Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-373/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, tələbkar Tələbkar ASC-nin Binəqədi Rayon Icra Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından şikayətə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar ASC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları 1.Binəqədi Rayon Məhkəməsinin verdiyi ##.##.2014-cü il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsinə görə, borclular borclu2 və borclu1 tələbkar Tələbkar ASC-nin xeyrinə borc kimi 22.352,47 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat tutulmalı, tutma borclu2 məxsus olan “Kia Sorento” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, qalan vəsait borclu2 qaytarılmalıdır. 2.Binəqədi Rayon Icra Şöbəsinin icra məmuru Hilal Nəcəfovun ##.##.2017-ci il tarixli qərarı ilə qərara alınıb ki, icra sənədi üzrə icraata xitam verilsin. Qərar onunla əsaslandırılıb ki, icra işinə əlavə edilmiş sənədlərə görə, icra sənədində göstərilən tələb tam təmin olunub. Hüquqi əsas kimi “Icra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə icraatı 3.Tələbkar Tələbkar ASC icra məmurunun qərarından ##.##.2026-cı il tarixdə Binəqədi Rayon Məhkəməsinə şikayət verərək tələb edib ki, qərar ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, ipoteka predmeti olan avtomobil hərracda satılaraq borcun müəyyən hissəsi ödənilmişdir, hazırda qətnamə üzrə borc qalmaqdadır. Icra məmuru qətnamənin ipotekaya aid hissəsini icra etdikdən sonra qalan borc məbləğini nəzərə almadan icra sənədi üzrə icraata xitam verib. Həmin qərar banka göndərilməyib. 4.Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, icra məmurunun qərarından verilmiş şikayət rədd edilsin. Qərardad onunla əsaslandırılıb ki, şikayət qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməyib. 5.Tələbkar Tələbkar ASC məhkəmənin qərardadından şikayət verərək onun ləğv edilməsini tələb edib. Birinci instansiya məhkəməsi şikayəti rədd edərək baxılması üçün apellyasiya instansiyasına göndərib. Məhkəmənin mövqeyi 6.Icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət onun qəbul edilməsindən 9 il sonra verilib. Belə ki, qərar ##.##.2017-ci il tarixdə qəbul edilib, şikayət isə ##.##.2026-cı il tarixdə verilib. ”Icra haqqında” Qanunun 20.5-ci maddəsində şikayətin verilməsi üçün 10 günlük müddət müəyyən edilib. Həmin maddədə müddətin axımının başlandığı gün qərarın müvafiq şəxsə “təqdim edildiyi (onun tərəfindən alındığı) gün” kimi göstərilib. Lakin nəzərə alınmalıdır ki, Binəqədi Rayon Icra Şöbəsinin məktubuna görə, icra işi həmin şöbənin icraatında mövcud deyil və arxivində aşkar edilməmişdir (iş v. 20). Ona görə də icra məmurunun qərarının tələbkara hansı tarixdə verildiyinin konkret sənədə istinad olunmaqla müəyyənləşdirilməsi mümkün deyil. Buna baxmayaraq, işin halları belə qənaətə gəlməyə əsas verir ki, tələbkarın icra məmurunun qərarından məlumatı olub, lakin qərarı qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməyib. Belə ki, tələbkar adi fiziki və ya hüquqi şəxs deyil, kreditlərin verilməsi və onların geri alınması sahəsində ixtisaslaşmış maliyyəkredit təşkilatı olan bankdır. Hər bir bankın icra səndlərinin icrasına öz səlahiyyəti daxilində nəzarət edən, o cümlədən vaxtında icra edilməyən icra sənədlərinin icrasını icra məmurundan tələb edən, icra məmurunun qərar və hərəkətlərini bankın adından mübahisələndirən əməkdaşları olur. Icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edildikdən sonra ötən 9 il ərzində icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı heç bir hərəkət həyata keçirilməyib. Bankın 9 il ərzində bundan məlumatsız olması ağlabatan deyil. Ipoteka predmeti olan avtomobilin hərracda satılması barədə ##.##.2017-ci il tarixli Y-*** nömrəli hərrac protokolunun (iş v. 27) məhkəməyə məhz bank tərəfindən təqdim edilməsi onu təsdiq edir ki, bankın, özünün istinad etdiyi haldan – avtomobilin satılmasından, lakin satış pulunun borcun ödənilməsi üçün kifayət etmədiyindən məlumatı olub. 7.Beləliklə, tələbkar şikayətvermə müddətini ötürüb. Prosessual müddət ötürüləndə şikayətə baxılmır, geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Lakin birinci instansiya məhkəməsi şikayətin rədd edilməsini qərara alıb. Ona görə də həmin qərardad ləğv edilməli, icra məmurunun qərarından verilmiş şikayət geri qaytarılmalıdır. 8.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin və tələbkar Tələbkar ASC-nin icra məmurunun qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-6)-373/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-373/2026
14.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver