Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-333/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Borclu Ərizəni verən şəxs (bundan sonra borclu) məhkəməyə şikayət verərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədinə əsasən borclu Borclu 9052,73 məbləğində borc alınıb Tələbkar MMC-nin xeyrinə ödənilməsinə dair icra sənədinin onun əmək haqqına yönəldilməsi barədə icra məmurunun qanunazidd hərəkətinin aradan qaldırılması, qərarının ləğv edilməsi və tutulan əmək haqqının geri qaytarılmasına dair qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Ərizəni verən şəxs şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədi üzrə borc məbləğinin şikayətçinin əmək haqqına yönəldilməsi barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır.
3. Tələbkar Tələbkar MMC (bundan sonra tələbkar) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, borclunun ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
4. Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə tələbkarın şikayəti prosessual müddəti ötürməsi əsası ilə geri qaytarılmışdır.
5. Tələbkarhəmin qərardaddan şikayət verərək, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət vermiş, şikayətini belə əsaslandırmışdır ki, E- Məhkəmə
7. şəxsi kabinetdən çıxarışın surətindən də göründüyü kimi *(*-***)-***/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixdə prosesin ##.##.2026-cı il tarixə 09:15-ə təyin olunması barədə bildiriş daxil olub. ## ### 2025-ci il tarixli bildirişdə isə artıq tələbkar tərəfindən şikayətin təqdim edilməsi qeyd edilib. Çıxarışdan da göründüyü kimi bu müddətlər arasında *(*-***)-***/**** saylı qərardadın elektron kabinetə yerləşdirilməsi barədə bildiriş daxil olmamışdır. Bir daha nəzərə çatdırır ki, Elektron Məhkəmə sistemində davamlı olaraq baş verən texniki nasazlıqlar və bildiriş sistemindəki qüsurlar səbəbindən sözügedən məhkəmə aktı barədə bildiriş tələbkarın şəxsi kabinetinə daxil olmamışdır. Həmin texniki qüsur MMC-nin iradəsindən kənar baş verdiyi üçün məhkəmə qərarından qanuni şikayətvermə müddəti tərəflərindən obyektiv səbəblərdən ötürülmüşdür. Işə baxan hakim isə qeyd edilənlərlə bağlı heç bir araşdırma aparmadan, informasiya sisteminə nəzarət edən aidiyyatı şəxslərdən sistem tarixçəsi hesabatını tələb etmədən, formal olaraq ərizəni təmin etməmişdir. Halbuki, Elektron Məhkəmə sisteminin daxili server idarəetməsi və orada baş verən qəza qeydləri birbaşa sistemi idarə edən strukturun səlahiyyətindədir. Qərardadda isə məhkəmə tələbkar tərəfindən sübutların təqdim edilmədiyini qeyd etmişdir. Hesab edilir ki, məhkəmə tərəfindən qeyd edilən sübutların tərəflərindən təqdim edilməsi tələbi ədalətlilik və çəkişmə prinsiplərinə tamamilə ziddir. Hakimin işə formal yanaşması MMC-nin Konstitusiya ilə təmin olunmuş məhkəmə müdafiəsi hüququnu tamamilə məhdudlaşdırmışdır.
8. Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
11. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
13. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
18. Hazırkı iş materiallarında olan “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən olan çıxarışdan (i\v səh. 27) görünür ki, *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixdə, saat 17:34-də tələbkar Tələbkar MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, qərardaddan şikayət vermək üçün müddətin son günü ##.##.2026-cı il tarixi olduğu halda, tələbkar ##.##.2026-cı il tarixdə qanunveriicliklə müəyyən edilmiş prosessual müddəti ötürməklə qərardaddan şikayət vermişdir.
19. Məhkəmə tələbkarın müddətin ötürülməsi səbəbi kimi əsaslandığı halları əsassız hesab edərək qeyd edir ki, tələbkarın elektron kabinetində baş verən nasazlıq hazırkı halda qərardadın ##.##.2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməsi faktını dəyişmir, belə ki, qərardaddan şikayət verilməsinə mane olan, məhdudiyyət yaradan, tələbkarın iradəsindən asılı olmayan hallar aşkar edilmir. Odur ki, qərardad tələbkara rəsmi qaydada ##.##.2026-cı il tarixdən çatmış hesab edilir.
20. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
21. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
23. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.