Məhkəmə qərarları › İş №8(3-6)-263/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-263/2026

16.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-263/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Borclu Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət Binəqədi rayon Icra şöbəsinin icra məmurunun pensiyaya yönəltməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyasına yönəldilməsinin dayandırılması və 4736 manat aliment borcunun silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu hər ay ##.##.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,75 misli həddində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadığı halda onların alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da onların icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməyi və bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalıdır. Belə ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi barışıb birgə yaşamaqla ailəni dolandırmışlar. Ailənin bütün gəlirlərini təkbaşına qarşılamışdır. Bundan başqa məhkəmə qətnaməsi qəbul edilən tarixdən hazırki vaxtadək Bəşir adlı uşağı borclunun himayəsindədir. Həmçinin birgə nikahdan anadan olan digər uşaqları da onunla yaşayırlar. Bu faktları məhkəmə iclasında təsdiq edə bilərlər. Eyni zamanda 2 ayın içində 4736 manat tələbkara vermişdir. Bununla bağlı qeydləri mövcuddur. Ümumi boşanan gündən 7 ay müddətinə Bəşir borclunun himayəsində olmuş və bacısı Səkinə ilə birlikdə onun bütün təlabatlarını qarşılamışdır. Hətta Bəşir xəstəxanada yatmış və onun yanında bacısı qalmışdır. Məhz göstərilən aspektdən çıxış edərək icra məmuru tərəfindən 4736 manat aliment borcu silinməli, icra məmurunun borclunun pensiyasına yönəltməsi barədə icra hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmaların dayandırılması barədə qərar qəbul edilməlidir.

3. Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə 2700 manat borcludan tutulacaq alimentin hesablanması zamanı nəzərə alınaraq, sonuncunun aliment borcundan silinməsi, qalan hissədə şikayətin təmin edilməməsi müəyyən edilmişdir.

4. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət belə əsaslandırılmışdır ki, borclu tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Həmçinin rayon məhkəməsi yalnız onların birlikdə yaşadığı müddətdə bütün maddi təminatları ödəyib-ödəməməsi, qabaqcadan razılaşdırılmış ifadə vermiş uşağın ifadələrinin həqiqətə uyğun olub olmaması hallarını araşdırmadan sübut kimi qəbul edərək əsassız qərardad qəbul etmişdir. Borclu tərəfindən icra sənədi vaxtında icra edilmədiyindən xeyli miqdarda aliment borcu yaranmışdır və tələbin pensiyaya yönəldilməsi tam qanunidir. Borclu ilə 2025-ci ilin iyul ayında barışıblar, birlikdə yaşamağın mümkünsüzlüyü səbəbindən 2025-ci ilin sentyabr ayından təkrar ayrılıblar. Bu müddət ərzində kirayə haqqı və digər ödəmələr də onun kartına göndərilmişdir. Bütün xərclər onun tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə onun borclu ilə barışıb yaşadığı müddətə görə 1300 manat silinə bilərdi, aliment borcunun 2700 manat silinməsi ilə qətiyyən razı deyil. Məhkəmə işə baxarkən borclunun ailənin maddi tələbatını ödəməsi barədə dəlillərini ətraflı araşdırmamışdır, mötəbər sübutlar olmadan onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qərar çıxarmışdır. Yuxarıda qeyd olunanlara əsasən ##.##.2026-cı il tarixli qərardadın dəyişdirilərək aliment borcunun 1300 (min üç yüz) manat hissəsinin silinməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

6. Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı icra vərəqəsindən müəyyən edilir ki, ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu hər ay ##.##.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.75 misli həddində aliment tutularaq iddiaçı Tələbkar verilməsi icraya yönəldilmişdir.

11. Borclu ##.##.2026-cı il tarixdə Yasamal rayon Icra Şöbəsinə ərizə ilə müraciət edərək barəsində aliment tələbi üzrə yığılmış borc məbləğinin silinməsi və aliment ödəməkdən azad olmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. ****** nömrəli Əlillik vəsiqəsinin surətindən görünür ki, Borclu II qrup ümumi səbəbdən əlildir.

13. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddiaçı Borclu cavabdeh Tələbkar qarşı aliment tələbi üzrə borc məbləğinin silinməsi və aliment ödəməkdən azad olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

14. Hazırkı iş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Tələbkar tərəfindən ##.##.2025-ci il tarixdə ******** nömrəli hesaba 200 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə MQL****** nömrəli müqavilə üzrə 300 manat, MNB****** nömrəli müqavilə üzrə 100 manat ödəniş olunmuşdur.

15. Yasamal Rayon Icra Şöbəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi əsasında Borclu ödəməli olduğu aliment miqdarı (14 ay 300 manat olmaqla) 4200 manat olduğu halda, borclu şöbəyə təqdim etdiyi qəbzlərə əsasən 1080 manat ödənildiyi müəyyən olunmuş, daha sonra ##.##.2026-cı il tarixli inkasso sərəncamına əsasən borclunun pensiyasından 300 manat tutularaq, tələbkara ödənilmişdir. Qeyd olunanlara əsasən 1380 manat aliment ödənilmiş, 2820 manat aliment borcu yaranmışdır

16. Rayon məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər 2025-ci ilin aprel ayından ayrı yaşasalar da, artıq hər iki tərəf həmin ilin iyul ayından barışaraq birgə təsərrüfat apardıqlarını bildirirlər. Tələbkar sentyabr ayının 20-si ərini tərk etməsini, lakin azyaşlı Bəşirin atası ilə qalmasını, 2026-cı ilin # ##### tarixindən isə kursa getməyə başladığından həftənin beş günü onun yanında, həftəsonları isə atasının yanında qaldığını qeyd eləmiş, daha sonra azyaşlı özü və bacısı Səkinə Süleymanova məhkəmə iclasında dindirilmiş, uşaqlar bu müddət ərzində ataları ilə birlikdə yaşamalarını təsdiqləmişlər.

17. “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

18. Məhkəmə tələbkarın şikayətinin dəlili üzrə qeyd edir ki, müəyyən olduğu kimi tələbkar aliment borcunun silinən məbləğini mübahisələndirərək, 2700 (iki min yeddi yüz) manat silinməsini qəbul etmir və 1300 (min üç yüz) manat alimentin silinməsi ilə razılaşır. Hazırkı işin hallarını, iş materiallarında olan ##.##.2026-cı il tarixli rayon məhkəməsinin iclasının protokolundakı tərəflərin birgə nikahından olan övladlarının izahatlarını nəzərə aldıqda, 2025-ci ilin iyul ayından, 2026-cı ilin #####in #-nə qədər olan dövr ərzində (9 x 300) hesablanmalı olan 2700 manat məbləğin aliment borcundan silinməsi əsaslı hesab olunur. Qeyd edilən dövrdə uşaqların hər ikisinin atalarının yanında qaldığını, onların bütün xərclərinin borclunun qarşıladığını tələbkar özü də izahatında təsdiq etmişdir. Belə olan halda isə görünür ki, tələbkarın şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz və qərardadın ləğvinə səbəb ola bilməz.

19. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

21. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

22. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar