Məhkəmə qərarları › İş №8(3-6)-335/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-335/2026

31.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-335/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasının müvəqqəti götürülməsi ilə bağlı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Borclu Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasının müvəqqəti götürülməsinə dair icra məmurunun təqdimatı üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları:

1. Bakı Çəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı icra vərəqəsinə əsasən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin хеyrinə cavabdeh Borclu cəmi 1.294.091,24 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə icra sənədi icra olunanadək borclu Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

3. Təqdimat verən orqan böyük icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda icra sənədi üzrə hər ay tələbkarın xeyrinə əmək haqqından tutulma aparılır. Iş üzrə borclu Borclu şöbəyə ərizə ilə müraciət edərək qızının ağır xəstə olmasını, Respublikadan kənarda müalicəyə ehtiyac olduğunu və qızının onunla getməsini nəzərə alaraq ölkədən getmə hüququnun məhdudlaşdırılmasının götürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu kimi ölkədən getmək hüququ 2023-cü ildən məhdudlaşdırılsa da, həmin tətbiq olunan məhdudiyyət nəticəsində gözlənilən nəticə əldə olunmamışdır. Belə olan halda, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına davam edilməsi onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarının pozulması deməkdir. Ölkədən getmək hüququ müvəqqəti olaraq ##.##.2023-cü il tarixindən bu günə kimi məhdudlaşdırılmışdır. Lakin həmin tarixdən bu günədək qeyd olunan icra sənədi hələ də tam olaraq ondan asılı olmayan səbəblərdən icra olunmamışdır. Nəticə etibarı ilə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qeyri-effektiv bir icra tədbiri olmuşdur. Elə bu səbəblə də, icra qurumunun özü tərəfindən borclunun ölkədən getmək hüquququnun bərpa olunması üçün məhkəməyə təqdimat verilmişdir. Çünki, icra qurumu tərəfindən də qeyd olunan icra tədbiri qeyri-effektiv hesab edilmişdir. Məhkəmə öz qərarında qızının digər ailə üzvləri olmasını qeyd etmiş, xəstə qızını xaricə digər şəxslərin müşayət edə biləcəyini qeyd etmişdir. Lakin məhkəmə bu faktı aydınlaşdırmamışdır. Belə ki, məhkəmə borclunun ailə üzvləri arasında olan münasibətləri müəyyən etmədən belə qənaətə gəlmişdir ki, borclunun qızını xaricə onun oğlu və ya xəstə qızının əri müşayiət edə bilər. Lakin məhkəmə borclunun oğlunun və ya qızının ərinin qızını ümumən xaricə müşayət etmək istəyib-istəməməsini müəyyən etməmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

9. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir. Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 84-1.1. Icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Maddə 84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Iş materiallarından aydın olur ki, borcludan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi üzrə tələbkarın xeyrinə 1.294.091,24 manat pul tutulmalıdır. Icra sənədi borclu tərəfindən tam icra edilməmiş, bununla da borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır.

14. Hazırda borclu ağır xəstə övladını ölkədən kənarda təxirə salınmadan müayinə və müalicəyə götürməli olmasına istinad edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

15. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclunun qızı yetkinlik yaşına çatmış şəxs olmaqla ailəlidir, həmçinin həmin şəxs borclunun tək övladı deyil, yəni borclu onu ölkə xaricinə gedərkən müşayiət edəcək yeganə şəxs deyil.

16. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli

Fərrux Qasımov

Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar