Məhkəmə qərarları › İş №8(3-6)-197/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-197/2026

12.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-197/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəni verən şəxs Xətai rayon Icra şöbəsinin ## ###### 2026- cı il tarixli “icra sənədinin aidiyyatı üzrə göndərilməsi” barədə qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəni verən şəxs Xətai rayon Icra şöbəsinin (icra məmuru Orxan Israfilov) ## ###### 2026-cı il tarixli “icra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında” qərarın ləğv olunması haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraat Xətai rayon icra şöbəsinin icraatında olmuşdur. Borclu Borclu qətnamənin icrasından qərəzli boyun qaçırdığı üçün icra tədbirləri başa çatdıqdan sonra şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə göndərilmişdir. Hazırda borclu barəsində istintaq hərərkətləri aparılır. Borclu tərəfindən istintaq dövründə də qərəz davam etdirilir. Lakin borclu əmək haqqı barədə Xətai icra şöbəsinə sənəd təqdim etməklə, 1296129,00 manat məbləğində borcun onun 400 manatdan ibarət olan əmək haqqına yönəldilməsini xahiş etmişdir. Xətai rayon icra şöbəsi tərəfindən həmin ərizəyə əsasən "Icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmaldır. Belə ki, borclu formal olaraq həmin sənədi təqdim etməklə istintaq hərəkətlərinin aparılmasına süni maneə yaratmaq fikrində olduğunu, eyni zamanda göstərilən əmək haqqı ilə borc arasında heç bir ağlabatan uyğunluq mövcud olmadığını qeyd etmişdir. O qədər borc yalnız borclunun formal olaraq göstərdiyi iş yerindən tutulmağa başalayarsa icra sənədinin icra olunması həddindən artıq uzun zaman alacaqdır. Eyni zamanda şəxsin istintaq araşdırmasında olan zaman icra şöbəsinin belə bir qərar qəbul etməsi mümkünsüzdür. Göstərilənlərə əsasən icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş "Icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında" qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Samirə Eyvazova) ərizə təmin olunaraq, Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra məmuru Orxan Israfilov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli "Icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında" qərarın ləğv edilməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardadan şikayət vermiş, şikayəti – icra məmurunun icra sənədinin aidiyyatı üzrə göndərilməsi barədə qərarının qanuni və əsaslı olması, qərar barədə tələbkara məlumat verilməməsinin həmin qərarın ləğv olunması üçün əsas təşkil etmədiyi, icra məmuru tərəfindən “Icra haqqında” Qanunun tələbləri gözlənilməklə qərarın qəbul edildiyi, borclu tərəfindən icra sənədi üzrə olunmuş digər ödənişlərin nəzərə alınmaması və s. göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Tələbkar tərəf şikayətə qarşı etirazla məhkəməyə müraciət edərək, etirazında birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olması, icra sənədi üzrə aparılmalı olan tutulma ilə borclunun əmək haqqı arasında kəskin fərqin olması, bunun isə qətnamənin vaxtında icrasına mane olmaqla, məhkəmə qərarının icrasız qalmasına səbəb olması, icra məmurunun həmin qərarından tələbkarın məlumatlı olmaması və s. göstərilmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Insan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa Insan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AIHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Həmçinin qeyd edilməlidir ki, «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «Icra haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «Icra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Işdən müəyyən olunur ki, yüksək məbləğdə müəyyən olunmuş tələb (pul vəsaiti) borclu tərəfindən icra olunmamış, sonuncunun barəsində icradan qərəzli yayınması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müəyyən tədbirlər görülmüş, sonra isə icra məmuru tərəfindən "Icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında" ##.##.2026-cı il tarixli qərar qəbul edilərək, icra sənədi icra olunması üçün borclunun iş yerinə göndərilmişdir. “Icra haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı madəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 63-cü maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yönəldilir. Qanunvericliyin qeyd olunan tələblərindən göründüyü kimi tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş şərtlərin (tələb vaxtaşırı ödəmələrin tutulması, tutulmalı olan məbləğin qanunla müəyyən edilmiş gəlir miqdarından artıq olmaması və ya borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi) gözlənilməsi vacibdir. Hazırkı halda isə, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunduğu kimi işdə olan sənədlərə əsasən, borcun vaxtaşırı deyil, birdəfələlik ödəmə qaydasında və yüksək məbləğdə olan pulun (qərarın qəbul edildiyi tarixə borcun 92093,82 manat təşkil etdiyi göstərilmişdir) borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Qeyd edilməlidir ki, “Icra haqqında” Qanunun məqsədi məhkəmə aktlarının vaxtında, tam və real icrasını təmin etməkdən ibarətdir. Icra məmuru yüksək məbləğdə tələbi ehtiva edən icra sənədi olduğu halda, borclunun aylıq 400 manat əmək haqqının 50 faizinə tutulma tətbiq etməklə kifayətlənmiş və icra sənədini aidiyyəti üzrə göndərmişdir. Belə yanaşma icra sənədinin faktiki icrasını qeyri-müəyyən və həddindən artıq uzun müddətə uzadır. Bu halda icra məmuru borclunun digər gəlirlərinin, bank hesablarının, daşınar və daşınmaz əmlakının, habelə üzərinə tutma yönəldilə bilən digər aktivlərinin olub-olmamasını araşdırmadan icra tədbirlərini tamamlanmış hesab edə bilməzdi. Icra icraatında tətbiq olunan tədbirlər həm borclunun hüquqlarını, həm də tələbkarın məhkəmə qərarının səmərəli icrasına olan hüququnu balanslaşdırmalıdır. Borclunun əmək haqqından tutulmanın qanunla mümkün olması icra məmurunu digər icra tədbirlərini həyata keçirmək vəzifəsindən azad etmir. Əksinə, icra sənədinin məbləği ilə tutulmanın həcmi arasında açıq disproporsiya mövcud olduqda, icra məmuru daha effektiv icra vasitələrinin mövcudluğunu araşdırmalı və yalnız bütün zəruri tədbirlər nəticəsiz qaldıqdan sonra belə üsulu nəzərdən keçirməlidir. Əks yanaşma məhkəmə aktının illərlə, hətta onilliklərlə icra edilməməsinə şərait yarada bilər. Buna görə də rayon məhkəməsinin icra məmurunun qərarını ləğv etməsi və əlavə, zəruri icra tədbirlərinin görülməsinin vacibliyini qeyd etməsi icra qanunvericiliyinin məqsəd və prinsiplərinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə yalnız borclunun minimum müdaxilə ilə üzləşməsi arqumentinə əsaslana bilməz. Çünki icra icraatının əsas funksiyası borclunun maraqlarını deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktının real və effektiv icrasını təmin etməkdir. Bu baxımdan, icra məmurunun yalnız əmək haqqından tutulma ilə məhdudlaşması kifayət qədər əsaslandırılmış və mütənasib icra tədbiri kimi qiymətləndirilə bilməz. Həmçinin, icra işindən borclunun daha əvvəllər də əmək haqqına yönəldilmə ilə bağlı müraciəti olmuş, həmin müraciət rədd edilmişdir. Hazırda isə, icra məmurunun bu cür qərar qəbul etməsinə əsas verən hallar qərarda əsaslandırılmamışdır. Eləcə də, icra işində müvafiq qərar barədə tələbkara hər hansı məlumatın göndərilməsini təsdiq edən sübut aşkarlanmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ərizənin təmin olunaraq, icra məmurunun qərarının ləğv olunması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. “Icra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qərardadın ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəni verən şəxs Xətai rayon Icra şöbəsinin ## ###### 2026- cı il tarixli “icra sənədinin aidiyyatı üzrə göndərilməsi” barədə qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar