Məhkəmə qərarları › İş №8(3-6)-148/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-148/2026

27.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-148/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından borclu İsayev Fəqan Xalıqverdi oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011) ****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İsayev Fəqan Xalıqverdi oğlundan ##.##.2014-cü il təvəllüdlü İsazadə Yağmur Fəqan qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bu məbləğ hazırda uşağın saxlanılması üçün kifayət etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü İsazadə Yağmur Fəqan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün İsayev Fəqan Xalıqverdi oğlundan Tələbkar xeyrinə hər aya görə hesablanmış 193 (yüz doxsan üç) manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu şikayət verərək, qərardadın ləğv edilməsi, tələbkar Tələbkar tərəfindən verilmiş alimentin indeksasiyasına dair ərizənin təmin edilməməsi, borclu İsayev Fəqan Xalıqverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü İsazadə Yağmur Fəqan qızının saxlanılması üçün ondan hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu məbləğ 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna (193 manat) uyğun idi və o vaxt onun maddi vəziyyəti nəzərə alınaraq təyin edilmişdir. Tələbkarın ərizəsinə əsasən məhkəmə qərardadla alimentin indeksasiyasını həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edərək izahatında rəsmi iş yerinin olmadığını, yalnız periodik fəhləlik etdiyini, ali və ya peşə təhsilinin olmadığını, orta məktəbi belə bitirmədiyini, sağlamlıq vəziyyətinin ağır olduğunu bildirmiş, eyni zamanda ona məxsus, adında olan hər hansı bir ev, maşın və sair digər əmlak olmadığını diqqətə çatdırmışdır. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, yalnız Ailə Məcəlləsinin 110-cu maddəsinə və Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli ** nömrəli Qərarına formal istinadlar etmiş, qəbul etdiyi qərardadı əsaslandırmamışdır. Belə ki, hazırda fəhləliklə məşğul olur. Heç bir daimi gəliri yoxdur. Yalnız harada fəhləyə ehtiyac olarsa, gündəlik işləyir. İş tapmaq çox çətindir, vakansiyalar qeyri-daimi xarakter daşıyır. Ümumiyyətlə sağlamlıq vəziyyəti fəhləlik etməyə belə imkan vermir. Daim yorğunluq, halsızlıq hiss edir, hərəkət qabiliyyəti məhduddur. Bu, iştahsızlıq və qidalanma problemlərindən irəli gəlir. Sağlamlıq vəziyyəti yaxşı olmadığından ona hər yerdə də iş verilmir, yalnız qohum-əqraba və yaxın tanışlar vasitəsilə tapdığı fəhləlik işlərində çalışa bilir. Həkimə müraciət üçün maddi imkanı da olmadığından yalnız bir dəfə ##.##.2025-ci il tarixində həkimə müraciət edə bilmiş və analiz vermişdir. Həmin analizin nəticəsinə dair arayış sənədi elektron hökümət portalı olan my.gov.azda mövcuddur. Həmin sənəd hazırki şikayətinə əlavə olunacaqdır. Analizin nəticəsinə dair Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş arayışa əsasən aydın olur ki, sağlamlıq vəziyyəti həqiqətən də yaxşı deyildir, müalicə və istirahatə ehtiyacı vardır. Lakin, yenə də bunları edə bilmir, yalnız övladına aylıq 193 manat aliment ödənişini həyata keçirmək üçün əlindən gələni edir. Hətta çox vaxt bütün aliment məbləğini toplaya, bir araya gətirə bilmədiyinə görə qohumları və dostlarından, xüsusilə köməklik göstərmələrini xahiş edir. Əvvəllər qohumlardan maddi dəstək ala bilsə də, uzun müddətdir ki, onlar da kömək edə bilmir. Xüsusilə alimentin ödənilməsində 74 yaşlı təqaüdçü anası kömək edir. Anası da ağır dərəcəli xərçəng xəstəsidir və hazırda Tibb Universitetinin Onkologiya Mərkəzində qeydiyyatda olmaqla Məlhəm Hospitalında mütəmadi həkim nəzarətində olmaqla müalicə alır. 193 manat məbləğində müəyyən edilmiş alimenti belə ödəməyə əziyyət çəkdiyi, kömək alaraq ödəyə bildiyi halda Xətai Rayon Məhkəməsinin qərardadı ilə indeksasiya ilə təxminən 256 manat olmuş alimenti ödəmək onun üçün qeyri-mümkün olmaqla barəsində çox ciddi hüquqi nəticələr yaranması ilə nəticələnə bilər. Aliment öhdəliyinin 256 manat məbləğində olması onu psixoloji, maddi-mənəvi yük altında qoymaqla ödəyə bilmədiyi üçün ciddi hüquqi nəticələrlə qarşılaşmağına və bu halların da öz növbəsində övladına göstərəcəyi maddi dəstəyə mənfi təsir göstərməsinə səbəb olması qaçılmaz olacaqdır. Belə ki, məhkəmə qətnaməsinin lazımınca icra olunmaması inzibati xəta predmeti hesab olunduğundan barəsində müəyyən müddətə inzibati həbs və ya cərimə kimi cəzalar tətbiq oluna bilər ki, bu hallardan istəniləni övladına maddi yardım göstərməyinə nəinki faydalı deyildir, əksinə ona olacağı dəstəyi də faktiki olaraq mümkünsüz edəcəkdir. İndeksasiyanı təyin edən Xətai Rayon Məhkəməsi bu halların hər birini düşünməli və araşdırmalı, ədalətli, mütənasib və işin hallarına uyğun bir qərar qəbul etməli idi. Qeyd olunan hallara, onun aliment ödəmək öhdəliyini maksimum şəkildə yerinə yetirmək istəyinə baxmayaraq, artıq məbləğ ödəməyə nə maddi, nə fiziki, nə də mənəvi gücü vardır. Hazırda minimum əmək haqqı 400 manat olduğundan (2025-ci ildən etibarən qüvvədədir və 2026-cı ildə dəyişməyib), indeksasiya nəticəsində aliment məbləği təxminən 256 manata (0,64 misli) çatacaq. Bu məbləği ödəmək onun üçün fiziki və maddi cəhətdən mümkün deyil. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərardadı qəbul edilərkən Ailə Məcəlləsinin 112-ci maddəsi və Ali Məhkəmə Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.13-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, alimentin dəyişdirilməsi (artırılması və ya azaldılması) yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olduqda mümkündür. İndeksasiya isə yalnız minimum əmək haqqının artımı ilə bağlıdır (Ailə Məcəlləsinin 110-cu maddəsi). Onun vəziyyəti (sağlamlıq pisləşməsi, işsizlik) dəyişiklikdir və indeksasiya bu halda ədalətsiz nəticə verir. Məhkəmə bu dəyişiklikləri araşdırmamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu qanun normalarında yalnız atanın deyil, hər iki valideynin ata və ananın uşaqlarını saxlamaq vəzifəsi müəyyən edilmişdir. Tələbkar Tələbkar öz anası, eyni zamanda övladı İsazadə Yağmur Fəqan qızı ilə eyni ünvanda, eyni mənzildə yaşamaqdadırlar. Tələbkarın anası X4 Rayonu ərazisində yerləşən “kafe”də, tələbkar isə “Həzi Aslanov metro stansiyası” ərazisində bir marketdə işləyir. Onların özlərinin də kifayət qədər aylıq gəlirləri vardır. Hətta ondan daha çox qazanır və daha yaxşı qidalanırlar. Sağlamlıq vəziyyətləri isə ondan daha yaxşıdır. Tələbkar əslində onun tərəfindən ödənilən 193 manatla övladının qayğısına layiqli səviyyədə qala bilir. Onun indeksasiya tələb etməkdə məqsədi övladının maraqları deyil, onu qanun qarşısında pis vəziyyətdə qoymaqdan ibarətdir. Aydındır ki, tələbkarın əsas məqsədi alimentin indeksasiyası deyil, mülki hüquqlardan sui-istifadə etmək, yəni bu hüquqdan yalnız ona zərər vurmaq üçün istifadə etməkdir. Qeyd etdiyi halları təsdiq edəcək məlumatları məhkəmə özü sorğu verməklə əldə edə bilər. Təəssüf ki, vəkil tutmağa maddi vəziyyəti əl vermir. Bu halda yalnız məhkəmə sorğusu ilə qeyd etdiyi halların aydınlaşdırılması mümkün olacaqdır. Bir daha qeyd edir ki, indeksasiyanın tətbiq olunması onu daha da yoxsulluğa sürükləyəcək, övladının saxlanılması ilə yanaşı, onun öz yaşayış hüququnu pozacaq. Bu, Konstitusiyanın ailə münasibətlərində ədalət və sosial müdafiə prinsiplərinə ziddir. Bundan əlavə Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Eyni yanaşma Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarında da müəyyən olunmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Xətai Rayon Məhkəməsi milli və beynəlxalq hüquq normalarının tələbləri baxımından işin hallarını tam və hərtərəfli araşdırmamış və nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadi ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, borclu tərəfindən məhkəməyə arayışlar göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İsayev Fəqan Xalıqverdi oğlundan ##.##.2014-cü il təvəllüdlü İsazadə Yağmur Fəqan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Hazırda Tələbkar birgə nikahdan anadan olmuş, himayəsində оlan övladına məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğinin indeksasiya olunmasını xahiş edir. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli № ** qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X3 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Beləliklə işin faktiki hallarından göründüyü kimi yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə 193 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli **** nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli Sərəncamı ilə aylıq əmək haqqının məbləği 2022-ci il ######ın #-dən 300 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının # ###### 2021-ci il tarixli Qanununa əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhər Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş 193 manat aliment məbləği həmin dövrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (300 manat) 0.64 mislini (193:300) təşkil etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində minimum əmək haqqının müəyyən dərəcədə artmasını, respublikada 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşağın ərizəçinin himayəsində olmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, uşağa görə tutulan 193 manat məbləğində alimentin 2022-ci il üçün (alimentin təyin edildiyi dövr) müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0.64 (yuvarlaq) mislini təşkil ediyini müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ərizə təmin edilməlidir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenum Qərarında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması müəyyən edimiş sabit pul məbləğində alimentin indeksləşdirilməsi həyata keçirilmişdir və indiki vəziyyətdə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmışdır. Maddi vəziyyətinin aşağı olması barədə şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, borclu bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə tərəflərin birgə nikahlarından doğulmuş uşağın ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – tələbkarın üzərindədir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasızdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Borclu İsayev Fəqan Xalıqverdi oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar