Məhkəmə qərarları › İş №8(3-6)-240/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-240/2026

05.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-240/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, *(***)-*/**** saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan tələbkar Ərizəni verən şəxs, borclu Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrılıqda verdikləri şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş ##.##.2006-cı il tarixli qətnaməyə əsasən Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** saylı, ##.##.1994-cü il tarixli ** saylı və Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının ##.##.1994-cü il tarixli **** saylı sərəncamları əsasında bir neçə şəxsə müxtəlif vaxtlarda, müxtəlif ünvanlara dair verilmiş orderlərin, o cümlədən Ərizəni verən şəxs Bakı şəhəri, Neapol küçəsi, 2346-cı məhəllədə yerləşən ** saylı evə dair ##.##.1993-cü il tarixdə verilmiş ****** nömrəli orderin etibarsız hesab edilməsi, həmin şəxslərə o cümlədən Ərizəni verən şəxs başqa yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi həmin İcra Hakimiyyətlərinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında yoxlanılaraq dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Qətnamənin icrası ilə bağlı ##.##.2017-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq qətnamə faktiki olaraq icra edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, qətnamənin icrası ilə bağlı müxtəlif dövrlərdə Nərimanov Rayon İcra Hakimiyyəti, icra xidməti orqanları və digər aidiyyəti dövlət qurumları arasında çoxsaylı yazışmalar aparılmış, lakin tələbkarın yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan məlumatlardan həmçinin müəyyən edilir ki, Nərimanov Rayon İcra Hakimiyyəti özü ##.##.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edərək, icra sənədinin əvvəlki qaydada icrasının mümkün olmadığını, sərəncamında tələbkarın təmin edilə biləcəyi yaşayış sahəsinin mövcud olmadığını göstərmiş, həmin səbəbdən icra üsulunun dəyişdirilərək yaşayış sahəsinin pul kompensasiyası ilə əvəz olunmasını xahiş etmişdir. Sonrakı dövrdə aparılmış araşdırmalar zamanı da borclu qurum tərəfindən onun balansında tələbkarın təmin edilə biləcəyi yaşayış sahəsinin olmadığı bildirilmişdir. Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla Xətai Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2006-cı il tarixli qətnaməsinə izah verilərək, qərara alınmışdır ki, Ərizəni verən şəxs verilməli olan başqa yaşayış sahəsi 3 otaqlı, 41,01 kv.metr ölçülü olmalıdır. Tələbkar Ərizəni verən şəxs “qətnamənin icra üsulunun dəyişdirilməsi haqqında” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, yuxarıda qeyd edilən qətnamə qanuni qüvvəyə minib, icraya yönəldilsə də, Nərimanov Rayon İcra Hakimiyyəti qətnaməni icra etmir və bunu onunla əsaslandırır ki, onun balansında boş yaşayış sahəsi mövcud deyil. Buna görə də o, xahiş edir ki, qətnamənin icra edilməsinin qeyri-mümkün olması nəzərə alınsın, qətnamənin icra üsulu dəyişdirilsin və ona verilməli olan yaşayış sahəsinin bazar dəyəri müəyyən edilərək, həmin məbləğ Nərimanov Rayon İcra Hakimiyyətindən tutularaq ona ödənilsin. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin qismən təmin edilməsini, Xətai Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***/**** nömrəli qətnaməsinin icra üsulunun iddiaçı Ərizəni verən şəxs aid hissədə dəyişdirilməsini, Ərizəni verən şəxs yaşayış sahəsi ilə təmin etmək öhdəliyi əvəzinə Nərimanov Rayon İcra Hakimiyyətinin üzərinə Ərizəni verən şəxs 80.585 manat məbləğində pul vəsaitini ödəmək öhdəliyinin qoyulmasını, ərizənin qalan hissədə təmin edilməməsini qərara almışdır. Tələbkar Ərizəni verən şəxs və borclu Nərimanov Rayon İcra Hakimiyyəti həmin qərardaddan Rayon Məhkəməsinə ayrı-ayrılıqda şikayətlər vermişlər. Tələbkar Ərizəni verən şəxs qərardaddan verdiyi şikayətdə göstərmişdir ki, Rayon Məhkəməsi kompensasiya məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, tələbkar Ərizəni verən şəxs verilməli olan mənzilin yerləşdiyi ərazi, mənzilin xarakteristikası və həmin ərazidə mövcud daşınmaz əmlak bazarındakı qiymətlər nəzərə alınmadan yaşayış sahəsinin dəyəri 80.585 manat məbləğində müəyyən edilmişdir. Nərimanov rayonu ərazisində analoji yaşayış sahələrinin bazar qiyməti nəzərə alındıqda mənzilin real dəyəri 159.120 manat təşkil edir. Bu səbəbdən o, qərardadın dəyişdirilməsini, kompensasiyanın artırılmasını və ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin şikayətində göstərmişdir ki, Rayon Məhkəməsi qətnamənin icra üsulunu deyil, faktiki olaraq icra predmetini dəyişdirmişdir. Belə ki, qanuni qüvvəyə minmiş qətnamə ilə borclunun üzərinə yaşayış sahəsi vermək öhdəliyi qoyulduğu halda, həmin öhdəliyin pul öhdəliyi ilə əvəz edilməsi Mülki Prosessual Məcəllənin 231-ci maddəsində nəzərdə tutulmuş icra üsulunun dəyişdirilməsi institutunun hüdudlarından kənara çıxır. Buna görə də Nərimanov Rayon İcra Hakimiyyəti mübahisələndirilən qərardadın ləğv edilməsini və tələbkar Ərizəni verən şəxs ərizəsinin rədd olunmasını xahiş etmişdir. Tələbkarın və Nərimanov Rayon İcra Hakimiyyətinin şikayətinə baxmış Xətai Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətlərin təmin edilməməsini və baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bundan sonra maraqlı şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. Maliyyə Nazirliyinin şikayəti onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin verilməsi barədə öhdəliyin pul kompensasiyası ilə əvəz olunması icra üsulunun deyil, icra predmetinin dəyişdirilməsi deməkdir. Bundan başqa, Nazirliyin mövqeyinə görə, mübahisələndirilən qərardadla dövlət büdcəsi hesabına pul ödənilməsi nəticəsinə gəlinmiş, lakin bunun üçün kifayət qədər hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən Nazirlik qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş edir. Maliyyə Nazirliyin şikayətinə baxmış Xətai Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətlərə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətlərin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, hər üç şikayət rədd edilməli, barəsində şikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***/**** saylı qətnaməsi ilə Ərizəni verən şəxs başqa yaşayış sahəsi ilə təmin olunması vəzifəsi Nərimanov RİH-nin üzərinə qoyulmuş, həmin qətnamə qanuni qüvvəyə minmiş, lakin sonradan verilmiş icra vərəqəsinin ##.##.2017-ci il tarixdən icrada olmasına baxmayaraq, hazırkı vaxta qədər icra edilməmişdir. İş üzrə aparılmış icra hərəkətləri, aidiyyəti dövlət orqanları ilə aparılmış yazışmalar, habelə iş materiallarında olan digər sübutlarla müəyyən olunur ki, borclu Nərimanov RİH-nin sərəncamında tələbkarın təmin edilə biləcəyi yaşayış sahəsi mövcud olmamış, məhz bu səbəbdən qətnamənin naturada icrası uzun illər ərzində təmin edilməmişdir. Bu hal həm icra sənədinin icrası ilə bağlı materiallarla, həm də borclu qurumun öz izahatları ilə təsdiq olunur. Məhkəmə nəzərə alır ki, hələ ##.##.2020-ci il tarixdə məhz Nərimanov RİH özü icra sənədinin əvvəlki qaydada icrasının mümkün olmadığını göstərərək icra üsulunun dəyişdirilməsi və yaşayış sahəsinin pul kompensasiyası ilə əvəz olunması barədə məhkəməyə müraciət etmişdir. Həmin müraciətin mövcudluğu da borclu tərəfindən qətnamənin naturada icrasının mümkünsüz hesab edildiyini təsdiq edən hallardan biridir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə əvvəllər qəbul etdiyi ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qərardadlardan da görünür ki, qətnamənin uzun müddət icra olunmaması, borclunun sərəncamında yaşayış sahəsinin olmaması və qətnamənin faktiki icrasının təmin edilməməsi halları məhkəmə araşdırmasının predmeti olmuş, iş həmin halların tam araşdırılması üçün yenidən baxılmağa göndərilmişdir. Nərimanov RİH-nin və Maliyyə Nazirliyinin şikayətlərində irəli sürdükləri, yaşayış sahəsinin verilməsi öhdəliyinin pul kompensasiyası ilə əvəz edilməsinin icra üsulunun deyil, icra predmetinin dəyişdirilməsi olması barədə dəlillərlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, mübahisələndirilən qərardadla ##.##.2006-cı il tarixli qətnamə ilə müəyyən edilmiş hüququn mahiyyəti dəyişdirilməmiş, tələbkarın pozulmuş mənzil hüququnun bərpasına yönəlmiş məhkəmə aktının faktiki icrasının təmin olunması məqsədilə icranın həyata keçirilmə forması dəyişdirilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, qətnamənin qəbul edilməsindən təxminən 20 il, icra sənədinin icraya yönəldilməsindən isə təxminən doqquz il keçməsinə baxmayaraq tələbkar yaşayış sahəsi ilə təmin edilməmişdir. Məhkəmə nəzərə alır ki, iş üzrə aparılmış araşdırmalar nəticəsində Nərimanov RİHnin sərəncamında tələbkarın təmin edilə biləcəyi yaşayış sahəsinin mövcud olmadığı müəyyən edilmiş, həmin hal həm icra materialları, həm də borclu qurumun öz izahatları ilə təsdiq edilmişdir. Məhz bu səbəbdən qətnamənin əvvəlki qaydada icrası faktiki olaraq mümkün olmamışdır. Diqqətəlayiq haldır ki, hazırda icra üsulunun dəyişdirilməsinin yolverilməz olduğunu bildirən Nərimanov RİH özü ##.##.2020-ci il tarixdə məhkəməyə müraciət edərək həmin icra sənədinin yaşayış sahəsinin verilməsi yolu ilə deyil, pul kompensasiyası ödənilməsi yolu ilə icra olunmasını xahiş etmişdir. Bu isə borclunun özünün də qətnamənin naturada icrasının mümkün olmadığını qəbul etdiyini göstərir. Məhkəmə həmçinin nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə əvvəllər qəbul etdiyi qərardadlarda da qətnamənin uzun müddət icra edilməməsi, borclunun sərəncamında yaşayış sahəsinin olmaması və icranın təmin olunmaması halları qeyd edilmiş, iş həmin halların tam araşdırılması üçün yenidən baxılmağa göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sonuncu - ##.##.2025-ci il tarixli qərardadı isə icra üsulunun dəyişdirilməsinin mümkünlüyü deyil, Maliyyə Nazirliyinin işə cəlb olunub-ounmamasının mümkünlüyünün araşdırılmaması əsası ilə Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmişdir. Hazırkı baxış zamanı Maliyyə Nazirliyi işə cəlb edilmiş, ona öz mövqeyini bildirmək və etirazlarını təqdim etmək imkanı yaradılmışdır. Beləliklə, əvvəlki apellyasiya instansiyası məhkəməsinin göstərdiyi prosessual göstərişlər yerinə yetirilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Nərimanov RİH-nin və Maliyyə Nazirliyinin şikayətlərində göstərilən dəlillər mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas vermir. Tələbkar Ərizəni verən şəxs kompensasiyanın artırılması barədə şikayətinin dəlillərinə münasibətdə Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi kompensasiyanın məbləğini iş materiallarında olan sübutlar, təqdim edilmiş mütəxəssis rəyi və araşdırılmış digər materiallar əsasında müəyyən etmişdir. Şikayətdə göstərilmişdir ki, tələbkara ödənilməli olan kompensasiyanın məbləği 80.585 manat deyil, 159.120 manat təşkil etməlidir. Lakin şikayətə əlavə edilmiş materiallardan və iş üzrə mövcud sübutlardan görünmür ki, Rayon Məhkəməsinin əsas götürdüyü hesablamalar yanlış olmuş və ya müəyyən edilmiş məbləğ mənzilin bazar dəyərini əks etdirməmişdir. Məhkəmə nəzərə alır ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəni verən şəxs tərəfindən müəyyən edilmiş 80.585 manat məbləğinin düzgün olmadığını təsdiq edən, yaxud yaşayış sahəsinin bazar dəyərinin 159.120 manat təşkil etdiyini obyektiv şəkildə müəyyən etməyə imkan verən yeni ekspert rəyi, mütəxəssis rəyi və ya digər mötəbər sübut təqdim edilməmişdir. Şikayətdə göstərilən məbləğ əsasən şikayət verənin şəxsi mülahizələrinə və daşınmaz əmlak bazarındakı qiymətlərlə bağlı subyektiv qiymətləndirməsinə əsaslanır. Halbuki, iş üzrə müəyyən edilmiş kompensasiyanın dəyişdirilməsi üçün həmin məbləğin düzgün hesablanmadığını göstərən konkret və mötəbər sübutlar təqdim edilməli idi. Digər tərəfdən nəzərə alınmalıdır ki, Ərizəni verən şəxs ona məxsus əvvəlki sahənin ölçülərinin daha çox olduğunu bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi, Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla Xətai Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2006-cı il tarixli qətnaməsinə izah verilərək, qərara alınmışdır ki, Ərizəni verən şəxs verilməli olan başqa yaşayış sahəsi 3 otaqlı, 41,01 kv.metr ölçülü olmalıdır. “xxxx” MMC-nin iş üzrə Rayon Məhkəməsinə verdiyi ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində və yaxınlıqda yerləşən 3 otaqlı, sahəsi 41,01 kv.metr olan, orta mərtəbələrdə yerləşən təmirli mənzillərin (hər 1 kv.metrin qiyməti 1.965 manat nəzərə alınmaqla) qiyməti (1.965 x 41,01=) 80.585 manat təşkil edir. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, Ərizəni verən şəxs kompensasiyanın artırılması barədə dəlilləri fərqli hüquqi nəticəyə gəlmək üçün əsas vermir və Rayon Məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, Məhkəmə iş üzrə toplanmış sübutları, şikayətlərin dəlillərini və mübahisələndirilən qərardadın məzmununu birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad işin faktiki halları və tətbiq edilməli hüquq normaları baxımından qanuni və əsaslıdır. Şikayətlərin dəlilləri formal mülahizə xarakteri daşıyır. Barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Tələbkar Ərizəni verən şəxs, maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və digər maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrılıqda verdikləri şikayətlər təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar