Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-305/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, # ### 2026-cı il tarixli qərardadından borclu Borclu İsa oğlu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(003)- ****/**** saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların iddiaçının himayəsində saxlanılması müəyyən edilmiş və cavabdehdən hər bir uşaq üçün aylıq 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində. aliment tutulması qət edilmişdir.
2. İcra sənədi üzrə tələbkar Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, ##.##.2012-ci il təvəllüdlü Əkbərzadə İsmayıl Ceyhun oğlu, ##.##.2014-cü il təvəllüdlü X4 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsi üçün müraciət etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi qəbul edilən vaxtdan ötən müddət ərzində ölkədə iqtisadi şərait əhəmiyyətli dərəcədə dəyişmiş, inflyasiya səviyyəsi yüksəlmiş, istehlak mallarının və xidmətlərin qiyməti artmışdır. Bu isə uşaqların saxlanması üçün tələb olunan minimum vəsaitin dəfələrlə artmasına səbəb olmuşdur. Uşaqların qidalanması, geyimi, təhsili, tibbi xidmətləri və digər zəruri ehtiyacları ciddi maliyyə vəsaiti tələb edir. Onun işləməməsi və uşaqların tam şəkildə onun himayəsində olması faktiki olaraq bütün maddi yükün onun üzərinə düşməsi ilə nəticələnmişdir. Cavabdeh isə valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmir, uşaqlara yetərli maddi dəstək göstərmir və onların saxlanamsında faktiki iştirak etmir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, # ### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində indeksasiya edilməsi; ##.##.2012-ci il təvəllüdlü Əkbərzadə İsmayıl Ceyhun oğlu, ##.##.2014-cü il təvəllüdlü X4, ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Borclu İsa oğlundan tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qərardadını “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024- cü il tarixli ** nömrəli Qərarının 8.4-1, 8.4-2 və 8.11-1-ci bəndlərinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1, 232.2 və 232.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Borclu Borclu İsa oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və onun gəlirinə uyğun indeksasiya barədə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, onun maddi vəziyyətinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qərardad qəbul edərkən onun faktiki gəlirlərini, maddi imkanlarını, əmək fəaliyyətini və aliment öhdəliyini yerinə yetirmək qabiliyyətini nəzərə almamışdır. Belə ki, o, hazırda əmək müqaviləsi əsasında ÇINAR-TRANS Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq əməkhaqqı cəmi 400 manat təşkil edir. Bu hal əmək müqaviləsi və digər rəsmi sənədlərlə təsdiq olunur. Lakin məhkəmə həmin mühüm halı lazımi qaydada araşdırmamış və qərardad qəbul edilərkən onun real gəlirlərinə əsaslanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin norma aliment münasibətlərində sosial ədalət prinsipinin təmin edilməsinə xidmət edir və aliment ödəyən şəxsin maliyyə imkanlarının nəzərə alınmasını tələb edir. Lakin məhkəmə onun aylıq gəlirinin məbləğini, əmək fəaliyyətini, yaşayış xərclərini, sosial vəziyyətini və digər mühüm halları araşdırmadan aliment öhdəliyinin əhəmiyyətli dərəcədə artırılması ilə nəticələnən qərardad qəbul etmişdir. Nəticədə qəbul edilmiş qərardad onun real maddi imkanları ilə uzlaşmır və faktiki olaraq icrası son dərəcə çətin olan öhdəlik yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verdikdə məhkəmə alimentin məbləğini dəyişə bilər və ya aliment ödəyən şəxsi müəyyən hallarda aliment ödəməkdən tam və ya qismən azad edə bilər. Həmin norma onu göstərir ki, aliment münasibətlərində əsas meyar tərəflərin real maddi vəziyyətidir. Onun aylıq gəliri cəmi 400 manat olduğu halda, minimum əməkhaqqının artımı ilə əlaqədar aliment öhdəliyinin avtomatik şəkildə artırılması onun maliyyə imkanları ilə uyğunluq təşkil etmir və bu hal məhkəmə tərəfindən nəzərə alınmalı idi. İş materiallarından görünür ki, onun əmək müqaviləsi əsasında işləməyi, aylıq gəlirinin məbləği və maddi vəziyyətim iş üçün mühüm əhəmiyyət kəsb edən hallar olsa da, məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmişdir. Qərardadın məzmunundan da görünür ki, məhkəmə onun alimentə münasibətdə ümumilikdə 600 manat ödəyə biləcəyini bildirməyini əsas götürmüş, lakin həmin fikrin hansı iqtisadi və hüquqi əsaslarla ifadə olunmasını, hazırkı gəlirləri ilə bunun nə dərəcədə mümkün olub-olmamasını araşdırmamışdır. Məhkəmə tərəfindən iş üzrə bütün sübutlar tam araşdırılmadan və maddi vəziyyətimə obyektiv qiymət verilmədən qərardad qəbul edilmişdir. Alimentin indeksləşdirilməsi məsələsinə baxılarkən aliment alan şəxsin maraqları ilə yanaşı aliment ödəyən şəxsin maddi vəziyyəti də nəzərə alınmalıdır. Onun aylıq əməkhaqqının cəmi 400 manat olması, daimi yüksək gəlirə malik olmamağım və mövcud sosial vəziyyəti nəzərə alınmadan qəbul edilmiş qərardad hüquqlarını və qanuni mənafelərini pozur. Aliment öhdəliyindən yayınmaq niyyətində deyil və uşaqlarının saxlanılmasında iştirak etməyin vacibliyini dərk edir. Lakin alimentin məbləği müəyyən edilərkən və ya indeksləşdirilərkən onun real maliyyə imkanları da nəzərə alınmalıdır. Əks halda qəbul edilmiş məhkəmə aktı faktiki icrası mümkün olmayan öhdəlik yaratmaqla həm onun, həm də gələcəkdə aliment ödənişlərinin davamlı şəkildə həyata keçirilməsi imkanlarının pozulmasına səbəb ola bilər.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı # ### 2026-cı il tarixli qərardadından borclu Borclu İsa oğlu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
11. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
12. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
13. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
14. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
15. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
16. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
17. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
18. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.
22. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.
23. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.
24. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 110 manat həddində müəyyən edildiyini, alimentin hesablanmağa başlandığı təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqının 180 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (110 / 180) aparmışdır.
25. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, onun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.
26. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.
27. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.
28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Borclu Borclu İsa oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı # ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev