Məhkəmə qərarları › İş №8(3-6)-231/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-231/2026

02.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-231/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) hakimlər X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından X4 İbrahim oğlu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İcra sənədi üzrə tələbkar Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2011-ci il təvəllüdlü Şükürov İbrahim Cehun oğlu və ##.##.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa cavabdehdən ölkə üzrə minimum əmək haqqının 0.65 misli miqdarında alimentin və həmin alimentin minimum əmək haqqının dəyişməsinə uyğun indeksasiya edilməklə cavabdeh Borclu İbrahim oğlundan tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Borclu İbrahim oğlu ##.##.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan ##.##.2006-cı il təvəllüdlü X1 və ##.##.2011-cı il təvəllüdlü Şükürov İbrahim Cehun oğlu anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı ##.##.2010-cü ildə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 402 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş, ##.##.2006-cı il təvəllüdlü X1 və ##.##.2011-cı il təvəllüdlü Şükürov İbrahim Cehun oğlunun onun himayəsində qalması, cavabdeh Borclu İbrahim oğlundan onun xeyrinə ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü Şükürov İbrahim Cehun oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat miqdarında alimentin tutulmasını qət etmişdir. Alimentin tutulmasının əvvəli ##.##.2020-ci il tarixindən hesablanmışdır. Hazırda övladları tam şəkildə onun himayəsindədir və onların gündəlik tərbiyəsi, sağlamlığı, qidalanması, geyimi, təhsili və digər bütün ehtiyacları demək olar ki yalnız onun maddi imkanları ilə ödənilir. Hazırda çalışdığım təhsil müəssisəsindəki qazandığım vəsait iki övladının da ehtiyaclarını tam şəkildə ödəməyə imkan vermir. Uşaqların gündəlik xərclərini (qidalanma, geyim, gigiyena, dərman və s.) təkbaşına qarşılamaq onun üçün maddi cəhətdən çox çətindir. Təbii ki, azyaşlı uşağın gündəlik qayğısı - yedizdirilməsi, geyindirilməsi, təmizliyi, xəstəlik hallarında baxımı - hamısı ana olaraq onun üzərindədir. Həmçinin uşaqların bu yaşı daimi nəzarət tələb edir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2011-ci il təvəllüdlü Şükürov İbrahim Cehun oğlu və ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində indeksasiya edilməklə Borclu İbrahim oğlundan tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi qərardadını “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024- cü il tarixli ** nömrəli Qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. X4 İbrahim oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir

6. Şikayət onunla əsaslandırılmışdır ki, aylıq qazancı və maddi vəziyyəti hər ay 400 manat məbləğində aliment ödəməyə yetərlidir, bu günə qədər hər ay gecikdirmədən aliment ödəyir. İndi isə hər ay 544 manat sabit pul məbləğində aliment ödəmək gücündə deyil, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə məhkəmə onun maddi vəziyyətini düşünmədi və barəsində həm indi, həm də gələcəkdəki diqqətəlayiq olan digər halları nəzərə almadı.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ## ###### 2026-cı il tarixli qərardadından X4 İbrahim oğlu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

10. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

11. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

12. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.

13. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

14. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

15. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

16. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

17. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.

21. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.

22. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.

23. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 170 manat həddində müəyyən edildiyini, alimentin hesablanmağa başlandığı təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqının 250 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (170 / 250) aparmışdır.

24. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, onun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.

25. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.

26. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

X4 İbrahim oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar