Məhkəmə qərarları › İş №8(3-6)-371/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-371/2026

11.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-371/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI X8 X9 icra məmurunun icraata başlamaq haqqında Tarix 1-cı il tarixli qərarından şikayətinə dair iş üzrə Açar sözlər: icraata başlamaq haqqında qərardan şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, X8 X9 icra məmurunun icraata başlamaq haqqında Tarix 1-cı il tarixli qərarından şikayətinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından X8 X10 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X8 X10 Bakı şəhəri Səbail rayon Icra şöbəsinin böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş Tarix 1-cı il tarixli "icraata başlamaq haqqında" qərar qanunsuz hesab edilərək ləğv edilməsi və Bakı Inzibati Məhkəməsinin icraatında olan "qeydiyyatdan çıxarılma" tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək icra hərəkətlərinin aparılması dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Icra şöbəsinin Böyük icra məmuru X2 tərəfindən Tarix 1-cı il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli icra sənədi üzrə X6 və X7 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi ilə bağlı qətnamənin icrasına başlanılmışdır. Icraata başlanılması barədə qərarın məzmunundan görünür ki, icra məmuru tərəfindən icra sənədinin təqdim edilmə müddətinə, həmin müddətin ötürülüb-ötürülməməsinə, habelə ötürülmüş olduğu halda onun bərpasına dair hər hansı məhkəmə aktının mövcudluğuna qiymət verilməmiş, bu hallar araşdırılmadan icra hərəkətlərinin başlanılması barədə qərar qəbul edilmişdir. Halbuki hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmə qərarları sonsuz müddət ərzində icraya təqdim edilməsin və hüquq münasibətlərinin iştirakçıları qeyri-müəyyən vəziyyətdə saxlanılmasınlar. Məhz buna görə qanunverici icra sənədlərinin icraya təqdim edilmə müddətlərini müəyyən etmişdir. Mübahisəli halda isə icra sənədinin qəbul edilmiş məhkəmə aktından uzun illər sonra icraya yönəldilməsi özlüyündə araşdırılmalı olan mühüm hüquqi məsələdir. Bununla yanaşı, hazırda mübahisəli mənzil və həmin mənzildən istifadə hüququ ilə bağlı digər məhkəmə araşdırması da davam edir. Belə ki, Bakı Inzibati Məhkəməsinin icraatında iddiaçı Mirhadıyeva Zəminə X9 cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Səbail Rayon Polis Idarəsinə qarşı, üçüncü şəxslər X6 ve X4 olmaqla "qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılmaqdadır. Həmin inzibati iş üzrə mübahisənin predmeti bilavasitə mübahisəli yaşayış sahəsi ilə əlaqədardır. Belə ki, məhkəmə tərəfindən üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalıbqalmaması, yaşayış sahəsindən istifadə hüquqlarının hüquqi əsaslarının mövcud olub-olmaması və bu hüquqların davam edib-etməməsi məsələləri araşdırılır. Sözügedən inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı icraata başlanılmış qətnamənin faktiki icrası üçün mühüm əhəmiyyət kəsb edir və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir göstərə bilər. Hazırda həmin inzibati iş üzrə yekun qərar qəbul edilməmiş, iş üzrə məhkəmə araşdırması davam etməkdədir. Belə olan halda icra məmurunun mövcud məhkəmə mübahisəsini nəzərə almadan, hüquqi vəziyyət tam aydınlaşdırılmadan və mübahisənin bütün aspektləri üzrə yekun məhkəmə mövqeyi formalaşmadan məcburi icra tədbirlərinə başlaması tələsik və əsassız qərar kimi qiymətləndirilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, yaşayış sahəsinə köçürülmə ilə bağlı icra hərəkətləri şəxsin mənzil hüququna, yaşayış yerindən sərbəst istifadə etmək hüququna və mülkiyyət hüququnun həyata keçirilməsinə birbaşa təsir göstərən tədbirlərdir. Belə tədbirlərin həyata keçirilməsi zamanı icra orqanları xüsusilə diqqətli davranmalı, hüquqi vəziyyətə təsir göstərə biləcək bütün məhkəmə proseslərini nəzərə almalı və sonradan aradan qaldırılması mümkün olmayan nəticələrin yaranmasına yol verməməlidirlər. Lakin icra məmuru tərəfindən qəbul edilmiş Tarix 1-cı il tarixli qərardan görünür ki, nə icra sənədinin uzun müddətdən sonra icraya təqdim edilməsinin səbəbləri, nə müddət məsələsi, nə də hazırda Bakı Inzibati Məhkəməsində baxılan və həmin hüquq münasibətlərinə birbaşa təsir edən məhkəmə işinin mövcudluğu nəzərə alınmışdır. Bu isə icraata başlamaq haqqında qərarın qanuniliyinə və əsaslılığına ciddi şübhələr yaradır və həmin qərarın məhkəmə qaydasında yoxlanılmasını zəruri edir. Bakı şəhəri Səbail rayon Icra şöbəsinin Böyük icra məmuru tərəfindən qəbul edilmiş Tarix 1-cı il tarixli icraata başlamaq haqqında qərar həm maddi, həm də prosessual hüqub normalarının tələblərinə uyğun olmadığından qanunsuz hesab edilməli və ləğv olunmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri Səbail rayon Icra şöbəsinin Böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş Tarix 1-cı il tarixli "icraata başlamaq haqqında" qərar qanunsuz hesab edilərək ləğv edilməsi və Bakı Inzibati Məhkəməsinin icraatında olan "qeydiyyatdan çıxarılma" tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək icra hərəkətlərinin aparılması dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməmişdir.

4. Qərardadın əsaslarına görə şikayətçi ərizəsində mənzilə köçürülmə ilə bağlı qəbul edilən məhkəmə aktının qüvvəyə mindiyi tarixdən uzun müddət keçdikdən sonra icraya yönəldilməsini hüquqi müəyyənlik prinsipinə zidd olmasını qeyd edir. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlərlə müəyyən olunur ki, N.Ş.Mirhadiyeva və A.M. Mirhadiyevin Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində yerləşən ** saylı evin, * saylı mənzilinə istifadə hüquqları tanınmaqla mənzilə köçürülmə barədə qəbul edilmiş məhkəmə aktı Tarix 1-ci il tarixdə qanuni qüvvəsini almış, icraya yönəlmiş, icra məmuru tərəfindən həmin icra sənədində göstərilən tələb təmin edilmiş və icra məmurunun Tarix 1-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmiş və Səbail rayon Məhkəməsinin *(***)-**/**** nömrəli Tarix 1-cü il tarixli qərardadı ilə Səbail rayon Icra və Probasiya şöbəsinin icra məmuru S.Əhmədovun icra sənədi üzrə icraata xitam verilməsi barədə Tarix 1-ci il tarixli qərarı ləğv edilmişdir. Başqa sözlə məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və icra məmuru tərəfindən icra hərəkətləri yerinə yetrilmişdir. Lakin mənzilə köçürüldükdən sonra icra sənədi üzrə tələbkar həmin evdən çıxarıldığından onun müraciəti əsasında icra sənədi təkrar icraya yönəldilmişdir. “Icra Haqqında” AR Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə eyni zamanda qeyd edir ki, “Icra Haqqında” AR Qanunun 73.5-ci maddəsinin tələblərinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməli olması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, icra məmuru icra sənədi onun icraatına daxil olan kimi “Icra haqqında” AR Qanununun tələblərinə əsasən icraata başlamaq haqqında qərar qəbul etdiyindən, onun bu hərəkətlərində hər hansı qanunsuzluq yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, icra məmurunun Tarix 1-cı il tarixli icraata başlama haqqında qərarın ləğv edilməsinə dair hissəsində şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayətin Bakı Inzibati Məhkəmənin icraatında olan qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək icra hərəkətlərini dayandırılması hissəsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində və AR MPM-nin 15.2-ci maddəsində əks olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Beləliklə, Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraatın dayandırılması «Icra haqqında» AR Qanununun 17 və 18-ci maddələri ilə tənzimlənir. Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, icra sənədi üzrə icraat məcburi olaraq icra məmurunun qərarı əsasında, Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda isə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı əsasında dayandırılır. Bu səbəbdən Bakı Inzibati Məhkəmədə qaldırılmış tələblə bağlı mübahisəyə baxılıb qurtaranadək icra məmurunun icraatında olan işin dayandırılması hissəsində də ərizə əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda izah edir ki, prosessual qanunvericilik şəxsin müvafiq tələblə məhkəməyə müraciət etdiyi təqdirdə müvəqqəti təminat tədbirini tətbiq edilməsinin mümkünlüyünü də müəyyən edir. Bunun üçün həmin məhkəməyə müvafiq ərizə təqdim edilməlidir

5. Həmin qərardaddan X8 X10 şikayət verərək, qərardadın ləğv, şikayətin təmin olunmasını xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi icra sənədinin faktiki icrası ilə sonrakı hüquqi vəziyyət arasında olan fərqi nəzərə almamışdır. Səbail Rayon Icra Şöbəsinin böyük icra məmuru tərəfindən Tarix 1-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın qəbul olunması təsadüfi deyil, məhz icra məmurunun qənaətinə əsaslanmışdır ki, icra sənədində göstərilən tələb yerinə yetirilmiş, tələbkarlar yaşayış sahəsinə köçürülmüş və icra başa çatmışdır. Lakin məhkəmə sonrakı araşdırma zamanı aşağıdakı mühüm suallara ümumiyyətlə cavab verməmişdir: icra sənədinin hansı konkret icra hərəkətləri ilə tam icra edildiyi; köçürülmənin hansı formada həyata keçirildiyi; tələbkarların həmin mənzildə faktiki neçə müddət yaşadıqları; həmin müddətdə onların yaşayışına hər hansı maneənin olub-olmaması; icra məmurunun icraata xitam verməsi üçün hansı sübutlara əsaslandığı. Bu hallar müəyyən edilmədən sonradan yenidən icraata başlanmasının hüquqi əsaslılığı barədə düzgün nəticəyə gəlmək mümkün deyildir. Çünki əgər məhkəmə müəyyən etsəydi ki, qətnamə tam icra olunmuş, tələbkar uzun müddət həmin mənzildə yaşamış və sonradan şəxsi iradəsi ilə oranı tərk etmişdir, bu halda sonrakı hüquqi vəziyyət artıq ilkin məhkəmə qətnaməsinin icrası ilə deyil, tamamilə yeni hüquq münasibətləri ilə bağlı olardı. Birinci instansiya məhkəməsi isə bu mühüm faktiki fərqi araşdırmadan yalnız "xitam qərarı ləğv olunduğu üçün icra davam etdirilir" nəticəsinə gəlmişdir. Ikinci mühüm araşdırılmamış hal maraqlı şəxsin həqiqətən hansı tarixdə və hansı hüquqi əsaslarla mübahisəli yaşayış sahəsindən çıxması məsələsidir. Maraqlı şəxs məhkəmə iclasında bildirmişdir ki, guya o, polis vasitəsilə mənzildən çıxarılmışdır. Lakin iş materiallarında polis tərəfindən tərtib edilmiş hər hansı akt; çıxarılma barədə protokol; inzibati sənəd; cinayət işi materialı; məhkəmə qərarı; icra sənədi; yaxud bu faktı təsdiq edən hər hansı digər rəsmi sübut mövcud deyildir. Məhkəmə isə həmin izahatın həqiqiliyini yoxlamadan onu sübut olunmuş fakt kimi qəbul etmişdir. Halbuki yalnız bir tərəfin izahatı faktın mövcudluğunu təsdiq edən sübut hesab edilə bilməz. Əgər maraqlı şəxs həqiqətən qanunsuz olaraq evdən çıxarılmışdırsa, bunun hansı tarixdə, hansı şəraitdə, kim tərəfindən və hansı hüquqi əsasla baş verməsi mütləq müəyyən edilməli idi. Bu hal araşdırılmadan "təkrar köçürülmə zərurəti yaranmışdır" nəticəsinə gəlmək mümkün deyildir. Üçüncü mühüm araşdırılmamış hal şikayətçinin təqdimetdiyi izahatların və etirazların faktiki baxımdan yoxlanılmamasıdır. Şikayətçi ardıcıl olaraq bildirmişdir ki, maraqlı şəxslərin mənzildə yaşamasına heç vaxt maneçilik törədilməmişdir; onlar könüllü olaraq həmin mənzildə yaşamamışlar; uzun müddət həmin evə ümumiyyətlə gəlməmişlər; ailə münasibətlərinin tənzimlənməsi məqsədilə maraqlı şəxs üçün başqa yaşayış yeri də təmin edilmişdir. Bu hallar mübahisənin mahiyyəti baxımından olduqca mühüm əhəmiyyət daşıyırdı. Çünki əgər tələbkar könüllü şəkildə mənzildən istifadə etməmişdirsə və ya öz iradəsi ilə oranı tərk etmişdirsə, həmin vəziyyət "Icra haqqında" Qanunun 73.5-ci maddəsində nəzərdə tutulan "borclunun maneçilik törətməsi" anlayışı ilə eyniləşdirilə bilməz Məhkəmə isə bu halları araşdırmadan, şahid ifadələri almadan, əlavə sübutlar toplamadan həmin arqumentləri sadəcə nəzərə almamışdır. Dördüncü mühüm araşdırılmamış hal "Icra haqqında" Qanunun 73.5-ci maddəsinin tətbiqi üçün zəruri olan faktiki əsasların mövcud olub-olmamasıdır. Məhkəmə qərardadda həmin maddəyə istinad etsə də, həmin normanın tətbiqi üçün zəruri olan əsas faktiki şərtlərin mövcudluğunu araşdırmamışdır. Halbuki həmin norma yalnız aşağıdakı hallarda tətbiq oluna bilər: tələbkar əvvəlcə qanuni qaydada köçürülmüş olmalıdır; köçürülmə barədə akt tərtib edilməlidir; bundan sonra borclu tərəfindən yenidən maneçilik törədilməlidir. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakı halları müəyyən etməmişdir: köçürülmə aktının konkret məzmunu nə olmuşdur; maraqlı şəxs həmin aktdan sonra faktiki neçə müddət yaşamışdır; maneçilik hansı tarixdə yaranmışdır; həmin maneçilik hansı konkret hərəkətlə ifadə olunmuşdur; maneçilik kim tərəfindən törədilmişdir; bununla bağlı hər hansı rəsmi sənəd mövcuddurmu. Bu hallar araşdırılmadan həmin maddəyə istinad edilməsinin özü əsaslandırılmış hesab edilə bilməz. Beşinci mühüm araşdırılmamış hal icra məmurunun yeni qərarı qəbul edərkən hansı araşdırmaları aparması məsələsidir. Tarix 1-cı il tarixli qərarın məzmunundan görünür ki, icra məmuru yalnız yeni icra sənədinin daxil olmasına əsaslanaraq icraata başlamışdır. Lakin məhkəmə aşağıdakı məsələləri ümumiyyətlə araşdırmamışdır: icra məmuru tərəfləri dinləmişdirmi; faktiki vəziyyəti yerində araşdırmışdırmı; yeni sübutlar toplamışdırmı; tələbkarın əvvəlki köçürülmədən sonra vəziyyətini araşdırmışdırmı; maneçilik faktını müəyyən etmişdirmi. Əgər bu araşdırmalar aparılmamışdırsa, icraata başlama qərarının formal xarakter daşıması barədə şikayətçinin arqumentləri məhkəmə tərəfindən ciddi şəkildə yoxlanılmalı idi. Lakin bu edilməmişdir. Altıncı mühüm araşdırılmamış hal Bakı Inzibati Məhkəməsində baxılan işin hazırkı mübahisəyə faktiki təsirinin qiymətləndirilməməsidir. Məhkəmə qərardadda inzibati işin mövcudluğunu qeyd etsə də, həmin iş üzrə araşdırılan faktların bu mübahisəyə necə təsir göstərə biləcəyini ümumiyyətlə araşdırmamışdır. Halbuki inzibati iş üzrə araşdırılır: maraqlı şəxslərin həmin ünvanda qeydiyyat hüququnun davam edib-etməməsi; yaşayış sahəsi ilə hüquqi bağlılığın mövcudluğu; həmin hüquqların saxlanılıb-saxlanılmaması. Bu hallar son nəticədə icra hərəkətlərinin faktiki əsaslarına birbaşa təsir göstərə bilər. Məhkəmə isə sadəcə "Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmə qərarları icra olunmalıdır" ümumi nəticəsi ilə kifayətlənmiş, konkret iş üzrə paralel məhkəmə araşdırmasının əhəmiyyətini qiymətləndirməmişdir. Yeddinci mühüm araşdırılmamış hal təkrar icra tədbirlərinin proporsionallığı və zəruriliyi məsələsidir. Məhkəmə ümumiyyətlə araşdırmamışdır ki: əvvəlki icra artıq həyata keçirilmişdirsə, tələbkar uzun müddət mənzildə yaşamışdırsa, sonrakı vəziyyət yeni hüquqi münasibətlərdən irəli gəlmişdirsə, onda həmin hallarda yenidən məcburi icra tədbirlərinin tətbiqi nə dərəcədə zəruri və proporsional hesab edilə bilər. Bu araşdırma aparılmadan qəbul edilən nəticə faktiki əsaslardan məhrum olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamış, tərəflərin irəli sürdükləri mühüm arqumentlərə və təqdim etdikləri faktiki dəlillərə lazımi hüquqi qiymət verməmiş, mübahisənin düzgün həlli üçün zəruri olan bir sıra faktları ümumiyyətlə müəyyən etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə iş üzrə tam və obyektiv müəyyən edilmiş faktiki hallara deyil, natamam araşdırılmış vəziyyətə əsaslanmışdır ki, bu da qəbul edilmiş qərardadın qanuniliyini və əsaslılığını ciddi şəkildə şübhə altına alır. Bu səbəbdən qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli və iş üzrə yeni hüquqi qiymətləndirmə aparılmalıdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən X8 X10 tərəfindən verilmiş şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1. Icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Ipoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. Ipoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Maddə 8.3. Icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 73.1. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. Icra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Maddə 73.3. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Maddə 73.4. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Maddə 73.5. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. 73.6. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası borclunun müraciətinə işin halları baxımından qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin olunmaması ilə bağlı nəticəyə gəlməsi əsaslıdır.

11. Şikayətin dəlillərindən birini o təşkil edir ki, məhkəmə icra sənədinin hansı konkret icra hərəkətləri ilə tam icra edildiyini, köçürülmənin hansı formada həyata keçirildiyini, tələbkarların həmin mənzildə faktiki neçə müddət yaşadıqlarını, həmin müddətdə onların yaşayışına hər hansı maneənin olub-olmamasını, icra məmurunun icraata xitam verməsi üçün hansı sübutlara əsaslandığını araşdırmamışdır.

12. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu halların araşdırılmaması icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas ola bilməz. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Yəni, məhkəmə araşdırmasının predmeti qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən köçürülmə barədə icra sənədi icra olunduqdan sonra borclunun yenidən maneçilik yaradıb – yaratmamasıdır.

13. Icra məmurunun icraata başlamaq haqqında qərarın, həmçinin, hazırkı şikayətin məzmunundan da müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq borclunun həmin ünvana köçürülməsinə və orada yaşamasına razı deyildir.

14. Şikayətdə qeyd olunur ki, tələbkar uzun müddət həmin mənzildə yaşamış və sonradan şəxsi iradəsi ilə oranı tərk etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusat icra prosesində araşdırılmalı olan hal deyildir, bu xüsusat tələbkara qarşı iddia icraatı qaydasına tələb irəli sürülərkən istifadə hüququnun itirilməsi üçün əsas kimi irəli sürülə bilər.

15. Şikayətin icraatın dayandırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, icraatın dayandırılması üçün əsas olan hallar “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində göstərilmişdir. Lakin şikayətdə qeyd edilən xüsusat həmin normada göstərilən hallara uyğun olmadığından birinci instansiya məhkəməsinin bu hissədə də gəldiyi qənaət əsaslıdır.

16. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından X8 X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar