Məhkəmə qərarları › İş №8(3-6)-251/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-251/2026

09.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-251/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu Borclu “aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsi” barədə ərizəsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Borclu Borclu ərizə ilə məhkəməyə müraciət edərək, e-2(002)- ****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilərək, ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutulan alimentin 50 faizinin bu ərizənin məhkəmənin icratına daxil olduğu gündən başlayaraq, ##.##.2023-cü il təvəllüdlü X2 adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e*(***)- ****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsinə əsasən, ##.##.2023-cü il təvəllüdlü X3 üçün cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, o, Azərbaycan Respublikası Gömrük Komitəsi “Poçt və ekspress daşımalar” gömrük postunun rəisi vəzifəsində çalışır və orta aylıq əmək haqqı 7181 manat təşkil edir. Onun qazancının ¼ hissəsini təşkil edən 1795 manat aliment öhdəliklərinə görə tutulur, həmin məbləğin 50%-i 897,50 manat yaşayış minimumu olan 260 manatın 3,5 mislini təşkil edir və bu məbləğ uşağın saxlanması, tərbiyəsi və təhsilinə kifayət etdiyindən, alimentin digər 50%-i olan 897,50 manat hissəsinin uşağın adına açılacaq bank hesabına köçürülməsi qanunauyğundur. Həmin məbləğ onun sərəncamından çıxır, aliment alan valideyn həmin məbləği öz şəxsi ehtiyaclarının təmin edilməsi üçün sui-istifadə edə və hətta uşağın mənafeyi üçün istifadə etdiyini iddia etsə belə, uşağın gələcəkdə yarana biləcək ehtiyaclarının, təminatlarının, problemlərinin təmin edilməli olmasına münasibətdə nəzərə alınsa əsassız və yersiz israf edilə bilər. Aliment uşağa məxsus hüquqdur, aliment də uşağa məxsus vəsaitdir. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək və məhkəmədə alimenti təyinatı üzrə xərclədiyini sübut etmək vəzifəsi daşıyır. Hazırkı ərizənin təmin edilməsi uşağın mənafeyinə xidmət edəcəkdir. Uşağın hazırda iki yaşı vardır, hər hansı təhsil müəssisəsinə, dərnəklərə getmədiyinə görə, səhhətində və sağlamlıq vəziyyətində hər hansı ciddi problemi olmadığına görə təhsil və tibbi xərcləri yoxdur. Təyin edilən aliment məbləğinin 50 faizinin ##.##.2023-cü il təvəllüdlü X2 adına açılmış bank hesabına köçürülməsi uşaq yetkinlik yaşına çatdıqdan sonra onun təhsili, həyat şəraitinin qurulması, şəxsi karyerası, mənzilə olan ehtiyacının təmin edilməsi, sağlamlıq problemlərinin həll edilməsi, cəmiyyətdə layiqli yer tutması üçün zəruidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Nigar Məmmədova) ərizə təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Borclu tələbkar Tələbkar xeyrinə hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında tutulmuş aliment məbləğinin 50 faizinin azyaşlı ##.##.2023-cü il təvəllüdlü X2 adına açılmış bank hesabına ##.##.2026-ci il tarixdən başlamaqla köçürülməsi qərara alınmışdır. Tələbkar həmin qərardadan şikayət vermiş, şikayəti – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz olması, prosessual normaların tələblərini pozmaqla qəbul olunması, işin hallarının tam və hərtəfli nəzərə alınmaması, azyaşlı X2 cəmi iki yaşının olması, xroniki xəstə olması və daim həkim nəzarətinə ehtiyacının olması, xüsusi qidalarla qidalanması, tələbkarın özünün uşağa qulluq etmək məcburiyyətindən işləyə bilməməsi, uşağın səhhətinin xüsusi qulluq tələb etdiyindən onun başqa şəxsin nəzarətinə verə bilməməsi, özünün isə yaşağa başqa yer olmadığından yataqxana qeydiyyatda olması və s. kimi əsaslandırmış, şikayətin təmin olunaraq qərardadın ləğv olunmasını xahiş etdmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmamış baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Borclu tərəf şikayətə qarşı etirazla məhkəməyə müraciət edərək, etirazında birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olması, tələbkarın şikayətdə göstərdiyi dəlillərin heç bir əsasının olmaması, bütün azyaşlı uşaqlarda müəyyən tibbi dəstəyə və qayğıya ehtiyacının olması, lakin hazırda iş üzrə azyaşlının hər hansı xroniki xəstəliyinin olmaması, şikayətə əlavə olunmuş arayışın birinci instansiya məhkəməməsinə təqdim olunmaması və s. göstərilmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin olunmamalıdır. Ilkin olaraq qeyd olunmalıdır ki, işin hallarına və qüvvədə olan məhkəmə akına əsasən tərəflərin birgə nikahdan doğulmuş ##.##.2023-cü il təvəllüdlü X2 anası Tələbkar (tələbkarın) yanında saxlanılmış, eyni zamanda azyaşlının saxlanması üçün borcludan hər ay qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Hazırda borclu məhkəməyə müraciət edərək, orta aylıq əmək haqqının (qazancının) yüksək olduğunu (ortalama 7181 manat), həmin məbləğin ¼ hissəsinin 1795 manat təşkil etdiyini, bunun isə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş minimum yaşayış məbləğindən bir neçə dəfə yüksək olduğunu, həmçinin ananın (tələbkarın) həmin pul vəsaitini öz şəxsi ehtiyaclarının təmin edilməsi üçün israf etməsi ehtimalının olmasını, uşağının 2 yaşının olmasını, hər hansı təhsil müəssisəsinə, dərnəklərə getməməsini, səhhətində və sağlamlıq vəziyyətində hər hansı ciddi problemlərinin olmamasını bildirməklə, alimentin 50 faizinin övladının adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Borclu ərizəyə etiraz etmiş, uşağının azyaşlı olmasını, səhhətində müəyyən problemlərinin olmasını, tibbi dəstəyə və xüsusi qulluğa (tez-tez həkim müayinələri, xüsusi pəhriz qidaları və s.) ehtiyacının olmasını, bütün bunlara müəyyən pul vsəaitlərinin xərclənməsi, həmçinin uşağa qulluqla bağlı özünün əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, maddi vəziyyətinın aşağı olması və s. göstərilmişdir. Borclu bununla bağlı məhkəməyə çoxsaylı həkim arayışlarını, müayinələr, reseptlər və bunları təsdiq edən müvafiq xərc sənədlərini və s. zəruri sübutları təqdim etmişdir. Belə ki, işdə olan sənədlərə əsasən - X2 ##.##.2025-ci il tarixli bağırsaq ifrazı ümumi analizinə 12 manat, ##.##.2026-cı il tarixli qastroenteroloq konsultasiyasına 80 manat, ##.##.2026-cı il tarixli qastroenteroloq konsultasiyasına 80 manat, ##.##.2025-ci il tarixli abdomen USM+qastrointestinal traktın sonoqrafik dəyərləndirilməsinə 70 manat, ##.##.2025-ci il tarixli pediatrın ilkin baxışına 70 manat, ##.##.2025-ci il tarixli abdomen USM 45 manat, ##.##.2025-ci il tarixdə Pediatr müayinəsinə 45 manat, ##.##.2025-ci il tarixli təcili yardımda müayinəyə 60 manat, influenza A/B (ekspress testi) 37 manat, venadaxili infuziya 16 manat, qanın ümumi analizinə 16 manat, CRZ 20 AZN olmaqla ümumilikdə 149 manat, ##.##.2025-cı il tarixli ödəniş qəbzinə əsasən dərmanların alışına 47,17 manat, ##.##.2025ci il tarixdə 22,62 manat, ##.##.2025-ci il tarixli dərmanların alışı üçün 27,28 manat ödəniş həyata keçirilmişdir. Işdə olan ##.##.2026-cı il tarixli uzman Dr. Anar Tağıyev tərəfindən yazılmış tövsiyə vərəqəsində Sokol çözelti və Dufolak adlı dərmanlar, ##.##.2025-ci il tarixli reseptdə NaCl, ventolin, pulmares, lukastin, eslorat normon, ibix 100 mg adlı dərmanlar, ##.##.2025-ci il tarixdə Dr. Telman Aytayev tərəfindən yazılmış reseptdə Triocef, pulmoten sirop, betamox və neladeks sprey, ##.##.2026-cı il tarixli uzman Dr. Anar Tağıyev tərəfindən yazılmış tövsiyə vərəqəsində forkolon, sokol çözəlti, regulon, bifidum bakterin adlı dərmanlar,##.##.2025-cı il tarixli həkim Vüsal Cəfərov tərəfindən yazılmış reseptdə dulkosoft sirop, xyla-p kremi qeyd olunmuşdur. Işdə olan ##.##.2025 ci il tarixdə 4127************ nömrəli kartdan 5522************ nömrəli karta 500 manat, ##.##.2025-ci il tarixdə 173 manat, ##.##.2025-ci il tarixdə isə 500 manat məbləğində məxaric olmuşdur. Işdə olan ##.##.2024-cü il tarixli qəbizlik şikayətinə qəbizliyin qidalanma və tualet vərdişlərinin formalaşması ilə əlaqəli olduğu düşünülmüş, anatomik bağırsaq xəstəliyi əlaməti olmadığı, qəbizlik üçün sirop təyin edildiyi qeyd olunmuşdur. Işdə olan ##.##.2026-cı il tarixli X4 2 yaşlı X2 uroloji müayinəsinin nəticəsində qeyd edilir ki, xəstə iki tərəfli Hidroureteronefroz səbəbi ilə təqib edilmədədir. Təqib müayinələri ultrasəs ilə edilməkdədir. Daha öncə edilən usm müayinələrində böyrək və sidik axarındakı genişlənmənin gerilədiyi izlənilmişdir. ##.##.2026-cı il tarixində edilən Ultrasəs müayinəsində böyrək və sidik axarındakı genişlənmə 3-4 mm-ə qədər geriləmişdir. Tibbi olaraq cərrahi bir risk daşımır. Sağ sidik axarının genişliyi isə 13 mm-dən 3-7 mm-ə qədər geriləmişdir (Normal ölçü 7 mmə qədər). Uşaq bu tarixə qədər sidik yolları infeksiyası keçirməmişdir. Hidronefrozda artış olmadığı və infeksiya keçirmədiyi üçün hal-hazırda uroloji tərəfdən risk daşımadığı, bu səbəbdən də əlavə uroloji araştırmağa gərək olmadığı, cərrahi risk olmadığı, uroloji baxımdan təqibin yetərli olduğu qeyd olunmuşdur. Həmin müayinə ilə bağlı ##.##.2026-cı il tarixdə tam abdomen USM üçün 35 manat, uşaq cərrahının müayinəsinə 35 manat ödəniş olunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının * saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Eyni zamanda, AM-nin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının ## ###### 2023-cü il tarixli qərardadının 40-42-cü bəndlərinə əsasən - ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özüözlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Həmin Qərardadın 43-44-cü bəndlərinə əsasən nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Qanunvericiilyin tələblərindən və qeyd olunan hüquqi mövqelərdən göründüyü kimi, alimentin məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu üstələməsi alimentin artıq hissəsinin avtomatik olaraq uşağın adına açılmış bank hesabına köçürülməsi üçün hüquqi əsas yaratmır. Çünki, bu halda uşağın saxlanması və inkişafı üçün (səhhəti, yaşı, əlavə dərnəklərə cəlb olunması və s.) xərclənmiş vəsait məhz uşağın inkişafına yönəlməkdə olub, onun maraqlarına xidmət etməkdədir. Qeyd olunanların əksini isə, həmin tələblə məhkəməyə müraciət edən tərəf sübut etməlidir. Belə bir məsələyə baxılarkən məhkəmə hər bir konkret iş üzrə uşağın yaşı, təhsil şəraiti, sağlamlıq vəziyyəti, əlavə təhsil və inkişaf fəaliyyətlərinə cəlb olunması, eləcə də ümumilikdə həmin qaydanın uşağın mənafelərinə nə dərəcədə uyğun olması kimi halları kompleks şəkildə qiymətləndirməlidir. Deməli, alimentdən istifadə qaydasının dəyişdirilməsi yalnız alimentin məbləği ilə deyil, ilk növbədə uşağın üstün mənafeyi prinsipi əsasında həll edilməlidir. Alimentin bir hissəsinin bank hesabına köçürülməsi barədə tələblə müraciət edən aliment ödəyicisi həmin qaydanın məhz uşağın mənafeyinə xidmət etdiyini və ya aliment vəsaitinin təyinatı üzrə xərclənmədiyini sübut etməyə borcludur. Mülki prosessual qanunvericiliyin ümumi sübutetmə prinsiplərinə uyğun olaraq, iddiasının əsası kimi istinad etdiyi halların mövcudluğunu sübut etmək vəzifəsi həmin tərəfin üzərinə düşür. Buna görə də, alimentin təyinatı üzrə istifadə edilmədiyi barədə ehtimallar və ya ümumi mülahizələr müraciətin təmin edilməsi üçün kifayət hesab edilə bilməz. Yalnız aliment ödəyən şəxs ilkin sübutetmə vəzifəsini yerinə yetirdiyi halda, aliment alan valideyn aliment vəsaitinin uşağın təhsili, müalicəsi və digər zəruri ehtiyaclarına sərf edildiyini bildirirsə, bu etirazının əsaslarını sübut etməlidir. Bununla yanaşı, uşağın gündəlik qidalanması, geyimi, məişət xərcləri və asudə vaxtının təşkili kimi adi yaşayış ehtiyaclarına dair hər bir xərc üzrə ayrıca sənəd təqdim edilməsi tələb oluna bilməz. Çünki uşağı himayəsində saxlayan valideyn, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti və öz imkanlarını nəzərə alaraq, uşağın normal inkişafı üçün zəruri hesab etdiyi xərcləri müstəqil şəkildə müəyyən etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi üçün aliment ödəyən valideynin əlavə razılığı tələb edilmir. Hazırki vəziyyətdə isə borclu ərizəni onunla əsaslandırmışdır ki, tərəfindən ödənilən aliment məblği ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan bir neçə dəfə yüksəkdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Göründüyü kimi borclunun qeyd edilən hala istinad etməsi özü-özlüyündə qanunveniciliyin tələbləri ilə uzlaşmır. Borclunun növbəti dəlili - ananın (tələbkarın) həmin pul vəsaitini öz şəxsi ehtiyaclarının təmin edilməsi üçün israf etməsi ehtimalına əsaslanmışdır. Kollegiya həmin dəlillə də razılaşmır. Birinicisi tələbkarın özü ərizəsində bunu yalnız ehtimalla əsaslandırmağa çalışmış, dolayısı ilə reallıqda belə bir halın mövcudluğunu iddia etməmişdir. Halbuki, aliment ödəyicisi aliment vəsaitinin təyinatı üzrə xərclənmədiyini sübut etməyə borcludur. Göründüyü kimi, borclu nəinki aliment vəsaitinin tələbkar tərəfindən təyinatı üzrə xərclənmədiyini, israf olunduğunu və s. bu kimi halları sübut etməmiş, buna heç cəhd də etməmiş, bu istiqamətdə hər hansı faktın mövcudluğunu ərizəsində belə göstərməmişdir. Bununla yanaşı, borclu alimentin yarısının müvafiq bank hesabına köçürülməsinin məhz azyaşlının üstün mənayeyinə uyğun olmasını da əsaslandıra və sübut edə bilməmiş, ümumi və formal mülahizələrdən çıxış etməklə kifayətlənmişdir. Bununla yanaşı, uşağın hazırda hər hansı təhsil müəssisəsinə və ya dərnəyə getməməsi halı da vəziyyəti dəyişdirmir. Əksinə, işdə olan sübutlardan açıq aşkar görünür ki, borclu iki yaşı olan və qayğıya xüsusi ehtiyacı olan övladınının sağlamlığı ilə bağlı (tibbi sənədlərə əsasən azyaşlı müəyyən xəstəliklərdən əziyyət çəkir) mütəmadi olaraq tibbi müayinələrdən keçmək, dərmanlar və xüsusi qidalar almaq məcburiyyətindədir. Rayon məhkəməsinin gəldiyi nəticə isə işin faktiki halları və tətbiq edilməli hüquqi meyarlarla uzlaşmır. Məhkəmə sadəcə borclunun irəli sürdüyü dəlilləri təkrarlamaqla kifayətlənmiş, sübutetmə yükünün bölüşdürülməsində səhvə yol vermişdir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmənin ödənilən aliment məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan bir neçə dəfə artıq olması barədə mövqeyi qanunvericiliyə görə müstəqil hüquqi əsas hesab edilmir. Alimentin yüksək məbləğdə olması yalnız digər mühüm hallar – vəsaitin təyinatı üzrə istifadə edilməməsi və ya bank hesabına köçürülməsinin məhz uşağın üstün mənafeyinə xidmət etməsi sübuta yetirildiyi halda hüquqi əhəmiyyət kəsb edə bilər. Eyni zamanda, borclunun aliment alan valideynin həmin vəsaiti öz şəxsi ehtiyaclarına sərf etməsi barədə istinadları ehtimal xarakteri daşımış, bu iddianı təsdiq edən heç bir obyektiv və mötəbər sübut təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin ümumi sübutetmə prinsiplərinə uyğun olaraq, aliment vəsaitinin təyinatı üzrə xərclənmədiyini sübut etmək vəzifəsi məhz bu halı iddia edən aliment ödəyicisinin üzərinə düşür. Hazırkı işdə isə borclu nə aliment vəsaitinin israf edilməsinə, nə də uşağın mənafeyinə zidd istiqamətdə istifadə olunmasına dair hər hansı konkret fakt göstərmiş, nə də bu istiqamətdə sübut toplamaq təşəbbüsü göstərmişdir. Belə olan halda, Rayon Məhkəməsinin yalnız ehtimallara əsaslanmaqla alimentdən istifadə qaydasının dəyişdirilməsi mümkün sayıla bilməz. Bundan əlavə, iş materiallarından görünür ki, uşaq mütəmadi tibbi müayinələrdən keçirilir, həkim nəzarətində saxlanılır, həkim tövsiyəsinə əsasən xüsusi qidalanma rejiminə riayət edir və daimi qayğıya ehtiyac duyur. Ananın uşağa fasiləsiz qulluq göstərməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini bildirməsi də uşağın faktiki qayğı və saxlanma xərclərinin adi yaşayış minimumu ilə məhdudlaşmadığını göstərən hallardandır. Belə şəraitdə alimentin yarısının bank hesabına yönəldilməsinin uşağın üstün mənafeyinə necə xidmət edəcəyini borclu əsaslandıra bilmədiyi halda, rayon məhkəməsinin yalnız gələcək ehtiyaclara istinad etməklə ərizəni təmin etməsi uşağın mövcud və davamlı ehtiyaclarının lazımi səviyyədə qiymətləndirilməməsinə səbəb olmuşdur. Beləliklə, borclu ərizəsinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə isə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə almamış, eyni zamanda borclu tərəfindən sübut edilməli olan yuxarıda qeyd edilən halların mövcud olmaması istiqamətində sübutları borcludan tələb etməkdə haqlı olmamış, sübutetmə yükünün bölüşdürülməsində səhvə yol vermişdir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə ## ##### 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Borclu “aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsi” barədə ərizəsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, borclu Borclu ərizəsi təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar