Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-329/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı ilə bağlı iş üzrə (açar sözlər: borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədov borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *(***)- ****/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən "Lexus LX 570" markalı ** SA ***, “Audi RS 7" markalı, **EG*** və "BMW M 4” markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait tərəflər arasında 1/2 nisbətdə bölünsün. "Lexus LX 570" markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 30.000 ABŞ dollarının yarısı 15.000 ABŞ dolları (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun); "Audi RS 7" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 20.000 manatın yarısın 10.000 manat və “BMW M 4" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 20.000 manatın yarısı 10.000 manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat və 15.000 ABŞ dolları (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun) cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi ##.##.2024-cü il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Eyni zamanda icra məmurunun icraata başlama haqqında qərarı və tələbin könüllü icrası ilə bağlı bildirişi borcluya ##.##.2024-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin borcluda tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədinin icrasından uzun müddət keçməsinə baxmayaraq tələb borclu Borclu tərəfindən təmin edilməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarının icrasından yayınan ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədov təqdimatı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru həmçinin göstərmişdir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması məcburi icra tədbiridir. Borclu həm pul tələbi ilə bağlı icra sənədini icra etməmiş, həmçinin alimentlə bağlı öhdəliyi də mövcuddur icra etmir. Ona görə də tələbkar bu tədbirin tətbiq edilməsi barədə ərizə ilə ona müraciət etmişdir. Ehtimal edir ki, borclu ölkədən xaricə daimi yaşamaq və işləmək üçün gedə bilər ki, bu tələbkarın borcunun ödənilməməsinə səbəb ola bilər. Belə ki, borclunun atası fərdi sahibkardır, Türkiyə Respublikasında borclu üçün iş yarada bilər. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil təqdimatı qəbul etməyərək, izahatında göstərmişdir ki, qanunvericilik məcburi icra tədbiri kimi borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hüquqi əsası kimi borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini müəyyən etmişdir. Borclu rəsmi işləyir, müntəzəm əmək haqqı alır və icra məmuru tələbin həmin əmək haqqına yönəldilməsi barədə tədbir görmüşdür. Borclunun tələbi yönələ bilən başqa əmlakı yoxdur. Doğrudur, borclunun atası Şöhrət müəllim biznesmendir, şirkət rəhbəridir, tikinti işi ilə məşğul olur. Nəvələrinə də mütəmadi maddi köməklik göstərir. Hətta nəvələrinə ev vermək fikri də var. Lakin oğlunun öhdəliyinə görə keçmiş gəlininə pul vermək fikri yoxdur. Çünki keçmiş gəlinin onun barəsində müxtəlif orqanlara polisə, vergiyə şikayət etmişdir. Nümayəndəsi olduğu şəxsin ölkə hüdudlarından kənara çıxacağı təqdirdə xərc atası tərəfindən qarşılanacaqdır. Borclunun daimi yaşamaq üçün ölkədən çıxmaq fikri yoxdur, atası Gürcüstan Respublikasının vətəndaşı olsa da, Azərbaycanda daimi işləyir, biznes fəaliyyəti ilə məşğuldur, Qarabağda tikinti işləri görür. Ona görə də, borclunun ölkədən çıxmasının məhdudlaşdırılması üçün heç bir əsas yoxdur, bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə icra sənədi üzrə tələbkar Tələbkar məhkəmə iclasına gəlməmişdir və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ##.##.1990-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Səbail rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunan sənədlərdən belə məlum olur ki, icra sənədinin icrası tam şəkildə təmin olunmamış, borclu isə tələbkara olan borcunu ödəməkdən yayınır. Borclunun nümayəndəsi məhkəmə iclasında borclu tərəfindən icra sənədinin icrasından yayınmadığı, işləyib müntəzəm 662 manat əmək haqqı almasını, tələbin həmin əmək haqqına yönəldilməsinin qanunla nəzərdə tutulduğunu və bu səbəbdən verilən təqdimatın təmin edilməməsi barədə dəlilləri üzrə məhkəmə qeyd edir ki, həmin dəlillər hazırkı təqdimatın təmin edilməməsinə əsas ola bilməz. Borclu ölkə hüdudlarından kənara çıxma kimi hüquqlara malik olmaqla, ölkədən çıxdığı zaman müvafiq məsrəf sərf etməlidir. Borclu isə əmək haqqından başqa ödənişin həyata keçirilməsi ilə əlaqədar hər hansı maddi imkana malik olmamasını qeyd edir. Borclu tərəfindən isə tələbkara kifayət qədər böyük məbləğdə pul ödənişi həyata keçirilməlidir. Qeyd edilənləri nəzərə alaraq borclunun göstərilən dəlillərini əsaslı hesab etmir. Məhkəmə hesab etmişdir ki, borclu icra sənədini üzrsüz səbəbdən icra etməkdən yayındığı üçün, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslı hesab edilməli və təmin edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu şikayət verərək qərardadın ləğv edilməsi, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun təqdimatı təmin edilmiş və borclu Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qərardadda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *(***)-****/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə borcludan tələbkar Tələbkar xeyrinə 20.000 manat və 15.000 ABŞ dolları məbləğində vəsait tutulmalıdır. İcra məmuru təqdimatında göstərmişdir ki, icra sənədi ##.##.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş, icraata başlanılmış, borcluya könüllü icra üçün müddət verilmiş, lakin tələb tam icra edilməmişdir. Eyni zamanda təqdimatda borclunun ölkədən gedə biləcəyi, atasının Türkiyə Respublikasında ona iş yarada biləcəyi ehtimal edilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili tərəfindən təqdimata etiraz edilmiş, bildirilmişdir ki, borclu rəsmi işləyir, müntəzəm əmək haqqı alır, icra məmuru tələbin həmin əmək haqqına yönəldilməsi barədə artıq tədbir görmüşdür, borclunun tələbin yönəldilə biləcəyi başqa əmlakı yoxdur və onun ölkədən daimi getmək, yaxud icra sənədinin icrasından yayınmaq niyyəti mövcud deyildir. Bundan əlavə, iş materiallarında mövcud olan ##.##.2025-ci il tarixli sənəddən görünür ki, Səbail rayon İcra şöbəsi tərəfindən borclunun gəlirindən tutma aparılması üçün onun iş yerinə müraciət edilmiş, borclunun ödəməli olduğu icra ödənişi də daxil olmaqla ümumi məbləğ göstərilmiş və hər ay borclunun gəlirinin 50 faizinin tutulması tələb edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, borclu icra sənədinin icrasından yayınmır, əksinə, icra sənədinin icrası qanunla müəyyən edilmiş qaydada onun əmək haqqına yönəldilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin mühüm halı lazımı qaydada qiymətləndirməmiş, borclunun icradan yayınması barədə nəticəyə gəlmiş və ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi ağır müdaxilə tədbirini tətbiq etmişdir. Şikayəti verən tərəf hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv olunmalıdır. Ölkədən getmək hüququ hər kəsin hərəkət azadlığının tərkib hissəsidir. Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş, demokratik cəmiyyətdə zəruri olan və proporsional əsaslarla məhdudlaşdırıla bilər. Birinci instansiya məhkəməsi bu hüquqa müdaxilənin zəruriliyini və proporsionallığını əsaslandırmamışdır. İnsan və vətəndaş hüquqlarının məhdudlaşdırılması qanuni məqsədə uyğun, zəruri və mütənasib olmalıdır. Hazırkı halda borclunun əmək haqqından tutulma artıq tətbiq edildiyi halda əlavə olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması zəruri tədbir kimi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsini formal tətbiq etmişdir. Həmin maddə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin sadəcə tam icra edilməməsi faktı ilə deyil, məhz icranın üzrsüz səbəbdən həyata keçirilməməsi ilə əlaqələndirir. Başqa sözlə, məhkəmə müəyyən etməli idi ki, borclu icra etmək imkanına malik olduğu halda qəsdən icra etmir, əmlakını gizlədir, gəlirlərini gizlədir, icra məmurunun qanuni tələblərindən yayınır və ya ölkədən getməklə icradan yayınmaq niyyətindədir. Lakin, qərardadda belə hallar göstərilməmişdir. Əksinə, məhkəmə özü qeyd etmişdir ki, borclunun nümayəndəsi borclunun işlədiyini, müntəzəm əmək haqqı aldığını və tələbin həmin əmək haqqına yönəldildiyini bildirmişdir. Bu hal məhkəmə tərəfindən təkzib edilməmiş, lakin düzgün hüquqi qiymət almamışdır. Sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmalıdır. Məhkəmə sübut edilmiş faktlara deyil, ehtimallara əsaslanmışdır. Məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün tərəflərin təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmalıdır. Birinci instansiya məhkəməsi əmək haqqından tutulma faktını və bunun hüquqi nəticələrini tam araşdırmamışdır. ##.##.2025-ci il tarixli müraciətdən görünür ki, icra məmuru borclunun gəlirindən tutulma aparılması üçün iş yerinə müraciət etmişdir. Bu isə icranın dayandırılmadığını, əksinə, davam etdiyini göstərir. Məhkəmə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının icranı real olaraq necə təmin edəcəyini əsaslandırmamışdır. Borclunun Azərbaycanda rəsmi iş yeri və əmək haqqı olduğu halda onun ölkədən müvəqqəti çıxışının qadağan edilməsinin borcun ödənilməsinə hansı konkret təsir göstərəcəyi qərardadda izah olunmamışdır. Məhkəmə daha yüngül məcburi icra tədbirlərinin kifayət edib-etmədiyini araşdırmamışdır. Əmək haqqından tutulma kimi qanuni və davamlı icra mexanizmi mövcud olduğu halda, daha ağır məhdudiyyətin tətbiqi yalnız həmin mexanizmin səmərəsizliyi sübut edildikdə mümkün ola bilərdi. Belə sübut isə iş materiallarında yoxdur. Məhkəmə borclunun qəsdən yayınma niyyətini müəyyən etməmişdir. İcra sənədinin tam icra edilməməsi borclunun icradan yayınması ilə eyniləşdirilə bilməz. Borclunun ödəmə qabiliyyəti məhdud ola bilər, lakin bu hal birmənalı olaraq üzrsüz icra etməmə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi borclunun icra sənədini üzrsüz səbəbdən icra etməkdən yayındığı nəticəsinə gəlmişdir. Lakin bu nəticə iş materialları ilə sübut edilmir. Borclunun icradan yayınması üçün onun real ödəmə imkanına malik olduğu, lakin qəsdən ödəmədiyi, əmlakını gizlətdiyi, gəlirlərini gizlətdiyi, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etdiyi və ya ölkədən getməklə icradan yayınmaq istədiyi sübut edilməlidir. Hazırkı işdə isə belə hallar müəyyən edilməmişdir. Əksinə, borclunun rəsmi əmək haqqı aldığı və həmin əmək haqqından tutulma aparılması üçün tədbir görüldüyü müəyyən olunur. Məhkəmə həmçinin borclunun ölkədən çıxacağı halda borcu ödəməkdən yayınacağı nəticəsinə gəlmişdir. Lakin bu da sübut edilməmişdir. Borclunun xaricdə daimi yaşamaq planı, iş müqaviləsi, yaşayış sənədi, ölkəni tərk etməyə hazırlıq görməsi, əmlakını satması və ya başqa formada icradan yayınma davranışı iş materiallarında yoxdur. İcra məmurunun “ehtimal edir ki” ifadəsi ilə əsaslandırdığı təqdimat məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Halbuki ehtimal sübut deyildir və şəxsin konstitusion hüququnun məhdudlaşdırılması üçün kifayət edə bilməz. Məhkəmənin əsas nəticəsi ondan ibarətdir ki, borclu icra sənədini üzrsüz səbəbdən icra etməkdən yayınır və buna görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bu nəticə işin faktiki hallarına uyğun deyildir. İşin hallarından görünür ki, borclunun əmək haqqı mövcuddur və icra məmuru artıq həmin əmək haqqına tutmanın yönəldilməsi barədə tədbir görmüşdür. Bu, icradan yayınma deyil, icranın qanunla müəyyən edilmiş qaydada davam etməsidir. Məhkəmə borcun məbləğinin böyük olmasını da əsas kimi göstərmişdir. Lakin borcun məbləğinin böyük olması özlüyündə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün kifayət deyildir. Qanun məbləğin böyüklüyünü deyil, üzrsüz icra etməmə və icradan yayınma hallarını əsas götürür. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 07 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğu üçün təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətlərə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Maddə 84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ## ##### 2013-cü il tarixli № *-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” Bənd 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tədbiqi qaydaları haqqında” Təlimat Bənd 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1 könüllü icra üçün bildiriş borcluya rəsmən təqdim edilməsini təmin edir 2.2.2 icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirir 2.2.3 borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzil də tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.2.4 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair ##.##.2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, 24 iyunl 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən “Lexus LX 570” markalı ** SA ***, “Audi RS 7” markalı ** EG *** və “BMW M 4” markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait tərəflər arasında 1/2 nisbətdə bölünməli, “Lexus LX 570” markalı ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 30.000 ABŞ dollarının yarısı 15.000 ABŞ dolları (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun); “Audi RS 7” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 20.000 manatın yarısı 10.000 manat və “BMW M 4” markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsindən əldə edilmiş 20.000 manatın yarısı 10.000 manat olmaqla, cəmi 20.000 (iyiurmi min) manat və 15.000 ABŞ dolları (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun) cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ##.##.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildirişi alan icra sənədi üzrə borclu Borclu icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxt ərzində üzrsüz səbəbdən icra etməmişdir. Elektron sistemdən şəxsin sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, borclu Borclu mütəmadi olaraq ölkə sərhəddini tərk edir. Kollegiya qeyd edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli, § 46 Qərarlar). Göründüyü kimi qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bu tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin vaxtında yerinə yetirilməsinə xidmət edir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, icra sənədini icra etməkdən yayınmadığını qeyd edən borclu faktiki olaraq icra sənədinin tam şəkildə icrasının təmin edilməsi üçün real hərəkətlər etməmiş, icra sənədi üzrə borcunu könüllü ödəmək üçün tədbirlər görməmiş, tələbkara olan borcunu uzun müddət ərzində tam icra etməmişdir. Bu səbəbdən ölkə sərhəddini tez-tez tərk edən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmasını müəyyən edən icra məmuru, könüllü icra üçün bildirişi rəsmi qaydada alan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla məhkəmətə müraciət etmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı sonuncunun icra sənədini tam icra edənədək məhdudlaşdırıla bilinməsi üçün kifayət qədər əsaslı olduğundan, təqdimatı təmin edən birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Bu səbəbdən qanuni qüvvəsini almış məhkəmə aktının icrasından yayınmaq məqsədi daşıyan borclunun şikayətinin dəlilləri qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edərək dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərmək vəzifəsi daşıyır. Ona görə də, icra sənədini icra etmək niyyətində olan borclu bilməlidir ki, icra sənədi tam icra edildikdən sonra məhdudlaşdırmanın götürülməsini icra məmurundan tələb etmək hüququna malikdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-329/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-329/2026
23.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver