Məhkəmə qərarları › İş №8(3-6)-359/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-359/2026

04.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-359/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Tələbkar Tələbkar məhkəməyə şikayət ünvanlayaraq Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədi üzrə icra tədbirlərinin dərhal davam etdirilməsi barədə göstəriş verilməsi, borclunun əmlak və gəlirlərinin tam və obyektiv araşdırılmasının təmin edilməsi, borcun tutulması üçün qanunla nəzərdə tutulmuş bütün məcburi icra tədbirlərinin tətbiq edilməsi, icra məmurunun qanunsuz qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Sabunçu rayon Icra Şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması haqqında ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli ##.##.2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi və həmin icra işi üzrə icra hərəkətlərinin davam etdirilməsi müəyyən edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönləndirilmiş və müvafiq icra tədbirləri həyata keçirilmişdir. Belə ki, əmlak vəziyyəti yoxlanılmış, əmlak və gəlirləri müəyyən edilməmiş, onun ölkədən getmək hüququ məhdudlaşdırılmış, inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin qətnamədən verilmiş icra sənədi barəsində müvafiq tədbirlər görüldükdən sonra məhkəməyə geri qaytarılmasına dair qərar qəbul edilərək məhkəməyə geri qaytarılmışdır. Lakin həmin dövrdən bu günə kimi nə onun sosial, nə də maliyyə vəziyyəti yaxşıya doğru dəyişməmişdir. Əksinə maddi və sosial vəziyyəti pisləşməklə yanaşı səhhəti də pisləşmişdir. Lakin bütün bunlara baxmayaraq icra məmuru yuxarıda göstərilən xüsusatları araşdırmamış və icra sənədini icraata qəbul edərək ona icraata başlamaq haqqında qərar göndərmişdir. Icra məmurunun icra sənədinin geri qaytarılmasına dair qərarı Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ləğv olunsa da, həmin qərardad ona ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə çatdırılmış və həmin vaxt onun bundan xəbəri olmuşdur. Həmin məhkəmə prosesinə nə dəvət olunmuş, nə də ki iştirak etmişdir. Qeyd edir ki, icra sənədinin geri qaytarılmasına səbəb olan hallar aradan qalxmamış, həmin dövrdəki maddi və sosial vəziyyəti pisləşməklə yanaşı səhhəti də pisləşmişdir. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Tələbkar şikayətə yazılı etiraz edərək qeyd etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi ilə borclu Borclu mənim xeyrimə 45 000 (qırx beş min) manat pul vəsaitinin tutulması barədə qərar qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icrası məcburi xarakter daşıyır. Lakin qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu bu günədək həmin borcun heç bir hissəsini, hətta bir manatını belə ödəməmişdir. Borclu məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmənin hökmü ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin azyaşlı övladının 14 yaşı tamam olmadığı üçün cəzanın icrası qanunvericiliyə uyğun olaraq təxirə salınmışdır. Borclunun övladının 14 yaşı ## ### 2028-ci il tarixində tamam olacaqdır. cəzanın icrasının təxirə salınması borclunu mülki öhdəliklərini yerinə yetirməkdən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən azad etmir. Buna baxmayaraq, borclu bu günədək məhkəmə qərarının icrasından yayınmaqda davam edir. Borclu şikayətində maddi vəziyyətinin ağır olduğunu və borcu ödəmək imkanının olmadığını bildirir. Lakin şəxsin maddi vəziyyətinin ağır olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra edilməməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, borclunun digər şəxslər qarşısında da borc öhdəliklərinin olması barədə məlumatı vardır. Belə ki, Sabunçu Rayon Icra Şöbəsində olarkən Diniyeva Ülkər adlı şəxslə qarşılaşmışdır və ona məlum olmuşdur ki, borclu həmin şəxs qarşısında olan borcun müəyyən hissəsini, təxminən 19 000 (on doqquz min) manat məbləğini ödəmişdir. Lakin onun xeyrimə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş 45 000 manat borcdan bu günədək heç bir ödəniş edilməmişdir. Bu hal borclunun "heç bir ödəmə imkanım yoxdur" barədə mövqeyinin obyektivliyinə şübhə yaradır və borclunun öhdəliklərini yerinə yetirməsində fərqli yanaşma göstərdiyini ehtimal etməyə əsas verir. Həmçinin qeyd edir ki, borclunun ona borclu olduğu uzun illər ərzində onun qızının Polşa Respublikasında ali təhsil alması, orada yaşaması üçün zəruri xərclərin qarşılanması və digər maliyyə təminatlarının həyata keçirilməsi barədə məlumatı vardır. Lakin onun qanuni tələbinə gəldikdə borclu daim maddi imkanının olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarda göstərilmişdir ki, icra sənədi üzrə borclu Borclu 45000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Tələbkar xeyrinə ödənilməlidir. ##.##.2021-ci il tarixində borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi Şöbə vasitəsilə şəxsən qəbul etmişdir. Borcluya könüllü icra üçün 10 gün könüllü müddət verilmişdir. "Elektron Icra" Informasiya Sistemdən əldə olunmuş məlumatlara əsasən borclunun mülkiyyətində tələbin yönələ biləcəyi əmlak aşkar edilməmiş, pensiya və müavinət almadığı müəyyən edilmişdir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun Icra sənədində göstərilən ünvan 1 ünvanında olmuşlar. Tələbin yönələ biləcəyi əmlak aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli Inzibati xəta haqqında iş üzrə qərarına əsasən, borclu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Icra məmurunun əsaslandırılmış təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. ##.##.2022-ci il tarixində həmin qərardad icra olunması üçün AR ƏN Icra Baş idarəsinə göndərilmişdir. Borclu Borclu Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmü ilə 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə borclunun mülkiyyətində tələbin yönələ biləcəyi əmlak, gəlir yerləri aşkar edilmədiyindən icra sənədi “Icra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən rayon məhkəməsinə geri qaytarılmışdır. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 1) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 2) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 3) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 4) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 5) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması;

2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il # ### tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Iştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il ## #### tarixli Qərar, § 40). Məhkəmə borclunun dəlillərinə münasibətdə qeyd edir ki, müəyyən edildiyi kimi ##.##.2020-ci il tarixli icra vərəqi 5 ildən çoxdur ki, icra edilməmişdir. Iş materiallarından müəyyən olur ki, icra sənədinin məhkəməyə qaytarılması barədə ##.##.2023-cü il tarixli qərar qəbul edilənədək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə qərarının icra edilməsi “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi olduğundan, məhkəmə qərarının icra edilmədən qalması ədalət mühakiməsinə ziddir. Odur ki, Məhkəmə hesab edir ki, rayon məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar