Məhkəmə qərarları › İş №8(3-6)-361/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-361/2026

10.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-361/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından borclu Hüseynov İlham Nəriman oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Tohid Nurlu təqdimatla məhkəməyə müraciət edərək, borclu Hüseynov İlham Nəriman oğluna məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri ** saylı Notariat Kontorunin *l-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Hüseynov İlham Nəriman oğlundan 50.025 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən qanunla müəyyən olunmuş könüllü icra müddəti ərzində təmin edilmədiyindən borcluya məxsus əmlakın mövcudluğunu müəyyən etmək məqsədi ilə aidiyyəti təşkilatlara müraciət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən Hüseynov llham Nəriman oğluna məxsus avtomobillərin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbəyə ünvanlanmış *-**-*-**/*-*****/**** saylı ##.##.2026-cı il tarixli məktubunda ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının Hüseynov İlham Nəriman oğlunun mülkiyyətində olduğu bildirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilərək Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ ***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Hüseynov İlham Nəriman oğlunun adına qeydiyyatda olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəs, 4-cü massiv, 78K üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu Hüseynov İlham Nəriman oğlu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru Tohid Nurlunun təqdimatının təmin olunmamasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən üzərinə həbs qoyulan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0.0320 ha torpaq sahəsini ##.##.2024-cü il tarixli 3M-** reyestr nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə iş üzrə tələbkar Tələbkar 50.000 manat pulun borc kimi alınması müqabilində onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət xidməti tərəfindən alınmış Bakı şəhər Səbail Rayon Məhkəməsinə təqdim edilmiş arayışda da görsənir ki, ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə müəyyən olunur ki, üzərinə həbs qoyulmuş əmlakın onsuzda hal-hazırda götürülmüş borca görə üzərində həbs var və hər hansı formada iş üzrə tələbkarın razılığı olmadan satılması, bağışlanması, özgəninkiləşdirilməsi mümkün deyil. Digər tərəfdən Bakı şəhəri, Səbail rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən ona məxsus olan “Qaz 2400” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı ümumilikdə 6 avtomobilin üzərinə həbs qoyulmuşdur. Səbail Rayon Məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulan zaman bu fakt da nəzərə alınmamışdır. Avtomobillərin ümumi dəyəri (qiyməti) də müəyyən edilməmişdir. Üzərinə həbs qoyulan 6 avtomobildən biri “Mercedes BENZ” 190 markalı digəri isə “BMW” 520 markalı avtomobillərdir və bütün nüansları onların buraxılış illərini nəzərə alaraq demək olar ki, ümumilikdə avtomobillərin qiyməti götürülən borca, yəni, 50.000 manata bərabərdir. Bundan başqa icra məmuru iş üzrə borclunun əmlaklarını siyahıya alarkən iddia tələbinin həddini aşmamaq şərti ilə hərəkət etməlidir. Təqdimata əlavə olunan sənədlərdən də görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Səbail Rayon İcra Şöbəsinə ünvanlanan sənədlərdə iş üzrə borclunun mülkiyyətində borcun dəyərinə münasib (bərabər) başqa əmlaklar da var. Belə olduğu halda borcun dəyərindən 3-4 dəfə baha olan əmlakın üzərinə həbsin qoyulması anlaşılan deyil. Görünən odur ki iş üzrə tələbkar icra məmuru ilə danışaraq (sövdələşməyə gedərək) öz istəyinə uyğun olaraq istəyinə uyğun əmlakın üzərinə həbs qoydurur. Beləliklə də hüquqlarının məhdudlaşdırılması qanuni məqsədə mütənasib olmamışdır. Səbail Rayon Məhkəməsinin hakimi əmlakın “bina.az” və “tap.az” saytında 170.000 manata satışa çıxarıldığını nəzərə almamış həmçinin özü də əmlakın həqiqi dəyərinin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual hərəkətləri (misal üçün məhkəməəmtəəşünaslıq və ya əmlak qiymətləndirmə ekspertizasının) yerinə yetirməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsi öz qərardadını əsaslandırmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, borclu tərəfindən işə şifahi icraat qaydasında baxılması barədə vəsatət daxil olmuşdur. Məhkəmə Kollegiyası vəsatətin təmin edilməsi üçün əsaslar olmadığından borclu tərəfindən verilmiş vəsatəti rədd etmişdir. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə Hüseynov İlham Nəriman oğlundan 50.000 manat, 25 manat dövlət rüsumu tutulmalıdır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun 8İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələb hal-hazıradək borclu tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə Kollegiyası işin müəyyən olunmuş hallarına münasibətdə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olubolmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. İşin faktiki hallarından göründüyü kimi daşınmaz əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Məhkəmə Kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, icra aktı əsasında borclu tərəfindən ödənilməli olan məbləğ ödənilmədiyindən və icra sənədi icrasız qaldığından borclunun əmlakı üzərinə həbs qoyulmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, ipoteka predmeti olan əmlak borcun ödənilməsi üçün təminat vasitəsidir. Əmlakın tələbkarın xeyrinə ipoteka ilə yüklü edilməsi həmin əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulmasını istisna etmir, əksinə icra prosesinin məcburi elementidir. Belə ki, ipotekanın olması faktı borclunun həmin əmlak üzərində sərəncam vermək hüququnu müqavilə baxımından məhdudlaşdırsa da, məhkəmə tərəfindən həbsin qoyulması icra orqanı tərəfindən məcburi icra tədbirlərinin (hərraca çıxarılma və s.) rəsmi başladılması üçün hüquqi zəmin yaradır. Çünki hazırki vəziyyətdə icra sənədi icrasız qalmaqdadır və həbs qoyulmadıqda əmlakın icra çərçivəsində realizəsi hüquqi baxımdan mümkün olmazdı. Bundan başqa avtomobillərin qiyməti ilə bağlı borclunun mülahizələri subyektiv ehtimallardır və rəsmi qiymətləndirmə sənədi (ekspert rəyi) ilə təsdiq olunmayıb. Digər tərəfdən məhkəmə tərəfindən əmlak üzərinə həbs qoyulması prosessual qanunvericilik baxımından icranı təminetmə məqsədi daşıyır və bu mərhələdə məhkəmənin ekspertiza təyin edərək əmlakın dəqiq bazar dəyərini müəyyən etmək prosessual vəzifəsi yoxdur. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, əmlakın dəyərinin borcdan yüksək olduğu halda belə həmin vəziyyət borclunun hüquqlarını pozmur. Belə ki, əmlak hərracda satıldıqdan sonra əldə olunan məbləğdən 50.000 manat məbləğində borc və icra xərcləri ödənilməsi həyata keçiriləndən sonra artıq qalan bütün pul vəsaiti isə tam şəkildə borclunun özünə qaytarılır. Göründüyü kimi borclu qanuni qüvvəyə minmiş icra sənədi üzrə öhdəliyini könüllü icra etmədiyindən, tələbkarın hüquqlarının bərpası üçün birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması tamamilə qanuni və əsaslı olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Borclu Hüseynov İlham Nəriman oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar