Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-167/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadından tələbkar Ərizəni verən şəxs və borclu Borclu İslam qızının şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Tələbkar Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, onun, qızı ##.##.2023-cü il təvəllüdlü X1 ilə ünsiyyətinin sərbəst şəkildə həftədə 2 dəfə, hər həftənin çərşənbə günü saat 11.00-dan saat 20.00-dək və şənbə günü saat 11.00-dan bazar günü saat 11.00-dək (yaşadığı evdə qalmaqla) təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi-93 ünvanında (Vtorçermet qəsəbəsi) hər həftənin çərşənbə günü saat 11:00-da Borclu İslam qızı tərəfindən Ərizəni verən şəxs, həmin gün 20:00- da Ərizəni verən şəxs tərəfindən Borclu İslam qızına, şənbə günü isə saat 11:00dan bazar günü saat 11:00-dək eyni qaydada atasına təhvil verilərək təhvil alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilib ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı qətnaməsinə əsasən qızı ##.##.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək ünsiyyətdə olmağı üçün görüş vaxtı təyin edilmişdir. Qətnaməninin icra qaydası ##.##.2025-ci il tarixdə dəyişdirilmiş, icra müddəti hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək anasının iştirakı ilə müəyyən edilmişdir. Həmin məhkəmə qərarları qanuni qüvvəsini almış və icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir, iş icra məmuru İmran Cəfərquliyevin icraatındadır. Lakin həmin işin icra üsulunu və qaydasını dəyişdirmək üçün müraciət etmək məcburiyyətindədir. Belə ki, məhkəmə qətnaməsi çıxarılan vaxt qızı bir neçə aylıq olmuş, hazırda isə təxminən 2 yaş yarımlıq uşaqdır. Bundan başqa, məhkəmə qətnaməsində qətnamənin icra üsulu və qaydası (vaxtı, yeri, forması, şəraiti və s.) aydın şəkildə qeyd edilmədiyindən cavabdeh bundan suiistifadə edir. Belə ki, 1 ilə yaxın müddət ərzində o, öz qızı ilə yalnız Nərimanov rayonunda eyni bir yerdə, yəni Nərimanov parkında məhdud bir şəraitdə görüşür. Çünki uşağın anası cavabdeh Borclu uşağın başqa bir yerdə və şəraitdə görüşməyinə etiraz edir və buna imkan vermir. Uşaq dayısı İlkin Heydərov tərəfindən görüşə gətirilir. Uşaq isə həmişə eyni şəraitdə qalmaqdan sıxılır, azyaşlı olmasına baxmayaraq, başqa bir yerlərə getmək və cəmiyyət içərisində olmaq, öz yaşıdları və digər şəxslərlə ünsiyyətdə olmaq, başqa yerlərə də getmək istəyini bildirir. Uşağın belə bir şəraitdə onunla ünsiyyətdə olması onun normal böyüməsi, formalaşması, əylənməsi, istirahətinə çox pis təsir göstərir. Uşağın eyni yerdə, eyni şəraitdə ünsiyyətdə olması ona pis təsir göstərir. Uşağı onun istəyi ilə başqa bir yerə, məsələn öz yaşadığı evə, hər hansı uşaq tədbirinə apara bilmir, hava şəraitinin dəyişməsi, pisləşməsi nəticəsində ünsiyyəti harada aparmağı böyük çətinliklər yaradır. Bu isə uşağın ətraf mühitlə təmasını faktiki olaraq aradan qaldırır və onun normal böyüməsi və formalaşmasına pis təsir göstərir. Bundan başqa, həftədə 1 dəfə 4 saatlıq görüş vaxtının, həm də anasının iştirakı ilə müəyyən edilməsi qızı ilə normal və sərbəst ünsiyyət qurmağına imkan vermir, çünki onun ünsiyyəti hər dəfə cavabdeh tərəfindən məhdudlaşdırılır. Ona görə də, uşaqla ünsiyyət müddətinin artırılmasını, həftədə 2 dəfə müəyyən edilməsini və sərbəst şəkildə ünsiyyətinin təmin edilməsini məhkəmədən xahiş edir. Bu səbəblərə və əsaslara görə qəbul edilmiş məhkəmə qətnaməsinin icra üsulu və qaydasını dəyişdirməyə böyük ehtiyac yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə tələbkar Ərizəni verən şəxs qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinin qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qəradadı ilə) müəyyən edilmiş uşaqla ünsiyyətin icra üsulu və qaydasının dəyişdirilməsi; Ərizəni verən şəxs qızı ##.##.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00dək uşağın 3 yaşınadək ananın iştirakı ilə, 3 yaşından sonra sərbəst şəkildə tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda) görüş hüququnun müəyyən edilməsi; ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq, himayəsində olan anasının yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 11:00-da Borclu İslam qızı tərəfindən Ərizəni verən şəxs, həmin gün saat 17:00-da eyni ünvanda Ərizəni verən şəxs tərəfindən Borclu İslam qızına təhvil verilməsi; ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərir ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Ərizəni verən şəxs övladı ##.##.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 13:00-dək ananın (Borclu İslam qızı) iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qəradadı ilə qəntamənin icra üsulu və qaydası dəyişdirilərək, Ərizəni verən şəxs övladı ##.##.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00- dək ananın (Borclu İslam qızı) iştirakı ilə tərəflərin və icra məmurunun müəyyən etdiyi məkanda (icra şöbəsindən kənarda) görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək uşağın anası, yəni Borclu İslam qızının uşaqla görüşə müəyyən manelər yaratdığını bildirir və görüşün ananın iştirakı olmadan keçirilməsni xahiş edir. Qarşı tərəf isə görüş saatlarına etirazları olmasa da, uşaqla görüşün ananın iştirakı olmadan keçirilməsinə etiraz edir. Məhkəmə tələbkarın valideyn kimi uşaqla kifayət qədər vaxt keçirmək hüququnu, uşağın isə hər iki valideyni ilə ünsiyyətdə olmaq hüququnu, uşağın atası ilə görüşünün rahat şəkildə keçdiyini və borclunun görüş saatının artırılmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, atası ilə stabil emosional əlaqə qurması üçün hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək, yəni görüşün fasiləsiz 6 saat müəyyən edilməsi azyaşlı uşağın yaşına uyğun olmaqla yanaşı, onun fiziki və emosional inkişafına zidd deyildir. X1 hazırda azyaşlıdır və 3 yaşına çatmamışdır. Azyaşlı uşaqların psixoloji, emosional və fiziki inkişaf xüsusiyyətləri nəzərə alındıqda, onların uzun müddət əsas himayədar şəxsdən – anadan ayrı qalması uşağın normal inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən, uşağın 3 yaşınadək atası ilə ünsiyyətinin ananın iştirakı ilə həyata keçirilməsi uşağın mənafeyinə daha uyğundur. Eyni zamanda, uşağın atası ilə müntəzəm və kifayət qədər uzun müddətli ünsiyyətdə olması onun ailə bağlarının möhkəmlənməsi, sosial və emosional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ünsiyyət müddətinin artırılması məqsədəuyğun hesab edilir. Uşağın yaşının artması ilə onun psixoloji və emosional dayanıqlığı da güclənəcəkdir. Bu isə 3 yaşdan sonra ünsiyyətin ananın iştirakı olmadan, sərbəst şəkildə həyata keçirilməsinə imkan verəcəkdir. Bununla yanaşı, ünsiyyətin icrasında qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə uşağın harada, nə vaxt və hansı qaydada təhvil verilməsinin qərardadda konkret şəkildə göstərilməsi zəruridir. Qərardaddan tələbkar Ərizəni verən şəxs və borclu Borclu İslam qızı tərəfindən şikayətlər verilmişdir. Tələbkar Ərizəni verən şəxs (nümayəndəsi Nümayəndə İsmixan oğlu) ərizəsi ilə eyni məzmunda əsaslandırdığı şikayətində qərardadın ləğv edilib ərizəsinin tam təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qərardad qəbul edilərkən atanın təbii hüquqları tam olaraq nəzərə alınmamış, uşağın atası ilə ünsiyyətini faktiki olaraq məhdudlaşdırmış, o cümlədən azyaşlı uşağın hüquqlarını da kifayət qədər nəzərə almamışdır. Nərimanov Rayon Məhkəməsinin uşaqla ünsiyyətlə əlaqədar qəbul etdiyi əvvəlki ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qərardadından çox da fərqlənmir. Həmin qərardadla uşaqla ünsiyyət vaxtı həftədə 1 dəfə olmaqla 4 saat müəyyən edilmiş, hazırki qərardadla isə ünsiyyət vaxtı yenə də həftədə 1 saat olmaqla cəmi 2 saat artırılmışdır. Uşaqla ünsiyyət heç vaxt ananın razılığı ilə olmamış həmişə məhkəmə qərarlarına əsasən baş tutmuşdur. Uşağın anası Borclu heç vaxt könüllü şəkildə uşağı atasına verməmişdir. Çünki anası uşağı məqsədli şəkildə atasına vermir, ünsiyyətin qarşısını maksimum dərəcədə almağa çalışır. Uşağın bütün təminatı, alimenti və digər xərcləri tərəflərindən ödənildiyi, atasının hər hansı pis vərdişlərinin olmadığı halda, anasının ünsiyyətin qarşısını bu cür zorla almağa çalışması onlar üçün anlaşılan deyil. Anası uşaqla evdən gedəndən cəmi 2 ay sonra 2024-cü ilin yanvar ayından etibarən məhkəmənin MTT haqqında qərardadına əsasən o, öz övladı ilə icra şöbəsində görüşmüşdür. Uşağın anası işləyir, həftənin 5 günü gündə 10 saat olmaqla vaxtını işdə keçirir. Belə bir şəraitdə həmin müddət ərzində uşağa onun ana nənəsi Arzu Heydərova baxır, ana isə işdə olduğu üçün uşağın qayğısına qala bilmir. Belə olan halda, ata nənəsi uşağa baxa bilməzmi? Buna da şərait yaradılmalı və imkan verilməlidir. Ata nənənin də təbii olaraq buna haqqı və hüququ çatır. Uşağın atası, baba-nənəsi ilə çoxsaylı video görüntüləri vardır və həmin görüntülərdə uşaq rahat və sərbəst şəkildə onunla və valideynləri ilə ünsiyyətini qurur. Borclu Borclu İslam qızı (nümayəndəsi və vəkili Vəkil) isə şikayətində qərardadın ləğv edilib tələbkarın ərizəsinin rədd edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, uşaqla görüş məsələsində xüsusilə uşağın mənafeyinin nəzərə alınması zəruridir. Lakin məhkəmə uşağın mənafeyini nəzərə almayaraq qərardad qəbul etmişdir. 3 yaşında uşaq atası ilə daimi yaşamır və ümumiyyətlə doğulandan atası ilə birlikdə yaşamayıb, atası belə olsa təkbaşına qalmayıb. Cəmi bir neçə ay sonra hakim uşaqda hansı dəyişikliyi gözləyir ki, artıq ananın iştirakı olmadan görüşü mümkün sayır? Hesab edir ki, bu məsələdə ananın razılığı məsələsi mütləq olmalı idi. Ananın razılığı olmadan sərbəst görüş mümkün olmamalı idi. Məhkəmə rəy almadan şəxsi qənaəti əsasında cəmi 1 iclas nəticəsində uşağın 3 yaşı olduqdan sonra atası ilə sərbəst görüşünün mümkün olması qənaətinə gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli və ## ##### 2026-cı il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılmaları üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. "İcra haqqında" Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Əvvəla, uşağın da öz atası ilə ünsiyyətdə olmaq hüququ hər hansı bir maneə olmadan təmin edilməlidir. Bunun üçün uşağın atası ilə ünsiyyətdə olması zəruridir. Uşaqla birlikdə yaşayan valideyn isə uşağın fiziki və psixi sağlamlığına, əxlaqi inkişafına zərər yetirməyən digər valideynin uşaqla ünsiyyətinə mane olmamalıdır. Ünsiyyət qaydası və üsulu(vaxtı, müddəti və.s) əvvəl məhkəmə qətnaməsi, sonradan isə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə dair ərizə əsasında əvvəlki və hazırki qərardad ilə müəyyən edilib. Tələbkar olan ata müraciəti tam təmin edilmədiyindən hazırda mübahisələndirdiyi qərardad ilə razılaşmır, ünsiyyət hüququnu ərizəsində göstərdiyi qaydada və müddətdə həyata keçirmək istəyir. Lakin borclu olan ana ünsiyyətin müddətinə və qaydasına, yəni uşağın 3 yaşı tamam olduqdan sonra atanın sərbəst görüşünə etiraz edir və ünsiyyətin əvvəlki qərardadda göstərilən qaydada və müddətdə olmasını istəyir. Səbəb kimi, uşağın doğulandan atası ilə birlikdə yaşamadığını və təkbaşına qalmadığını göstərir. Uşaqla birlikdə yaşamayan ata isə buna etiraz edir və ünsiyyətinin uşağa hər hansı bir formada ziyan vurduğunu təsdiq etmir. Əksinə, müəyyən edilmiş müddətin ərizəsində və şikayətində göstərdiyi müddətdə və qaydada olmasını arzulayır. Göründüyü kimi, hər iki valideyn uşağa sevgilərini və məhəbbətini ifadə edərək biriünsiyyətin onun istədiyi müddətdə və qaydada, digəri isə əvvəlki formada olmasını istəyir. Qeyd olunduğu kimi borclu ünsiyyətin onun istədiyi qaydada və müddətdə olmasını uşağın doğulandan atası ilə birlikdə yaşamaması və təkbaşına qalmadığı ilə əlaqələndirir. Lakin tələb olunan müddətdə və qaydada ünsiyyətin uşağın mənafeyinə uyğun olmamasına dair məhkəməyə mötəbər sübut təqdim etmir. Çünki bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Təqdim olunan sübutlar da, bu halları bilavasitə təsdiq etmir. Əksinə, borclunun ərizəyə etirazının əsası kimi gətirdiyi dəlillər ünsiyyətin məhz onun tam istədiyi və qətnamədə göstərilən qaydada olması üçün əsas ola bilməz. Çünki uşaq kənar şəxslərlə (ananın digər qohumları və.s) bu və ya digər formada onsuz da ünsiyyətdə olur və belə bir ünsiyyət onun mənafeyinə zərər vurmur. Buna görə də, uşağın öz doğma atası ilə ünsiyyətinin onun hansısa mənafeyinə uyğun olmaması dəlili inandırıcı və ağlabatan deyildir. Ona görə də, borclu ananın uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən tələbkar-atanın uşağı ilə ünsiyyətinə mane olmamaq vəzifəsi Ailə Məcəlləsinin imperativ tələbidir. Bu tələbə riayət etmək cavabdehin borcudur. Uşağın öz doğma atası ilə istədiyi müddətdə və qaydada ünsiyyətdə olması uşağın mənafeyinə tam uyğun olmayan an kimi qiymətləndirməsi borclu ananın subyektiv fikirləri ilə bağlıdır. Çünki istinad edilən bu hallar sübut olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, qətnamə, sonradan qərardad ilə müəyyən edilən ünsiyyət müddəti və qaydası tərəfləri uşağın mənafeyi və konkret şərait (məsələn, qətnamə və qərardad ilə müəyyən edilən vaxtlarda, müddətdə və qaydada ünsiyyətin bu və ya digər səbəbdən mümkün olmaması və s.) nəzərə alınmaqla könüllü olaraq fərqli ünsiyyət qaydası müəyyən etmək hüququndan və imkanından məhrum etmir. Çünki əgər valideyn olaraq hər ikisi uşağın mənafeyini düşünürsə, uşağın mənafeyinə öz şəxsi hislərindən yaranan səbəblərə görə zərər vurmamalıdırlar. Məhkəmə tərkibi göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi ünsiyyətin müddətini əvvəlkinə nisbətən 2 saat artırsa da, bu nəticə yetərli və kifayət edən olmayıb. Ən azından məhkəmə uşağın yaşının da artmasını nəzərə almalı idi. Belə çıxır ki, tələbkar hər dəfə ünsiyyət müddətinin 2 saat artırılması üçün məhkəməyə müraciət etməlidir. Çünki bundan əvvəlki qərardad ilə də ünsiyyət müddəti 2 saat artırılmışdı. Ali Məhkəmənin Plenumunun sözügedən Qərarında da qeyd olunduğu kimi uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Ona görə də ünsiyyətin müddətinin 8 saat olmasını, yəni hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək müəyyən edilməsini məhkəmə tərkibi zəruri hesab edir. Bundan əlavə, birinci instansiya məhkəməsi tələbkara uşağın 3 yaşınadək ananın iştirakı ilə, 3 yaşından sonra sərbəst şəkildə görüş hüququnu müəyyən etsə də, 3 yaşından sonra ünsiyyətin(görüş) yerinin müəyyən edilməsini tərəflərin razılığından, belə razılıq olmadıqda isə icra məmurunun iradəsindən asılı etmişdir. Bu üsul isə tələbkarın mənafeyinə zidd sayılır. Çünki uşağın 3 yaşı tamam olduqdan sonra tələbkarın uşaqla sərbəst görüş yeri borclunun razılığından yaxud icra məmurunun istəyindən asılı ola bilməz. Bu cür yerin(məkanın) və şəraitin seçilməsi zamanı tələbkar olan atanın seçimi və istəyi nəzərə alınır. Əks halda atanın öz uşağı ilə görüşüb ünsiyyətdə olmasının əhəmiyyəti itmiş olur. Ona görə də uşağın 3 yaşı tamam olduqdan sonra tələbkarın uşaqla sərbəst görüş yeri ilə bağlı qərardadın məzmunundan...tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda)” sözləri xaric edilməlidir. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, ərizənin qismən təmin edilməsi heç də tələbkarın daimi olaraq qeyd olunan müddətdə və qaydada ünsiyyət hüququnu həyata keçirməli olduğuna məcbur edən hal kimi qiymətləndirilməsi üçün əsas sayıla bilməz. Ərizəçi uşağı ilə ünsiyyət müddətinin onun mənafeyinə, o cümlədən azyaşlı olması ilə əlaqədar qida və yuxu rejiminə hər hansı bir formada zərər vurmadığına əmin olduğu an, yenidən Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə məhkəməyə müraciət edərək özünün arzuladığı qaydada və müddətdə, o cümlədən uşağı ilə gecə qalmaq şərti ilə ünsiyyət hüququnun dəyişdirilməsini tələb etmək hüququ mövcuddur. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: tələbkar Ərizəni verən şəxs şikayəti qismən təmin edilməli, borclu Borclu İslam qızının şikayəti isə təmin edilməməli; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı qismən, yəni “17:00-dək”,.. “tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda)”,... “17:00-da” hissələrində ləğv edilməli; Qərardadın məzmununda “17:00-dək”, “19:00-dək”, “17:00-da”, “19:00-da” rəqəmləri ilə əvəz edilməli, “tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda)” sözləri isə xaric edilməli; Qərardad mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı : Tələbkar Ərizəni verən şəxs şikayəti qismən təmin edilsin, borclu Borclu İslam qızının şikayəti isə təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı qismən, yəni “17:00-dək”,.. “tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda)”,... “17:00-da” hissələrində ləğv edilsin. Qərardadın məzmununda(n) “17:00-dək”,“19:00-dək”, “17:00-da”, “19:00-da” rəqəmləri ilə əvəz edilsin, “tərəflərin razılığı ilə, belə razılıq olmadıqda icra məmuru tərəfindən müəyyən edilmiş məkanda (icra şöbəsindən kənarda)” sözləri isə xaric edilsin. Qərardad mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-167/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-167/2026
04.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver