Məhkəmə qərarları › İş №8(3-6)-340/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-340/2026

31.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-340/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “borclu Borclu məxsus antik əşyaların üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadından borclu Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Icra məmuru borclu Borclu məxsus antik əşyaların üzərinə həbs qoyulması barədə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Borclu vəsatətlə həmin məhkəməyə müraciət edərək xahiş edib ki, təqdimat aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə vəsatət rədd edilib. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin və təqdimatın baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilsin. Şikayət onunla əsaslandırılıb ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu Borclu ünvan 1 ünvanında yaşayır. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, borclunun istinad etdiyi “Icra haqqında” Qanunun 10.1-ci maddəsi məhkəmələr arasında aidiyyəti müəyyən etmir, icra hərəkətinin həyata keçirilməli olduğu yeri müəyyən edir. Icra məmurunun təqdimatına məhkəmədə baxılması “icra hərəkəti” sayılmır. Məhkəmələr arasında aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsi müəyən edir. Həmin maddənin 3-cü cümləsində qeyd olunub: “... borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır”. Təqdimatı verən icra məmurunun olduğu yer Nəsimi rayonudur. Ona görə də təqdimata Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar