı, icra sənədinin yeni yaşayış yeri üzrə Xəzər Rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Bundan sonra Yasamal Rayon İcra Şöbəsinin 17.01.2023-cü il tarixli qərarı ilə Ali Məhkəmənin icra sənədi Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Daha sonra icra işində olan sənədlərdən görünür ki, Xəzər rayon icra şöbəsinin icra məmurunun 14.12.2024-cü il tarixli qərarı ilə Ali Məhkəmənin icra sənədi Xətai Rayon icra şöbəsinə göndərilmişdir. Qərardan aydın olur ki, borclu Məmmədova Səbinə Bakı şəhəri Xətai rayonu, 8 Noyabr küçəsi, 212-ci məhəllə, ev 15, mənzil 185A ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-155/2025 saylı, 28.02.2025-ci il tarixli qərardadı ilə iddiaçı Məhərrəmli Sübhi İlqar oğlunun cavabdeh Məmmədova Səbinə Zaur qızına qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbi barədə ilkin iddiasına dair iş üzrə icraata xitam verilmiş və iddiaçıya məhkəmə qərarlarının icrası qaydasında icra icraatı qaydasında qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə vermək hüququ izah edilmişdir. Bildirir ki, icra sənədi üzrə borclu Səbinə Məmmədova qərarın icrasına problemlər yaradaraq, tələbkardan azyaşlı övladı ilə öz valideynlərinin evində görüşməsini tələb edir. O, son iki həftədə övladı ilə cavabdehin valideynlərinin yaşadıqları binanın həyətində görüşmüşdür. Çünki, cavabdehin özü və valideynləri ilə münasibətləri normal olmamaqla, gərgindir və xoşagəlməz hadisələrlə nəticələnə bilər. Artıq küləkli havada azyaşlı övladı ilə görüşməsi uşağının sağlamlığına zərər vura bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2026-cı il tarixli, 8(5-104)-20/2026 saylı qərardadı ilə tələbkar Məhərrəmli Sübhi İlqar oğlunun “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında” ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və tələbkar Məhərrəmli Sübhi İlqar oğluna ərazi aidiyyati üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır. Həmin qərardaddan tələbkar Məhərrəmli Sübhi İlqar oğlu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyinə görə ləğv edilməli, icra icraatı qaydasında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasının vaxtı və yeri təyin edilməli, əks təqdirdə şikayət işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, hazırkı ərizə ilə bundan əvvəl icra sənədi üzrə icra hərəkətlərinin yerinə yetirildiyi yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin həmin məhkəmənin 8(011)-1120/2025 nömrəli 18.12.2025-ci il tarixli qərardadı ilə “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. İşə baxan hakim “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarına istinad etməklə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Məhərrəmli Sübhi İlqar oğluna azyaşlı övladı ilə ünsiyyətdə olma hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2022 saylı 16.02.2022-ci il tarixli qətnaməsi ilə verildiyinə görə mövcud ərizənin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 3.2-ci bəndinə düzgün istinad edilsə də, lakin onun tətbiqində səhvə yol verilmişdir. Çünki, adı çəkilən Plenum Qərarının həmin bəndində məhkəmələrə izah edilmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Məhz həmin Plenum Qərarının tələblərinə müvafiq olaraq, belə müraciətlərə məhkəmələrdə baxılarkən Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin normalarının tətbiqinin zəruriliyi nəzərə alınmalıdır. Məlumdur ki, Mülki Prosessual Məcəllənin 231.1-cimaddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin məzmununda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. Beləliklə, yuxarıda sadalanan prosessual hüquq normaları ilə təsdiq edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəyə icra sənədi üzrə icra hərəkətlərinin davam etdiyi yer üzrə məhkəmədə deyil, işə baxmış hakimin olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Ona görə də hazırkı məhkəmə qərardadı qanuni və əsaslı sayıla bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.02.2026-cı il tarixli, 8(5-104)-20/2026 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Məhərrəmli Sübhi İlqar oğlunun cavabdeh Məhərrəmli Səbinə Zaur qızına qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6458/2021 saylı, 01.11.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, iddiaçı Məhərrəmli Sübhi İlqar oğlu ilə cavabdeh Məhərrəmli Səbinə Zaur qızı arasında 18.01.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 122 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 10.07.2020-ci il təvəllüdlü Məhərrəmli İlqar Sübhi oğlu cavabdeh Məhərrəmli Səbinə Zaur qızının yanında saxlanması qət edilmişdir. İddiaçı Məhərrəmli Sübhi İlqar oğlunun cavabdeh Məhərrəmli Səbinə Zaur qızına qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2022 saylı, 16.02.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı Məhərrəmli Sübhi İlqar oğluna övladı 10.07.2020-ci il təvəllüdlü Məhərrəmli İlqar Sübhi oğlu ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3451/2022 saylı, 23.05.2022ci il tarixli qətnaməsi ilə iddiaçı Məhərrəmli Sübhi İlqar oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 198/2022 saylı işi üzrə 16.02.2022-ci il tarixli qətnaməsinin qismən - ünsiyyətin “ananın iştirakı ilə” verilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, 22.11.2022-ci il tarixli qərarı iddiaçı Məhərrəmli Sübhi İlqar oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022ci il tarixli, 2(103)-3451/2022 saylı qətnaməsinə - ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişiklik edilməsi, iddiaçı Məhərrəmli Sübhi İlqar oğluna 10 iyul 2020-ci il tarixdə doğulmuş övladı Məhərrəmli İlqar Sübhi oğlu ilə hər həftənin çərşənbə və bazar günləri saat 14:00 dan, saat 19:00-dək, uşağın ad günündə isə (hər il iyul ayının 10-da) saat 10:00-dan, saat 13:00-dək ünsiyyət hüququnun (vaxtı) verilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin tərəflərin kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 30.12.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5640/2022 saylı, 22.11.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, daha sonra icra sənədi aiddiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Xəzər rayon İcra şöbəsin 14.12.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5640/2022-002 nömrəli, 22.11.2022-ci il tarixli icra sənədi icra olunması üçün Xətai rayonu İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, hazırda icra sənədi Xətai rayonu İcra Şöbəsinin icraatındadır və icra hərəkətləri orada davam etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. - 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizə ilə ərazi aiddiyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməli idi. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, tələbkarın hazırkı ərizə ilə bundan əvvəl icra sənədi üzrə icra hərəkətlərinin yerinə yetirildiyi yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi və həmin məhkəmənin qanuni qüvvəsini almış 8(011)- 1120/2025 nömrəli 18.12.2025-ci il tarixli qərardadı ilə “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmaqla iddiaçı Məhərrəmli Sübhi İlqar oğluna azyaşlı övladı ilə ünsiyyətdə olma hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2022 saylı 16.02.2022-ci il tarixli qətnaməsi ilə verildiyinə görə mövcud ərizənin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas olmamasının göstərilməsi hazırki ərizəyə yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmasının qarşısını almır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı Məhərrəmli Sübhi İlqar oğlunun cavabdeh Məhərrəmli Səbinə Zaur qızına qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, 22.11.2022-ci il tarixli qərarına əsasən iddiaçı Məhərrəmli Sübhi İlqar oğluna 10 iyul 2020-ci il tarixdə doğulmuş övladı Məhərrəmli İlqar Sübhi oğlu ilə hər həftənin çərşənbə və bazar günləri saat 14:00-dan, saat 19:00-dək, uşağın ad günündə isə (hər il iyul ayının 10-da) saat 10:00-dan, saat 13:00-dək ünsiyyət hüququnun (vaxtı) verilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin tərəflərin kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, 22.11.2022-ci il tarixli icra sənədi üzrə icraata Bakı şəhəri Yasamal rayon İcra şöbəsində başlanılsa da, hazırda icra sənədi üzrə icra hərəkətləri məhz Xətai rayonu İcra Şöbəsində davam etdirilir. Göründüyü kimi icra sənədi Yasamal Rayon Məhkəməsi tərəfindən verilməmiş və hazırda icra hərəkətləri Yasamal Rayon İcra Şöbəsində deyil, Xəta rayon İcra şöbəsində aparılır. Bu isə onu deməyə əsas verir ki, hazırki ərizəyə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Tələbkar Məhərrəmli Sübhi İlqar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2026-cı il tarixli, 8(5-104)-20/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-120/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-120/2026
01.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver