Məhkəmə qərarları › İş №8(3-6)-142/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-142/2026

06.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-142/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Nərimanov Rayon İcra şöbəsi tərəfindən verilmiş təqdimatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından İsmayılov Mahir İbrahim oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi (icra məmuru Emil Zeynalov) təqdimatla məhkəməyə müraciət edərək, borclu X1 məxsus olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-8(005)- ***/**** saylı qərardadı ilə təqdimat təmin olunmuş, borcluya məxsus “Chevrolet Cruze” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İsmayılov Mahir İbrahim oğlu qeyd edilən qərardadın onun maraqlarına toxunmasını əsas gətirərək icraata cəlb olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəni mübahisəli avtomobilin faktiki olaraq onun istifadəsində olması kimi əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı (hakim Səbinə Nuriyeva) ilə ərizə təmin olunmamışdır. İsmayılov Mahir İbrahim oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından şikayət vermiş, şikayət birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli e-8(005)- ***/**** saylı qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə İsmayılov Mahir İbrahim oğlunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin olunmamış, həmin qərardad dəyişdirilmədən saxlanmışdır. İsmayılov Mahir İbrahim oğlu eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə və şikayət qaytarılmışdır (qərardadın İsmayılov Mahir İbrahim oğlunun hüquq və vəzifələrinə toxunmaması, bu istiqamətdə hər hansı sübutun təqdim olunmaması əsası ilə). İsmayılov Mahir İbrahim oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından şikayət vermiş, şikayət məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən aktı ilə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən məhkəmə aktından şikayət verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq məhkəmə aktının həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə aktı həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalıdır. Belə ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşdən görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi ilə X1 15955,90 manat borc və 137,87 manat dövlət rüsumu tutularaq tələbkar Tələbkar QSC-nin xeyrinə tutulmalıdır. Həmçinin, icra sənədi vaxtında könüllü qaydada icraya edilmədyindən icra məmuru borcluya məxsus əməlak ("Chevrolet Cruze" minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil) üzərinə məcburi icra tədbiri çərçivəsində həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə təqdimat təmin olunmuşdur. Bundan sonra İsmayılov Mahir İbrahim oğlu ərizə ilə müracət edərək, üzərinə həbs qoyulmuş avtomobilin etibarnamə əsasında faktiki olaraq onun sahibliyində olmasını, bu səbəbdən də qərardadın onun maraqlarına toxunmasını göstərmişdir. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qərardadı ilə İsmayılov Mahir İbrahim oğlunun maraqlı şəxs kimi icraata cəlb olunması barədə ərizəsi təmin olunmamış, həmin qərardaddan verilmiş şikayət isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktları ilə qərardadın İsmayılov Mahir İbrahim oğlunun hüquq və vəzifələrinə toxunması müəyyən edilməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi haqlı olaraq İsmayılov Mahir İbrahim oğlunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qərardadından verdiyi şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni qaytarmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Nərimanov Rayon İcra şöbəsi tərəfindən verilmiş təqdimat üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından İsmayılov Mahir İbrahim oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar