Məhkəmə qərarları › İş №8(3-6)-282/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-282/2026

30.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-282/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Ərizəni verən şəxs MMC-nin icra məmurunun qərarından şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədinin qaytarılması əsasları) hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs MMC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Tələbkar “xxxxe” MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, icra sənədinin qaytarılması barədə qərarın ləğv edilməsi, icra sənədinin tam icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı # #### 2026-cı il tarixli qərardadı ilə tələbkar “xxxxe” MMC-nin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi, icra sənədinin tam icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair şikayət ərizəsi geri qaytarılmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, şikayət ərizəsinin məzmunundan görünür ki, icra sənədi icra olunması üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir və tələbkarın şikayəti həmin icra şöbəsinin icra məmurunun hərəkətləri ilə bağlıdır. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən narazı qalan tərəf icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. Tələbkar Ərizəni verən şəxs MMC həmin qərardaddan elektron məhkəmə sistemi vasitəsilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 378-1.1-ci maddəsi məhz bu cür hallar üçün nəzərdə tutulub və imperativ xarakter daşıyır. Həmin maddəyə əsasən: "İcra məmurunun qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) şikayət icra sənədini vermiş məhkəməyə verilir." İcra sənədi məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verildiyi üçün, şikayətə baxmaq səlahiyyəti müstəsna olaraq bu məhkəməyə məxsusdur. Məhkəmə bu normanı nəzərə almamışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə tələbkar Ərizəni verən şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

8. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

9. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

10. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

11. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

12. 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir.

13. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

14. 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.

15. 23.7-ci maddəsinə görə icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

16. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

17. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

18. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, tələb icra edilmədikdə və ya qismən icra edildikdə, icra sənədi Qanunda nəzərdə tutulmuş hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Qanunvericilik icra sənədinin qaytarılması barədə icra məmurunun qərarının qanuniliyinin tərəflərin şikayəti əsasında məhkəmə tərəfindən yoxlanılmasını nəzərdə tutur. Bu baxımdan, məhkəmə icra sənədinin qaytarılması üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğunu, icra məmurunun zəruri icra tədbirlərini tam həcmdə görüb-görmədiyini, tələbkarın hüquqularının əsassız olaraq məhdudlaşdırılıb-məhdudlaşdırılmadığını, habelə iş üçün əhəmiyyət kəsb edən digər halları araşdırmalıdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırkı halda şikayət üzrə ərazi aidiyyəti məsələsi icra sənədini vermiş məhkəməyə görə deyil, mübahisələndirilən qərarı qəbul etmiş icra məmurunun fəaliyyət göstərdiyi yer üzrə məhkəməyə əsasən müəyyən edilməlidir.

22. “İcra sənədini vermiş məhkəmə” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, qanunverici bu anlayışı ərazi aidiyyəti qaydalarını müəyyən etmək üçün deyil, məhkəmə aidiyyətini (məs., ümumi məhkəmə və ya ixtisaslaşdırılmış məhkəməsi) müəyyən etmək məqsədilə nəzərdə tutmuşdur.

23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Tələbkar Ərizəni verən şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar