Məhkəmə qərarları › İş №8(3-6)-40/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-40/2026

06.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-40/2026 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, 8(010)-593/2025 saylı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-3439/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-cı il tarixli qətnamə ilə Əli-zadə Səriyə Cümşüd qızının iddiasının qismən təmin edilməsini, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-7374/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə 1 uşağın – xx.xx.2009-cu il təvəllüdlü Selcanxatunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Əli-zadə Səriyə Cümşüd qızının xeyrinə hər ay sabit pul məbləğində tutulmalı olan alimentin məbləğinin dəyişdirilməsini və alimentin məbləğinin 154 manat sabit pul məbləğində müəyyən edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Hazırda tələbkar Səriyə Əli-zadə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən qətnamə ilə 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu onun xeyrinə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən misli miqdarında – sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin qismən təmin edilməsini, Borclu tələbkar Səriyə Əli-zadənin xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmasını qərara almışdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinad edərək, hesab etmişdir ki, ərizə qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilən zaman ölkədə minimum əmək haqqının məbləği 130 manat olmuşdur. Borcludan tələbkarın xeyrinə 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Belə olan halda həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği minimum əmək haqqının məbləğinə nisbətdə (154:130=) təxminən 1,18 misli olmuşdur. Buna görə də, borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmalıdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın dəyişdirilməsini və alimentin minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nəzərə alınsa ki, hazırda ölkə üzrə minimum əmək haqqının məbləği 400 manatdır. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadla borludan tələbkarın xeyrinə tutulmalı olan alimentin məbləği (400 manat x 1,18=) 472 manat təşkil edir. Lakin işləməyən borclunun hazırkı maddi vəziyyəti ağırdır və o, həmin məbləğdə alimenti ödəyə bilməyəcəkdir. Bundan başqa nəzərə alınmalıdır ki, 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği 246 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad alimentin məbləğinin indeksasiya edilməsi hissəsində dəyişdirilməli və borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (400 manat x 0,62= 248 manat) müəyyən edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərardadla şikayət üzrə yazılı apellyasiya icraatını mümkün hesab etmişdir. Borclu ərizə ilə Məhkəməyə müraciət edərək, şikayətə yazılı icraata qaydasında deyil, şifahi icraat qaydasında, yəni iş üzrə tərəflərin iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq ərizənin təmin edilməsi və şikayətə şifahi icraat qaydasında baxılması üçün əsas tapmamışdır. Bu səbəbdən də şikayətə yazılı icraat qaydasında baxılmışdır. Şikayətə yazılı icraat qaydasında baxan Məhkəmə şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd edilən qətnamə qəbul edilən zaman (2018-ci ildə) formalaşmış məhkəmə təcrübəsinə əsasən sabit pul məbləğində tutulmalı olan alimentin məbləği həmin il üçün “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə tutulurdu. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir. İnternet resurslarından görünür ki, alimentin məbləğinin tutulması barədə qətnamə qəbul edilən zaman, yəni 2018-ci ildə minimum əmək haqqı 130 manat, Rayon Məhkəməsinin qətnaməsi üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği isə 154 manat olmuşdur. Bunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə (bir uşağa görə 154:130=1,18) düzgün olmuşdur. Borclunun qərardaddan verdiyi şikayətdə göstərilən dəlilləri ilə bağlı isə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Alimentin indeksasiyası adlı” 110-cu maddəsinin tələblərinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir (maddə 110.1.). Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir (maddə 110.2.). Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112-ci maddəsinin tələblərinə görə isə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). İş materiallarından göründüyü kimi, hazırkı işin icraatı “alimentin məbləğinin azaldılması və ya artırılması haqqında” iş üzrə tərəflərin ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası haqqında” tələbkarın ərizəsi əsasında başlanmışdır. Odur ki, apellyasiya baxışının predmeti olan qərardadın “alimentin məbləğinin azaldılması və ya artırılması haqqında” iş üzrə tərəflərin ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası haqqında” tələbkarın ərizəsinin baxılması ilə əlaqədar qəbul edilməsini nəzərə alan Məhkəmə hesab edir ki, borclunun şikayətində qeyd edilənlər qərardadın ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar