Məhkəmə qərarları › İş №8(3-6)-339/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-339/2026

30.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-339/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəni verən şəxs “alimentin indeksasiya edilməsi barədə” ərizəsinə dair iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilən şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Tələbkar Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsinin icra üsulu dəyişdirərək, Borclu ilə birgə nikahlarından olan ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olamqla, 440 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin olunmuş, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində aliment tutularaq Ərizəni verən şəxs ödənilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilən şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) ****/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsinə əsasən, övladları — ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X3 üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment ödənilməsi qərara alınmışdır. Sonradan ərizəçi Ərizəni verən şəxs məhkəməyə müraciət edərək, ölkədə yaşayış minimumunun artmasını və qiymət artımını əsas gətirərək alimentin indeksasiya edilməsini (icra üsulunun dəyişdirilməsini) tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin ərizə təmin edilmiş və qərara alınmışdır ki, ondan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.64 misli həddində sabit pul məbləğində aliment tutulsun. O, Borclu, ##.##.2026-cı il tarixli məhkəmə iclasında şəxsən iştirak etmişdir. Məhkəmə qarşısında səmimi şəkildə bildirmişdir ki, bir ata kimi övladlarının maddi tələbatlarını ödəməkdən heç vaxt yayınmır və buna cəhd etmir. Lakin məhkəmənin diqqətinə çox vacib bir faktı – hazırda rəsmi işlədiyini, aylıq əmək haqqının 1160 (min yüz altmış) (gross) net olaraq isə 1000 (min) manat əmək haqqı aldığını və başqa gəlirinin olmadığını və ümumi maddi vəziyyətinin olduqca ağır olduğunu, öhdəsində yaşlı atası və anası olduğunu çatdırmışdır. Təəssüf ki, birinci instansiya məhkəməsi işin hərtərəfli araşdırılması prinsipini pozaraq, yalnız iddiaçının tələbinə əsaslanaraq, mexaniki şəkildə alimentin indeksasiyası barədə qərardad qəbul etdi. Hesab edirə ki, bu qərardad əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Çünki, borclunun rəsmi iş yeri varsa aliment əmək haqqına münasibətdə hesablanmalıdır. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsi (Alimentin miqdarının dəyişdirilməsi) Qanunverici birmənalı şəkildə müəyyən edir ki, alimentin miqdarı dəyişdirilərkən hər iki tərəfin maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq digər hallar nəzərə alınmalıdır. Məhkəmə isə təkərəfli mövqe nümayiş etdirərək yalnız tələbkarın maraqlarını təmin etmiş, onun rəsmi gəlirinin 1000 (min net ) olmasını başqa gəlirinin olmamasını heç bir halda yüngülləşdirici və ya maneəedici hal kimi qiymətləndirməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi (Sübutların qiymətləndirilməsi) Hakim sübutları daxili inamı əsasında, işdə olan bütün halların tam, hərtərəfli və obyektiv baxılmasına əsasən qiymətləndirməlidir. Məhkəmə iclasındakı izahatında maddi durumunun aşağı olduğunu, ailədə 2 yaşlı ata və anasına baxmağı, atasının xəstə olmağını və artımı ödəmək iqtidarında olmadığını bildirsə də, qərardadda bu hallara heç bir hüquqi qiymət verilməmiş, iddialarının əsassızlığı sübuta yetirilmədən birbaşa rədd edilmişdir. Qərardadda onun qazancının aylıq əmək haqqının bu məbləği (xüsusən gələcəkdə minimum əməkhaqqı artdıqca dinamik şəkildə artacaq olan 0.64 mislini) ödəməyə imkan veribvermədiyi ümumiyyətlə araşdırılmamışdır. AR Ailə Məcəlləsinin 76.1.2- ci maddəsi (Alimentin miqdarı) Borclunun rəsmi iş yeri varsa 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi müəyyənləşdirilir. Məhkəmənin gəldiyi nəticə (alimentin minimum əməkhaqqının 0.64 mislinə bağlanması) onun real həyat şərtlərilə kəskin ziddiyyət təşkil edir. İndeksasiyanın məqsədi inflyasiya şəraitində alıcılıq qabiliyyətini qorumaq olsa da, bu, borclunun həmin artımı qarşılamaq iqtidarında olduğu hallarda tətbiq edilə bilər. Onun daimi iş yeri və sabit gəliri var. Bunu məhkəmə prosseisində də qeyd etmişdir. Alimentin minimum əməkhaqqına bağlanaraq avtomatik indeksasiya olunması, onun real imkanlarından xaric öhdəlik yaradır. Bu cür əsassız artım gələcəkdə onun iradəsindən asılı olmayan səbəblərdən aliment borcunun süni şəkildə şişməsinə, icra prosesində həlli qeyri-mümkün olan problemlərin (o cümlədən əsassız yerə məsuliyyətə cəlb olunma təhlükəsinin) yaranmasına gətirib çıxaracaqdır. Bundan əlavə onun öhdəliyində digər ailə üzvülərinin olması, həmçinin ikinci nikahından ailəsinin olması və kredit öhdəliklərinin olması da ona real manelər yaradacaqdır. Bunu nəzərə alaraq, ədalət mühakiməsi tərəflərdən birini çıxılmaz vəziyyətə salmaqla həyata keçirilə bilməz. Göstərilən dəlillərə, eləcə də maddi və məhkəmə təcrübəsinə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399, 400 və 401-ci maddələrini rəhbər tutaraq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının tamamilə ləğv edilməsi, ərizəçi Ərizəni verən şəxs alimentin indeksasiya edilməsi (icra üsulunun dəyişdirilməsi) barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir.

5. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. 6.Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

7. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2 Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsi ilə ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2023-cü il tarixindən başlayaraq Borclu Ərizəni verən şəxs xeyirinə hər bir uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

11. Tələbkar Ərizəni verən şəxs qətnamə ilə təyin olunmuş aliment məbləğinin indeksasiya edilməsini xahiş edir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. -8.4-2 Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

13. " Azərbaycan Respublikasının 2023-cü il üçün minimum əməkhaqqının məbləği 345 manat olmuşdur.

14. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

15. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmiş, 2026-cı il üçün minimum əmək haqqı 400 manat olaraq qalmışdır.

16. Məhkəmə qətnamə çıxan 2023-cı il üzrə bir uşağa görə tutulmuş 200 manat aliment məbləğinin həmin il üzrə minimum əmək haqqı olan 345 manat məbləğinə nisbətini hesabladıqda alınan 0,64 rəqəmini nəzərə almaqla hesab etmişdir ki, cavabdehdən hər ay bir uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 0,64 misli məbləğində alimentin tutulması ədalətli və ağlabatandır.

17. Məhkəmə Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddəsinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarıda şərh edilənləri nəzərə alaraq alimentin indeksasiyası barədə tələbkarın ərizəsini təmin etmişdir.

18. Məhkəmənin mövqeyi ilə razılaşmayan borclu şikayətində aylıq əmək haqqının 1160 (min yüz altmış) (gross) net olaraq isə 1000 (min) manat əmək haqqı aldığını və başqa gəlirinin olmadığını və ümumi maddi vəziyyətinin olduqca ağır olduğunu, öhdəsində yaşlı atası və anası olduğunu, ikinci nikahından ailəsinin olması və kredit öhdəliklərinin olmasını, məhkəmənin yalnız tələbkarın maraqlarını nəzərə aldığını bildirmişdir.

19. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, alimentin indeksasiyasının mahiyyəti sabit pul məbləğində müəyyən edilmiş alimentin vakt keçdikcə inflyasiya və yaşayış minimumuna uyğun artırılaraq pul öhdəliklərinin real dəyərinin qorunması üçün onun yenidən hesablanmasından ibarətdir.

20. İndeksasiya barədə ərizəyə baxan məhkəmə də Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tutulmalı olan 200 manat alimentin qətnamənin qəbul edildiyi tarixə olan minimum əmək haqqına nisbətdə mislini müəyyən etmişdir (200/345=0,64).

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, gəlirin az olması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.

22. Məhkəmə kollegiyası alimentin indeksasiyası üzrə məsələni müzakirə edərkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların tələbkarın üzərinə düşməsini və tələbkarın uşağa qulluq etməsini diqqətəlayiq mənafe kimi nəzərə alaraq alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmasını uşaqların üstün mənafeyinə uyğun hesab edir.

23. Beləliklə, şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar