Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-405/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından X2 Nuru oğlu tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Nuru oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 922 pul məbləğini indeksləşdirilərək 2013-cü il dekabr ayından 2026-cı il yanvar ayınadək 209,60 faiz artımı (922 AZN x 209,60 % = 1932,51 AZN) nəzərə alaraq cəmi 2854,51 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə X1 Nuru oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 922 pul məbləğini indeksləşdirilərək 2013-cü il dekabr ayından 2026-cı il yanvar ayınadək 209,60 faiz artımı (922 AZN x 209,60 % = 1932,51 AZN) nəzərə alaraq cəmi 2854,51 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. X2 Nuru oğlu məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarında formalaşdırılmış məcburi hüquqi mövqeni düzgün tətbiq etməmişdir. Məhkəmə indeksasiya institutunun əsas məqsədinin məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi nəticəsində inflyasiya səbəbindən pul vəsaitinin dəyərinin azalmasının kompensasiya edilməsi olduğunu nəzərə almamış, ərizənin təmin edilməsindən imtina edərkən yalnız ümumi şəkildə "qanunla müəyyən edilmiş əsaslar olmadığına görə" nəticəsinə gəlmiş, lakin həmin əsasların nədən ibarət olduğunu, ərizəçinin hansı hüquqi və ya faktiki şərtləri ödəmədiyini əsaslandırmamışdır. Halbuki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi tam icra edilməmiş, qətnamə ilə tutulmuş pul məbləğinin yalnız bir hissəsi ödənilmiş, qalan hissə isə uzun müddət icra olunmamışdır. Belə olan halda, Azərbaycan RespublikasıMPM-in 232.1-ci maddəsinin tətbiqi üçün zəruri olan əsas şərtlər – qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu, onun tam icra edilməməsi və ödənilməli pul məbləğinin inflyasiya nəticəsində dəyər itirməsi – mövcud olmuşdur. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə məhz həmin qətnaməni qəbul etmiş məhkəməyə təqdim edilir. Bu səbəbdən də, işə baxmış məhkəmənin sərəncamında məhkəmə işinin bütün materialları, icra sənədləri, qətnamənin icra vəziyyəti, ödənilmiş və ödənilməmiş məbləğlərə dair məlumatlar artıq mövcud olur və həmin hallar məhkəmə tərəfindən asanlıqla müəyyən edilə bilər. Belə olan halda, məhkəmənin qanunvericilikdə nəzərdə tutulmayan əlavə sübutların təqdim edilməsini dolayısı ilə ərizəçinin üzərinə qoyması və ya mövcud iş materiallarını nəzərə almadan "qanunla müəyyən edilmiş əsaslar yoxdur" nəticəsinə gəlməsi MPM-in 232-ci maddəsinin məqsədinə, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə, habelə məhkəmə aktlarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Həmçinin, birinci instansiya məhkəməsi qərardadında hansı hüquqi normanın ərizəçinin tələbinin təmin edilməsinə mane olduğunu göstərməmiş, yalnız abstrakt şəkildə "qanunla müəyyən edilmiş əsaslar yoxdur" ifadəsi ilə kifayətlənmişdir. Belə əsaslandırma isə Azərbaycan Respublikası MPMnin məhkəmə aktlarının qanuniliyi və əsaslılığına dair tələblərinə cavab vermir və qəbul edilmiş qərardadın qanuniliyini yoxlamağa imkan vermir. Beləliklə, birinci instansiya məhkəməsi MPM-in 232-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarında ifadə olunmuş məcburi hüquqi mövqeni düzgün tətbiq etmədiyindən, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu pozuntular qəbul edilmiş qərardadın qanunsuz və əsassız olmasına səbəb olduğundan, qərardad ləğv edilməli, ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə təmin edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsinin qərardadı öz daxilində ziddiyyətlidir. Belə ki, məhkəmə bir tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarına istinad edərək indeksasiyanın qanuni qüvvəyə minmiş və icra edilməmiş məhkəmə qətnamələrinə münasibətdə tətbiq olunduğunu qeyd etmiş, digər tərəfdən isə iş materialları ilə təsdiq olunan və məhkəmənin özü tərəfindən müəyyən edilmiş tam icra edilməmiş pul öhdəliyinin mövcudluğuna baxmayaraq, indeksasiyanın tətbiqindən imtina etmişdir. Məhkəmə bu nəticəyə gəlməsinin konkret hüquqi əsaslarını göstərmədiyindən qərardadın əsaslandırma hissəsi ilə nəticə hissəsi arasında açıq məntiqi və hüquqi ziddiyyət yaranmışdır. Bundan əlavə, məhkəmə ərizəçinin üzərinə qanunla nəzərdə tutulmayan əlavə sübutetmə yükü qoymuşdur. Halbuki ərizəçi məhkəmə qətnaməsinin mövcudluğunu, onun qanuni qüvvəyə minməsini, icra olunmayan pul məbləğinin mövcud olduğunu və icra sənədlərini təqdim etməklə MPM-in 77.1-ci maddəsi baxımından üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Bundan sonra indeksasiya hüququnun tətbiq edilməməsini əsaslandırmaq və buna mane olan hüquqi halları göstərmək məhkəmənin vəzifəsi olmuşdur. Lakin məhkəmə belə hüquqi əsasları göstərməmişdir. Eyni zamanda, qərardadda "qanunla müəyyən edilmiş əsaslar yoxdur" ifadəsindən başqa indeksasiya tələbinin hansı səbəbdən rədd edildiyi açıqlanmamışdır. Məhkəmə hansı maddi və ya prosessual hüquq normasının tətbiqinə görə ərizənin təmin edilməsinin mümkün olmadığını göstərməmiş, bu nəticəyə hansı hüquqi mülahizələr əsasında gəldiyini əsaslandırmamışdır. Belə əsaslandırılmamış qərardad apellyasiya instansiyası tərəfindən onun qanuniliyinin və əsaslılığının tam yoxlanılmasına imkan vermir. Birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir. Məhkəmə tərəfindən indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların mövcudluğu və həmin halların ərizənin rədd edilməsi üçün hüquqi əsas yaratması sübuta yetirilməmişdir. Qərardadda istinad edilən nəticələr iş materiallarında olan sübutlardan irəli gəlmir, həmin nəticələrlə sübutlar arasında səbəbli əlaqə göstərilmir və məhkəmə tərəfindən bu halların hansı sübutlarla müəyyən edildiyi əsaslandırılmır. Bundan əlavə, məhkəmə indeksasiya institutunun tətbiqinə maneə kimi qəbul etdiyi halların qanunvericilikdən irəli gəldiyini və ya ərizəçinin hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas təşkil etdiyini sübut etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticələr ehtimallara və normanın geniş təfsirinə əsaslanmış, lakin mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından X2 Nuru oğlu tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını və mübahisəli məsələyə tətbiq edilməli qanunvericiliyi araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, qanunverici indeksasiyanın tətbiqini mücərrəd şəkildə məhkəmə qətnaməsinin mövcudluğu ilə deyil, həmin qətnamənin icrası zamanı tutulmalı olan pul məbləği ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında MPM-in 232-ci maddəsinin şərhi ilə bağlı hüquqi mövqe ifadə edilmiş və müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Bu hüquqi mövqe baxımından indeksasiya məsələsinin həlli üçün ən azı məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə yanaşı, onun icraya yönəldilməsi faktı müəyyən edilməlidir. Lakin hazırkı iş materiallarından ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin icraya yönəldilməsi, icra sənədinin icraya təqdim edilməsi, icra icraatının başlanması və ya həmin qətnamə üzrə tutulmalı pul məbləğinin tam və ya qismən icra edilməsi barədə hər hansı mötəbər məlumat müəyyən edilmir. Həmçinin ərizəçi qətnamənin icraya yönəldilməsini və həmin qətnamə üzrə pul məbləğinin ödənilmədiyini təsdiq edən icra sənədi, icra məmurunun qərarı, icraata başlamaq haqqında qərar, icra vəziyyəti barədə arayış və ya digər mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, yalnız qətnamənin qanuni qüvvəyə minməsi faktı öz-özlüyündə MPM-in 232-ci maddəsi üzrə indeksasiyanın həyata keçirilməsi üçün kifayət hesab edilə bilməz. İndeksasiya qətnamənin icrası ilə bağlı prosessual institut olduğundan onun tətbiqi üçün qətnamənin icra mərhələsinə keçməsi və indeksasiya olunmalı məbləğin mövcudluğu müəyyən edilməlidir. Ərizəçinin təqdim etdiyi materiallarda isə bu hallar öz təsdiqini tapmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi indeksasiyanın tətbiqi üçün zəruri hüquqi və faktiki əsasların müəyyən edilmədiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri də həmin nəticəni dəyişdirməyə əsas vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı qərardad qətnamə üzrə indeksasiya hüququnun gələcəkdə hər hansı halda istisna edilməsi kimi qiymətləndirilə bilməz. Əgər qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldildikdən sonra tutulmalı pul məbləği ödənilməmiş qalarsa, qanunla nəzərdə tutulmuş şərtlər mövcud olduğu halda tələbkar yenidən MPM-in 232-ci maddəsinə uyğun qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(3-6)-405/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-405/2026
02.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver