Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-370/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdrılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq: İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən ##.##.2026-cü il tarixdə verilmiş e- *(***)-****/****-*** nömrəli iş üzrə icra sənədində aşağıdakılar qeyd edilmişdir:
Tələbkar ilə Borclu arasında bağlanmış ##.##.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin: 1. Borclu 2024-cü ilin dekabr ayında Tələbkar borc olaraq aldığı 21 000 (iyirmi bir min) ABŞ dolları (35700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 2. Tərəflərin övladı Quliyeva Liana Şamxal qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə Tələbkar himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Borclu Quliyeva Liana Şamxal qızının məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
2. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin ##.##.2026-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə borclu Borclu göndərildiyini, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edildiyini, lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbin könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərildiyini, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrasının tam şəkildə təmin olunmadığını bildirmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında tələbkar Tələbkar təqdimatın təmin edilməsini xahiş etmiş, həmçinin göstərmişdir ki, barışıq sazişinin təsdiqinə dair məhkəmə qətnaməsi qəbul olunan vaxtdan borclu tərəfindən ödəniş edilməmişdir. Ödənilməyən kifayət qədər borcu mövcuddur, etdiyi ödənişlər aliment öhdəliyi ilə bağlı deyil, digər öhdəliyin icrası ilə bağlıdır. Hesab edir ki, ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə məcburi icra tədbiri borclunun öz öhdəliyinin icra etməsinə təsir edəcək. Borclu tez-tez işi ilə bağlı xarici ölkələrə gedir. Məhkəmə iclasında borclu Borclu təqdimatı qəbul etməyərək göstərmişdir ki, bir müddət ödəniş etməsə də, işə düzəldikdən sonra ödənişləri etmiş, borc onun hazırda əmək haqqısının 50 faizinə yönəldilmişdir. Tutmalar həyata keçirilir. Xarici ölkəyə işi ilə bağlı gedibgəlmir,
4. ildə bir dəfə istirahət üçün gedir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon İcra Şöbəsinin icra məmuru Elşad Əhmədov məhkəmə iclasına gəlməmişdir
6. Məhkəmənin ## #### 2026-cı tarixli qərardadı ilə təqdimat təmin edilmiş, ##.##.1991ci il təvəllüdlü (Fin: *******), ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.
7. Həmin qərardaddan Borclu verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, ödənişlərdəki fasilə 2025-ci ilin oktyabrından etibarən rəsmi işsiz olduğu müddət ilə əlaqəlidir və maddi vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə bağlı olmuşdur. 2025-ci il dekabrının ortalarında yeni işə başlamışdır, lakin həmin ay natamam əmək haqqı aldığından ödəniş imkanı olmamışdır. 2026-cı ilin fevralından etibarən ödənişləri bərpa etmişdir. İşsizlik dövründə ödəniş qabiliyyətinin obyektiv surətdə olmaması qanunun mənasında məhz üzrlü səbəbdir, ilk imkan yaranan kimi ödənişlərin dərhal bərpa edilməsi isə yayınma niyyətinin olmadığını birbaşa sübut edir. Hal-hazırda əmək haqqından aliment və yığılmış aliment borcu üzrə tutulmalar əmək haqqının 50 faizini təşkil edir. Bu, qanunla yol verilən maksimum həddir. Qalan hissə ilə yaşayış xərclərini ödəyir. Beləliklə, bu icra sənədi üzrə ödənişlərin hazırkı məhdudluğu iradəsindən asılı olmayan obyektiv səbəbdən gəlirinin yarısının artıq məcburi qaydada tutulmasından irəli gəlir. Ödəmək istəməyən şəxslə ödəmək imkanı obyektiv məhdudlaşdırılmış şəxs eyniləşdirilə bilməz: birincisi qanunun nəzərdə tutduğu "yayınma"dır, ikincisi deyi. "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.2.2-ci bəndinə əsasən icra məmuru təqdimat verməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərini müəyyənləşdirməlidir. İcra məmuru ##.##.2026-cı il tarixdə ona təqdim etdiyim yazılı izahatda göstərilən ödənişləri, işsizlik dövrünü və əmək haqqından tutulmaları araşdırmamış, təqdimatında bu hallara ümumiyyətlə toxunmamışdır. Üstəlik təqdimat verən icra məmuru məhkəmə iclasına gəlməmiş, məhkəmə bu boşluqları aradan qaldırmadan təqdimatı olduğu kimi qəbul etmişdir. Bakıda daimi qeydiyyatdadır və Bakıda yaşayır, rəsmi işləyir, əmək haqqı şəffafdır və ondan tutulmalar aparılır. Xaricə ildə bir dəfə, qısamüddətli istirahət məqsədilə gedib-qayıdır bu, iş materiallarındakı sərhəd keçmə məlumatları ilə də təsdiqlənir. Ölkədə daimi yaşayan, rəsmi işləyən və gəliri icra orqanının nəzarətində olan şəxsə münasibətdə "yayınma riski" qənaəti əsassızdır.
Apellyasiya baxışı
9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
11. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
12. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
Apellyasiya baxışının həddi
13. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə ## ###### 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” ## #### 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
16. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər.
17. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
18. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir.
19. İcra məmurunun məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müraciətin əsası kimi onun icra sənədinin tələblərini yerinə yetirməkdən yayınması və həmin sənədi könüllü qaydada icra etməməsi göstərilmişdir.
20. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, icra sənədi bu günədək tam həcmdə icra edilməmiş, borclu isə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmağa davam etmişdir.
21. Belə olan halda, məhkəmə hesab edir ki, borclunun üzrsüz səbəbdən icra sənədinin tələblərini icra etməməsi nəzərə alınaraq, icra sənədinin icrasını təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslıdır.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova