Məhkəmə qərarları › İş №8(3-6)-410/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-410/2026

07.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-410/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri ** saylı Notariat Kontoru tərəfindən verilmiş *İ-***** nömrəli, ##.##.2025-cü il tarixli icra sənədinə Borclu 57500 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi ##.##.2025-cü il tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, borclu Borclu ölkədən getmək hüququnun Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması, Qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardadda “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ## ##### 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3- 1, 231.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyini, ödənilməli olan borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə təqdimat təmin edilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən Tələbkar xeyrinə Borclu ##.##.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 57500 manat 00 qəpik, 25 manat 00 qəpik dövlət rüsumu olmaqla, cəmi 57525 manat 00 qəpik pul tutulması qeyd edilmişdir; - ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-***** nömrəli, ##.##.2025-ci tarixli icra qeydi üzrə Bakı şəhəri Yasamal rayon Icra şöbəsində icraat başlanılmışdır. Borclu Borclu icraata başlamaq haqqında qərarın sürəti və tələbin könüllü icrası haqqında bildiriş sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsi, “Ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə” Yasamal rayon məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli məhkəmə qərardadının ləğv edilməsi və icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76.1, 76.6, 76.8; “Azərbaycan Respublikası Konstitusiyasının 60 cı maddəsinin İ və İ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli Qərarına; Avropa Insan Hüquqları Məhkəməsinin Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə ## ######## 2016-cı il tarixli Qərara; “Icra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinə, “Icra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4, 306.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, o məhkəmə iclasında iştirak edərək təqdimata etiraz etmiş və onu qəbul etməyərək, ##.##.2026-cı il tarixdə icra qeydinin ləğv olunması tələbi ilə bağlı məhkəməyə müraciət edildiyini bildirərək, təqdimatın təmin olunmamasını məhkəmədən xahiş edilmişdir. Lakin, təəssüflər olsun ki, borclunun Bakı şəhərində rəsmi qeydiyyatda olduğu ünvanda ailəsi ilə birgə yaşamasına, rəsmi olaraq maaşlı iş yerinin olmasına, notariusun icra qeydinin prosedura uyğun ona təqdim edilməməsinə, hal-hazırda həmin icra qeydinin məhkəmədə mübahisələndirdiyini bildirməsinə, icra məmurunun çağrışlarına vaxtlıvaxtında əməl edərək icra şöbəsinə gəlməsinə, heç vaxt səlahiyyətli orqanların zənglərinə cavab verməsinə, hətta icra sənədlərinin imza edərək təhvil almasına, tələbkarın barəsində hüquq mühafizə orqanlarında araşdırma aparılmasına, sözügedən təqdimatla bağlı borclunun şəxsən məhkəmə baxış iclasında iştirak etməsinə və digər diqqətəlayiq xüsusatlarının olmasına baxmayaraq, məhkəmə tərəfindən təqdimatın təmin edilməsini ədalətli və qanuni hesab etmir. Məhkəmənin diqqətinə çatdırır ki, ** saylı notariat ofisi tərəfindən üçüncü şəxs Tələbkar xeyrinə 57500 manatı borcun tutulması barədə ##.##.2025-ci il tarixli, 8I-***** qeydiyyat nömrəli icra qeydi aparılmışdır. Borclu həmin icra qeydindən yalnız Yasamal rayon icra şöbəsindən daxil olmuş telefon zəngindən sonra xəbər tutmuşdur. Onun barəsində icra qeydinin olması, bu barədə daha əvvəldən prosedura uyğun olaraq, hər hansı bildiriş və ya borcla bağlı xəbərdarlıq məktubu belə rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanına daxil olmamışdır. Hətta, poçtla əlaqə saxlanılsa da, iddiaçının adına notarius və ya üçüncü şəxsin adından hər hansı sifarişli çatdırma yolu ilə heç bir sənəd gəlməmişdir ki, bu da icra qeydinin müvafiq prosedurlara uyğun aparılmadığını göstərir. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, icra qeydi borclunun olduğu yer üzrə notarius orqanı tərəfindən deyil, Nəsimi rayon ərazisində yerləşən ** saylı notariat orqanı tərəfindən aparılmışdı ki, bu da aşkar pozuntu sayılır. Istinad edilən xüsusatların mübahisələndirilən qərardadla birbaşa əlaqəsi olmasa da icra məmuru tərəfindən verilmiş təqdimatın mahiyyəti, yəni mübahisəli və şübhəli borc müqaviləsi əsasında notarius tərəfindən prosedur pozuntularla verilmiş icra qeydinin qanuniliyi ilə əlaqəli məsələdir. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amiləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(5-104)- ***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Borclu mülki kollegiyaya müraciət edərək qeyd etmişdir ki, X1 oğlu tikinti, infrastruktur və enerji layihələrinin hazırlanması, idarə olunması, maliyyəkommersiya baxımından qiymətləndirilməsi və icrasına nəzarət sahəsində 20 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Azərbaycan və Almaniyada iri həcmli tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinin planlaşdırılması, layihələndirilməsi, təşkil edilməsi və icrasına rəhbərlik etmiş, dövlət qurumları, beynəlxalq podratçılar, investorlar və layihə tərəfdaşları ilə uğurlu əməkdaşlıq təcrübəsi qazanmışdır. Hazırda Azərbaycan Dəmir Yollarının sürət qatarları üçün inşa edilən X2 layihəsində sifarişçi tərəfin nümayəndəsi kimi işləyir və layihənin Avropa tikinti norma və standartlarına uyğun icrasını təmin edir. Layihə Isveçrənin Stadler Rail şirkəti tərəfindən layihələndirilmiş, tikinti işləri isə InterProject MMC tərəfindən icra olunur. Layihənin məqslədləri baxımından tez-tez xarici səfərlərə getdiyi üçün onun ölkədən çıxışına qadağanın qoyulması, olduqca absurd və gülünc məsələdir. Halbuki, borclu kimi icra məmurunun çağrışlarına əsasən icra qurumuna gəlib, rəsmi iş yeri barədə ətraflı məlumatları da təqdim edib. Icra məmuru borcun onun aylıq əmək haqqına yönəltmə tədbiri görməli olduğu halda belə birbaşa ona ölkədən çıxışa STOP qoyulması sırf psixoloji təzyiq və tələbkarın birbaşa qərəzli olması kimi qiymətləndirilməlidir. Bu baxımdan hesab edir ki, icra məmuru müstəqil və soyuqqanlı qərar qəbul etməli və heç bir halda tələbkarın emosional təsiri altına düşməməli idi. Qeyd olunan xüsusatlar Yasamal rayon məhkəməsində də hakimi bildirilsə də təəssüflər olsun ki nəzərə alınmamışdır. Ikili vətəndaşlığı olan və rəsmi iş, yaşayış yeri olan bir şəxsin barəsində hansısa şübhəli və hazırda mübahisələndirdiyi borc müqaviləsi və icra qeydinə görə, icra məmurunun təqdimatına əsasən ölkədən çıxışına qadağa qoymaq beynəlxalq və strateji dəvlət səviyyəli layihənin xarici tərəfdaşlarla birgə icrasına ciddi çətinlik yaratmaqla, yanaşı onun şəxsi reputasiyası üçün də arzunolunmaz bir haldır. Qeyd olunanları nəzərə alaraq, bir daha əlavə məlumatları ( iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciətini, eləcə də işin icraata qəbul edilməsini, eləcə də ərizəçinin şəxsi məlumatları barədə anketi) məhkəmənin diqqətinə çatdıraraq şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın tələblərinə əsasən: 2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. «Icra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən: məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərdə keçirirək hesab edir ki, şikayətin dəlillərini əsassızdır. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qərardad maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qəbul edilmişdir. Qeyd edilməlidir ki, borclunun ölkədən getmək hüququna məhdudiyyətin əsası sadə bir həqiqətə - məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlmişdir ki, borclu da bu məsələnin aradan qaldırımasını təmin etməlidir. Bundan əlavə borclu tərəfindən şikayətin prosessual əsaslılığını təsdiq edəcək kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar