Məhkəmə qərarları › İş №8(3-6)-132/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-132/2026

31.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-132/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, tələbkar Məmmədzadə Nuranə Mayıl qızının “alimentin indeksasiyası barədə” ərizəsinə dair iş üzrə Xətai Rayon Məhkəməsinin 10.12.2025-ci il tarixli 8(011)-1052/2025 nömrəli qərardadından borclu Poluzadə Sadiq Şərif oğlunun şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar Nuranə Məmmədzadə alimentin indeksasiyası barədə ərizə verib. Xətai Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, ərizə qismən təmin olunsun, Xətai Rayon Məhkəməsinin 10.08.2023-cü il tarixli 2(011)-3034/2023 nömrəli qətnaməsi ilə əkiz uşaqların - 20.09.2021-ci il təvəllüdlü İlkin Poluzadə və 20.09.2021-ci il təvəllüdlü Banu Poluzadənin saxlanması üçün borclu Sadiq Poluzadədən hər ay hər uşaq üçün tutulan 250 manat aliment sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,72 misli miqdarında indeksasiya edilsin. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xətai Rayon Məhkəməsinin 10.08.2023-cü il tarixli 2(011)-3034/2023 nömrəli qətnaməsi ilə alimentin miqdarı hər uşaq üçün 250 manat müəyyən edilib. Qətnamənin qəbul edildiyi 2023-cu ildə minimum əmək haqqının məbləği 345 manat olduğuna görə 250 manat aliment minimum əmək haqqının 0,72 mislini təşkil edib (250 manat : 345 manat = 0,72). Odur ki, alimentin minimum əmək haqqının 0,72 misli miqdarında indeksasiya edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-ci maddəsinin göstərişinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20.12.2024-cü il tarixli 15 nömrəli qərarında verilən izaha uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 10.12.2025-ci il tarixli 8(011)-1052/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar