Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-388/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar pul məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi),X3və X1 ibarət tərkibdə, tələbkar Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarix 1-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən pul məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar Tələbkar ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, Tarix 1-ci il tarixli əmri ilə tutulmalı olan pul məbləğinin indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanuni qüvvəsini almasına və icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır..
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, Tarix 1-ci il tarixli əmrinə əsasən borclu borclu2 və borclu1 552 manat məbləğində əsas borc, 165 manat cərimə borcu olmaqla, cəmi 717 manat pulun və 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq, Tələbkar ödənilməsi əmr edilmişdir. Borcun ödənilməməsinə dair tələbkar tərəfindən ərizəyə əlavə edilmiş yeganə sübut, tələbkarın özü tərəfindən imzalanmış maliyyə arayışıdır ki, həmin arayış tələbkarın özü tərəfindən tərtib edilərək imzalandığından borcun ödənilməməsi yalnız həmin arayışa əsasən müəyyən edilə bilməz. Tələbkar tərəfindən borcun ödənilməməsi və ya hansı məbləğdə borcun qalması, icranın hansı səbəbdən gecikdirilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. MPM-nin 232.1-ci maddəsindən göründüyü kimi, məhkəmə qətnamənin icrası zamanı tutulmalı olan pul məbləğlərinin indeksasiyasını həyata keçirə bilər, yəni, indeksasiya icra sənədinin icrası mərhələsində həyata keçirilə bilər. Lakin, iş materialları ilə icra sənədi üzrə borcun ödənilmədiyi, həmin icra sənədi üzrə icra icraatının mövcud olduğu sübut olunmur. Odur ki, hazırda həmin icra sənədi üzrə tutulmalı pul məbləğlərinin indeksasiya da həyata keçirilə bilməz.
5. Tələbkar Tələbkar həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları tam, obyektiv və hərtərəfli araşdırmadan, yalnız ərizəçi tərəfindən borcun ödənilməməsinə dair kifayət qədər sübut təqdim edilmədiyi qənaətinə gəlməklə ərizənin təmin edilməsindən imtina etmiş, indeksasiya haqqında ərizəyə baxarkən, özünün asanlıqla əldə edə biləcəyi və ya tələb etmək səlahiyyətinə malik olduğu məlumatların təqdim edilməməsini ərizəçinin əleyhinə qiymətləndirmişdir. Halbuki, indeksasiya barədə ərizə məhz həmin məhkəmə aktını qəbul etmiş məhkəməyə təqdim edilir və belə bir məhkəmənin icra vəziyyətinin araşdırılması üçün icra orqanından məlumat tələb etmək imkanı olduğu halda, bu vəzifənin ərizəçinin üzərinə qoyulması həm MPM-in 232-ci maddəsinin məqsədinə, həm də Konstitusiya Məhkəməsinin Tarix 1-ci il tarixli hüquqi mövqeyinə ziddir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ərizəçi (təbəlkar) tərəfindən heç bir sənəd əlavə olunmamaqla yanaşı məbləğin hansı müddət üçün indeksasiya olunması da əsaslandırılmamışdır.
10. Nəzərə alınmalıdır ki, icra prosesi də mülki mühakimə icraatının bir hissəsidir və sübutların təqdim olunması vəzifəsinin tələb və etiraz edənin üzərində olması (MPM-77.1) barədə mülki prosessual qanunvericiliyin tələbi bu mərhələyə də aiddir, sübut toplamaq vəzifəsinin məhkəmənin üzərinə qoyulması yolverilməzdir.
11. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarix 1-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.