Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-260/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar İsmayılov Ramin Musa oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar İsmayılov Ramin Musa oğlu məhkəməyə şikayət təqdim edərək, Sabunçu rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin rədd edilməsi qərara alınmışdır. Tələbkar İsmayılov Ramin Musa oğlu ##.##.2026-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti ünvanlayaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, şikayətinin tam təmin olunmasını, iş üzrə uşağın psixoloji vəziyyətinin, ananın manipulyasiyasına məruz qalıbqalmamasının və atası ilə ünsiyyətə mane olan real səbəblərin müəyyən edilməsi məqsədilə Məhkəmə-Psixoloji və Pedaqoji Ekspertizası təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmuru X1 hərəkətsizliyindən verdiyi şikayət təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, iş üçün əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. İcra məmurunun hərəkətsizliyi davam edir. Borclu maraqlı şəxs1 məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmir, övladını ondan gizlədir və ünsiyyət hüququnu tamamilə məhdudlaşdırır. Borclunun İXM-nin 528.1-ci maddəsi ilə cərimə olunmasına baxmayaraq, icra məmuru onun barəsində daha ağır tənbeh tədbiri nəzərdə tutan İXM-nin 528.1-1-ci maddəsini tətbiq etməmiş, rəsmi axtarış tədbirləri görməmişdir. İcra məmuru işi sosial xidmət orqanlarına göndərdiyini bəhanə edərək 2 aydır gözləmə mövqeyi nümayiş etdirir. Lakin bu müddət ərzində uşaq ana tərəfindən ona qarşı mənfi köklənir (parental alienation) və psixoloji təzyiqə məruz qalır. İcraatın bu şəkildə uzanması uşağın gələcək psixikasına bərpaolunmaz zərər vurur. İşin düzgün həlli, uşağın atası ilə ünsiyyətdən yayınmasının həqiqi səbəblərinin (ananın təzyiqi, qorxutma və ya digər faktorlar) müəyyən edilməsi üçün iş üzrə Məhkəmə-Psixoloji və Pedaqoji Ekspertizası təyin edilməlidir. Ekspertiza vasitəsilə uşağın ona qarşı real münasibəti və ananın uşağın iradəsinə təsir göstərib-göstərmədiyi aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi bu vacib halı nəzərə almamış və işi səthi araşdırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bərdə Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İsmayılov Ramin Musa oğlunun övladı ##.##.2018-ci il təvəllüdlü İsmayılov Musa Ramin oğlu ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, maraqlı şəxs1 10 gün müddətində icranı könüllü təmin edilməsi bildirilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin e-**(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi icra olunması üçün Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı İsmayılov Ramin Musa oğlunun övladı ##.##.2018-ci il təvəllüdlü İsmayılov Musa Ramin oğlu ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 18:00-dək, “Yeni il” bayramı vaxtı, yanvar ayının 1 və 2-i tarixlərində saat 10:00-dan saat 17:00-dək, “Novruz bayramı” vaxtı, mart ayının 24, 25, 26-ı tarixlərində saat 10:00-dan saat 16:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, e-**(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə görə, e-*(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İsmayılov Ramin Musa oğlunun övladı ##.##.2018-ci il təvəllüdlü İsmayılov Musa Ramin oğlu ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bunula bağlı icra tədbirləri ##.##.2025-ci il tarixə təyin edilmiş və maraqlı şəxs1 uşaqla birlikdə icra şöbəsinə gəlmişdir. Lakin tələbkar İsmayılov Musa Ramin oğlu icra yerinə gəlməmişdir. İsmayılov Musa Ramin oğlunun anası bildirmişdir ki, görüş yerinə gələ bilməməsinin səbəbini maraqlı şəxs1 onu tutdurmaq istəməsi ilə izah etmişdir. Gələcəkdə etibarnamə alıb özü uşaqla görüşdə iştirak edəcəkdir. Ona görə də görüş baş tutmadı və icra tədbirləri təxirə salındı. İcra işinin materiallarında olan fotoşəkildən görünür ki, ana ilə uşaq icra şöbəsindədirlər. İş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, icra vərəqəsinin icrası ilə bağlı tələbkar və borclu Sabunçu Rayon İcra Şöbəsində olmuşlar və uşaqla görüş baş tutmuşdur. ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar və borclu Sabunçu Rayon İcra Şöbəsində olmuşlar və uşaqla görüş baş tutmuşdur. ##.##.2025-ci il tarixli İsmayılov Ramin Musa oğlunun ərizəsindən görünür ki, icra xidmətinə ərizələr əsəbi vəziyyətdə olduğu üçün ünvanlanmış, icra işi Bərdə İcra Şöbəsində olan zaman uşağını görə bilməmiş və Sabunçu İcra Şöbəsində də uşağı ilə görüşə bilməyəcəyini hesab etmiş, lakin icra işi Sabunçu rayonuna gəldikdən sonra uşağını görə bilmişdir. Bu səbəbdən ünvanladığı ərizələrin etibarsız sayılmasını xahiş etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar Sabunçu Rayon İcra Şöbəsində olmuş, lakin cavabdeh icra yerinə gəlmədiyindən uşaqla görüş baş tutmamışdır. Əlaqə saxlanılan zaman cavabdeh uşağı icraya gətirməyəcəyini bildirmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar Sabunçu Rayon İcra Şöbəsində olmuş, lakin cavabdeh icra yerinə gəlmədiyindən uşaqla görüş baş tutmamışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu maraqlı şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, ##.##.2026-cı il tarixdə maraqlı şəxs1 barəsində ****** nömrəli axtarış işi açılmışdır. Sabunçu Rayon Məhkəməsinin e-*(*-***)-*/**** nömrəli, ##.##.2026cı il tarixli qərarının surətindən görünür ki, maraqlı şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin e-3(5- ***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixdə tərəflər şöbədə olan zaman İsmayılov Musa Ramin oğlu bundan əvvəl atası ilə görüşdüyünə baxmayaraq bu dəfə atası ilə görüşməmişdir, anasının arxasına durmuşdur. Borclu şəxs görüş yerindən uzaqlaşdırılmasına baxmayaraq uşaq da anası ilə birlikdə otağı tərk etmişdir. Buna görə də uşaqla görüş baş tutmamışdır. Uşaqla görüş video-çəkiliş ilə həyata keçirilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar və borclu Sabunçu Rayon İcra Şöbəsində olmuşlar, lakin uşaq tələbkarla görüşməmiş, uşaqdan səbəb soruşulduqda isə uşaq üzünü çevirmiş və cavab verməmişdir. ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tərəflər və Sosial Xidmətlər Agentliyinin psixoloqu icra yerinə gələrək prosesdə iştirak etmiş, aparılan psixoloji müşahidə və söhbətlər əsasında müəyyən edilmişdir ki, uşaq ata ilə ünsiyyət zamanı emosional olaraq qapalı davranır və ya ümumiyyətlə reaksiya göstərmir. Uşaqda ata fiquruna qarşı məsafəli münasibət, emosional çəkinmə və ünsiyyətdən qaçma müşahidə olunur. Uşağın psixoloji dəstəyə ehtiyacı olduğu müşahidə edildi. Uşağın reabilitasiyaya yönəlməsi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinin Sabunçu rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanmış ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin e-16(021)- **/**** saylı ##.##.2025-ci il tarix üzrə *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İsmayılov Ramin Musa oğlunun övladı ##.##.2018-ci il təvəllüdlü İsmayılov Musa Ramin oğlu ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. ##.##.2026-cı il tarixdə Sosial Xidmətlər Agentliyinin psixoloqu X3 iştiraki ilə görüş keçirilmişdir. Aparılan psixoloji müşahidə və söhbətlərdə müəyyən edilmişdir ki, uşaq ata ilə ünsiyyət zamanı emosional olaraq qapalı olaraq verilən suallara cavab verməkdən yayınıb və ya ünsiyyətə reaksiya göstərmir. Bundan başqa uşaqda ata ilə münasibətdə emosional uzaqlaşma və ünsiyyət pozuntusu nəzərə alınıb uşağın psoxoloji dəstəyə ehtiyacı olduğu müşahidə edilmişdir. Uşağın psixoloji reabilitasiyaya ehtiyacı olduğundan İsmayılov Musa Ramin oğlunun reabilitasiyaya cəlb olunması və reabilitasiyanın son nəticəsi barədə Sabunçu rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Sabunçu rayonu İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı flialına ünvanlanmış məktubundan görünür ki, azyaşlı ##.##.2018-ci il təvəllüdlü İsmayılov Musa Ramin oğlunun psixoloji reabilitasiyaya cəlb edilməsinə zərurət yaranmışdır, onun psixoloji reabilitasiyaya cəlb edilməsi və nəticəsi barədə psixoloji rəyin Sabunçu rayon İcra şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı flialının Sabunçu rayonu İcra Şöbəsinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026-cı il tarixində İsmayılov Musa Ramin oğlu ilə ilkin psixoloji qiymətləndirmə həyata keçirildi. Uşaqda müəyyən psixoloji və loqopedik problemlərlər müəyyən olundu. Ilkin olaraq uşaqda psixoloji ləngimə müşahidə olunur yəni bioloji yaşı ilə psixoloji yaşı üst-üstə düşmür. Koqnitiv bacarıqları, davranışları, analizi, ünsiyyət bacarıqları, özbaxım vərdişləri yaşına uyğun şəkildə inkişaf etməmişdir. Şiddətə meylli və aqresivdir. Hirsləndiyi zaman vurma, qışqırma, dişləmə, söyüş söymə kimi davranışlar müşahidə olunur. Oyuncaqlardan aqresiv şəkildə, qıraraq, tullayaraq, əzərək istifadə edir. Sosiallaşması zəifdir. Ünsiyyət bacarıqları inkişaf etdirilməlidir. Yaşıdları ilə ünsiyyət qurmaqda, oynamaqda, özünü ifadə etməkdə çətinlik çəkir. Yeni mühitə gec adaptasiya olur. Anlama, qavrama bacarığı var amma analiz bacarığı zəif olduğu üçün özünü, fikirlərini, hisslərini ifadə etməkdə çətinlik çəkir, bu onun daxili aqresiyasını artırır. Və nitqində kəkələmə formasında üzə çıxmağa başlayıb. Əlavə olaraq nitqində müəyyən səslərin tələffüzündə problem-dislaliya müşahidə olunur. Uşaq psixoloji və loqopedik seanslara cəlb olundu, həftədə 2 dəfə olmaqla təlimlər həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur; 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 27.5-ci maddəsinə görə, borclu hüquqi şəxsin habelə borclu hüquqi və fiziki şəxslərin əmlakının axtarılması icra məmurları tərəfindən həyata keçirilir. 41.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarına maneçilik törədildikdə və ya onların həyat və sağlamlıqları üçün təhlükə yarandıqda, müvafiq icra hakimiyyəti orqanı qanuna uyğun olaraq icra məmurlarına kömək göstərməyə borcludur. Digər dövlət orqanları (qurumları) icra hərəkətlərinin həyata keçirilməsinə əsasnamələrinə (nizamnamələrinə) uyğun olaraq yardım etməlidirlər. 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəsinə əsasən İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Xüsusi icra məmurunun müvafiq təqdimatının icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq edilməsi tələb olunmur. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Xüsusi icra məmurunun müvafiq təqdimatının icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq edilməsi tələb olunmur. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Hazırkı işin faktiki hallarına əsasən Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş zəruri icra hərəkətləri həyata keçirilmiş, tərəflər görüşlərə dəvət olunmuş, müvafiq aktlar tərtib edilmiş, borclu barəsində axtarış verilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, azyaşlı uşağın psixoloji vəziyyəti ilə bağlı Sosial Xidmətlər Agentliyinin psixoloqunun iştirakı təmin edilmiş, uşağın psixoloji və loqopedik icra məmurunun hərəkətləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Reabilitasiyaya cəlb olunması barədə tədbirlər görülmüşdür. Aparılmış müşahidələr zamanı uşağın ata ilə ünsiyyət zamanı emosional qapalılıq nümayiş etdirdiyi müəyyən edildiyindən uşaq psixoloji və loqopedik seanslara cəlb olunmuş, həftədə 2 dəfə olmaqla təlimlər həyata keçirilməkdədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində zəruri tədbirlər görüldüyündən icra məmurunun hərəkətsizliyi müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-260/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-260/2026
24.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver