Məhkəmə qərarları › İş №8(3-6)-346/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-346/2026

03.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-346/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iş üzrə tələbkar Ərizəni verən şəxs Müseyib qızının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs mübahisəli mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmiş, Maraqlı şəxs və qətnamədə göstərilən digər şəxslərin həmin mənzildən çıxarılması, Ərizəni verən şəxs Müseyib qızının isə mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı (iş № *(102)-3310/2023) ilə dəyişdirilmədən saxlanılmış, bununla da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədi həmin İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun icraatına daxil olmuşdur. İcra işi üzrə ##.##.2024-cü il tarixdə icra hərəkətləri həyata keçirilmiş, Ərizəni verən şəxs mübahisəli mənzilə köçürülmüşdür. İcra məmuru Tohid Nurlu həmin tarixli qərarla icra sənədinin tam icra olunduğunu əsas götürərək icra sənədi üzrə icraata xitam vermişdir. Ərizəni verən şəxs icra məmurunun ##.##.2024-cü il tarixli qərarından şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsini, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini və icra məmurunun barəsində xüsusi qərardad qəbul edilərək, xüsusi qərardadın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi tam icra edilməmiş, Ərizəni verən şəxs mənzilə köçürülsə də, qətnamədə göstərilmiş digər şəxslərin mənzildən çıxarılması təmin olunmamışdır. Həmçinin icraata xitam verilməsi barədə qərarın surəti Ərizəni verən şəxs təqdim edilməmişdir. “İcra məmurunun qərarından şikayətə” baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla “icra məmurunun qərarından şikayətin” təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ərizəni verən şəxs ##.##.2024-cü il tarixdə icra sənədinin tam icra olunduğunu bildirən ərizə ilə icra qurumuna müraciət edərək icraata xitam verilməsini xahiş etmiş, bununla da həmin tarixdən icraata xitam verilməsi barədə qərardan qəbul edilmişdir. Bundan başqa işin hallarından müəyyən edilir ki, Ərizəni verən şəxs icra məmurunun həmin qərarından məlumatlı olmuş, lakin o, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində həmin qərardan şikayət verməmişdir. Ərizəni verən şəxs həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “icra məmurunun qərarından şikayətin” təmin olunmasını xahiş etmişdir. Əsasları “icra məmurunun qərarından şikayətin” əsasları ilə eynilik təşkil edən qərardaddan verilmiş şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi icra sənədinin faktiki olaraq tam icra edilib-edilmədiyini, qərardadda istinad etdiyi ##.##.2024-cü il tarixli ərizənin Ərizəni verən şəxs tərəfindən yazılıb-yazılmadığını, onun tərəfindən imzalanıb-imzalanmadığını araşdırmamışdır. Qeyd edilən ərizə Ərizəni verən şəxs tərəfindən nə yazılmamış, nə də ki, imzalanmamışdır. Bundan başqa, icra məmuru qəbul etdiyi qərarı Ərizəni verən şəxs bugünə kimi təqdim etməmişdir. Buna görə də, o, Ərizəni verən şəxs şikayət vermə müddətini ötürməmişdir. O, “icra məmurunun qərarından şikayəti” də icra məmurunun qərarına istinadən deyil, ehtimallara istinadən yazmağa məcbur olmuşdur. Şikayətə baxmış Səbail Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Apellyasiya baxışı zamanı şikayətçinin nümayəndəsi işə şifahi məhkəmə iclasında baxılması barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) vəsatəti təmin etməmişdir. Belə ki, iş materialları və şikayətdə irəli sürülmüş dəlillər məsələnin yazılı icraat qaydasında həlli üçün kifayət edir. Buna görə də Məhkəmə hesab etmişdir ki, işə şifahi məhkəmə iclasında baxılmasına ehtiyac yoxdur. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və icra məmurunun qərarından verilmiş şikayətə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi icra sənədi üzrə icraata “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi üçün yeganə şərt həmin icra sənədinin tam icra olunmasıdır. İcra icraatının başlanmasına əsas olmuş “İcra vərəqəsinin” verilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, (1) Maraqlı şəxs və başqaları mübahisəli mənzildən çıxarılmalı, (2) Ərizəni verən şəxs isə mənzilə köçürülməlidir. “İcra məmurunun qərarından şikayətdə” Ərizəni verən şəxs bildirir ki, qətnamə tam icra edilməmiş, o, mənzilə köçürülsə də, qətnamədə göstərilmiş digər şəxslərin mənzildən çıxarılması təmin olunmamışdır. Rayon Məhkəməsinin qərardadından verdiyi şikayətdə isə Ərizəni verən şəxs bildirir ki, icra icraatına xitam verilməsi haqqında qərarı qəbul etmiş icra məmuru onun adından yazılmış “icra icraatına xitam verilməsi haqqında” ərizəyə istinad etmişdir ki, həmin ərizə onun tərəfindən nə yazılmamış, nə də ki, imzalanmamışdır. Lakin işin hallarından görünür ki, Rayon Məhkəməsi qeyd edilən halları araşdırmamış, həmin halların araşdırması məqsədi ilə icra içini İcra Şöbəsindən götürməməmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslandırlmış və işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilməsi mümkün deyil. Yuxarıda artıq qeyd edildiyi kimi, Rayon Məhkəməsi tələbkar Ərizəni verən şəxs verdiyi “icra məmurunun qərarından şikayəti” həmçinin ona görə təmin etməmişdir ki, Ərizəni verən şəxs icra məmurunun qərarından şikayəti “İcra haqqında” Qanununun 20.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verməmişdir. Məhkəmə, Rayon Məhkəməsinin bu nəticəsini də yuxarıda qeyd edilən əsasa görə əsaslı hesab edə bilmir. Çünki qeyd edilən müddətin ötürülmüş hesab edilməsi üçün “icra icraatına xitam verilməsi haqqında” ərizənin həqiqətən də Ərizəni verən şəxs tərəfindən ən azından imzalanması müəyyən edilməlidir. Lakin Rayon Məhkəməsi həmin ərizənin Ərizəni verən şəxs tərəfindən yazılıb-yazılmamasını, imzalanıb-imzalanmamasını araşdırmamış, zəruri olduğu halda həmin məsələnin araşdırılması məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəni verən şəxs Müseyib qızının şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Ərizəni verən şəxs Müseyib qızının verdiyi “icra məmurunun qərarından şikayətə” yenidən baxılması üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar