Məhkəmə qərarları › İş №8(3-6)-349/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-349/2026

05.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-349/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar Tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş “ödənilməli pul məbləğinin indeksasiya edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Tələbkar Tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(5- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi indeksasiya institutunun məqsədinin məhkəmə qərarının icrası zamanı pul vəsaitinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpası olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamış, indeksasiya hüququnun həyata keçirilməsini qanunda nəzərdə tutulmayan məhdudiyyətlərdən asılı vəziyyətə salmış və nəticədə hüquq normasını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin məqsədi məhkəmə qərarı ilə müəyyən edilmiş pul məbləğinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpasından ibarətdir. Məhkəmə isə qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər tətbiq etməklə indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmış və nəticədə normanı düzgün tətbiq etməmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində indeksasiya barədə ərizəyə baxılması qaydası müəyyən edilmişdir. Həmin normada ərizənin təmin olunması üçün məhkəmənin qərardadda istinad etdiyi əlavə prosessual şərtlər nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qanunvericilikdə mövcud olmayan əlavə tələblər tətbiq etmiş, ərizəçinin üzərinə nəzərdə tutulmayan sübutetmə yükü qoymuş və bununla da prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 232-ci maddəsinin hüquqi mahiyyətini düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan norma ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılmasını, işdə iştirak edən şəxslərin bu barədə xəbərdar edilməsini və məsələnin mahiyyəti üzrə həll edilməsini nəzərdə tutur. Qanunvericilikdə belə ərizələrin təqdim olunması zamanı iddia ərizələrinə dair MPM-in 149cu maddəsində nəzərdə tutulmuş tələblərin tətbiq edilməsi və ya həmin əsaslarla ərizənin geri qaytarılması barədə xüsusi norma mövcud deyildir. Birinci instansiya məhkəməsi MPM-in 13.4cü maddəsinə istinad etməklə qanunun analogiyasını tətbiq etmiş və MPM-in 152-ci maddəsinə əsasən ərizəni geri qaytarmışdır. Halbuki, hüquq analogiyası yalnız hüquqi tənzimləmədə boşluq mövcud olduqda və bu boşluğun aradan qaldırılması şəxsin prosessual hüquqlarının məhdudlaşdırılmasına səbəb olmadıqda tətbiq edilə bilər. Hazırkı halda isə MPM-in 232-ci maddəsi ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə baxılmasının xüsusi prosessual qaydasını müəyyən etdiyindən, iddia ərizələrinin geri qaytarılmasına dair normaların analogiya üzrə tətbiqi yolverilməzdir. Ərizəyə əlavə edilmiş sənədlərin kifayət edib-etməməsi, məhkəmə aktının icraya yönəldilməsi, icra vəziyyəti, indeksasiya üçün hüquqi əsasların mövcudluğu və digər faktiki hallar ərizənin qəbul edilməsindən sonra məhkəmə iclasında araşdırılmalı və təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə mahiyyəti üzrə qərar qəbul edilməli idi. Bu hallar ərizənin geri qaytarılması üçün deyil, zərurət olduqda ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilərdi. Beləliklə, birinci instansiya məhkəməsi MPM-in 232-ci maddəsinin imperativ tələblərini pozaraq ərizəyə mahiyyəti üzrə baxmaq əvəzinə onu geri qaytarmış, bununla da ərizəçinin məhkəmə müdafiəsi və məhkəmə aktının səmərəli icrasını təmin edən indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Bu səbəbdən mübahisələndirilən qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Beləliklə, hazırkı iş üzrə məhkəmə ərizəyə müəyyən sənədlərin əlavə edilməməsini əsas gətirərək indeksasiya barədə ərizəni geri qaytarılmışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına, hüquqi müəyyənlik prinsipinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə uyğun deyildir. Belə ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edir. Hazırkı halda isə söhbət iddia icraatından deyil, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi əsasında verilmiş indeksasiya barədə ərizədən gedir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində indeksasiya barədə ərizənin məzmununa, ona əlavə edilməli sənədlərə və ya ərizəçinin təqdim etməli olduğu sübutlara dair hər hansı tələb müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin analogiya qaydasında tətbiq edilməsinə istinad ediləcəyi təqdirdə də belə yanaşma hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən qanunda birbaşa tənzimlənməyən münasibətlərə hüquq analogiyası və ya qanun analogiyası tətbiq edilə bilər. Lakin analogiyanın məqsədi qanunda mövcud olan boşluğun aradan qaldırılmasıdır. Analogiya tətbiq edilməklə qanunvericilikdə nəzərdə tutulmayan yeni öhdəliklərin yaradılması, şəxsin hüquqlarının məhdudlaşdırılması və ya onun üzərinə əlavə vəzifələrin qoyulması yolverilməzdir. Hazırki halda məhkəmə faktiki olaraq qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin təqdim edilməsini ərizəçinin üzərinə vəzifə kimi qoymuş, həmin vəzifənin icra edilməməsini isə ərizənin geri qaytarılması üçün əsas hesab etmişdir. Bundan əlavə, indeksasiya barədə ərizəyə məhz həmin qətnaməni qəbul etmiş məhkəmə tərəfindən baxılır. Bu səbəbdən qətnamə, iş materialları, icra sənədləri, icra vərəqələri və digər prosessual sənədlər artıq məhkəmənin sərəncamında olur. Belə olan halda məhkəmənin öz arxivində və ya iş materiallarında mövcud olan sənədlərin yenidən ərizəçidən tələb edilməsi nə prosessual qənaət prinsipinə, nə də məhkəmə araşdırmasının səmərəliliyi məqsədinə xidmət edir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmənin tələb etdiyi sənədlərin əhəmiyyətli hissəsi əksər hallarda vətəndaşın sərəncamında olmur. Həmin sənədlər məhkəmə arxivində, icra qurumlarında və ya digər dövlət orqanlarında saxlanılır. Belə olan halda dövlət orqanlarının sərəncamında olan məlumatların əldə edilməsini vətəndaşın üzərinə vəzifə kimi qoymaq, daha sonra həmin vəzifənin yerinə yetirilməməsini ərizənin geri qaytarılması üçün əsas hesab etmək ədalətli məhkəmə araşdırması prinsipi ilə uzlaşmır. Birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir. Məhkəmə tərəfindən indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların mövcudluğu və həmin halların ərizənin geri qaytarılması üçün hüquqi əsas yaratması sübuta yetirilməmişdir. Qərardadda istinad edilən nəticələr iş materiallarında olan sübutlardan irəli gəlmir, həmin nəticələrlə sübutlar arasında səbəbli əlaqə göstərilmir və məhkəmə tərəfindən bu halların hansı sübutlarla müəyyən edildiyi əsaslandırılmır. Bundan əlavə, məhkəmə indeksasiya institutunun tətbiqinə maneə kimi qəbul etdiyi halların qanunvericilikdən irəli gəldiyini və ya ərizəçinin hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas təşkil etdiyini sübut etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticələr ehtimallara və normanın geniş təfsirinə əsaslanmış, lakin mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Maddə 152.2. Iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. Iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. Iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## ####### tarixli Qərarında ifadə etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2- ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il ## ##### tarixli Qərarı). Indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Qeyd edilməlidir ki, indeksasiya institutunun tətbiqində yaranan qeyri-müəyyənlik əsasən indeksasiyanın həyata keçirilmə anı ilə bağlı olmaqla Mülki Prosessual Məcəllənin 232-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi tənzimetmənin natamamlığından irəli gəlir. Belə ki, indeksasiyanın məqsədinin məhz məhkəmə aktının icra olunduğu gün üçün tutulmalı olan pul məbləğinin dəyərinin həmin aktın qanuni qüvvəyə mindiyi gün mövcud olmuş dəyərə münasibətdə bərabərləşdirilməsini təmin etmək olduğu, məhkəmə aktının borclu tərəfindən icra olunacağı günün isə əvvəlcədən məhkəməyə bəlli olmasının mümkünsüzlüyü nəzərə alınarsa, indeksasiyanın qərarın icra gününə uyğun iqtisadi göstəricilərə əsasən aparılmasında qeyrimüəyyənlik yaranmış olur. Habelə nəzərə alınmalıdır ki, indeksasiya ilə bağlı ərizələr əsasən icrası uzanan məhkəmə qərarları üzrə irəli sürülür. Belə hallarda, eləcə də məhkəmə qərarlarının qismən icrası zamanı kreditor tərəfindən tutulmalı pul məbləğlərinin indeksasiya edilməsi üçün məhkəməyə təkrarən müraciət etməsi ilə bağlı da qeyri-müəyyənlik yaranmış olur. Mülki Prosessual Məcəllənin 232ci maddəsi ilə belə imkan istisna edilmiş olmasa da, bu prosessual qənaət prinsipi ilə uzlaşmamaqla məhkəmələrin artıq iş yükü ilə yüklənməsinə səbəb olur. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Konstitusiyanın 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Mülki Prosessual Məcəllənin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Iş materiallarından görünür ki, tələbkar (ərizəçi) tərəfindən hazırki ərizə ilə məhkəməyə müraciət edilərkən tələbkar öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutları (indeksasiya edilməsi tələb edilən məhkəmə qərarının icrası ilə əlaqədar qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı borcluya göndərilmiş bildiriş, görülmüş məcburi icra tədbirləri, borclu tərəfindən aparılmış ödənişlər və onların həyata keçirildiyi tarix, icra sənədinin hazırki icra vəziyyəti və ümumiyyətlə icra sənədinin müvafiq icra şöbəsinin icraatında olubolmamasına dair müvafiq sənədlər və s.) ərizəyə əlavə etməmişdir. Tələbkar şikayətdə qeyd etmişdir ki, məhkəmə qərarı ilə tutulmuş pul məbləğinin indeksasiyasına dair ərizələrin forma və məzmununa dair qüvvədə olan MPM tərəfindən hər hansı bir tələb nəzərdə tutulmamış, ərizəyə baxan məhkəmə tərəfindən ərizənin məzmunu ilə bağlı analogiyanın tətbiq edilməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, tələbkarın vurğuladığı bu halla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 2025-ci il ## ##### tarixli Qərarında da göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur”. Göründüyü kimi indeksasiya institutu birinci instansiya məhkəməsində icraatın növlərindən biri olan iddia icraatının davamı, yəni qəbul edilmiş məhkəmə qərarı ilə tutulmuş pul məbləğinin verilmiş ərizə əsasında icra icraatı qaydasında baxılmasını özündə ehtiva etməkdədir. Mülki məhkəmə icraatının əsas prinsipi olan çəkişmə prinsipi yalnız iddia icraatında deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə bağlı həyata keçirilən icra icraatında da tətbiq edilən ən vacib prinsipdir. Əks halda məhkəmə icra icraatı çərçivəsində verilmiş şikayət və ərizələrə məhkəmə iclasında deyil, məhkəmə iclasından kənar prosessual hərəkət kimi baxıb qiymət verərdi. Belə olduğu halda iddia ərizəsinin forma və məzmununa dair tələblər məhkəmə aktı ilə tutulmuş pul məbləğinin indeksasiyasına dair ərizələrə də şamil edilməlidir. Bu hal Mülki Prosessual Məcəllənin 232-ci maddəsinin həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməsi ilə də təsbit edilmişdir. Tələbkar şikayətdə həmçinin məhkəmə aktı ilə tutulmuş pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinin geri qaytarılmasının onun indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmasını bildirmişdir. Kollegiya bu xüsusatla bağlı qeyd edir ki, ərizənin geri qaytarılması həmin ərizənin verilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasından sonra yenidən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması anlamına gəlmir. Belə ki, məhkəmə ərizənin qəbul edilməsindən imtina etməmiş, həmin ərizə MPM-nin tələblərinə uyğun verilmədiyi üçün yol verilmiş nöqsanlar sadalanmaqla geri qaytarılmışdır. Məhkəmə onu da qeyd edir ki, ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını özündə ehtiva edir. Indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Sadalananlardan da aydın olduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmuş pul məbləğinin indeksasiya edilməsi üçün həmin məhkəmə aktı icraya yönəldilmiş olmalı, məhkəmə aktı icra mərhələsində olmaqla icra edilməmiş (və ya qismən icra edilməmiş) olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan halları sübut etmək yükü isə tələbkarın üzərinə düşür. Tələbkarın şikayətdə qeyd etdiyi digər bir məsələ məhkəmə tərəfindən tələb edilən sənədlərin məhkəmənin arxivində, icra qurumlarında və ya digər dövlət orqanlarında saxlanılmasının, belə olan halda dövlət orqanlarının sərəncamında olan məlumatların əldə edilməsinin vətəndaşın üzərinə vəzifə kimi qoyulmasının, daha sonra həmin vəzifənin yerinə yetirilməməsinin ərizənin geri qaytarılması üçün əsas hesab edilməsinin ədalətli məhkəmə araşdırması prinsipi ilə uzlaşmamasıdır. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, mülki məhkəmə icraatı ölkənin əsas qanunu olan Konstitusiyada nəzərdə tutulmuş icraatın növlərindən biri olub bu icraatın həyata keçirilməsinin məqsədi həqiqətin müəyyən edilməsindən ibarətdir. Hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir ki, onlardan biri “formal həqiqət”, digəri isə “obyektiv həqiqət”dir. Həqiqətin növlərinə əsasən məhkəmə icraatları da mülki, cinayət və inzibati məhkəmə icraatı kimi növlətə ayrılmışdır. Bərabərhüquqlu subyektlər arasındakı mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələri və kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki mübahisə də bərabərhüquqlu subyektlər arasındakı mübahisə olub bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR IPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buradan da aydın olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə vermiş tələbkar həmin məhkəmə aktının icraya yönəldiyini, hazırda icra prosesinin davam etdiyini və icra sənədinin icra edilmədiyini və ya qismən icra edildiyini sübut etmək yükü və bununla bağlı sübutlarını da ərizə ilə birlikdə məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Qeyd edilən halın əksi tətbiq edildiyi halda bu, tələbkarın yalnız ərizə ilə məhkəməyə müraciət edərək sübutetmə yükünü, eləcə də sübutların əldə edilməsi vəzifəsini məhkəmənin üzərinə qoyması ilə nəticələnməklə mülki məhkəmə icraatının ana prinsipi olan çəkişmə prinsipinin mahiyyətinə zidd olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq hesab etmişdir ki, tələbkar Tələbkar hazırki ərizə ilə məhkəməyə müraciət edərkən qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bu baxımdan ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar