Məhkəmə qərarları › İş №8(3-6)-286/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-286/2026

01.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-286/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə borclu Borclu məxsus avtomobil üzərinə həbs qoyulması barədə icra məmuru Emil Zeynalovun təqdimatının təmin edilməsinə dair qərardaddan borclunun şikayəti ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən, Ismayıl (Zülfüqarlı) Həcər Loğman qızı ilə Borclu arasında ##.##.2013-cü il tarixdə bağlanmış və Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 597 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 iddiaçı X4 yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X4 xeyrinə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, aliment məbləğinin ##.##.2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinin ##.##.2020-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış və borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir.

3. Icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2942V, mənzil 150, ümumi sahəsi 88,50 kv.m əmlakın üzərinə həbs qoyulmuşdur.

4. ##.##.2026-cı il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərara əsasən borclu Borclu mülkiyyətində olan "BMW 530I" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Bakı şəhər Nərimanov rayon Icra şöbəsinin icra məmuru Emil Zeynalov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/****-*** nömrəli, ##.##.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Borclu məxsus olan "BMW 530I" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi ##.##.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Borclu məxsus olan "BMW 530I" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Icra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

7. Məhkəmə iclasnda borclu Borclu bildirmişdir ki, hazırda maddi imkanı olmadığından icra sənədi üzrə ödənişi tam olaraq icra edə bilmir. Lakin icra sənədinin icrasından boyun qaçırmır. Belə ki, aliment öhdəliyinin qarşılığı olaraq mülkiyyətində olan daşınmaz əmlakdakı payın yarısını tələbkarın mülkiyyətinə verməyi təklif etmiş, bu barədə Icra Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin tələbkar razı olmamışdır. Hazırda aliment ödənişi ilə əlaqədar depozit hesabında 2.700 manat pul vardır. Lakin tələbkar tərəfindən həmin məbləğ götürülmür. Tələbkarın hazırda maddiyyata ehtiyacı yoxdur. Avtomobil mülkiyyətindədir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq təqdimatın təmin edilməməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, borclu Borclu məxsus "BMW 530I" minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

10. Borclu Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində borclu tərəfindən Bakı şəhər Nərimanov rayon icra şöbəsinə ərizə ilə müraciət edilərək aliment borcunun tam ödənilməsi məqsədi ilə tələbkarla paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi,ev 29/42 V ünavnında yerləşən *** saylı mənzilin ona məxsus olan hissəsinin üzərinə həbs qoyulması və hərracda satılaraq tələbkara olan aliment borcun ödənilməsinə yönəlməsini xahiş etmişdir. Hətta əmlakın qiymətləndirilərək ona məxsus hissənin tam şəkildə tələbkarın xeyrinə imtina edilməsinə belə razılıq vermişdir. Daha sonra icra məmuru təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edərək əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2942V, mənzil 150, ümumi sahəsi 88,50 kv.m əmlakın üzərinə həbs qoyulmuşdur. Mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulduqdan sonra icra məmuru tərəfindən hər hansı hərəkətlər aparılmamış, tələbkara təklif edilməmiş, əmlak qiymətləndirilməmiş və satılması üçün hərraca çıxarılmamışdır. Belə ki, əmlakın ona məxsus payın dəyəri aliment borcun ödənilməsi üçün tam yetərli olmuş, hətta artıq vəsait isə gələcəkdə alimentin ödənilməsi üçün təminat yaradacaqdır. Lakin buna baxmayaraq icra məmuru əsassız olaraq mülkiyyətində olan digər əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Göstərilən qanunvericilik normasına uyğun olaraq icra məmuru tərəfindən hər hansı hərəkətlər aparılmamışdır. Belə ki, borclu tərəfindən təqdim edilən əmlakın dəyəri qiymətləndirilməmiş, tələbkara təklif verilməmiş və yekunda satılması üçün hərraca göndərilməmişdir. Qeyd olunan hərəkətlər aparılmadan başqa əmlakın üzərinə həbs qoyulması barədə təqdimat tam əsassızdır.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

14. Tələbkar Tələbkar şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, borclu 6 ilə yaxındır ki, öz aliment öhdəliyini qəsdən icra etmir və qəsdən aliment ödənilməsi öhdəliyindən yayınır. 6 il ərzində 1 manat belə aliment ödəməmişdir. Indi isə məhkəməyə müraciət edərək maşının həbsdən azad edilməsini istəmişdir. Borclunun üzərinə həbs qoyulmuş “BMW 530I” minik avtomobili 2017-ci il istehsalıdır, BMW markasının M seriyasına aid idman avtomobilidir. Avtomobil Azərbaycanda rəsmi distribyutor olan “Improtex Motors”dan alınmışdır (dövlət qeydiyyat nişanının qabındakı idxalçı adından da görünür). Belə bir nəqliyyat vasitəsinin bazar qiyməti aliment borcunu tamamilə ödəməyə kifayət edir. Eyni zamanda, avtomobilin istifadəsi yüksək yanacaq sərfiyyatı (ən azı 95–98 oktanlı benzin) tələb edir ki, bu da borclunun real və yüksək maddi imkanlara malik olduğunu sübut edir. Borclunun istifadəsində olan **-BB-*** dövlət qeydiyyat nişanı da diqqət çəkir – analoji nömrələr hal-hazırda “tap.az” və “lalafo.az” kimi platformalarda 4.000–5.000 manat arasında satışa təqdim olunur. Borclunun belə bir nömrəyə sahib olması onun maddi vəziyyətinin kifayət qədər yaxşı olduğunu bir daha təsdiq edir. Belə olan halda, 6 il ərzində heç bir aliment ödəməməsi yalnız pisniyyətli yayınma kimi qiymətləndirilməlidir. Borclunun birgə mülkiyyətdə olan üzərinə həbs qoyulmuş Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi,ev 29/42 V ünvanında yerləşən *** saylı mənzilin satılması hal-hazırda mümkün deyildir. Çünki o evin 50% hissəsi tələbkara aiddir. Ev satışa təqdim edilsə, gərək tələbkara məxsus 50% hissə də satılsın. Tələbkarın və övladlarının yeganə yaşayış yeri General Şixlinski küçəsi,ev 29/42 V ünvanında yerləşən *** saylı mənzildir. Nəzərə alsaq ki, borclu aliment öhdəliyini yerinə yetirmir. Ev də satıldıqdan sonra tələbkarın və övladlarının yaşayış yeri olmayacaq və borclu da aliment öhdəliyini icra etməyəcək. Borclunun da məqsədi odur ki, aliment ödəməsin və icradan yayınsın. Bu baxımdan müvafiq evdəki borcluya məxsus 50 faiz payın satışı hal-hazırda mümkün deyildir. Borclu şikayətində Icra haqqında qanunun 45.6-cı maddəsinə istinad edərək bildirir ki, Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Maddədən də göründüyü kimi, icra sənədinin icrasına mane olmursa icra məmuru borclunun xahişini icra edə bilər. Borclu və Tələbkarın evi birgə mülkiyyətdədir və halhazırda mübahisə predmetidir. Ev predmet olaraq bölünməz əmlak olduğu üçün onun 50 faiz hissəsi kiməsə satılarsa evdə yaşama imkanları mümkün olmayacaqdır. Habelə onu da bildirir ki, onun 50 faiz paylı hissəni almaq imkanı yoxdur. Bu baxımdan o da övladların yeganə yaşayış yerini satmalıdır. Borclunun hazırda 30.000 manat aliment borcu vardır. Nəzərə alsaq ki, BMW g30 markalı avtomobilin ilkin bazar qiymətinin 80%-i hal-hazırda aliment borcunun tam ödənməsinə kifayət edir. Avtomobil satıldıqdan sonra borc bağlansa da, borclunun gələcəkdə aliment öhdəliyini icra etməyəcəyi ehtimalı yüksəkdir. Məhz bu səbəbdən mənzildəki pay gələcəkdə də icra təminatı kimi qala bilər. Belə yanaşma həm tələbkarın, həm də uşaqların əsas yaşayış hüququnu qoruyur, eyni zamanda borclunun məsuliyyətdən yayınmaq cəhdlərinə imkan vermir. Borclunun şikayəti yalnız icranı ləngitmək, aliment ödəməmək kimi qanuna zidd məqsəd daşıyır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

16. “Icra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş, icra məmurunun təqdimatına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

18. Iş materiallarından görünür ki, icra vərəqəsinə əsasən ##.##.2020-ci il tarixdən başlayaraq, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməlidir.

19. Işdən həmçinin görünür ki, borclu Borclu icra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında ##.##.2020-ci il tarixli qərarını və tələbin könüllü icrası haqqında bildirişi imza etməklə ##.##.2021-ci il tarixdə qəbul etmişdir. Həmin sənədlərə əsasən borcluya 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi təklif edilmiş, lakin borclu tərəfindən icra sənədi icrasız qalmışdır.

20. Sözügedən icra vərəqəsinin icrasını təmin etmək məqsədilə icra məmurunun təqdimatına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə borcluya məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2942V, mənzil 150, ümumi sahəsi 88,50 kv.m əmlakın üzərinə həbs qoyulmuşdur.

21. Qeyd olunmalıdır ki, həmin daşınmaz əmlak üzərinə həbs qoyulduqdan sonra "Icra haqqında" Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş prosedurların, o cümlədən əmlakın tələbkara təklif edilib-edilməməsi, tələbkar tərəfindən həmin əmlakın icra sənədi üzrə borcun əvəzinə qəbul edilib-edilməməsi, edilmədiyi təqdirdə əmlakın satışının təşkili və həmin icra tədbirlərinin nəticələri iş materialları ilə müəyyən edilmir.

22. Borclu şikayətində bildirir ki, onun xahişi əsasında üzərinə həbs qoyulmuş daşınmaz əmlakın qiymətləndirilərək ona məxsus hissəsinin tam şəkildə tələbkarın xeyrinə imtina etməyə razı olduğunu icra məmuruna bildirmişdir.

23. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən hallar araşdırılmadan borcluya məxsus digər əmlakın üzərinə də həbsin qoyulması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

24. Bundan əlavə, borclunun aliment ödənişi ilə əlaqədar depozit hesabında 2.700 manat pul olsa da, tələbkar tərəfindən həmin məbləğin götürülməməsi ilə bağlı məhkəmə iclasında bildirdikləri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

25. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi icra işi tələb edilmədən, qeyd olunan hallar ətraflı araşdırılmadan əsaslandırılmamış təqdimatın təmin edilməsi qənaətinə gəlmişdir.

26. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Bakı şəhər Nərimanov rayon Icra şöbəsinin icra məmuru Emil Zeynalovun borclu Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə təqdimatına bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Hakimlər: a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar