Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-376/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Borclu nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu nümayəndəsi (vəkili) şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurunun “Borclunun axtarışı haqqında” qərarının qanunsuz hesab olunaraq ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Borclu ilə Tələbkar arasında ##.##.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, onların azyaşlı övladları ##.##.2016-cı il təvəllüdlü X2 və l5.02.20l9- cu il təvəllüdlü X3 Borclu yanında saxlanılmışdır. Tələbkar və Borclu arasında mediasiya prosesində bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişində Tələbkar övladları ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X3 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması və Tələbkar Borclu razılığı ilə övladları ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alnımaqla) ünsiyyətdə olması barədə razılığa gəlinmişdir. Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə həmin barışıq sazişi təsdiq edilmiş, icra sənədi verilmiş və icra edilməsi üçün aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Şöbənin icra məmuru Məhəmməd Qaragözov tərəfindən ##.##.2025-ci il tarixdə “Borclunun axtarışı haqqında” qərar qəbul edilmiş, bu qərara əsasən, icra sənədi üzrə borclu Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmaması səbəbindən barəsində axtarış elan edilməsi qərara alınmışdır. Hesab edirlər ki, icra məmurunun “Borclunun axtarışı haqqında” qərar qəbul etməsi qanunsuz və əsassızdır. İlk olaraq qeyd edilməlidir ki, uşaqların analarının yanında qalmaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2022- ci il tarixli *(***)****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Daha sonra borclu Borclu tələbkar Tələbkar qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbkarın icazəsi olmadan övladları ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X3 ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getmək hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, "iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarını daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq (müalicə almaq, istirahət etmək, təhsil almaq məqsədi ilə) xarici ölkəyə (və ya ölkələrə) aparması uşaqların hər hansı maraq və mənafelərinə zidd deyil, əksinə onların psixi, fiziki, mənəvi inkişafına və dünya görüşünə müsbət təsir edə biləcək amillərdir. İddiaçı onunla birlikdə yaşayan uşaqlarını sərbəst surətdə xarici ölkəyə aparmaq hüququna malikdir ki, onun bu hüquqları cavabdehin razılığının alınması ilə əlaqədar məhdudlaşdırıla bilməz. Cavabdeh isə uşaqların ölkədən kənara aparılmasının onların mənafeyinə zidd olmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.” Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin ##.##.2025-ci il tarixli Qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, uşaqlar məhkəmə qətnaməsi ilə borclunun yanında saxlanılmış və borclunun həmin uşaqları Azərbaycan Respublikasının hüdudlarından kənara aparmasına dair hər hansı hüquqi məhdudiyyət mövcud olmamışdır. Əksinə, müvafiq məhkəmə aktı ilə borclunun uşaqların xarici ölkəyə müvəqqəti aparılması hüququ tanınmış və bu hüququn həyata keçirilməsi üçün tələbkarın razılığının məcburi olmadığı da məhkəmə tərəfindən təsbit edilmişdir. Məhz həmin hüquqi əsaslara uyğun olaraq borclu Türkiyə Respublikasına təhsil məqsədi ilə müvəqqəti gedərkən yetkinlik yaşına çatmayan uşaqları da valideyn himayəsi çərçivəsində özü ilə aparmışdır. Bu hərəkət nə qanunsuz davranış, nə də icra sənədinin tələblərindən yayınma kimi qiymətləndirilə bilməz. Əksinə bu, valideynlik hüquqlarının həyata keçirilməsi və uşaqların maraqlarına uyğun olaraq onların təhsil və inkişaf imkanlarının təmin edilməsi məqsədi daşıyan hüquqa uyğun hərəkətdir. Bundan əlavə, borclunun Azərbaycan Respublikasının hüdudlarından kənarda olması özlüyündə onun yaşayış yerinin məlum olmaması, gizlənməsi və ya icra sənədinin icrasından yayınması kimi qiymətləndirilə bilməz. Şəxsin xarici ölkədə yaşaması və ya təhsil alması onun barəsində axtarış elan edilməsi üçün müstəqil hüquqi əsas yaratmır. Hazırkı iş üzrə borclunun ölkədən çıxması qanuni məhkəmə qərarları ilə tanınmış hüquqların həyata keçirilməsi ilə bağlı olmuşdur və onun yerinin müəyyən edilməsinin mümkünsüzlüyünü göstərən hal kimi qəbul edilə bilməz. Bu səbəbdən, borclunun “axtarışa verilməsi” üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, borclu icra sənədi qüvvədə olduğu dövrdə ölkə daxilində olduğu müddətdə tələbkarın uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsinə hər hansı maneə yaratmamış, icra qaydasında nəzərdə tutulmuş ünsiyyət rejiminin pozulmasına yönələn hər hansı hərəkət və ya hərəkətsizlik nümayiş etdirməmişdir. Yəni, borclu tərəfindən nə uşaqların gizlədilməsi, nə də tələbkarla ünsiyyətin qəsdən məhdudlaşdırılması faktı mövcud olmuşdur. Hazırkı vəziyyətdə ünsiyyətin faktiki olaraq həyata keçirilməməsi borclunun icradan yayınması və ya ünvanının naməlum olması ilə deyil, uşaqların onun yanında olması və müvəqqəti olaraq xarici ölkədə yaşaması ilə bağlıdır. Bu isə borclunun qanunsuz davranışından deyil, məhkəmə qərarları ilə müəyyən edilmiş hüquqi statusun və valideynlik hüquqlarının realizəsinin nəticəsidir. Tələbkar şikayətə qarşı yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, icra işi üzrə borclunun vəkilinin şikayətinin heç bir əsası yoxdur, yalnız məhkəmə qərarının icrasından yayınmaq məqsədi daşıyır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-ci il tarixli qətnaməsinə əsasən onunla Borclu arasında mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2023-cü il tarixli MŞS/MT***/****/-***** saylı Barışıq Sazişinin təsdiq edilməsi, onun övladları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü X3 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması, onun Borclu razılığı ilə övladları ##.##.2016-cı il təvəllüdü X2 və ##.##.2019cu il təvəllüdlü X3 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətanaməsinə əsasən onun uşaqları ilə ünsüyyət hüququ təmin edilməlidir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən və ölkə ərazisində olmadığından qanunvericiliyə uyğun olaraq onun barəsində axtarış qərarı qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıdığından və məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz etdiyindən, eyni zamanda icra işi ürə tələbkar olaraq onun da hüquqlarını pozduğundan icra işi üzrə borclu tərəfindən verilmiş şəkayət təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi (vəkili) şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, icra sənədi üzrə tələbkar, habelə icra məmuru isə məhkəməyə gəlməmişlər. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin (şikayətin) təmin olunmaması qərara alınmış, həmin qərardaddan verilən şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “... Borclu Borclu yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara (Türkiyə Respublikasına) müvəqqəti getmək hüququ Hacıqabul Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin ##.##.2025-cı il tarixli qərarı ilə tanınmışdır. Borclunun ölkə xaricində təhsil məqsədilə müvəqqəti olması qanuni məhkəmə aktlarına əsaslanır və onun icradan yayınması və ya gizlənməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qərardadında qeyd etmişdir ki, "icra məmuru tərəfindən icra hərəkətləri icra qanunvericilyinin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə ki, icra qanunvericiliyinin normalarına əsasən icra məmuru icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərarı və tələbin könüllü icrası üçün bildirişi borcluya göndərmişdir. Daha sonra icra məmuru tərəfindən borclunun yaşayış yeri müəyyən olunmadığından, borclu barəsində axtarış qərarı qəbul edilmişdir.” İlk olaraq qeyd edilməlidir ki, borclu Borclu azyaşlı uşaqları tələbkarın razılığı olmadan xarici ölkəyə müvəqqəti aparmaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə (Hacıqabul Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı) tanınmışdır. Məhz həmin hüquqi əsaslara uyğun olaraq borclu Türkiyə Respublikasına təhsil məqsədilə müvəqqəti gedərkən uşaqları da özü ilə aparmışdır. Bu hərəkət nə qanunsuz davranış, nə də icra sənədinin tələblərindən yayınma kimi qiymətləndirilə bilməz. Əksinə bu, valideynlik hüquqlarının həyata keçirilməsi və uşaqların maraqlarına uyğun olaraq onların təhsil və inkişaf imkanlarının təmin edilməsi məqsədi daşıyan hüquqauyğun hərəkətdir. Bundan başqa, Ali Məhkəmənin "xarici ölkəyə gedə bilərsən” dediyi bir şəxsə münasibətdə icra məmurunun "axtarış qərarı” çıxararaq onu faktiki olaraq məcburi qaydada geri gətirməyə yönələn tədbir görməsi hüquqi absurddur. Borclunun ünvanı, təhsil aldığı yer və əlaqə vasitələri məlumdur. O, gizlənməmiş və ya icradan yayınmamışdır. Ali Məhkəmənin qərarı ilə tanınmış qanuni hüququn həyata keçirilməsini icra məmurunun axtarış qərarı ilə məhdudlaşdırmağa çalışmaq, şəxsin konstitusion hüquqların pozulması səbəb olur. Əlavə olaraq, borclu ölkə ərazisində olduğu müddətdə icra prosesinə maneə yaratmamış, uşaqları gizlətməmiş və ya ünsiyyət rejimini qəsdən pozmamışdır. Yəni, borclu tərəfindən nə uşaqların gizlədilməsi, nə də tələbkarla ünsiyyətin qəsdən məhdudlaşdırılması faktı mövcud olmuşdur. Borclu Türkiyə Respublikasında olduğu müddətdə uşaqlarının ataları ilə ünsiyyətinin distant/elektron formada həyata keçirilməsinə səy göstərmiş, atanın övladları ilə əlaqə saxlaması üçün lazımi şərait yaratmışdır. Bu fakt bir daha sübut edir ki, borclu gizlənmir, onun yeri və əlaqə vasitələri məlumdur və onun davranışında icra sənədinin tələblərindən yayınma halı və ya niyyəti yoxdur. Hazırkı vəziyyətdə ünsiyyətin fiziki olaraq həyata keçirilməməsi borclunun icradan yayınması və ya ünvanının naməlum olması ilə deyil, uşaqların müvəqqəti olaraq xarici ölkədə yaşaması ilə bağlıdır. Bu isə borclunun qanunsuz davranışından deyil, Ali Məhkəmənin Qərarı ilə təsbit edilmiş hüquqlarının həyata keçirilməsinin birbaşa nəticəsidir. Bundan başqa, məhkəmə iclasında sədrlik edən hakim şifahi olaraq belə bir mövqe bildirmişdir ki, güya axtarış qərarının varlığı hazırda borclunun hər hansı hüquqlarının pozulması ilə nəticələnmir. Məhkəmənin bu yanaşması tamamilə yanlışdır. Belə ki, icra məmurunun qərarının qanunsuz hesab edilməsi üçün onun qanunvericiliyin tələblərinə zidd olaraq çıxarılması kifayətdir və bu qərarın mütləq şəkildə borclunun hüquqlarını pozmuş olması şərti tələb olunmur. Eyni zamanda, borclu barəsində axtarış qərarının qüvvədə saxlanılması onun Konstitusiya ilə təmin edilən təməl hüquq və azadlıqlarına birbaşa və davamlı müdaxilədir. Borclu xarici ölkədə təhsilini bitirib və müvəqqəti olaraq Azərbaycan Respublikasına gəldiyi anda hüquqi əsası olmayan bu qərar səbəbindən bir sıra konstitusion hüquqlarının pozulması riski ilə üzləşəcəkdir. Belə ki, icra məmurunun qanunsuz axtarış qərarı borclunun ölkəyə daxil olarkən sərhəd-keçid məntəqələrində əsassız saxlanılmasına, polis orqanlarına məcburi gətirilməsinə və şəxsi toxunulmazlıq hüququna açıq-aşkar qanunsuz müdaxiləyə zəmin yaradır. Bundan əlavə, Ali Məhkəmənin qərarı ilə hüquqauyğun şəkildə ölkədən gedən şəxsin barəsində hüquqmühafizə orqanlarının axtarış bazalarına məlumat yerləşdirilməsi, onun əsassız olaraq icradan qaçan və ya gizlənən borclu damğasının vurulmasına səbəb olur. Göstərilənləri nəzərə alaraq, hesab edirlər ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, tərəflərindən icra məmurunun hərəkətindən verilmiş şikayət təmin edilməlidir”. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən onun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarından görünür icra məmuru tərəfindən qanunvericilyin tələblərinə uyğun olaraq icra icraatına başlanılmış, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək həmin qərar və tələbin könüllü icrası üçün bildiriş borcluya göndərilmiş, borclunun yaşayış yeri müəyyən olunmadığından, onun barəsində axtarış qərarı çıxarılmışdır. Başqa sözlə, icra məmuru qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri mərhələli şəkildə icra etməklə icra vərəqəsi üzrə qanunsuzluğa yol verməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Səadət Səlimova Azad İmanov
Məhkəmə qərarları › İş №8(3-6)-376/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-376/2026
18.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver