Məhkəmə qərarları › İş №8(3-6)-271/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-271/2026

23.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-271/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Ərizəni verən şəxs alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(5-94)-279/2026saylı, ## ##### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Tələbkar Ərizəni verən şəxs ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir.

2. Daha sonra tələbkar Ərizəni verən şəxs məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə hər ay uşaq üçün təyin edilmiş 117 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbim təmin edilərək, Borclu ilə onun arasında bağlanmış ##.##.2014-cü il tarixli Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış ** saylı nikahın pozulması, ##.##.2015-ci il təvəllüdlü X1 yanımda saxlanılması, ##.##.2016- cı il tarixdən hesablanmaqla cavabdeh Borclu ##.##.2015-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edilən qətnamə icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Sonradan Borclu ilə aralarında barışıq əldə olunmuş və birgə yaşamaqları bərpa edilmişdir. Birgə yaşayışın mövcud olması ilə əlaqədar həmin dövrdə qarşı tərəfdən alimentin tutulması ilə bağlı tələb irəli sürməmişdir. Barışıqdan sonra bir müddət Bakı şəhəri, Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən kirayə mənzildə birlikdə yaşamışlar. Daha sonra kirayə haqqını ödəmək mümkün olmadığından anasının evinə köçərək orada yaşamışlar. Lakin bu barışıq uzun sürməmiş, aralarında mütəmadi mübahisələr yaranmış və nəticə etibarilə ##.##.2018-ci il tarixində münasibətlərinə son qoyulmuşdur. Cavabdeh bu günə qədər övladının saxlanılması üçün heç bir aliment ödənişi etməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(5-94)-279/2026saylı, ## ##### 2026cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Ərizəni verən şəxs xeyrinə sabit pul məbləğində tutulmuş hər ay 117 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya edilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2016-cı il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə aparılmalıdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75 və 110-cu maddələrinə; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Borclu Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının dəyişdirilməsini, alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində azaldılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin indeksasiyası zamanı proporsionallıq, ədalətlilik və uşağın real təminat ehtiyacları ilə yanaşı, borclunun maddi vəziyyətini də tam və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən sabit pul məbləğində tutulmuş alimentin indeksasiyası minimum əmək haqqının artımına uyğun aparılmalıdır. Həmin maddənin mahiyyətindən görünür ki, indeksasiya mexaniki qaydada deyil, konkret işin hallarına uyğun tətbiq edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə alimentin indeksasiyası zamanı işin bütün hallarını nəzərə almalıdır. Hazırkı vəziyyətdə 1,11 misli həddində indeksasiya borclu üçün həddindən artıq ağır maliyyə yükü yaradır və aliment öhdəliyinin icrasında balans prinsipini pozur. Alimentin məqsədi borclunu iflic vəziyyətinə salmaq deyil, uşağın təminatını ağlabatan və ədalətli qaydada təmin etməkdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqısının artımı sosial-iqtisadi dəyişikliklərlə bağlı olmuş, lakin bu artım avtomatik olaraq əvvəlki aliment məbləğinin 1,11 misli səviyyəsində saxlanılmasını zəruri etmir. Hesab edir ki, hazırkı iş üzrə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həddində indeksasiya edilməsi daha ədalətli, qanunauyğun və tərəflərin mənafelərinə uyğun olardı.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(5-94)-279/2026saylı ## ##### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

12. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

13. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

14. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.

15. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

16. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

17. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

18. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

19. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.

23. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.

24. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.

25. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 117 manat həddində müəyyən edildiyini, alimentin hesablanmağa başlandığı təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqının 105 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (117 / 105) aparmışdır.

26. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, onun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.

27. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.

28. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.

29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar