Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-351/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Əmlak üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından icra sənədi üzrə tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsinə əsasən borclu1 və borclu2 90 150 ABŞ dollarının və 30 manatın alınıb Tələbkar verilməli olduğunu, icra sənədinin ##.##.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olduğunu və qanunamüvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərarın bildirişlə bərabər icra sənədi üzrə borclu borclu1 və borclu2 göndərildiyini, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edildiyini, borclu2 İlyas oğlunun həyat yoldaşı X3 məxsus olan “BMW İ5 Edrive 40" minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobiliin mövcudluğunun müəyyənləşdirildiyini bildirmiş, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadın çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) ## ##### 2026-cı il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Məhkəmə hesab etmişdir ki, tələbkar ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə vermək hüququna malikdir, buna görə də avtomobilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Həmin qərardaddan, qərardadın maraqlarına toxunduğu üçüncü şəxs qismində Quliyev Gülnar İbrahim qızı şikayət vermiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Notarial qaydada alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi avtonəqliyyatı Baş Dövlət Yol Polis İdarəsində xüsusi mülkiyyətinə adına keçirmək istədiyi zaman nəqliyyatın üzərində həbs olduğu bildirilmişdir. Məlum olmuşdur ki, Xətai Rayon Məhkəməsinin qərardadına əsasən avtonəqliyyatın özgəninkilləşdirilməsinə qadağan qoyulubdur. Xətai Rayon Məhkəməsinə vəkil müraciəti ilə müraciət edilərək aydınlaşdırılmışdır ki, Xətai Rayon İcra Şöbəsinin İcra məmuru Mahru Nağıyeva tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata Xətai Rayon Məhkəməsi baxaraq qərara almışdır ki, təqdimat təmin edilsin və X3 mülkiyyətində olan "BMW I5 Edrive 40” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkilləşdirilməsi qadağan edilsin. Hesab edir ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva tərəfindən həmin avtonəqliyyatın üzərinə həbs qoyulması ona əsasən xahiş edilmişdir ki, borclu Səfərov borclu2 Nuriyyə Zamin qızının həyat yoldaşı olduğu üçün, birgə nikah dövründə əldə edilmiş əmlak həmin avtonəqliyyat olduğuna görə üzərinə həbs qoyulmalıdır. Lakin bildirmək lazımdır ki, borclunun həyat yoldaşı X3 ilə Quliyeva Gülnar İbrahim qızı arasında ## ###### 2025-ci il tarixdə, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təstiq edilmiş alqı-satqı müqaviləsi bağlanaraq, həmin alqı-satqı müqaviləsinə əsasən X3 tərəfindən Quliyeva Gülnar İbrahim qızına 103 000 (bir yüz üç min) manat məbləğində həmin **-TS-*** dövlət qeydiyyat nişanlı “BMW I5 Edrive 40” minik markalı avtonəqliyyatı satılmışdır. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ## ###### 2025-ci il tarixdə bağlanmışdır. İcra məmuru tərəfindən isə təqdimatla ## #### 2026-ci il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bu kimi halda bəlli olur ki, artıq avtonəqliyyat maraqlarına toxunan üçüncü şəxs Quliyeva Gülnar İbrahim qızına məxsusdrur. Belə ki, həmin avtonəqliyyat üzrə rəsmi olaraq, notarial qaydada alqı-satqı müqaviləsi, əqd bağlanıbdır və bu halda artıq avtonəqliyyat Quliyeva Gülnar İbrahim qızına məxsus olmuş hesab edilir”. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, ##.##.2026-cı il tarixli qərardadın ləğv olunması, Quliyeva Gülnar İbrahim qızının mülkiyyətində olan "BMW I5 Edrive 40" minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, icra məmuru təqdimatla müraciət edərkən "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən borclu borclu2 İlyas oğlunun həyat yoldaşı X3 məxsus olan “BMW İ5 Edrive 40" minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar olunduğna əsaslanaraq, həmin avtomobilin üzərinə həbsin qoyulmasına naiil olsa da, hal-hazırda təsdiq edilir ki, həmin avtomobil ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 tərəfindən Quliyeva Gülnar İbrahim qızına satılmışdır. Belə olan halda, üzərinə həbs qoyulmuş əmlak borcluya məxsus olmadığından, həmin avtomobil başqa şəxsin mülkiyyətində olduğundan, maraqlarına toxunan üçüncü şəxs Quliyeva Gülnar İbrahim qızının şikayəti əsaslı olduğundan təmin edilməli, təqdimat təmin olunmamalıdır. Həmin qərardaddan icra sənədi üzrə tələbkar Tələbkar verdiyi şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Masallı Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsinə əsasən borclu2 İlyas oğlundan və X1 onun xeyrinə 90 150 ABŞ dolları və dövlət rüsumu tutulmalı olmuş, qətnamə qanuni qüvvəyə minmiş və icrası üçün icra sənədi verilmiş, icra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına qəbul edilmişdir. Lakin borclu uzun illər ərzində məhkəmə qətnaməsini könüllü icra etməmiş, borcun ödənilməsindən qəsdən yayınmış, nəticədə məcburi icra tədbirləri görülməyə başlanmışdır. İcra hərəkətləri zamanı "Elektron İcra” informasiya sistemindən müəyyən edilmişdir ki, borclunun həyat yoldaşı X3 adına “BMW i5 eDrive40” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. İcra məmuru tam əsaslı olaraq həmin avtomobilin nikah dövründə əldə edilmiş ümumi əmlak olmasını nəzərə alaraq onun üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə həmin təqdimat təmin edilmiş və avtomobil üzərində özgəninkiləşdirmə qadağan edilmişdir. Lakin bundan sonra maraqlarına toxunan üçüncü şəxs Quliyeva Gülnar İbrahim qızı həmin avtomobili guya ## ###### 2025- ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığını bildirərək məhkəməyə şikayət vermişdir. Məhkəmə isə yalnız həmin notariat müqaviləsinə əsaslanaraq əvvəlki qərardadı ləğv etmiş, avtomobil üzərində qoyulmuş həbsi aradan qaldırmış və icra məmurunun təqdimatını təmin etməmişdir. Hesab edir ki, həmin qərardad qanunsuz, əsassız, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə yalnız formal alqısatqı müqaviləsinin mövcudluğunu əsas götürmüş, lakin avtomobilin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olması, borclunun icra sənədindən yayınmaq məqsədilə əmlakı özgəninkiləşdirməsi ehtimalı, alıcının vicdanlı əldə edən olub-olmaması, müqavilə üzrə pul vəsaitinin faktiki ödənilməsi və digər mühüm hüquqi halları ümumiyyətlə araşdırmamışdır. Bu səbəbdən qəbul edilmiş qərardad qanunçuluq, obyektivlik və məhkəmə araşdırmasının tamlığı prinsiplərinə ziddir və ləğv edilməlidir”. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, iş Quliyeva Gülnar İbrahim qızının ## ##### 2026-cı il tarixli qərardaddan verdiyi şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə Quliyeva Gülnar İbrahim qızının təqdim etdiyi ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanaraq nəqliyyat vasitəsinin onun mülkiyyətinə keçdiyi nəticəsinə gəlmiş, lakin həmin müqavilənin icra sənədi üzrə tələbkarın hüquqlarına təsir edən hüquqi nəticələrinin müəyyən edilməsi üçün zəruri olan halları araşdırmamışdır. Halbuki, Gülnar Quliyevanın şikayətinə baxılarkən aşağıdakı hallar müəyyən edilməli idi: nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bağlandığı tarixdə və həbs qoyulan vaxtda kimin adına dövlət qeydiyyatında olması; alqı-satqı müqaviləsindən sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyatında dəyişiklik edilib-edilməməsi; alıcının həmin nəqliyyat vasitəsi üzərində faktiki sahiblik və istifadə hüququnu həyata keçirib-keçirməməsi; bağlanmış əqdin icra sənədi üzrə tələbkarın hüquqlarına təsir edən hallarla bağlı qiymətləndirilməli digər məsələlərin mövcudluğu. Qeyd olunmalıdır ki, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğu özüözlüyündə icra sənədi üzrə tələbkarın hüquqlarına toxunan bütün halların araşdırılmasını istisna etmir - icra icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması məsələsinə baxan məhkəmə təqdim edilmiş sübutları yalnız formal mövcudluğu baxımından deyil, onların icra sənədinin icrasına təsiri baxımından qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi yalnız alqı-satqı müqaviləsinin mövcudluğuna istinad etməklə avtomobilin borclunun əmlakı ilə əlaqəsinin olmadığını qəbul etmiş, digər mühüm hallara isə hüquqi qiymət verməmişdir. Həmin məsələlərin müəyyən edilməsi üçün əlavə sübutların araşdırılması, tərəflərin və maraqlarına toxunan şəxslərin mövqelərinin tam qiymətləndirilməsi zərurəti yaranır ki, bu da birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olan prosessual hərəkətlərdir. Buna görə də kollegiya hesab edir ki, məhkəmənin mübahisələndirilən qərardadı ləğv olunmalı, iş üzrə qeyd olunan hallar araşdırılmaqla Quliyeva Gülnar İbrahim qızının şikayətinə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin və iş, Quliyeva Gülnar İbrahim qızının ## ##### 2026-cı il tarixli qərardaddan verdiyi şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Səadət Səlimova Azad İmanov
Məhkəmə qərarları › İş №8(3-6)-351/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-351/2026
06.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver