Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-298/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar QSC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Sabunçu Rayon Icra Şöbəsinin icra məmuru Ilqar Ağayev təqdimatla məhkəməyə müraciət edərək, borclu borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən borclular borclu2 və borclu1 müştərək qaydada cəmi 27941.08 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq Tələbkar QSC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu borclu2 göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
3. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir.
4. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası adından çıxarılmış, icrası hər şəxs üçün məcburi olan qətnamənin icrası borclu tərəfindən nəinki könüllü müddət (10 gün) ərzində, hətta bu günə kimi-icra sənədinin icraata daxil olmasından 4 ildən çox müddət keçməsinə baxmayaraq təmin edilməmişdir. Icra sənədi üzrə tutulmalı olan 27941.08 ABŞ dolları borc məbləğinin keçən müddət ərzində ödənilməməsi, borclunun icra sənədi üzrə tələbkara olan borcun ödənilməsindən qərəzli şəkildə yayınması, borclunun ölkə xaricinə gedəcəyi təqdirdə icra sənədinin icrasının ümumiyyətlə mümkün olmayacağı, borcun ödənilməsi üçün icra məmuru tərəfindən görülmüş digər icra tədbirlərinin nəticəsinin olmaması səbəbindən hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatın təmin edilməməsi icra sənədinin qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsinə mane olur. Borclunun öhdəliklərinin icrasından yayınmasına şərait yaradır və yekunda dövlətin adından çıxarılmış qərarın icrasız qalması ilə nəticələnir. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli şəkildə araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, yekunda təqdimat əsassız olaraq təmin edilməmişdir.
5. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və təqdimat təmin edilməlidir.
9. Belə ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən borclular borclu2 və borclu1 müştərək qaydada cəmi 27941.08 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-yə ödənilməlidir.
10. Sabunçu rayon Icra Şöbəsinin ##.##.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
11. Hazırkı iş materiallarında olan ##.##.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərar borclu borclu2 göndərilmişdir.
12. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunur ki, borclu borclu2 işə götürən X1 müəssisəndə çilingər-santexnik fəhlə vəzifəsində çalışır və aylıq əmək haqqısı 125 manat, işə götürən X3-2021 müəssisəsində direktor vəzifəsində çalışır və aylıq əmək haqqısı 250 manat, işə götürən X2 müəssisəndə bölmə rəhbəri, satış meneceri vəzifəsində çalışır və aylıq əmək haqqısı 300 manat təşkil edir.
13. Ərizəni təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, icra sənədi üzrə borclu borclu2 məxsus əmək haqqı aşkar edilmiş, həmçinin icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirlərinin tətbiq edilib-edilməməsi barədə hər hansı sənəd və sübutlar iş materiallarına əlavə edilməmişdir (borcun ödənilməsi məqsədi ilə tələbin borclu borclu2 əmək haqqına yönəldilməsi ilə bağlı heç bir icra tədbiri görülməmişdir). Rayon məhkəməsi qeyd etmişdir ki, hazırda borcluya məxsus əmək haqqı aşkar edildiyindən tələb borclunun əmək haqqına yönəldilməlidir və bu baxımdan hazırda borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırlımasına qədər digər icra tədbiri görülə bilərdi.
14. Məhkəmə rayon məhkəməsinin təqdimatın təmin edilməməsi barədə mövqeyi ilə razılaşmır.
15. Belə ki, MPM-in 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
16. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qətnamənin hissə-hissə icra edilməsi və ya icrasına möhlət verilməsi barədə məhkəmə aktı olmadığı halda, rayon məhkəməsinin tələbin borclunun əmək haqqına yönəldilməsi ilə bağlı icra tədbirinin görülməməsinə əsaslanaraq hazırkı təqdimatı təmin etməməsi düzgün olmamışdır.
17. Belə ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən borclular borclu2 və borclu1 müştərək qaydada cəmi 27941.08 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-yə ödənilməlidir. Rayon məhkəməsi tərəfindən borclunun əmək haqqının cəmi 675 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda icra sənədi üzrə icraata başlanılmasından 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, borclunun qətnamənin icrasından yayındığı və bu müddət ərzində heç bir ödəniş etmədiyi də məlumdur. Borclulardan tutulmalı məbləğin 27941.08 ABŞ dolları olmasını nəzərə alsaq, rayon məhkəməsinin həmin tələbin borclu borclu2 əmək haqqısına yönəldilməsinə dair mövqeyi əsassız olmuşdur, çünki belə olan halda, yəni tələbin borclunun əmək haqqına yönəldiləcəyi halda, 4 ildir icra edilməyən qətnamənin icrası illərlə vaxt tələb edəcək ki, bu da tələbkarın mənafeyinə uyğun olmamaqla, qanuni qüvvəyə minmiş məhkəmə aktının ağlabatan müddətdə icrasına maneə yaradar, bu da qanunvericiliyin və aşağıda istinad edilən Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusuna səbəb ola bilər.
18. “Icra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
19. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.
20. Bundan başqa, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il # ### tarixli Qərar, § 35)
21. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Iştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il ## #### tarixli Qərar, § 40).
22. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №*****/**) işi üzrə ## #### 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №*****/**) iş üzrə ## ####### 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № *****/**, 50786/07, 50871/07 və 50913/07) iş üzrə ## #### 2010-cu il tarixli Qərar və s.)
23. Qeyd olunanlardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi «Icra Haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin imperativ tələbinə əhəmiyyət verməyərək icra edilməyən icra sənədinin qanunla müəyyən olunmuş müddətlər ərzində icrasının zəruriliyini diqqətdən qaçırmışdır ki, bu da məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini pozur.
24. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, qərardad ləğv edilməli və təqdimat təmin edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
27. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Tələbkar Tələbkar QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və Sabunçu Rayon Icra Şöbəsinin icra məmuru Ilqar Ağayevin təqdimatı təmin edilsin. Borclu - ##.##.1961-ci il tarixdə Çəmbərək rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.