Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-411/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyev təqdimatla məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında qeydiyyatda olan, ##.##.1968-ci il təvəllüdlü borclu Borclu ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2025-cü il tarixli qərarla icraata başlanılan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Borclu 661395,67 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ÄSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi ##.##.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayon Icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə borcluya göndərilmiş, tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu hazırki vaxtadək icra sənədinin icrasını həyata keçirməmişdir. Borclunun tərəfindən təqdim olunmuş etirazdan görünür ki, "Icra haqqında" Qanunun 84-1.1-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququ yalnız onun müəyyən olunmuş müddətdə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyi rəsmi sübutlarla təsdiqləndiyi halda müvəqqəti məhdudlaşdırıla bilər. Lakin icra məmuru tərəfindən bu istiqamətdə heç bir obyektiv və hərtərəfli araşdırma aparılmamış, borclunun maddi vəziyyəti, rəsmi gəlirləri və ya digər obyektiv səbəbləri öyrənilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, icra məmuru borclunu çağırmalı, könüllü icra müddəti və məcburi icra tədbirləri barədə rəsmi qaydada məlumatlandırmalı, yalnız borclunun qəsdən və üzrsüz səbəbdən icradan yayındığı sübut olunduqda bu cür kəskin məhdudiyyət tədbirinə əl atmalıdır. Halhazırki vəziyyətdə icra məmuru borclunu çağırıb izahatını almadan və ona icra işi ilə bağlı hər hansı bir dəqiq məlumat vermədən birbaşa olaraq məhkəməyə təqdimat ilə müraciət etmişdir. Icra məmuru tərəfindən yol verilə digər bir qanunazidd hərəkət isə icra hərəkətlərinin qanunla müəyyən edilmiş növbəliliyinin gözlənilməməsidir. “Icra haqqında” Qanunun 43-cü və 45-ci maddələrinə əsasən, borclu tərəfindən tələb könüllü icra edilmədiyi təqdirdə, icra məmuru məcburi icra tədbirlərini qanunvericilkdə nəzərdə tutulmuş tələblərə və növbəliliyə uyğun olaraq məcburi icra tədbirlərini həyata keçirməlidir. Bu zaman məcburi yönəldilmə ilk növbədə onun pul vəsaitlərinə, nağd pullarına və bank hesablarındakı aktivlərinə yönəldilir. Bu vəsaitlər borcu ödəməyə kifayət etmədikdə, növbəti mərhələdə tələb borclunun digər daşınar və daşınmaz əmlaklarına, eləcə də onun əmək haqqına və ya digər gəlirlərinə yönəldilərək reallaşdırılır. Bunlar olmadıqda isə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada borclunun üçüncü şəxslərdə olan əmlak payına və ya hüquqlarına qarşı icra tədbirləri görülür. Nəzərə almaq lazımdır ki, borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir və borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Hal-hazırki vəziyyətdə isə icra məmuru tərəfindən yuxarıda qeyd edilən tələblərin heç birinə əməl edilmədən, birbaşa olararq Borclu azadlıq hüququnun pozulmasına yönəlmiş bir təqdimat ilə məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edilən tələblərə riayət edilsə idi, real şəkildə borcun ödənilməsinə nail olumaq mümkün idi. Qeyd edək ki, borclunun aylıq olaraq əldə etdiyi əsmi əmək haqqı və qazancı var, ən azı icra məmuru həmin borc məbləğinin onun əmək haqqısına yönəldilməsi ilə bağlı müvafiq tədbirlər görə və borcun hissə-hissə ödənilməsinə təmin edə bilərdi. Bu cür alternativ və daha az məhdudlaşdırıcı vasitə tətbiq edilmədən birbaşa ölkədən çıxışına məhdudiyyət qoyulması mütənasiblik prinsipini pozur. Həmçinin bildiririk ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması həm də Borclu həyatı və sağlamlığı üçün birbaşa real təhlükə yaradır. Borclu şəkərli diabet xəstəliyindən əziyyət çəkir və səhhətilə əlaqədar olaraq tez-tez xarici ölkəyə müalicəyə getmək məcburiyyətində qalır. Mövcud vəziyyətdə isə əsassız olaraq tətbiq ediləcək olan bu məhdudiyyət xəstəliyilə əlaqədar olaraq vəziyyətinin ağırlaşması səbəbindən ölkə xaricinə çıxmağına mane olacaq və həyatını birbaşa təhlükə altında qoyacaqdır. Bir məsələni daha qeyd edək ki, hazırda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun icraatında olan e-*(*-***)-****/**** saylı mülki iş üzrə Borclu iddiaçı qismində çıxış edir və həmin iş üzrə cavabdehlərdən ona vurulmuş zərərin əvəzi olaraq 4500000 manat pul tələb edilmiş, habelə mübahisəli əmlakın üzərinə həbs qoyulmuşdur. Həmin iş üzrə iddia tələbimiz təmin edildiyi halda, əldə olunacaq vəsait hesabına hazırki iş üzrə borc öhdəliyi borclu tərəfindən tam şəkildə ödəniləcəkdir. Bütün bu qeyd edilənlərdən də aydın şəkildə görünür ki, borclu tərəfindən sözügedən borc tələbinin ödənilməsindən yayınma halı mövcud deyildir. Əksinə icra məmurunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və qanunvericiliyin tələblərinə riayət etməməsi səbəbindən icra olunması mümkün olan bir məbləğ icradan kənar qalmışdır. Tələbkar Tələbkar ASC etiraza münasibət bildirməklə qeyd etmişdir ki, borclunun istinad etdiyi arqumentlər uzun illərdir davam edən icra prosesindən yayınmasını əsaslandıra bilməz. Belə ki, borclunun məhkəmə qərarından tam və dəqiq məlumatı olmuş, mübahisə üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı mövcuddur. Həmin qərar uzun müddətdir icra edilməli olduğu halda, borclu bu günədək qərarın icrası istiqamətində hər hansı real addım atmamış, tələbkarın xeyrinə bir manat belə ödəniş həyata keçirməmişdir. Borclunun etirazında guya məhkəmə qərarını icra etmək niyyətində olması barədə göstərilənlər iş materialları ilə təsdiq olunmur. Əksinə, uzun müddət ərzində məhkəmə qərarının icrasından yayınması onun öhdəliyi könüllü şəkildə yerinə yetirmək niyyətində olmadığını açıq şəkildə göstərir. Borclu etirazında icra məmurunun hərəkətlərini qanunsuz hesab etməyə çalışsa da. bu iddialar da həqiqəti əks etdirmir. Əksinə, iş materiallarından görünür ki, borclu uzun müddət ərzində icra məmuru ilə qeyri-prosessual münasibətlər qurmaqla icra prosesinin süni şəkildə uzanmasına nail olmuşdur. Məhz bu qanunsuz hərəkətlər nəticəsində icra hərəkətləri vaxtında həyata keçirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı qərarı ilə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi faktı mövcuddur. Lakin həmin qərar borclunun məhkəmə qərarını icra etmək öhdəliyini aradan qaldırmır və ya onu borcun ödənilməsindən azad etmir. Əksinə, icra məmurunun hərəkətlərində müəyyən edilmiş nöqsanlar borclunun uzun illər ərzində məhkəmə qərarını icra etməməsinə bəraət qazandıra bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(5- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) təqdimat təmin olunmamışdır. Həmin qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərardadın ləğv olunması və təqdimatın təmin olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət – borclunun borcunu ödəməkdən qəsdən və qərəzli şəkildə yayınması, onun maddi imkanının və gəlirlərinin normal olmasına və ölkə xaricinə bir neçə dəfə çıxmasına baxmayaraq məhkəmə qərarının icrası istiqamətində heç bir ödəniş etməməsi, borclunun sağlamlıq vəziyyəti barədə arayış təqdim edilsə də digər tibbi sənədlərin (analizlər, xəstəlik tarixçəsi və s.) təqdim edilməməsi, məhkəməyə təqdim edilmiş arayışın tövsiyə xarakteri olmaqla xəstənin istəyi ilə yazılması, mötəbər sübut olmaması, eləcə də Türkiyə Respublikasına gedən zaman müalicə almasına dair tibbi sənədlərin təqdim edilməməsi və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(5- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Kollegiya, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək, təqdimat təmin olunmalıdır. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Icra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan «Icra haqqında» Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Beləliklə, «Icra haqqında» Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Işdə olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Borclu 661395.67 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə borclu Borclu mülkiyyətində olan “VAZ 2106 minik markalı” nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Iş materiallarında olan xxxx Hospital MMC tərəfindən verilmiş ## #### 2026-cı il tarixli arayışdan görünür ki, Borclu ##.##.2026-cı il tarixdə xxxx Hospital MMC-nin ambulator şöbəsində ümumi cərrah qəbulunda olmuşdur. Pasiyentin vəziyyətinin dəqiq qiymətləndirilməsi, diaqnozun təsdiqi və sonrakı müalicə taktikasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Istanbul şəhərində yerləşən “xxxx” tibb müəssisəsində dərin instrumental və ixtisaslaşmış qastroenteroloji müayinədən keçməsi tövsiyə olunmuşdur. Arayış pasiyentin müraciəti əsasında təqdim olunmuşdur. Iş materiallarında olan Elektron Məhkəmə Informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu “NAKISH” Mənzil-tikinti kooperativində direktorun müşaviri vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən konkret hansı məcburi icra tədbirlərinin həyata keçirilməsi, həmin tədbirlərin həyata keçirilməsi üçün hansı yoxlamaların aparılması görünmür. Icra məmuru yalnız tələbin könüllü icrası barədə bildiriş göndərmək və borclunun mövcud olmayan nəqliyyat vasitəsi üzərinə həbsi qoyulması barədə qərar çıxarmaqla kifayətlənmişdir. Həmçinin, icra məmuru Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması əsası kimi yalnız onun tərəfindən icra sənədinin icrasının təmin edilməməsini göstərir. Lakin məcburi icra tədbirlərinin səmərəsiz qalmasını kifayət qədər əsaslandırmır. Bu tədbirlərin icrasına borclu tərəfindən hansı maneələr qoyulmasını da göstərmir. Göründüyü kimi, məhkəmə verilmiş təqdimat kifayət qədər əsaslandırılmamışdır. Icra işi materiallarından görünür ki, borclu yalnız bir dəfə icra şöbəsinə dəvət olunmuş, lakin onun izahatı alınmamışdır. Bundan başqa, ondan icra sənədinin icrası tələb olunmamış, bununla bağlı hər hansı tədbir də görülməmişdir. Icra sənədinin icra edilməməsi ilə bağlı icra məmuru əlində olan imkanlardan istifadə etməmişdir. Bununla bağlı, icra məmuru şəxsin barəsində inzibati protokol tərtib edə, cinayət işinin başlanması ilə bağlı vəsatət qaldıra bilərdi. Lakin bu addımların heç biri atılmamış, məcburi icra tədbirləri həyata keçirilməmişdir. Həmçinin məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması üçün əsaslar yoxdur. Borclu “NAKISH” Mənzil-tikinti kooperativində direktorun müşaviri vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Onun daimi iş yeri və kifayət qədər yüksək məbləğdə əmək haqqı var. Bu halda, onun icra sənədinin icrasından yayınmaq məqsədi ilə daimi əsaslarla ölkədən çıxmaq niyyətinin olmadığı açıq aydındır. Iş materiallarına əlavə edilmiş şəxsin sərhədkeçmə məlumatları barədə çıxarışlardan da görünür ki, borclu mütəmadi olaraq ölkədən getmiş və qısa müddətdə də geri qayıtmışdır. Bu da onun icra sənədinin icrasından yayınmaq məqsədi ilə deyil, müalicə və sağlamlıqla bağlı ölkəni müvəqqəti tərk etdiyini göstərir. Çıxarışlardan görünür ki, borclu 2025-ci ilin noyabr ayında və 2026-cı ilin aprel ayında Türkiyə Respublikasına getməsi də sağlamlığı ilə bağlı qısamüddətli ölkəni tərk etməsini təsdiq edir. Borclu icra sənədindən xəbərdar olduğu halda, ölkəni tərk etmiş, yayınmaq məqsədi olmadığı üçün geri qayıtmışdır. Eyni zamanda ## #### 2026-cı il tarixli arayışdan görünür ki, Borclu ##.##.2026-cı il tarixdə “xxxx” Hospital MMC-nin ambulator şöbəsində ümumi cərrah qəbulunda olmuşdur. Pasiyentin vəziyyətinin dəqiq qiymətləndirilməsi, diaqnozun təsdiqi və sonrakı müalicə taktikasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Istanbul şəhərində yerləşən “xxxx” tibb müəssisəsində dərin instrumental və ixtisaslaşmış qastroenteroloji müayinədən keçməsi tövsiyə olunmuşdur. Borclunun sağlamlığını qorumaq, müalicə almaq məqsədi ilə ölkədən getməsi onun qanunla qorunan mühüm mənafelərinə xidmət etməklə, icra sənədinin icrası üçün hər hansı təhlükə yaratmadığından onun hüququ qorunmalıdır. Çünki ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması bilavasitə icra sənədinin icrasının təmin edilməsinə xidmət etməklə, məqsədi hər hansı şəxsin hüquqlarını məhdudlaşdırmaq deyil. Əksinə, icra sənədinin icrasını təmin etməkdir. Hazırki işdə isə icra sənədinin icrasına dair təhlükə mövcud deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən işin müəyyən edilmiş hallarına və “Icra haqqında” Qanunun 84-1.1-ci maddəsinin məzmununa düzgün hüquqi qiymət verməmişdir. Iş materiallarından görünür ki, borclunun 661395,67 manat məbləğində pul vəsaitinin tələbkarın xeyrinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktından və onun əsasında başlanmış icra icraatından məlumatı olmuş, ona icra sənədinin könüllü icrası üçün 10 gün müddət verilmiş, lakin buna baxmayaraq uzun müddət ərzində öhdəliyin icrası istiqamətində hər hansı real tədbir görülməmiş və borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda hüquqi baxımdan müəyyən edilməli əsas məsələ icra sənədinin icra edilməməsinin üzrlü səbəblərlə bağlı olub-olmamasıdır. Bununla yanaşı, borclu icra sənədinin icra olunmamasının üzrlü olaraq baş verməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmiş, qaldırdığı digər iddia üzrə tələbi təmin olduğu zaman əldə edəcəyi vəsait hesabına borcunu bağlayacağını bildirmişdir. Halbuki, nəticəsi qeyri-müəyyən olan başqa bir məhkəmə işinin mövcudluğu hazırkı icra sənədinin icra olunmamasına əsas verməməklə, «Icra haqqında» Qanunun 84-1.1-ci maddəsinin tələblərini aradan qaldırmır. Birinci instansiya məhkəməsinin icra məmuru tərəfindən digər məcburi icra tədbirlərinin tam həyata keçirilməməsinə istinad etməsi də təqdimatın rədd edilməsi üçün yetərli əsas sayıla bilməz. “Icra haqqında” Qanunun 84-1.1-ci maddəsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını digər məcburi icra tədbirlərinin əvvəlcədən tam tükəndirilməsi və nəticəsiz qalması şərti ilə əlaqələndirmir. Icra məmurunun icra prosesində üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirib-yetirməməsi ayrıca hüquqi qiymətləndirmənin predmeti ola bilər, lakin onun fəaliyyətində yol verilmiş nöqsanlar borclunun qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək öhdəliyini aradan qaldırmır və icra sənədinin uzun müddət icra edilməməsini özlüyündə üzrlü səbəbə çevirmir. Eyni zamanda, borclunun xarici ölkələrə səfər etdikdən sonra ölkəyə geri qayıtması da fərqli nəticəyə gəlməyə əsas vermir, çünki Qanunun 84-1.1-ci maddəsi məhdudiyyətin tətbiqini borclunun ölkəni daimi tərk etmək və ya xaricdə qalmaq niyyətinin sübut olunması ilə şərtləndirmir. Borclunun sağlamlıq vəziyyətinə dair təqdim etdiyi ## #### 2026-cı il tarixli arayış da icra sənədinin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Həmin sənəddə borclunun yalnız müraciət etdiyi gün ambulator qəbulda olması və Istanbul şəhərində yerləşən tibb müəssisəsində əlavə instrumental və ixtisaslaşmış qastroenteroloji müayinədən keçməsinin tövsiyə edilməsi göstərilmiş, xaricdə təxirəsalınmaz və ya zəruri müalicə almasının vacibliyi, belə müayinə və ya müalicənin ölkə daxilində aparılmasının mümkün olmaması, habelə ölkədən çıxışın məhdudlaşdırılmasının onun həyatı və sağlamlığı üçün real təhlükə yaradacağı müəyyən edilməmişdir. Arayışın məhz borclunun müraciəti əsasında verilməsi, konkret diaqnoz, müalicə planı və xarici tibb müəssisəsində təyin edilmiş qəbul barədə məlumatı ehtiva etməməsi də nəzərə alındıqda, həmin sənəd daha çox tövsiyə xarakterli olmaqla borclunun ölkədən getməsinin tibbi zərurət olduğunu təsdiq edən yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Borclunun əvvəlki xarici səfərlərinin də məhz müalicə məqsədilə həyata keçirildiyini təsdiq edən tibbi sənədlər iş materiallarında müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin həmin səfərlərin sağlamlıqla əlaqədar olması barədə gəldiyi nəticə kifayət qədər sübutlara əsaslanmır. Beləliklə, borclunun icra sənədindən məlumatlı olduğu, könüllü icra üçün müəyyən edilmiş müddətin keçdiyi, uzun müddət ərzində 661395,67 manat məbləğində öhdəliyin hər hansı hissəsinin belə yerinə yetirilmədiyi və bu icrasızlığı obyektiv şəkildə üzrlü edən halın mötəbər sübutlarla təsdiqlənmədiyi nəzərə alındıqda, “Icra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsasların mövcud olduğu qənaətinə gəlinməlidir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bu halda borclunu cəzalandırmaq məqsədi daşımır, qanuni qüvvəyə minmiş məhkəmə aktının real və səmərəli icrasının təmin edilməsinə xidmət edir. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı təmin edilməli və borclunun ölkədən getmək hüququ icra sənədi üzrə öhdəlik yerinə yetirilənədək qanunla müəyyən edilmiş qaydada müvəqqəti məhdudlaşdırılmalıdır. Avropa Insan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan “Icra haqqında” Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönələn düzəlişlər paketi çərçivəsində qəbul olunmuşdur (Azərbaycan Respublikası Milli Məclisinin ## #### 2010-cu il tarixli iclasının stenoqramı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(5- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmalı, Bakı Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-***/**** saylı icra sənədinin icrası məqsədi ilə borclu Borclunın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin təqdimatı təmin olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin təqdimatı təmin olunsun. ##.##.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan Borclu ölkədən getmək hüququ Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-411/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-411/2026
08.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver