Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-348/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015ci il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 292,99 pul məbləğini indeksləşdirərək 2015ci il dekabr ayından 2026-cı il aprel ayınadək 197,90 faiz artımı (292,99 manat x 197,90% = 579,83 manat) nəzərə alaraq cəmi 872,82 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə ərizə geri qaytarılmış, tələbkar Tələbkar izah edilmişdir ki, o, ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Həmin qərardaddan tələbkar Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi indeksasiya institutunun məqsədinin məhkəmə qərarının icrası zamanı pul vəsaitinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpası olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamış, indeksasiya hüququnun həyata keçirilməsini qanunda nəzərdə tutulmayan məhdudiyyətlərdən asılı vəziyyətə salmış və nəticədə hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər tətbiq etməklə indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmış və nəticədə normanı düzgün tətbiq etməmişdir. Məhkəmə qanunvericilikdə mövcud olmayan əlavə tələblər tətbiq etmiş, ərizəçinin üzərinə nəzərdə tutulmayan sübutetmə yükü qoymuş və bununla da prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ərizənin mahiyyəti üzrə baxmadan, yalnız məhkəmə aidiyyəti ilə bağlı mülahizələrə əsaslanaraq ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə prosessual qanunvericiliyin tələblərinə tam uyğun deyildir. Bundan əlavə, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017ci il tarixli qərarına istinad etməklə indeksasiya məsələsinə qətnaməni qəbul etmiş məhkəmənin baxmalı olduğunu qeyd etsə də, həmin hüquqi mövqedən irəli gələn nəticəni prosessual baxımdan əsaslandırmamışdır. Belə ki, qərardadda ərizənin mahiyyəti üzrə baxılmasının mümkün olmamasının səbəbləri, ərizənin aidiyyəti üzrə göndərilməsinin niyə mümkün hesab edilmədiyi əsası göstərilməmişdir. Bu isə qərardadın motivləndirilməsinin natamam olduğunu göstərir. Birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir. Məhkəmə tərəfindən indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların mövcudluğu və həmin halların ərizənin geri qaytarılması üçün hüquqi əsas yaratması sübuta yetirilməmişdir. Qərardadda istinad edilən nəticələr iş materiallarında olan sübutlardan irəli gəlmir, həmin nəticələrlə sübutlar arasında səbəbli əlaqə göstərilmir və məhkəmə tərəfindən bu halların hansı sübutlarla müəyyən edildiyi əsaslandırılmır. Bundan əlavə, məhkəmə indeksasiya institutunun tətbiqinə maneə kimi qəbul etdiyi halların qanunvericilikdən irəli gəldiyini və ya ərizəçinin hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas təşkil etdiyini sübut etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticələr ehtimallara və normanın geniş təfsirinə əsaslanmış, lakin mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tələbkar hazırda Beyləqan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015ci il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş pulun indeksasiyasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2017-ci tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, tələbkar məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası ilə bağlı pulun tutulması barədə hansı məhkəmədə qətnamə qəbul edilibsə həmin məhkəməyə müraciət etməlidir. İş materiallarından görünür ki, tələbkar tərəfindən indekasasiyası edilməsi xahiş edilən mübahisə üzrə qətnamə Beyləqan Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tələbkar hazırki ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, aidiyyatı üzrə Beyləqan Rayon Məhkəməsinə müraciət etməlidir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan hər hansı əlavə şərtlər tətbiq edilməmiş, indeksasiya hüququnun həyata keçirilməsi əsassız olaraq məhdudlaşdırılmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2017-ci tarixli Qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə istinad etməklə indeksasiya barədə ərizəyə mübahisə üzrə qətnamə qəbul edilmiş məhkəmə tərəfindən baxılmalı olmasını tələbkara izah etmiş və ərizə geri qaytarılmışdır. Göründüyü kimi, tələbkarın indeksasiya hüququ məhdudlaşdırılmayıb, sadəcə hüququn reallaşdırılması üçün yanlış ünvan (məhkəmə) seçilib. Tələbkar pulun tutulması haqqında qətnaməni faktiki olaraq hansı məhkəmə çıxarıbsa, indeksasiya haqqında ərizə ilə də həmin məhkəməyə müraciət etməlidir. Belə olan halda Məhkəmə Kollegiyası şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-348/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-348/2026
03.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver