Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-399/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI m ü ə y y ə n e t d i: Icra sənədi üzrə borclu Ərizəni verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Icra şöbəsinin icra məmuru X1 tərəfindən hər ay onun gəlirinin 25%nin tutulması ilə bağlı iş yerinə müraciət ünvanlamasının qanunsuz hesab edilməsi və həmin müraciətin geri götürülməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)-446/2026, ##.##.2026-ci il tarixli qərardadına əsasən, borclu Ərizəni verən şəxs Bakı şəhəri Xəzər rayon Icra şöbəsinin icra məmuru X1 hərəkətlərindən (qərarından) verdiyi şikayət təmin edilməməsi qərara alınmışdır. Borclu Ərizəni verən şəxs həmin qərardaddan ##.##.2026-ci il tarixində elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)- 446/2026, ##.##.2026-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, buna görə də əsassız və qanunsuzdur. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, ailə vəziyyətini, maliyyə yükünü və real ödəmə qabiliyyətini düzgün qiymətləndirməmişdir. Belə ki, şikayət ərizəsində göstərdiyi kimi, hazırkı maliyyə öhdəlikləri aşağıdakılardır: - “xxxx” ASC kredit və kredit kartı ödənişləri: ~395 AZN + 300 AZN (21 %); - BOKT “xxxx” QSC üzrə maaşımdan tutulma: 861,07 AZN (25 %); maraqlı şəxs1 ASC üzrə ödəniş qrafiki: ~900 AZN (27 %). Aylıq əmək haqqı 3.311 AZN təşkil edir. Məhkəmə iclasında da bildirmişdir ki, maliyyə imkanları nəzərə alınmaqla aylıq gəlirinin maksimum 50%-i həcmində, yəni təxminən 1.655 AZN məbləğində ödəniş etməyə hazırdır. Mövcud icra sənədlərinə əsasən əmək haqqından artıq 25% tutulma aparılır. Əlavə 25% və ya daha çox tutulma tətbiq edildikdə ümumi yük 50%-i keçərək onun və ailəsinin yaşayış minimumunu ciddi şəkildə pozur. Məhkəməyə əmək haqqı çıxarışını, banklara güzəşt və restrukturizasiya məqsədilə ünvanladığı müraciətləri və cavabları, kredit öhdəliklərini təsdiq edən sənədləri, əvvəlki illərdə də problemli müştəri olmadığını sübut edən mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışı, ailə vəziyyətini təsdiq edən elektron sənədləri təqdim etməyinə baxmayaraq, həmin sənədlər məhkəmə tərəfindən tam və obyektiv hüquqi qiymətləndirilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176cımaddəsinə və “Icra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, bir neçə icra sənədi olduqda belə, əmək haqqının ən azı 50 faizi borcluda saxlanılmalıdır. Həmçinin, # ###### 2025-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri də nəzərə alınmalıdır. Onu da qeyd edir ki, prosesdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələbləri kobudcasına pozulmuş, məhkəmə icraatında tərəflərin bərabər hüquqlu iştirakı təmin edilməmiş, qarşı tərəfin izahatlarına üstünlük verilmiş, izahatına başlayarkən nitqi hakim tərəfindən kəsilmiş, təqdim etdiyi dəlil və izahatlara isə eyni səviyyədə hüquqi diqqət və qiymət verilməmişdir. Bu hal məhkəmə araşdırmasının obyektivliyi və tərəflərin bərabərliyi prinsipinin təmin olunması ilə bağlı əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə iclası zamanı qarşı tərəfin nümayəndəsi X2 irəli sürdüyü etirazların dərhal qəbul edilməsi, təqdim etdiyi dəlil və izahatların isə eyni hüquqi diqqətlə araşdırılmaması qeyd olunan şübhələri daha da gücləndirmişdir. Bununla yanaşı, qarşı tərəfin nümayəndəsinin məhkəmə iclasına mobil telefonla daxil olması faktı onun və iclasda iştirak edən yaxınlarının diqqətini cəlb etmişdir. Zərurət yarandığı təqdirdə həmin hal məhkəmənin müşahidə kameralarının görüntüləri vasitəsilə yoxlanıla və araşdırıla bilər. Hörmətli məhkəmənin diqqətini ona cəlb etmək istəyir ki, şikayət olunan qərardadda himayəsində 2 azyaşlı uşağının, işsiz ailə üzvlərinin (anası və atası, həyat yoldaşı) olması, mövcud bütün kredit öhdəlikləri (xxxx kreditləri, Kapital bank kredit kartları, xxxx, “xxxx” QSC zaminlik krediti), aylıq gəliri və həmin gəlirdən artıq aparılan tutulmalar kimi mühüm hallar lazımi səviyyədə qiymətləndirilməmişdir. Hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı qanunsuz və ədalətsiz olduğundan, şikayətinin təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, 22 iyun2026-cı il tarixli qərardadının ləğv edilməsi, şikayətinin təmin edilməsi; Icra qərarlarının ləğv edilməsi ilə maaşından tutulmanın dayandırılması; maraqlı şəxs1 ASC-nə ödədiyim son 1 il ərzində 4000 AZN-dən çox məbləğın əsasborca yönəldilməsi və faizlərin silinməsi; BOKT “xxxx” QSC üzrə faiz məbləğinin ləğv edilməsini;maraqlı şəxs1 ASC və BOKT “xxxx” QSC bank kredit ödənişinin cəmi 1000 azn kimi olmaqla yeni ödəniş qrafikinin təyin edilməsi; Maaşımın tam 50% saxlanmasının təmin edilməsi; Mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərinyerinə yetirilməsi; əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələri). Iş materiallarında olan ** saylı Notariat ofisinin *i-**** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydindən görünür ki, Ərizəni verən şəxs maraqlı şəxs1 ASC-nin xeyrinə 16499.69 AZN əsas borc, 16.13 AZN cərimə, 25 AZN dövlət rüsumu tutulması qeyd edilmişdir. Iş materiallarında olan ** saylı Notariat ofisinin *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinədn görünür ki, X3 və Ərizəni verən şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9575.1 AZN əsas borc, 443.54 AZN cərimə, 25 AZN dövlət rüsumu tutulması qeyd edilmişdir. Iş materiallarında olan Xəzər rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli “icraata başlama haqqında” qərardan görünür ki, ** saylı Notariat kontorunun *i-**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanmışdır və tələbin könüllü icrası barədə bildiriş ##.##.2026-cı il tarixində Ərizəni verən şəxs tərəfindən qəbul edilmişdir. Iş materiallarında olan Xəzər rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli “icraata başlama haqqında” qərardan görünür ki, ** saylı Notariat kontorunun *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir: Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 176-cı maddəsinin 1 və 2-ci hissəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Əmək Məcəlləsinin 175-ci maddəsi ilə əmək haqqından tutulmanın üç əsası olaraq işəgötürənin sərəncamı, məhkəmə qərarı və işçinin razılığı müəyyən edilmişdir. Işəgötürənin sərəncamı ilə tutmanın həddi iyirmi faiz, məhkəmə qərarı üzrə isə əlli faiz həcmində təsbit edilmişdir. Bu həddin müəyyən edilməsi digər şəxslərin, o cümlədən mülki müqavilələr üzrə kreditorların mənafeyinə və qanuni maraqlarına xələl yetirmədən işçiyə yaşayış üçün minimum təminat imkanı vermək və bununla da əmək haqqının sosial-iqtisadi funksiyasının həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən borclunun əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər. Bu məhdudiyyət həmçinin məhkəmələrin icraatında olan müvafiq işlər üzrə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il # #### tarixli ** nömrəli qərarı ilə “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” təsdiq edilmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların icrasına məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Bu imperativ tələb Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir, qanuni qüvvəyə minmiş bu qərarlar bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və həmin qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri bütün orqanlar, hüquqi və fiziki şəxslər üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Habelə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (“Icra haqqında” AR Qanununun 20- ci maddəsinin şərh ediləsinə dair” ##.##.2017-ci il tarixli Qərarı; “Icra haqqında” AR Qanununun 1, 10, 24 və 26-cı maddələrinin şərh ediləsinə dair” ##.##.2015-ci il tarixli Qərarı, “Mülki Prosessual Məcəllənin 232-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Qərarı və s.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilmişdir. Göründüyü kimi, məhkəmə qərarlarının icrası bütün orqanlar, hüquqi və fiziki şəxslər üçün məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməli, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməli, o cümlədən məcburi icra tədbirləri görməlidir. Hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq icraat başlanılmış, lakin borclu tərəfindən icra sənədləri üzrə borc könüllü şəkildə ödənilmədiyi üçün məcburi icra tədbirləri həyata keçirilmişdir. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, icra sənədləri üzrə tutulmanın borclunun əmək haqqına yönəldilməsinin qanunvericiliyin tələblərini pozması barədə də şikayətin dəlili əsassızdır. Belə ki, icra sənədləri üzrə tutulma, qanuna uyğun olaraq borclunun əmək haqqına (hazırda 25% həcmində) yönəldilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi, məhkəmə qərarlarının icrası çərçivəsində tələbin əmək haqqının 50%-indən artıq olmamaq şərti ilə borclunun əmək haqqına yönəldilməsinə icazə verilir və məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi özündə saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyə uyğun olaraq, məhkəmə qərarlarının icrası çərçivəsində borclunun əmək haqqından əlli faiz həddində tutulma aparıla bilər. Göründüyü kimi, icra məmurunun icras nədləri üzrə tələbin borclunun əmək haqqına yönəldilməsi barədə qərarı qanunveriliyin tələbinə uyğun olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-399/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-399/2026
31.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver