Məhkəmə qərarları › İş №8(3-6)-310/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-310/2026

09.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-310/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından tələbkar “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Tələbkar “xxxx” MMC məhkəməyə ərizələ müraciət edərək, Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarın ləğv edilməsi barəsində qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmışdır. Tələbkar “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 38.6-cı maddəsi icra məmurunun hərəkət və ya hərəkətsizliyindən (o cümlədən qərarlarından) şikayətlərin icra sənədini vermiş məhkəməyə verilməsini açıq şəkildə nəzərdə tutur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi də eyni normanı təsbit edir: “Tələbkar və ya borclu icra məmurunun qərarından, hərəkətindən və ya hərəkətsizliyindən icra sənədini vermiş məhkəməyə şikayət edə bilər.” Xətai Rayon Məhkəməsi məhz icra sənədini vermiş məhkəmədir (*(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnamə). Şikayətçi qanunla ona verilmiş alternativ seçim hüququndan istifadə edərək məhz bu məhkəməyə müraciət etmişdir. Məhkəmənin bu aşkar qanun normasını görməzdən gələrək şikayəti geri qaytarması hüququn kobud pozuntusudur. Qanunvericilik şikayətçiyə iki alternativ məhkəmədən birini seçmək hüququ verir: ya icra məmurunun yerləşdiyi yer üzrə məhkəmə, ya da icra sənədini vermiş məhkəmə. Şikayətçi qanuni haqqından istifadə edərək Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin bu seçim hüququnu məhdudlaşdırması və ərizəni geri qaytarması konstitusion ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında və sabit məhkəmə təcrübəsində icra məmurunun qərarlarından şikayətlərə həm icra məmurunun yerləşdiyi yer üzrə məhkəmə, həm də icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasının mümkünlüyü dəfələrlə təsdiq edilmişdir. Xətai Rayon Məhkəməsinin bu yanaşması formalaşmış məhkəmə təcrübəsinə kökündən ziddir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli, *(***)- ****/**** saylı məhkəmə əmrinə əsasən 1425 ABŞ dolları məbləğində əsas borc, 214 ABŞ dolları məbləğində cərimə - cəmi 1639 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu ##.##.1989-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X3, ##.##.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 müştərək qaydada alınaraq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 29 ünvanında yerləşən kreditor "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli, *(***)- ****/**** saylı məhkəmə əmri qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli qərarı ilə Şamaxı rayon Icra və probasiya şöbəsi tərəfindən geri qaytarılmışdır. Tələbkar hazırda Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarın ləğv edilməsi barəsində qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında isə göstərilmişdir ki, “Icra haqqında” Qanunun 87.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını vacib hesab edir. Qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Inzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “Icra haqqında” Qanunun 87.2- ci və Inzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “Icra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi qərara alınmışdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il ## ####### tarixli Qanununa əsasən “Icra haqqında” Qanunun 87.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.” Həmin Qanunun 87.2-ci maddəsi ləğv edilmiş, 87.3-cü maddəsindəki “ (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi)” sözləri çıxarılmış və “87.1-ci və 87.2-ci maddələrində” sözləri “87.1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Inzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “Icra haqqında” Qanunun qeyd olunan müddəaları və Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqe nəzərə alınaraq, icra məmurunun icra sənədinin icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə hansı məhkəmə tərəfindən baxılmalı olması barədə hazırda formalaşmış məhkəmə təcrübəsinə görə ümumi və ya kommersiya məhkəmələri tərəfindən verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu şikayətlərə müvafiq məhkəmənin birinci instansiyası (yəni kommersiya məhkəməsinin verdiyi icra sənədinin icrası ilə bağlı şikayətlərə kommersiya, ümumi məhkəmənin verdiyi icra sənədi üzrə ümumi məhkəmənin birinci instansiya məhkəməsi) tərəfindən baxılmalı və şikayət icra qurumunun yerləşdiyi ərazi üzrə məhkəməyə verilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki ərizə Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra sənədinin geri qaytarılmasına dair qərarın ləğv edilməsi ilə bağlı olduğundan, ərizəyə Şamaxı Rayon Məhkəməsində baxılması daha tez və səmərəli baxılacağı mübahisəsizdir. Belə ki, məhkəmə qərarlarına nəzərat qaydasında işlərə baxılan zaman məhkəmə tələbkar, borclu və icra məmurunun iştirakını təmin etməli, onların izahatlarını almalı, habelə icra işini icra məmurundan tələb edərək bütün sübutları məcmu hallında qiymət verdikdən sonra qərar qəbul etməlidir. Hazırki iş üzrə isə icra şöbəsi, icra məmuru və borclu Şamaxı rayonunda olduğundan ərizəyə icra sənədini vermiş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılması əhəmiyyətli vaxt itkisinə səbəb olmaqla yanaşı, həm də işin araşdırılmasının effektivliyi baxımından da səmərəli olmaya bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki ərizə icra qurumunun olduğu yer üzər birinci instansiya məhkəməsinə verilməli olduğundan məhkəmə ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar