Məhkəmə qərarları › İş №8(3-6)-222/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-222/2026

26.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-222/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Tələbkar Ərizəni verən şəxs - Bakı şəhəri Xətai rayon Icra şöbəsinin böyük icra məmuru X1 ##.##.2026-cı il tarixdə qəbul etdiyi “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsi və icra işinin yenidən icraata qaytarılması, zəruri hesab edildiyi halda, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı müvafiq orqanlara məlumat verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar Ərizəni verən şəxs barəsində Xətai Rayon Məhkəməsinin yuxarıda göstərilən icra sənədi üzrə icra işi aparılmışdır. Xətai rayon Icra şöbəsinin böyük icra məmuru X1 tərəfindən Borclu barəsində ##.##.2025-ci il tarixdə şəxsi axtarış tədbiri tətbiq edilib. ## ###### 2026-cı il tarixində o, polis əməkdaşları tərəfindən saxlanılaraq icra orqanına təqdim edilmişdir. Tələbkarın məlumatı olmadan, icra məmuru hansısa maraqları çərçivəsində hər hansı rəsmi icraat sənədi tərtib edilmədən, məhkəmə qarşısına çıxarılmadan və prosessual qaydalara əməl edilmədən, borclu icra məmuru tərəfindən qeyri-qanuni azad edilmişdir. Bu hal icra məmurunun səlahiyyətlərini aşdığını və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğunu göstərir. Sonradan məlum olmuşdur ki, ##.##.2026-cı il tarixdə icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərar tələbkarın iştirakından kənar, tələbkara hər hansı bildiriş verilmədən, tətbiq edilmiş şəxsi axtarış və saxlanılma tədbirlərinin hüquqi nəticələri araşdırılmadan qəbul edilmişdir. Halbuki şəxsin tutulması faktı mövcud olduğu halda, onun icra tədbirlərindən yayınması, məsuliyyət məsələsi və icra sənədinin icra olunmamasının səbəbləri yalnız məhkəmə tərəfindən qiymətləndirilməli idi. Eyni zamanda, icra məmuru tərəfindən şəxsin tutulmasından sonra onun məhkəməyə təqdim edilmədən azad edilməsi və ardınca icra sənədinin qaytarılması qərarının qəbul edilməsi, maraqlar çərçivəsində qanunsuz qərar verilməsi ehtimalını yaradır və bu halın məhkəmə tərəfindən araşdırılmasına zərurət vardır.

3. Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Tələbkar həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Tələbkar ##.##.2026-cı il tarixdə vəsatət verərək şikayətə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasını xahiş etsə də, Məhkəmə bunun üçün əsaslar müəyyən etməmişdir.

7. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

8. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2020ci il tarixli icra sənədinə əsasən vurulmuş maddi ziyana görə 8684 (səkkiz min altı yüz səksən dörd) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı X2 ödənilməli, “Toyota Hilux” markalı **-NS-*** nömrə nişanlı avtomobili təmir etmək məqsədilə verilmiş 1900 (bir doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Ərizəni verən şəxs ödənilməli, cavabdeh Borclu iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (əlli) manat dövlət nəfinə tutulmalıdır.

10. Borclu Xətai rayon Icra şöbəsində ##.##.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, icra vərəqəsində qeyd olunan borcdan ödəniş etməmişdir. Buna səbəb digər tərəfin ona bank kartı təqdim etməməsi və ödəniş etmək istədiyi halda hara ödəniş edə biləcəyini bilməmişdir. Hazırda ödəniş edə bilmir. Yaxın zamanda işə düzəlməlidir. Düzələn kimi ödənişlərə başlayacaqdır. Özü uzun müddət dəmirçi işləmişdir və bu onun sənətidir. Məşğulluq Mərkəzlərinə müraciət etməmişdir. Tam əmək qabiliyyətlidir, əlilliyi və xəstəliyi yoxdur. Sosial müavinət almır. Mülkiyyətində heç bir əmlak yoxdur. Ölkə xaricində olmamışdır.

11. Borclu Xətai rayon Icra şöbəsində ##.##.2025-ci il tarixdə izahat verərək bildirmişdir ki, icra sənədi barədə məlumatlıdır, maddi vəziyyəti olmadığından və anası xəstə olduğuna görə icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra edə bilməmişdir, anasının evini satdıqdan sonra tam ödəməyə hazırdır. Icra sənədi üzrə tələbi iyul ayının axırına kimi tam ödəməyə hazırdır. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Anasına məxsus evi razılığı ilə satacaq, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanətlər yoxdur.

12. Xətai rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarının surətindən görünür ki, borclu, 1974-04-20-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarışın elan edilməsi qərara alınmışdır.

13. Hazırkı iş materiallarında olan ##.##.2026-cı il tarixli əmlaka baxış keçirilməsinə dair aktın surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədinin tələbini icra etmək məqsədilə borclunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman Borclu evdə anası Ruhəngiz Ağazadə ilə birgə yaşadığı müəyyənləşib. Evdə borcluya məxsus və icra vərəqəsində qeyd olunan tələbə uyğun yönəldilə biləcək əmlak aşkar olunmamışdır.

14. Xətai rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixlinin icra olunmadan məhkəməyə geri qaytarılması qərara alınmışdır.

15. “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

16. Məhkəmə tələbkarın şikayətinin dəlili üzrə qeyd edir ki, iş materiallarında müəyyən olduğu kimi icra sənədinin icrasının təmin edilməsi üçün borclunun əmlaklarının müəyyən edilməsi və bank məlumatlarının öyrənilməsi üçün zəruri icra tədbirləri görülmüşdür. Eləcə də icra sənədinin geri qaytarılması haqqında qərardan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmamışdır, icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. Belə olan halda isə müəyyən edilir ki, icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş icra tədbirləri həyata keçirilmiş, icra sənədinin icrası ilə bağlı hər hansı qanunsuz qərar və ya hərəkət həyata keçirilməmişdir. Odur ki, tələbkarın şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

17. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

19. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar