Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-360/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-***)- ***/**** saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iş üzrə borclu Ərizəni verən şəxs verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Ərizəni verən şəxs ərizə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri ** saylı Notariat Ofisində ##.##.2024-cü il tarixdə M-337 reyestr nömrəsi ilə bağlanmış borc müqaviləsi üzrə ##.##.2024-cü il tarixli “İcra qeydinə” əsasən tələbkar Tələbkar ödənilməli olan qalıq 10.000 manat məbləğində borcun hissəhissə icra edilməsinə icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu müqavilə üzrə 60.000 manat məbləğində borcun 50.000 manatını tələbkara ödəmiş, hazırda 10.000 manat borcu qalmışdır. Tələbkarın müraciəti əsasında ** saylı Notariat Ofisi tərəfindən ##.##.2024-cü il tarixdə “İcra qeydi” verilmişdir ki, borcludan tələbkarın xeyrinə 10.000 manat əsas borc və 25 manat dövlət rüsumu olmaqla, cəmi 10.025 manat pul tutulsun. Borclunun hazırkı maddi vəziyyəti həmin məbləği birdəfəlik ödəməyə imkan vermir, çünki o günəmuzd fərdi işləyir və ayda təxminən 400 manat məbləğində qazanc əldə edir. Ərizəyə baxılan zaman borclu Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, qalıq borcu hissə-hissə, yəni hər ay 300 manat tələbkara ödəməklə qaytara biləcək. Tələbkarın nümayəndəsi (atası) Abdullayev Asif Ələsgər oğlu Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hüquqlarını təmsil etdiyi tələbkar borcun hissə-hissə qaytarılmasına etiraz edir. Çünki tələbkarın özünün hazırda pula ehtiyacı var. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamənin hissəhissə icra edilməsi müstəsna xarakter daşıyır, borclu isə icranı çətinləşdirən və ya onun üçün yaranmış əlverişsiz halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və borcun hissə-hissə ödənilməsinə icazə verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun maddi vəziyyəti qalıq borcu birdəfəlik ödəməyə imkan vermir, bununla belə, o, borcun ödənilməsindən yayınmır. Borclu ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə hər dəfə 1.000 manat olmaqla cəmi 2.000 manat ödəniş etdiyini (ödəniş qəbzləri şikayətə əlavə edilmişdir), hazırda qalıq borcun 8.000 manat təşkil etdiyini və onun tərəfindən hər ay 300 - 500 manat ödənilməsinin mümkün olduğunu bildirmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraata qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət (apellyasiya icraatı zamanı şikayətə verilmiş əlavə nəzərə alınmaqla) təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Bu norma hazırda da həmin məzmunda qüvvədədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarının 12-ci bəndində təsbit edilmiş hüquqi mövqeyə görə, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, icra sənədinin hissə-hissə icrası müstəsna xarakter daşıyır və belə tədbirin tətbiqi üçün borclu icranı çətinləşdirən halların mövcudluğunu əsaslandırmalıdır. Hazırkı halda borclu maddi vəziyyətinin ağır və aylıq gəlirinin 400 manat olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Borclunun şikayətə əlavə etdiyi ##.##.2026 və ##.##.2026-cı il tarixli, hər biri 1.000 manat məbləğində ödəniş qəbzləri onun borcun müəyyən hissəsini ödədiyini təsdiq etsə də, həmin hal özlüyündə icra sənədinin hissə-hissə icrasına icazə verilməsi üçün əsas yaratmır. Bundan başqa, borclunun özünün bildirdiyi 8.000 manat qalıq borcun hər ay 300- 500 manat ödənilməsi şərti ilə icra edilməsi təxminən orta hesabla təxminən 20 ay davam edəcəkdir. İcra sənədinin bu qaydada uzun müddət ərzində icra edilməsi tələbkarın qanuni qüvvəyə minmiş icra sənədi üzrə pul vəsaitini ağlabatan müddətdə əldə etmək mənafeyinə uyğun hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri ərizənin təmin edilməsi və barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Borclu Ərizəni verən şəxs şikayəti (apellyasiya icraatı zamanı şikayətə verilmiş əlavə nəzərə alınmaqla) təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-6)-360/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-360/2026
07.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver