Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-267/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X3, Borclu Yunis qızı və X4 müştərək qaydada 107.000 manat pul alınaraq, iddiaçı Tələbkar verilməsi, qətnamənin icra qaydasının aşağıdakı kimi müəyyən edilməsi, cavabdehlər Borclu və Sevinc Cəfərovadan miras kimi qəbul etdiklər “xxxx” MMC-dən və SC5022XX4BB53D "Yük" markalı, ** BU *** dövlət nömrə nişanlı avtomaşından onlara çatası 1/3 hissə pay həcmində pul tutulması, qalan məbləğin Cavidan Cəfərovdan tutulmaqla, iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 397 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılması qət edilmişdir.
2. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə borclu Borclu ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 borcu üzrə aparılan icra tədbirlərində Borclu əmək haqqından tutulmanın üsulu və qaydasının dəyişdirilməsi, tutulmaların məbləğinin Borclu real maddi vəziyyətinə uyğun olaraq azaldılması, borcun ödənilməsi üçün Borclu uyğun hissə-hissə (qrafik üzrə) ödəniş qaydasının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Borclu mərhum əri X2 yaranmış borc öhdəliyinə görə Borclu vərəsə olaraq məsuliyyət daşıyır və həmin borc üzrə ##.##.2025-ci il tarixli Sabunçu rayon Icra şöbəsinin Icra məmurunun qərarına əsasən hər ay əmək haqqının yarısı (50%) tutulur. Hazırda tətbiq edilən icra üsulu Borclu və ailəsinin sosial-iqtisadi vəziyyətini son dərəcə ağırlaşdırmış, yaşayış minimumunu təmin etməyi faktiki olaraq mümkünsüz etmişdir. Borclu rəsmi qaydada işləyir və əmək haqqı yeganə gəlir mənbəyidir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Iqtisadiyyat Institutunun verdiyi arayışdan görünür ki, onun əmək haqqı 515,51 manat təşkil edir. Borclu özünündə bank qarşısında kredit öhdəlikləri mövcuddur və bu öhdəlikləri yerinə yetirməyə məcburdur; ##.##.2025-ci il tarixli “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə Borclu arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Borclu adına 7700 manat kredit xətti açılmış və 340 manat pul ödəyir. ##.##.2025-ci il tarixli Azərbaycan Beynəlxalq Bank ASC ilə Borclu arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Borclu adına 6900 manat kredit xətti açılmış və 207,91 manat pul ödəyir. Borclunun maddi vəziyyətini, ailə şəraitini və digər mühüm halları nəzərə alaraq icra üsulunu və qaydasını dəyişilməsini nəzər alıb onun yaşayış hüququnun qorunması təmin olunmalıdır. Lakin, icra tədbirləri borclunu və onun ailəsini tam çıxılmaz vəziyyətə salmışdır
4. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə borclunun ərizəsi təmin edilməmişdir.
5. Həmin qərardaddan borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Iqtisadiyyat Institutunun “Monetar fiskal tənzimləmə problemləri” şöbəsində elmi işçi kimi çalışır. ## ##### 2026-cı il tarixli rəsmi arayışa əsasən onun aylıq əmək haqqı bütün tutmalardan sonra 515,51 manat təşkil edir — bu onun yeganə gəlir mənbəyidir. Icra məmurunun qərarına əsasən həmin əmək haqqının 50%-i, yəni təxminən 257,76 manat hər ay tutulur. Şikayətçinin eyni zamanda iki bank qarşısında qanuni kredit öhdəlikləri mövcuddur “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə ##.##.2025-ci il tarixli müqaviləyə əsasən: 7.700 manat kredit xətti, aylıq 340 manat ödəniş, Azərbaycan Beynəlxalq Bank ASC ilə##.##.2025-ci il tarixli müqaviləyə əsasən: 6.900 manat kredit xətti, aylıq 207,91 manat ödəniş. Beləliklə, aylıq 515,51 manat gəlirdən 50% (≈257,76 manat) tutulduqdan sonra əlində qalan cəmi ≈257,75 manat olur. Halbuki kredit öhdəliklərinin cəmi 547,91 manat təşkil edir. Bu o deməkdir ki, şikayətçinin əlindəki vəsait qanuni kredit öhdəliklərini ödəməyə belə çatmır, kommunal, qida və digər zəruri xərclər isə tamamilə ödənilməmiş qalır. Hazırda tətbiq edilən icra üsulu onu yaşayış minimumunu belə təmin edə bilməyən vəziyyətə salmışdır. Tutulmaların azaldılması bu konstitusion hüququn qorunması üçün birbaşa zəruridir. Hal hazırkı vəziyyətdə də borclunun mövcud maddi və ailə vəziyyəti borcun birdəfəlik tam həcmdə ödənilməsinə imkan vermir. Qərar mövcud qaydada dərhal və tam icra edilməsi onun ailəsinin tamamilə maddi iflasa uğramasına səbəb ola bilər, lakin məhkəmə borclunun bu acınacaqlı vəziyyətini nəzərə almamışdır. Rayon məhkəməsi borclunun faktiki maddi vəziyyətini tam qiymətləndirməmiş, kredit öhdəliklərini isə heç bir hüquqi əsas göstərmədən kənara qoymuşdur. Halbuki kredit müqavilələri qanuni öhdəliklərdir və şikayətçinin əmlak vəziyyətinin ayrılmaz hissəsini təşkil edir.
7. Rayon məhkəmə eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
10. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun icrasına möhlət verilməsi, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
12. MPM-in 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
13. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.
14. “Icra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## ###### tarixli, * №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin.
15. Bundan başqa, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il # ### tarixli Qərar, § 35)
16. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Iştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il ## #### tarixli Qərar, § 40).
17. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №*****/**) işi üzrə ## #### 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №*****/**) iş üzrə ## ####### 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № *****/**, 50786/07, 50871/07 və 50913/07) iş üzrə ## #### 2010-cu il tarixli Qərar və s.)
18. Borclu şikayətində icra məmurunun qərarına əsasən hər ay əmək haqqının yarısının icra sənədinin icrası ilə əlaqədar tutulduğunu, bununla yanaşı 2 kredit müqaviləsi üzrə öhdəliklərinin olduğunu qeyd etmişdir.
19. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1. Icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Beləliklə müəyyən olur ki, borclunun əməkhaqqından tutulmalar “Icra haqqında” Qanunda nəzərdə tutulmuş həddədir. Borclunun digər kredit öhdəliklərinin oması isə hazırkı ərizəsinin təmin edilməsi üçün əsas deyildir.
20. Belə ki, Məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Hazırkı ərizədə qətnamənin icrasına möhlət verilməsinə səbəb ola biləcək əsaslı hallar müəyyən edilməmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə qeyd edir ki, ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur.
22. Beləliklə, Məhkəmə borclunun qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız sayır və hesab edir ki, borclunun ərizəsində göstərilən hallar hazırkı iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
25. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.