Məhkəmə qərarları › İş №8(3-6)-398/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-398/2026

28.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-398/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, *(*-**)-***/**** saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan borclu Borclu İlqar oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Borclu İlqar oğlu ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə qətnaməsinə əsasən övladı – ##.##.2022-ci il təvəllüdlü Çiçəyin yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında hər ay tələbkar Tələbkar xeyrinə tutulan alimentin 1/2 hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləği təxminən 1.000 manat təşkil edir və həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan təxminən 4 dəfə yüksəkdir. Buna görə də, iddiaçı hesab edir ki, tutulan alimentin yarısı uşağın adına açılmış bank hesabına köçürülməlidir. Bu isə öz növbəsində uşağın gələcək təhsil, yaşayış və digər ehtiyaclarının təmin edilməsinə xidmət edəcəkdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alimentin məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan yüksək olması özüözlüyündə onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün əsas vermir. Borclu, alimentin tələbkar tərəfindən təyinatından kənar məqsədlər üçün xərcləndiyini təsdiq edən sübut təqdim etməmişdir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Əsasları ərizənin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tələbinə görə, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə borclu tərəfindən ödənilən alimentin məbləğinin (1.000 manat) ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan (260 manat) yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Bu zaman uşağın (uşaqların) yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Hazırkı işdə isə borclu aliment məbləğinin tələbkar tərəfindən təyinatından kənar məqsədlər üçün istifadə edilməsi barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Həmçinin təbii haldır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Göstərilənləri nəzərə alan Məhkəmə tələbkarın və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır; şikayətin dəlilləri əsassızdır; qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur; şikayət təmin edilməməlidir; barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Borclu Borclu İlqar oğlunun şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar