Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-332/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəni verən şəxs məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin onun əməkhaqqından tutulma aparılması barədə qərarının qanunsuz hesab edilərək ləğv olunması, onun əmək haqqından tutulmaların dərhal dayandırılması, dünən maaşından tutulan 50 faiz məbləğin tam şəkildə geri qaytarılmasını, icra tədbirlərinin yalnız borclu şəxsə yönəldilməsi barədə qərar qəbul edilməsi, ona aylıq ödəyə biləcəyi bir məbləğdə yeni qrafik çıxarılması, borclu şəxsin – Borclu dediyinə görə, bu ay ödədiyi 250 AZN məbləğin nəzərə alınması, onu heç bir şeydən xəbərdar etmədən bu problemin içinə salan, maddi sıxıntı yaşamağına öz kredit ödənişlərinin gecikməsinə səbəb olan icra məmuru Rəhman Atamoğlanovla bağlı cəza tədbirlərinin görülməsi, həmçinin boşanma proseslərində də bu icra məmuru ilə aralarında olan problemləri – ondan rüşvət istəməsini, onu məhkəməyə verməyini və digər neqativ halları nəzərə alaraq, onun təcili şəkildə onun işindən uzaqlaşdırılması, ona başqa icra məmuru təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadına əsasən şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun Bakı şəhəri ** saylı Notariat ofisinin *İ**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi üzrə maraqlarına toxunan şəxs Ərizəni verən şəxs ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi, Ərizəni verən şəxs iş yeri olan "xxxx" MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli e******/****-**-** nömrəli məktubuna əsasən aparılan tutulmaların dayandırılması, Ərizəni verən şəxs əmək haqqından tutulmuş məbləğin ona geri qaytarılmasının icra məmuru tərəfindən təmin edilməsi qərara alınmışdır. Tələbkar Tələbkar ASC Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 8(5-104)- ***/**** saylı qərardadın ləğv edilməsi və Ərizəni verən şəxs şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı notariat ofisinin *İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən, Borclu cəmi 29160 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Sözügedən icra sənədi şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edərək könüllü icra barədə bildirişlə birlikdə icra olunması üçün borcluya göndərilmişdir. Tələb könüllü müddət ərzində icra edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli məktuba əsasən Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən X1 tutulmalı olan pul vəsaitinin Ərizəni verən şəxs əməkhaqqına yönəldilməsi, əməkhaqqından 50% tutulması bildirilmişdir və “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.1-ci maddəsinə əsasən göndərilmişdir. Məhkəmə öz qərardadında icra məmurunun hərəkətinin qanunsuz olması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəmə qeyd edir ki, "Icra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə, icra hərəkətləri yalnız icra sənədində borclu qismində göstərilən şəxsə qarşı yönələ bilər. Iş materiallarından görünür ki, Bakı şəhəri ** saylı Notariat ofisinin icra qeydində borclu qismində yalnız X1 göstərilmişdir. Icra məmurunun icra sənədi üzrə borclu olmayan üçüncü şəxsə, yəni borclunun arvadına qarşı tələbin əmək haqqına yönəldilməsi barədə məcburi icra tədbiri tətbiq etməsi qanunsuz olmuşdur...”. Hesab edir ki, məhkəmənin mövqeyi əsassızdır və bankın hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Göründüyü kimi, qanunvericilikdə bu hal dispozitiv xarakter daşımır, əmlak xarakterli öhdəliklərin ər-arvada münasibətdə icra edilməsi onların hüququ kimi deyil, vəzifəsi kimi nəzərdə tutulmuşdur, yəni, imperativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə isə məsələyə səthi yanaşmış, nəticədə bankın maraqları və mənafeyi pozulmuşdur. Qeyd edir ki, ümumi əmlak hesab edilən əmək haqqına yönəldilmə zamanı isə pay müəyyən edilməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razı deyil. Adi qaydada ərin əmək haqqına hansı qaydada yönəldilmə aparılırsa, arvadın da əmək haqqına həmin qaydada yönəldilmə aparılmalıdır. Bununla belə, hazırkı mübahisə payla bağlı deyil, şikayət vermiş şəxs ümumilikdə onun əmək haqqına yönəldilmənin qanunsuz olması əsası ilə şikayət vermişdir. Nəzərə alınmalıdır ki, “Icra haqqında” Qanununun 45.8-ci maddəsinə müvafiq olaraq, ər-arvadın ümumi mülkiyyətdə olan payından bəhs edərkən nəzərə alınmamışdır ki, həmin maddədə tələbin Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun olaraq, ümumi mülkiyyətdə olan paylara yönəldilməsindən söhbət edir. Hansı ki, Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsində isə deyilir ki, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Göründüyü kimi, burada paylı mülkiyyətdən bəhs edərkən, birgə mülkiyyətdə olan əmlak istisnadır. Məhkəmə isə bu halı da nəzərə almamışdır. Digər yandan, hesab edir ki, burada icra sənədində kimin borclu olaraq qeyd edilməsindən deyil, ər-arvadın birgə mülkiyyətində olan əmlaka yönəldilmədən söhbət gedir. Məhkəmə qərardadında sözügedən yönəldilmənin şikayət vermiş şəxsin maraqlarını pozduğunu qeyd edərkən nəzərə almamışdır ki, əksinə tələbkarın maraqları kobud surətdə pozulur və icra sənədinin icrası sadəcə kağız üzərində qalır, real hüquq “xəyali hüquq”a çevrilir. Məhkəmə tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Məhkəmənin icra məmuru tərəfindən əmlakla bağlı axtarış etməmə ilə bağlı mövqeyi səhvdir. Belə ki, məlumdur ki, borclunun adına hər hansı əmlakın olub-olmamasını müəyyənləşdirmək üçün “Elektron icra” sistemi mövcuddur və icra məmuru tərəfindən belə bir məlumat aşkar edilməmiş, mümkün olan hazırkı məcburi icra tədbiri görülmüşdür. Bundan başqa, məhkəmələr üçün də “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır və borclunun adında əmlak olub-olmamasını məhkəmənin özü də istənilən an real vaxt rejimində yoxlaya bilər. Məhkəmə tərəfindən isə bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Digər yandan da icra məmurunun gördüyü tədbir məhz məcburi icra tədbirləri sırasına daxildir, icra məmuru tərəfindən hazırkı icra tədbirinin tətbiq edilməsinə hər hansısa əngəl yoxdur. Məhkəmə iş üzrə mövcud olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və düzgün hüquqi qiymət verməmişdir. Yuxarıda qeyd edilən faktlar göstərir ki, məhkəmə qeyd edilən prosessual normanın tələblərini pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Ərizəni verən şəxs məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş aprel ayından davam edir və aylar keçsə də, bank işi uzatmaq üçün və ödənişi etməmək üçün hər yola əl atır. Xahiş edir ki, qərar çıxarmazdan öncə, o da məhkəmə iclasına dəvət edilsin. Respublika Bank ona maddi zərər vurmuşdur, onlar pul tutduqlarına görə, öz kreditlərini ödəyə bilməmiş və borcunun üzərinə 300-400 man civarında faiz gəlmişdir. Işi avqust ayına saxlamadan yaxın günlərə təyin edilməsini xahiş edir. Çünki hər gün onun əleyhinə işləyir. Ərizəni verən şəxs məhkəməyə yenidən ərizə ünvanlayaraq qeyd etmişdir ki, məhkəməyə 2 sənəd göndərmişdir. Həyat yoldaşı Borclu artıq yeni işindən maaş alıb və xxxx aylıq olaraq, onun maaşının yarısından tutulmalar aparmağa başlayıb. Bəli, bu ədalətli sayıla bilər. Amma bir daha məhkmənin nəzərinə çatdırır ki, xxxxnın onun maaşından tutulma aparması qanunsuz və ədalətsiz idi. Səbəblər: 1. Bank Borclu kredit verəndə onunla ayrılmışdılar və bu məbləğin nə vaxt, niyə götürüldüyündən, nəyə xərcləndiyindən xəbərsiz idi. (Hələ də bilmir) Xəbərsiz olduğu bir borc öhdəliyi onun üzərinə atıla biıməz. 2. Kredit müqaviləsində nə imzası var, nə də ki, zamindir. 3. Ədalətli hakim Ülkər xanımın da qarşı tərəfə bildirdiyi kimi: həyat yoldaşının maaşından tutulmalar aparana qədər borclu şəxsə qarşı digər tədbirlər görülməli idi, birbaşa belə bir icraya başlamaq qanunsuzdur. 4. Məlum oldu ki, bu qərarı verən xxxx əməkdaşı Rəşad da eks icra məmurudur və icra məmuru Rəhmanla çoxdan tanışdılar və bu işə birgə qərar veriblər. 5. 2 bank qarşısında borc öhdəliyi var: aylıq 545 azn-Access banka və 176 azn- Unibanka. xxxx-də işləyir, cəmi 1500 azn maaş alır və maaşının yarısı öz kreditlərinə gedir. Digər yarısı yəni 700 man pulla dolanır- bura aylıq yolpulu, 2 övladının aylıq yemək, məktəb və s. xərcləri daxildir. Yoldaşı ilə barışıq olsa da, o 2 ildir işsiz idi, onun xərcləri belə üzərində idi. Bank maaşının yarısını tutduğu aydan etibarən öz ödənişlərini gecikdirməyə başladı, nə qədər faiz gəldi üstünə, indi bu pul ona qaytarılmalıdır ki, faiz borclarını qaytara bilsin. Bank üçün o məbləğ heç nədir, onun üçün isə böyük puldur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur; Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 78.3-cü maddəsinə əsasən, Icra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri ** saylı Notariat ofisinin *İ**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən Tələbkar ASC-nin xeyrinə Borclu cəmi 29160 manat pul tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli məktuba əsasən Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən X1 tutulmalı olan pul vəsaitinin onun arvadı Ərizəni verən şəxs əmək haqqısına yönəldilməsi, əməkhaqqından 50% tutulması müəyyən edilmişdir. "Icra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə, icra hərəkətləri yalnız icra sənədində borclu qismində göstərilən şəxsə qarşı yönələ bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri ** saylı Notariat ofisinin icra qeydində borclu qismində yalnız X1 göstərilmişdir. Icra məmurunun icra sənədi üzrə borclu olmayan üçüncü şəxsə, yəni borclunun arvadına qarşı tələbin əmək haqqına yönəldilməsi barədə məcburi icra tədbiri tətbiq etməsi qanunsuz olmuşdur. Belə ki, icra məmuru öz hərəkətlərini Mülki Məcəllənin 225.1-ci maddəsi (ərlə arvadın ümumi mülkiyyət rejimi) ilə əsaslandırsa da, bu yanaşma hüquqi baxımdan doğru deyil. Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının: 6.40-cı bəndinə əsasən ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.42-ci bəndinə əsasən ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma isə yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur. 6.43-cü bəndinə əsasən eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə tutulma yalnız həmin tərəfin şəxsi əmlakına yönəldilə bilər. Ümumi əmlaka tutulma yönəldilməsi üçün borcun ailənin ehtiyaclarına xərcləndiyi məhkəmə tərəfindən təsdiq olunmalı və pay müəyyən edilməlidir. Icra məmuru məhkəmənin qərarı olmadan borcun ailə ehtiyacları üzrə götürülməsi qənaətinə gəlməklə arvadın əmək haqqından tutulma aparması ilə bağlı hərəkətləri qanuni olmamışdır. Icra məmuru "Icra haqqında" qanunun 65-ci maddəsinə əsasən, tutulmanı ilk növbədə borclunun öz əməkhaqqısına yönəltməli idi. Icra məmurunun borclu olmayan şəxsin gəlirlərinə tutma yönəltməsi qanunun tələblərinə ziddir. Şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Həmçinin icra işi materiallarından görünür ki, icra məmuru tərəfindən borclu barəsində digər məcburi icra hərəkətləri (borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, borclunun yaşayış yerində tələbin ödənilməsini təmin edə biləcək əmlakın olub-olmaması ilə bağlı araşdırma) edilmədən birbaşa tələb borclu olmayan şəxsin əmlakına yönəldilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icra məmurunun hərəkətləri qanunsuz hesab edildiyi üçün, həmin hərəkətlər nəticəsində dəymiş zərər aradan qaldırılmalıdır. Beləliklə, qanunsuz olaraq tutulmuş pul vəsaiti ərizəçiyə geri qaytarılmalı və icra qurumuna gələcəkdə Ərizəni verən şəxs əməkhaqqısından tutulma aparılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №8(3-6)-332/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-332/2026
04.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver